Kamal Abdulla və onun
Dastan poetikası
(Əvvəli
30 sentyabr sayımızda)
Məlum olduğu kimi, postmodernist ədəbiyyatın
bir istiqaməti də intellektuallığı özündə
ehtiva edən “professor ədəbiyyatı” qoludur.
Həm
Umberio Eko, həm də Kamal Abdulla məşhur
yazıçı olmaqla yanaşı, həm də ədəbiyyat
(həm də dilçilik) səhəsində
tanınmış alimlərdir. Boloniya Universitetinin professoru,
dilçi-semiotik alim, mediavist U.Eko “Qızıl gülün
adı”, “Fuko kəfkiri”, “Baudolino”, “Praqa qəbirstanlığı”,
“Ərəfədə adalar” kimi postmodernist romanlarla
yanaşı, eyni zamanda həm mediavistika sahəsində, həm
struktur dilçilik, həm də müasir dünya ədəbi
prosesi haqqında dərin məzmunlu, postmodernist “Açıq
əsər”, “Mövcud olmayan struktur”, “Ümumi semiotika
haqqında risalə”, “Leceor in fabula”, “Semiotika və dilin fəlsəfəsi”,
“İnterpretasiyanın hüdudları”, “Kamil dil
axtarışında”, “Ceyms Coysun poetikaları”, “Qızıl
gülün adı”nın səhifələrində qeydlər”,
“Ədəbiyyat meşələrində altı gəzinti” və
s. kimi çox qiymətli elmi-tədqiqat əsərləri də
yazmış, Cirolamo de Mikele ilə birlikdə isə “Gözəllik
tarixi” və “Eybəcərlik tarixi” kimi rəssamlığa
aid çox orijinal ensiklopediyalar tərtib etmişdir.
Akademik (professor) Kamal Abdullanın da
yaradıcılığı bu qəbildəndir,
çoxşaxəlidir, rəngarəngdir. O da müasir ədəbiyyatımız
və dilçiliyimiz üçün çox qiymətli
“Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”,
“Unutmağa kimsə yox”) kimi romanlar, çoxsaylı
maraqlı hekayələr, “Azərbaycan dili sintaksisinin nəzəri
problemləri” kimi əsərlər, “Kədərli seçmələr”
(“Unutmağa kimsə yox” başlıqlı şeir
kitabları, “Gümüş dövrün sirləri” (poetik tərcümələr),
“Labirint” hekayələr toplusu, “Hamı səni sevənlər
burdadı”, “Casus” və “Beyrək” kimi dram əsərləri
ilə yanaşı
“Üç yüz azərbaycanlı”, “Düma ilə
Coys arasında” adlı ədəbi-tənqidi esse kitabları
kimi dərin məzmunlu əsərlər yazmışdır.
“Kitabi-Dədə
Qorqud” poetikasına giriş” kitabını dilçi, ədəbiyyatçı,
mifoloq və etnoloq Kamal Abdullanın çoxillik (təxminən
otuz ildən artıq) linqvopoetik və bədii-poetik
araşdırmalarının, böyük tədqiqatçılıq
təcrübəsinin məntiqi nəticəsi hesab etmək
olar. Digər tərəfdən alimin
özünün də qeyd etdiyi kimi, bu monoqrafiyada qoyulan
problemlərin araşdırılması hələ başa
çatmayıb, ideyalar tükənməyib, o, ümid edir ki,
həmin problemlərin araşdırılması “KDQ
poetikasının (bədiipoetik qatının) tədqiqinə
həsr olunmuş bu kitabın digər variantlarında və
digər daha təkmil nəşrlərində işıq
üzü görəcəkdir” (səh. 240). Başqa sözlə desək, bu araşdırma, nəticə
deyil, yeni ideyalara yol açan başlanğıcdır.
