Qarabağ qeydləri: milli
savaşımız haqqında "Mənim müharibəm"
Tanınmış yazıçı-publisist Nemət
Veysəllinin Qarabağ hadisələrindən bəhs edən
yeni kitabı "Mənim müharibəm (Gördüklərim,
düşündüklərim və ağrılarım)"
adlanır.
Məlum hadisələr başlayan zaman 50
yaşını adlayan N.Veysəlli könüllü olaraq
ordu sıralarına yazılır. Hərbi
komissarlıqdan onu yaşı keçdiyi üçün
döyüşən orduda qulluq etməyə deyil, jurnalist
peşəsinə uyğun yenicə yaranan "Azərbaycan
Ordusu" qəzetində bölgə müxbiri kimi işə
götürürlər. "Mənim
müharibəm" kitabı N.Veysəllinin 1993-1999-cu illərdə
hərbi jurnalist kimi qeydləri və gündəlikləri əsasında
yazılıb. Müəllif kitabda hər
şeydən əvvəl qələmini hərbi jurnalist kimi
bir daha sınayıb, Qarabağ müharibəsində
gördüyü müxtəlif hadisələrə öz
prizmasından yanaşıb, vətəndaş mövqeyini
bildirib.
"Hamı onun yolunu gözləyirdi"
yazısında müəllif o zamanlar ordumuzdakı pərakəndəliyi,
vahid komanda ətrafında birləşmədən
ayrı-ayrı dəstələr şəklində
başıpozuq və dağınıq vəziyyətdə
olduğunu müəyyən ştrix və detallarla
açıb göstərir. 1993-cü ildə cəbhə
bölgəsindəki insanlar Bakıdan gəlmiş yüksək
vəzifəli şəxslərin yolunu gözləyir, rayonun
düşdüyü çətin vəziyyətə bir
çarə etməsi ümidi ilə narahatlıq
keçirirdilər. Füzulidəki vəziyyətlə
tanış olmağa gələn baş
nazirin müavini cəbhədəki vəziyyətin olduqca gərgin
olduğunu hissə komandirindən soruşur. Ondan
mənfi cavab alması camaatda ruh düşgünlüyü
yaradır. N.Veysəllinin burada gəldiyi qənaət
odur ki, mərkəzdən gələn rəhbər
işçilərin cəbhəyanı ərazidə camaata
reallığa əsaslanmayan boş vəd verməkdənsə,
əməli iş görərək orduya zəruri silah-sursat
gətirmələri daha yaxşı olardı.
"Ağ atlı
oğlan sorağında" adlı yazısında hərbi
jurnalist Füzulinin Əhmədbəyli kəndində 1 dəhşətli
mənzərənin şahidi olur. İnsanlar
nə etdiklərini bilməyərək kəndələri tərk
edir, həlak olan insan meyitlərini döyüş bölgəsindən
kənarda dəfn etməyə
çalışırdılar. Yolların ətrafı
arx və su kanalları, müxtəlif heyvan cəsədləri ilə
dolu idi. Bu mənzərələr insanda
müharibəyə, bu işin ideoloqlarına kəskin nifrət
hissi oyadır, lənətlər yağdırır. Yazıda Ağdam bölgəsindən Füzuliyə
gələn mayor Rövşən Əkbərovun
bacarıqlı, səriştəli hərbiçi keyfiyyətləri
geniş təhlil olunur. Məhz onun rəhbərliyi
sayəsində müzəffər ordumuz Əhmədbəyli və
Qoyunçuluq birliyi ətrafından erməni silahlı birləşmələrini
geri çəkilməyə məcbur edir. R.Əkbərov cəbhədə baş verən fərariliyə
qarşı sərt mübarizə aparır, döyüşlərdə
hələ bərkiməmiş 18-20 yaşında, adi silahla
davranmağı bacarmayan gəncləri özü tənbeh
edir, onları bağlı yerə salaraq cəzalandırır.
Bəlkə də qeyri-adi görünsə də,
zamanında bu üsul hərbi prokurorluğun görəcəyi
işdən daha vacib və əlverişlisi hesab
olunmalıdır.
Polkovnik Şair Ramaldanovun ümumi komandanlığı
altında 1994-cü ilin yanvarın 4-dən 8-nə kimi
Füzuli bölgəsində keçirilən
döyüş əməliyyatı zamanı rayonun 22
yaşayış məskəni düşməndən azad
edilir, düşmənə sarsıdıcı zərbə
endirilir.
