İtaliyaya səfər: keçmişin əks-sədası
və gerçəklik
(Əvvəli
ötən şənbə sayımızda)
Romalılar sonralar işğal etdikləri ərazilərdə
də akveduklar tikirdilər. İspaniyanın Merida
şəhərinin kənarında mən b.e.ə. I əsrdəki romalılardan miras qalmış nəhəng
akvedukun qalıqlarını görmüşəm, ondan daha
möhtəşəm olanı isə ölkənin Seqoviya
şəhərindədir.
Qədim
romalılar yol çəkməkdə də mahir usta idilər.
Axı qədim dünyada qurudakı yol elə
bir əhəmiyyət kəsb etmirdi. Hərəkət
və əlaqə üçün dənizlər və
çaylar başlıca vasitə idi, çünki onlarda yol
tikmək üçün xərc çəkməyə
ehtiyac yox idi, təbiət özü bu yolu
yaratmışdı. B.e.ə. IV əsrdə
Romadan Kapuyaya çəkilən Appi yolu, III əsrdə onun
tikintisinin davam etdirilməsi ilə cənub limanı
Brundiziyaya qədər uzadılmışdı. B.e.ə.70-ci ildə Krass bu yolda qoydurduğu 6 min dar
ağacında məğlub olmuş qul üsyanın rəhbəri
Spartakın inqilabçı əsgərlərini
çarmıxa çəkdirmişdi. İlk
səfərimdə mənə bu yolun bir hissəsini göstərmişdilər.
Yola iri sal daşlar döşənmişdi,
indiki ölçülərlə götürüldükdə
dar idi. Onun tikintisinin keyfiyyəti təəccüb
doğurmaya bilməz, çünki həmin yol indiyədək
bütün uzunluğunda bir abidə kimi salamat
qalmışdır. Sonralar Romadan şimala
gedən Flamini yolu çəkilmişdi. Lakin
dünyada Appi yolundan da qədim və daha uzun yol mövcud idi.
B. e. ə. VI əsrin sonu, V əsrin əvvəlində
Persiyada çarlıq etmiş I Daranın tikdirdiyi,
persiyalıların işğal etdikləri Lidiya
çarlığının paytaxtı Sardıdan
özünün baş paytaxtı Suzaya qədər olan yol
1800 mil uzunluğunda idi və onun üstündə dünyada
ilk mükəmməl poçt sistemi
yaradılmışdı. Şah yolu adlanan bu
magistralla müqayisədə Appi yolu, əlbəttə ki,
uduzur. Lakin romalılar yol çəkmək
sahəsində Qərbi Avropaya da böyük xidmət
göstərmişdilər və oradakı indiki yol şəbəkəsi
əsasən romalıların tətbiq etdiyi mühəndislik
irsinə əsaslanır.
B.e.ə.
264-cü ildə Roma az qala 130 il davam edən
bir münaqişəyə cəlb edildi, üç Puniya
müharibəsi aparmalı oldu. İlk
müharibə Şimali Afrikadakı finikiyalıların
böyük ticarət mərkəzi olan Karfagenlə Siciliya
üzərində ağalığa sahib olmaq barədəki
mübahisədən meydana gəlmişdi. Finikiyaya romalılar Puniya deyirdilər, ona görə
də müharibələr apardığı Karfagenin adı
ilə deyil, Puniya müharibələri adlanırdı.
Karfagen dəniz dövləti olduğundan güclü donanmaya
malik idi, Roma bunu nəzərə alıb, özünə rəqibindən
zəif olmayan donanma düzəltdi, aberdajdan - düşmən
gəmisinə yaxınlaşıb, onun göyərtəsinə
keçmək üsulu - istifadə edib, quru torpaq
döyüşündəki ustalığını tətbiq
etməklə Karfageni birinci müharibədə məğlubiyyətə
uğratdı.