Bu barədə
bir qədər ərtaflı: Nə üçün
başlanğıc, nəyin başlanğıcı? Məlum olduğu kimi, son dövrlərə qədər
milli filologiyamız əsasən ənənəvi metodologiya səpgisində
inkişaf etmiş, formalaşmışdır. Bu elm sahəsində stukturalist, modernist və
postmodernist tədqiqat sistemi, bir neçə nümunə
istisna olmaqla (Q.Quliyev, N.Mehdi, R.Bədəlov, A.Acalov və b.),
demək olar ki, yox dərəcəsindədir. Azərbaycan
filologiyasındafolklorun, mifin bədiipoetik və linqvopoetik
sistemlərinin struktur-semantik təhlilinə çox az rast gəlmək olar. Kamal
Abdullanın monoqrafiyası bu sahədə olan boşluğu
doldumaq yolunda uğurlu bir addımdır. Ümid
etmək olar ki, həm Kamal Abdulla özü, həm də
yarana biləcək onun davamçıları bu əhəmiyyətli
işi yarı yolda qoymayıb, davam etdirəcək.
Əslinə qalsa, kiçik bir yazı ilə bu kitabda təqdim
olunan bütün mətləblərə tam aydınlıq gətirmək
qeyri-mümkündür. Burada o qədər zəngin nəzəri-metodoloji
səciyyəli elə poblematik ideya və məsələlər
var ki, onların hər biri haqqında ayrıca məqalə
yazmaq olar və lazımdır. Çünki
bu məsələlərin bir çoxu (əsasən
böyük əksəriyyəti) ilk dəfədir ki, bizim
filoloji fikrimiz tarixində gündəmə gətirilir, təhlilə
cəlb edilir. Bir də, əgər bu
problemlərin hamısını əhatə etmək istəsək,
o zaman elə kitabın özü həcmində (hələ
bəlkə də daha böyük) bir araşdırma yarana
bilər. Ona görə də burada, mənim
düşüncəmə görə, çox aktual olan bəzi
məsələlər üzərində dayanmaq məqsədəuyğun
olar.
Görkəmlm
fransız yazıçısı Romen Rollan belə bir
obrazlı fikir söyləyib: “Xalqın mənşəyi də
Nilin mənşəyi kimi çox uzaqlardan başlanır və
sirlidir”. Bu “uzaqlıqları” və “sirləri”
tapmaq üçün xüsusi, əlahiddə
araşdırma yolları tapmaq lazımdır. Bunun
üçün arxeologiya ilə, maddi abidələrlə
yanaşı həm də mənəvi abidələrin (bədii
əsərlərin, müsiqinin) yardımına böyük
ehtiyac var. Azərbaycan xalqının etnogenezi, milli mənşəyi,
mədəniyyətimizin kökləri və yaranma tarixi
haqqında bir sıra maraqlı tədqiqat əsərləri
var. Kamal Abdulla bütün bu məsələləri bir
arxeoloq, bir etnoqraf kimi deyil, məhz bir filoloq, bir dilçi, bir
mifoloq kimi araşdırmaq yolunu seçmişdir. Azərbaycanın
ən qədim tarixi, mədəniyyəti Azıx
mağarasında, Qobustan abidələrində əks olunsa da,
xalqımızın metafizik, mənəvi-psixoloji tarixi məhz
“Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Əsli və Kərəm”
kimi qədim tarixə və dərin köklərə malik
olan dastanlarda ifadə olunmuşdur. Kamal
Abdullanın “Kitabi-Dədə Qorqud” dastanının
poetikası ilə əlaqədar təklif etdiyi tədqiqat
modeli sayəsində digər qədim dastanların da
yardımı ilə milli-mənəvi mədəniyyətimizin
ən dərin qatlarını üzə çıxartmaq
olar.