"Şəkili müəllim Əlövsət
Bağırov" adlı yazıda insan həyatının
mürəkkəbliyi, taleyin, qismətin qaçılmaz
olması, amansız ölüm girdabına yuvarlanan bir ailə
başçısının uğursuz və faciəli həyatından
bəhs olunur.
Burada bir neçə məsələnin sintezi
təmiz və nümunəvi ailənin faciəsinə gətirib
çıxarır. Müharibə və onun fəsadları,
iqtisadi cəhətdən həyat şəraitinin çətin
vaxtlarında kasıbçılığın gətirdiyi
problemlər ali məktəbdə
rüşvətxorluq hallarının olması bir gəncin təhsil
almaq yolunu kəsir. Yeniyetmə bir zavallının əsgərliyə
gedərək, dözümsüzlük göstərərək
fərarilik etməsi, dəfələrlə Şəkiyə
- doğma evlərinə qayıtması, atanın bu məsələyə
kəskin reaksiya verərək əzab çəkməsi,
yenidən hərbi hissəni tərk edən övladı əsgərliyə
yollaması və s. məsələlər hadisələrin
müəyyən kuliminasiya nöqtəsinə
çatmasını tamamlayır. Kitabın bu
bölməsini həyəcansız oxumaq olmur.
Əlövsət
Bağırovun əqidəli, peşəkar bir müəllim
olaraq oğlunun başına gələn bu hadisədən
sonra yaşadığı kənddə özünə yer
tapa bilməməsi, imkanı olmadığına görə
oğlunun ali məktəbdən
qovulmasını sadəcə, müşayiət edən ata,
həm el-oba, həm də övlad qarşısında sanki
"gözükölgəli" olur. Nəhayət,
kiçik oğluna 2 kiloqram əti nisyə verməyən kənd
qəssabının hərəkəti onsuz da həyatda mənəvi
əzab çəkərək sıxılan təmiz, əqidəli
bir müəllimin faciəli bir sonluqla - intiharla həyatına
qəsd etməsinə gətirib çıxarır.
Əlövsət müəllimin oğlu Cavidin timsalında
insanda davamlı dinamikanın bariz nümunəsini
görürük. Namuslu, zəhmətkeş və
təmiz bir kənd müəlliminin oğlunun çətinliyə
dözə bilməyərək hərbi hissəni tez-tez tərk
edərək evlərinə qaçması və bundan
üzülən atanın cəmiyyətdə dərin
sıxıntı keçirməsi, narahatlığı real
gerçəklik rakusundan təsvir olunaraq inandırıcı
surətdə əsaslandırılır. Müəllifin
təqdimində Əlövsət müəllimin intihar etməsi
heç də "göydəndüşmə" təsiri
bağışlamır, əksinə hadisələrin təbii
yekunu kimi real görünür.
Dəfələrlə Şəkiyə və hərbi
hissəyə gedən hərbi-jurnalistin müşahidəsi,
ardıcıl şəkildə qəhrəmanlarının
keçirdiyi psixoloji vəziyyətləri ustalıqla
açıb göstərməsi onun bir yaradıcı insan
kimi hadisələrin daxilinə nüfuz etmək
bacarığından soraq verir.
Diqqətiçəkən
əsas cəhət odur ki, bu yazıda Cavidin ikinci dəfə
hərbi hissəyə qayıdarkən dəyişməsi,
nizam-intizamlı bir əsgər kimi komandiri tərəfindən
təriflənməsi sanki oxucuya onu diqtə edir ki, təmiz və
ləkəsiz bir müəllim ailəsindən heç zaman vətənə,
elə yararsız bir övlad yetişə bilməz. Ancaq bir
şeyə təəssüflənirsən ki, Əlövsət
Bağırovun cəmiyyətimizdə hələ də
mövcud olan neqativ hallara tab gətirməməsi onun şəxsi
faciəsini şərtləndirən amilə çevrilir.
"Ermənilər
bizimlə dost olublarmı və ya biz ermənilərlə dost
olmuşuqmu?" yazısında erməni-Azərbaycan
münasibətlərinə yaxşı bələd olan
jurnalist apardığı müşahidələr nəticəsində
ermənilərin gözəgörünməyən daxili xain
və murdar xislətini çılpaqlığı və müəyyən
faktlar əsasında oxucuya göstərməyə
çalışır. Müəllif doğma kəndinin
timsalında öz uşaqlıq və yeniyetməlik illərində
gördükləri, başına gələn bu və ya digər
hadisələri təsvir edərək ermənilərin
heç vaxt bizimlə dost olmadıqlarını müəyyən
detallarla aşkarlayır. Bulaq başına gələn
erməni uşaqlarının ayrı bir məkanda dincəldiyini,
keçirilən güləş yarışmalarında
uduzduqdan sonra ermənilərin cığallıq edərək
dava-dalaş salmaları və digər cəhətləri
maraqla təsvir olunur.