İkinci Puniya müharibəsində məşhur
Karfagen sərkərdəsi Hannibal özünün
böyük ordusu və 37 fili ilə b.e.ə. 218-ci ildə
Alp dağlarını aşaraq İtaliyaya müdaxilə
etdi. Dənizdə Roma güclü olduğundan, su yolu təhlükəli
idi. İki il sonra Hannibal Kannda 70
minlik Roma ordusunu darmadağın etdi və konsul
döyüşdə öldürüldü. Hannibalın isə
itkisi vur-tut 8 min nəfər idi və ya romalıların
itkisindən 9 dəfə az idi. Lakin bu vaxt Romaya hücum etməkdən çəkindi,
strateji təşəbbüsü əldən verdiyindən,
heç nə əldə edə bilməyib, vətənə
qayıtmalı oldu. Nəhayət, Karfagen
b.e.ə. 201-ci ildə öz torpağında ağır məğlubiyyətlə
üzləşdi.
B.e.ə.
149-cu ildə başlanan müharibə isə üç il sonra Karfagenin dağıdılması,
yandırılması və tarixdən silinməsi ilə nəticələndi.
Roma güclü Aralıq dənizi dövlətinə,
əslində, dünya dövlətinə çevrildi. Acı məğlubiyyətdən əvvəl
romalılar Karfagenə olduqca ağır sülh şərtləri
təklif etmişdilər, bu Karfagenin dəniz dövləti
olmasına son qoymaq tələbi idi, ona görə də bu
şərtlər qəbul edilmədi. Bu
alçaldıcı şərtlər tarixə təhqiramiz
“Karfagen sülhü” kimi məlumdur. Elə həmin il Roma Yunanıstanı da işğal etdi.
Persiya və Makedoniyalı Aleksandrın nəhəng
imperiyalarından sonra Roma imperiyası meydana gəldi, burada
dövlət quruluşu hələ də respublika idarəetmə
forması kimi qalırdı. İmperiyanın ərazisi
tezliklə üç qitənin torpaqlarını əhatə
etdi.
Yeni ərazilər həm də böyük iqtisadi gəlir
gətirirdi. B.e.ə. I əsrin ortalarından Romada 500 min adam taxılı müftə alırdı. İctimai binaların, teatrların tikintisinin xərci
ianə və soyğunçuluq hesabına ödənildiyindən,
şəhərin gözəlliyi daha da artırdı,
yaşamaq üçün onu daha əlverişli edirdi. Əsasən də ellinistik şərqindən Romaya
gələn güclü miqrasiya, izafi əhalisi olan şəhərin
yükünü daha da artırırdı.
B.e.ə.
49-cu ildə Qalliyadan qayıdıb, şəhərdə
hakimiyyəti asanlıqla əlinə keçirən Yuli Sezar
şəhərin problemləri ilə sistematik qaydada məşğul
olmağa can atırdı, lakin beş il
sonra qətlə yetirilməsi onun planlarının həyata
keçirilməsini yarımçıq qoydu. Onun
varisi Avqust isə Romanı Yeni İmperiyanın varlı
paytaxtına çevirməyə cəhd etdi. O, bir qədər
qeyri-təcavüzkar şəkildə tərcümeyi-halında
yazırdı ki, Romanı kərpicdən qəbul edib, mərmərdən
inşa edilmiş kimi qoyub gedir. Bu sözlər
həqiqətə o qədər də uyğun deyildi. Böyük şəxsiyyətlər, bir qayda olaraq,
real nailiyyətləri ilə kifayətlənməyib, onlara
heç də xas olmayan igidliklərə də imza
atdıqlarını iddia etməklə, öz hədsiz
ambisiya yanğınlarını söndürmək istəyirlər.
Bu da bir həqiqətdir ki, Avqust və onun kolleqaları
çox sayda gözəl ictimai binalar, hamamlar, teatrlar və
anbarlar tikdirmişdilər. Bunlar həm də
şəhərin əhali kütləsini işlə təmin
edirdi. Avqustun dostu Aqrippa öz nəhəng
var-dövlətini şəhərin daha da gözəlləşməsinə
və su təchizatının yaxşılaşmasına həsr
etmişdi. Avqust ilk yanğın
söndürmə briqadaları düzəltmiş, cinayətkarlığa
qarşı mübarizə və qayda yaratmaq məqsədilə
7 kohorta yaratmışdı.