Kamal Abdulla “Kitabi-Dədə Qorqud” dastanının
poetikasının bəzi ünsürlərinə istinad edərək
zahirən fantastik görünən hipotezalar irəli
sürür, aksiomatik kimi görünən bir sıra elmi mətləblərin
də problematik qatlarını izə çıxardır və
onların tədqiqinə diqqətini yönəldir. Bu kitabda təqdim
olunan bütün hipotezaların, arqumentlərin
hamısının hamı tərəfindən birmənalı
şəkildə qəbul ediləcəyini tələb etmək
olmaz. Bu məsələlərin böyük əksəriyyəti
ilk dəfədir ki, tədqiqata cəlb olunur, ona görə də
onların bəziləri inandırıcı görünməyə
bilər, polemikaya, mübahisəyə, müzakirələrə
səbəb ola bilər. Hər halda, Kamal
Abdulla tədqiq etdiyi məsələlərlə bağlı
ən müasir elmi mənbələrə əsaslanaraq irəli
sürdüyü arqumentləri, hipotezaları,
konsepsiyaları məntiqi və elmi cəhətdən əsaslandırmağa
çalışmış və əsasən də məqsədinə
nail olmuşdur.
Bu kitabın əsas tədqiqat obyekti, əsərin
adından da göründuyü kimi, “Kitabi-Dədə Qorqud”
dastanının poetikasıdır. Daha dəqiq desək, kitabın tədqiqat obyekti
yalnız dastanın poetikası deyil, əslinə qalsa, müəllif
daha geniş, daha dərin problemlərin açılması
üçün bu dastanın bədiipoetik və linqvopoetik
ünsürlərindən, onun daxilində olan bütün
mifoloji, folklorik, prixogenetik potensiallardan istifadə edərək,
onun poetikasından bir alət, bir vasitə kimi yararlanır.
Müəllif bu dastanın poetikasını araşdırmaq
üçün folklorşünaslıq və ədəbiyyatşünaslıq,
eləcə də etnoloji nəzəriyyədə ənənəvi
sayılan metodologiyaya, vasitə və ünsürlərə
hörmətlə yanaşsa da, ənənəvi mövcud
poetika vasitələrindən istifadə etmir, tədqiq etdiyi mətnin
daxili materiallarından (immanentlik) çıxış edərək
onu yaradan xalqın keçmişini, ən qədim tarixini,
milli mədəniyyətini, psixologiyasını yeni yolla,
öz yolu ilə (əsasən immanent təhlil yolu ilə)
araşdırmaq yolunu seçir.
“Kitabi-Dədə Qorqud” dastanının bütün qədim
dastanlar kimi, başlıca özəlliklərindən biri də
bədii mətnin təktərkibli, yekcins olmaması, müxtəlif
dövrlərin mifoloji və tarixi hadisələrini
özündə əks etdirməsidir. Bu prinsip
dastanın qədimlik kriteriyalarından biridir. Kamal Abdulla bu aktual paradiqmanın
araşdırılmasına xüsusi diqqət
ayırmış və onu məhz bədiipoetiklik
kateqoriyası kontekstində təqdim etmişdir. Bu barədə
o yazır: “...KDQ mətni qədimlik baxımından yekrəng
deyil. Onun quruluşunda həm ilkin, ibtidai, bizə tanış olmayan, yaxud az tanış olanbədiipoetik
elementlər və imkanlar, həm də bununla yanaşı,
daha müasir, artıq ədəbi-bədii şüurumuza
tanış olan klassik poetik nümunələr
özünü göstərir” (səh.14). Tədqiqatçı
bunun “ana xronikliyin təzahürü” olduğunu deyir və bir
mətnin (mətn sisteminin) daxilində eyni zamanda həm
ibtidai, həm də klassik bədiipoetik ünsürlərin cəmləşdiyni
göstərir. Bu fikrini inkişaf etdirərək o
yazır: “... həm kosmoloji dövr, həm ilkin ibtidai antik
dövr, həm klassik antik dövr və həm də təbii
ki, ortaçağların klassik dövrü hər biri öz
bədiipoetik, bədii və poetik damğasını KDQ mətninə
vermuş kimdir” (səh.15).