Çartaz (keçmiş Martuni rayonu) kəndinin fəndgir
sovxoz direktorunun öz torpaqlarında yox, məhz Yuxarı Veysəlli
kəndinə məxsus ərazidə - Tola düzündə
torpaqları yararsız hala salaraq quyu qazdırması da
çox təəccüblü və diqqətçəkən
məsələdir.
Axı, buna həm kəndin, həm də Füzuli
rayonunun o vaxtkı rəhbərliyi necə yol veriə bilərdilər? Müəllif haqlı olaraq Füzuli
rayonunun o vaxtkı rəhbərlərini
və ziyalılarını qınayaraq onların
buraxdıqları səhvlərə gərə çox təəssüflənir.
"Haşiyə
və ya olmuş əhvalat" adlı qeydlərində N.Veysəlli
erməni Yaqub Məliklə Yuxarı Veysəllidən olan Məşədi
Soltanalı arasındakı dialoqda köhnə kişilərin
torpaq və vətən sevgisini Məşədi
Soltanalının timsalında ümumiləşdirərək
Veysəlli kəndinin və Füzuli rayonun rəhbərlərinin
biganəliyi ilə mərd, öz yurduna bağlı el
ağsaqqalı arasında müqayisə aparıb qiymət
verməyi oxucunun ixtiyarına buraxır. Qoy,
yaxşı ilə pisi oxucu özü tanısın,
özü seçim etsin.
Kitabda müəllifin polemik düşüncələri
diqqəti daha çox cəlb edir. Tarixi keçmişimizə səyahət
edən yazıçı-publisist xalqımızın tarixi
keçmişinə nəzər salaraq Laçında ermənilərə
dərs verən, onları öz müdrik siyasəti ilə
darmadağın edən Xosrov bəyin, Soltan bəyin
adlarını çəkir, Qarabağ zonasında Ağalar bəyin,
Aslan Yüzbaşının, Hüseyin bəyin, Qaçaq
Süleymanın şücaətini xatırladır. Belə igidlərin qarşısında ermənilər
həmişə sarsılıb. Bütün
bunları misal gətirən N.Veysəlli belə bir tarix
keçmişi olan xalqın sovet imperiyası dövründə
öz taleyinə biganəliyindən təəssüflənir.
Ucu-bucağı bilinməyən
torpaqlarımızın "qayçılanması" onu
bir vətəndaş kimi narahat edir.
... Nədənsə məndə belə bir qənaət
hasil olub ki, təpəyə-dağa söykənən insanlar
təbii, vüqarlı və əzəmətli olur. Nemət Veysəllinin doğulub boya-başa
çatdığı ikimərtəbəli evin arxasında əzəmətli
qaya, dağ dayanıb. Belə dağ və mənzərədən
ilham alan insan, təbiətən qururlu və
vətənpərvər olmalıdır. Bu mənada
mən həyatın ağırlığını görən,
torpağa bağlı, qəlbində vətən sevgisi gəzdirən
Nemət Veysəlli kimi bir insanı yaxından
tanıdığım üçün qürur duyuram. Onun başına gələn, qəlbindən
keçirdiyi, insanı yandırıb-yaxan, təəccübləndirən
duyğular mənə də doğmadır. N.Veysəllinin yazıları ona görə sevilir,
yadda qalır ki, oxucu bu dərdi, bu qayğını
özününkü hiss edir. Mən də Nemət Veysəlli
kimi dağılmış, yandırılmış
"Evimizi istəyirəm"...
Bu yazını
kitabın sonunda məni
daha çox kövrəldən, qəlbimin siminə toxunan
fikirləri sitat gətirməklə bitirir, belə bir kitab ərsəyə
gətirdiyinə görə müəllifə təşəkkürümü
bildirirəm: "Yaş həddim dağların zirvəsinə
qalxıb. Yəqin ki, günlərin bir
günü o zirvədən aşağıya - əbədiyyət
dünyasına yuvarlanacam. Son nəfəsimdə, son
günlərimdə evimizi, həyətimizi görmək istəyirəm"...
Ehtiram SƏFƏROV
Filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2017.- 20 oktyabr.- S.4.