İmperator Klavdi taxılın birbaşa gəmi ilə
Romaya daşınması üçün Tibr
çayının mənsəbində, yaxındakı
Ostiyada böyük liman tikməyə başladı. Neron şəhərin
planlaşdırılması ideyasını həyata
keçirirdi, lakin onun tədbirləri 64-cü ildəki
böyük yanğınla heçə çevrildi. Trayan Forumu şəhərin
abadlaşdırılmasında böyük nailiyyət idi.
Hadrian böyük qübbəsi olan Panteonu və
sonralar Sant Ancelo qəsri adlanan mavzoleyini öz fəaliyyətinin
xatirəsi kimi qoyub getmişdi.
I əsrin sonunda və II əsrin
başlanğıcında Roma öz möhtəşəmliyinin
və əhali sayının zirvəsinə çatdı. Burada əhalinin
1 milyon nəfər olduğu güman edilirdi. Şəhərə çoxlu sayda immiqrantlar
axışırdı. O vaxtkı Romanın daş
döşənmiş küçələrini, normal su təchizatını
və kanalizasiya sistemini qiymətləndirməmək ədalətsizlik
olardı. Lakin şəhərin təmizliyinə
o qədər də diqqət verilmirdi. Yuxarı
mərtəbələrdən zibil adamların başına
atılırdı. Tibrə və ya şəhərin
kənarlarındakı çuxurlara tökülürdü.
Təəssüf ki, indinin özündə də
zibilin küçələrdən vaxtında
daşınması təmin edilmir və bu mənzərə
şəhərə heç də şərəf gətirmir.
Romanın özündə ölçüsünə və möhkəmliyinə görə hər bir antik şəhərdən üstün olmasına baxmayaraq, onun minimal iqtisadi və sosial şəraiti xəstə gələcəkdən xəbər verirdi. Böyük orqanizm xəstələndikdə həm də öz miqyasına görə əlavə problemlər yaradır. Artıq II əsrin sonunda şəhərdə əhalinin sayı azalmağa başladı.
Konstantinopolun əsasının qoyulması (330-cu ildə Konstantin Vizantiumu belə adlandırmışdı) isə sadəcə olaraq Romanın öz siyasi ağalığını itirməsinə səbəb oldu. Roma artıq imperiyanın inzibati mərkəzi deyildi. İmperator Konstantin Romanın binalarını qoruyub saxlayırdı. Onun himayəsi altında kiçik xristian icması Xristian və Papalıq Romasının bünövrəsinə çevrildi.
Romanın bədbəxtliklərinin sayı da az deyildi. 410-cu ildə qot sərkərdəsi Alarix Romanı tutub, onu üç gün ərzində qoşunlarının soyğunçuluğuna verdi. Qoca, taqətdən düşmüş şirə axı kaftarlar da hücum edir. Çox miqyasda qənimət götürüldü və çox sayda romalı şəhərdən qaçmaqla faciədən özünü xilas etmək istədi.
Romanın abidələri də onlara böyük ziyan vurulmasından canlı məxluqlar kimi əzab çəkirdi. 455-ci ildə vandallar 14 gün ərzində şəhəri qarətə məruz qoydular. IV və V əsrlərdə imperatorlar mərmər və digər tikinti materialları əldə etmək üçün binaların və abidələrin üzünün sökülməsi cəhdlərinə qarşı dəfələrlə qanuni aktlar qəbul edirdilər, lakin onların elə bir faydası olmurdu. Şəhərdə əhalinin sayının sürətlə aşağı düşməsi də davam edirdi.