“Kitabi-Dədə
Qorqud” dastanının, eləcə də bir sıra digər
qədim dastanların yaranma tarixi, xüsusilə də bu
dastanlarda əks olunan bədii materialların (bu istər
mifologiya, istər folklor, istər dini-mistik, istərsə də
adi məişət motivi, süjeti və mövzuları
olsun) məxsus olduğu və yarandığı dövrlər
(onlar arasında olan uyğunluq və fərq) uzun müddət
elmi müzakirə və mübahisə obyekti olmuşdur. Kamal Abdulla “Kitabi-Dədə Qorqud” dastanı ilə əlaqədar
bu problemə toxunaraq bu abidədə əks olunan bədii
materialın əsasən iki mərhələdə - qədim
(tarixiqədərki “autentik mif” və nisbətən yeni, və
“klassik” dövrdə yaranması ideyasını irəli
sürür. Elə bu problemlə bağlı o
yazır: “KDQ poetikasından danışanlar” əsasən
klassik dövr elementlərindən bəhs edirlər və tədqiqatçı
bu yanaşmaya hörmətlə yanaşaraq, onları “haradasa
başa düşmək məcburiyyətindəyik” deyir (səh.
20).
Kamal Abdullanın qeyd etdiyi kimi, “bu günümüzə
sistemli, bütöv bir quruluş kimi gəlib çıxan”
KDQ dastanı “öz canına müxtəlif dövrlərin
semantik kodlarla zəngin şirəsini” toplaya bilmişdir. Belə ki, bu
dastanın mətninə daxil olan ədəbi-bədii
materialın konkret bir zaman kəsiyində yaranması fikrini
demək olmaz. Bunula belə, bu dastanın mətnində
qədim (mif dövrü) yeni (yəni yazı dövrü)
dövr (xronotopluq) vəhdət təşkil edir. Bu problemlə bağlı o, akademik D.Lixrçovun qədim
rus və yaxud qədim ümumslavyan ədəbi-mədəni
mühitinin yaranması ilə əlaqədar ifadə etdiyi
arqumenti misal çəkərək göstərir ki, bu alimin
fikrincə qədim rus ədəbiyyatının yaranması
ilə yeni rus ədəbiyyatının yaranması
arasında “ara dövr olmuşdur və bu ara dövr kifayət
qədər uzun bir zamanı əhatə etmişdir” (səh.16-17).
D.Lixaçov hesab edir ki, “Qədim rus ədəbiyyatının
poetikası yeni ədəbiyyatın poetikasından fərqlənir”.
Kamal Abdulla bu paradiqmanı (qədim və yeni
dövr ədəbiyyatları arasında fərqin olması)
KDQ-la müqayisə edərək vurğulayır ki, “Azərbaycan
ədəbiyyatında mif dövrü ilə yazı
dövrünü bir-birindən ayıran yox, onları öz
timsalında birləşdirən vahid mənəvi məkan
mövcuddur” (səh. 18).
Bu paradiqma ilə əlaqədar tədqiqatçının
konsepsiyası ilə razılaşmamaq olmaz. Belə ki, məlum
olduğu kimi, qədim türk dili (aqlünativlik), digər
dünya dilləri ilə müqayisədə ən az
deformasiyaya (dəyişitkliyə) uğrayan, forma və məna
çalarlarına görə ən az dəyişən
dildir. Əgər prototürk ədəbi-yazılı abidələrinin
dili ilə, sonrakı
dövrlərdə formalaşan türk dillərini
müqayisə etsək, bunu aydın şəkildə görmək
olar (Orxon-Yenisey abidələri, Mahmud Qaşqarinin, Yusif
Balasaqunlunun, “Kitabi-Dədə Qorqud”un dili və s.). Aqlunasiya
faktoru yalnız dildə deyil, türk etnosunun
antropologiyasında, etnik-psixoloji xarakterində də özünü
göstərir. Bu baxımlan, daha qədim
türk bədii yaradıcılıq abidələri ilə
yeni dövr abidələrinin ümumi səciyyəsi
arasında elə də ciddi fərq yoxdur.
(Ardı var)
Cəlil NAĞIYEV
525-ci qəzet.- 2017.- 21 oktyabr.-
S.23.