Barbar ordalarının basqınları Romanın 476-cı ildəki süqutuna səbəb oldu. Romanın əsasını qayanın adını daşıyan Romul Avqust Qərbi Roma imperiyasının sonuncu imperatoru oldu. Belə qanunauyğunluq Konstantinopolun taleyində də təkrar olundu. Onun əsasını qoyan imperatorla eyni adda olan XII Konstantin 1453-cü ildə Bizansın sonuncu imperatoru kimi şəhərin Mehmet Fateh tərəfindən tutulmasının və minillik tarixi olan bir dövlətin tarixdən silinməsinin şahidi oldu.
Bizans imperatoru Yustinian VI əsrin əvvəllərində Qərbdə Romanın imperial rolunu bərpa etmək sahəsində öz cəhdinə başladı. Onun uğuru isə əksinə, İtaliya və Roma üçün zərərli oldu. Roma üç dəfə mühasirəyə məruz qaldı, onun akvedukları dağıldı və nəhayət, sakinlər şəhəri tərk etdilər. Əsrin sonunda Romanın əhalisi 50 min nəfər idi. Deyəsən, Şekspirin sonradan “Yuli Sezar” pyesində yazdığı: “Rome, thou lost the breed of noble bloods!” - “Roma, sən nəcib qandan olan nəsli itirmisən!” sözləri həm də həmin vaxtdakı reallığı əks etdirirdi.
Fransa kralı Pipin və onun oğlu Şarleman - Böyük Karl nəzəri olaraq Papalığın dünyəvi hakimiyyətinin bünövrəsini qoydular. Şarleman 800-cü ildə papa III Leo tərəfindən Qərbin imperatoru kimi taclanmışdı. Lakin Karolinq sülaləsi hakimiyyətinin iflası, ailə və fraksiya mübarizələrinə yenidən yol açdı. Müsəlmanlar 846-cı ildə Müqəddəs Pyotr kilsəsini qarətə məruz qoyduqdan sonra papa Vatikan zonası ətrafına qalın və hündür divar çəkdi. İki əsr sonra Romanı indi də normanlar qarət etdilər. Romanın əhalisi yarıbayarı azaldı.
Papa Martininin 1420-ci ildə Romaya daxil olması Renessans şəhərinin başlanğıcı kimi əlamətdar oldu. Papaların mütləq hakimiyyəti daha dörd əsr davam etdi və yalnız 1870-ci ildə başa çatdı. Martin nə qurucu, nə də incəsənət hamisi olmasa da, Romanı Renessans dövlətinin paytaxtı edən hökumətin bünövrəsini qoydu.
Papa IV Sikstin vaxtında (1471-1484-cü illər) Romanın dar küçələri genişləndirildi və daşla döşəndi. Dağılan tikililərin yerində yeni Renessans binaları inşa edildi. Lakin Romanın yenidən, bu dəfə ispanlar tərəfindən qarət edilməsi şəhərin Renessans mərkəzi olmasına da son qoydu, səkkiz gün ərzində soyğunçuluğa məruz qalan kilsə, saray və evlərin sayı minlərlə idi və onlar uçuruldu. Roma bu yaradan da sağala bildi, Lateran və Vatikan sarayları yenidən tikildi, akveduklar təmir olundu. Kolizey Roma fahişələrini işlətmək üçün yun fabrikinə çevrilməli idi, lakin bu proyekt həyata keçmədi.
Yeni tarixdə Roma yenidən inkişaf edən kosmopolit şəhərə çevrildi. İri biznes sahələrinin çoxu əcnəbilərin əlində idi, axı Roma kübarlarının var-dövləti qədim dövrlərdə olduğu kimi, əsasən, torpağa əsaslanırdı.
Napoleon 1798-ci ildə ilk dəfə Romanı
işğal etdi və burada respublika elan olundu. Sonra isə
Roma və Papalıq dövləti Napoleonun Fransa imperiyasının
tərkibinə qatıldı. Papalıq
dövlətinin çox hissəsi 1861-ci ildə elan edilən
ölkənin ilk olaraq birləşməsinin əlaməti
olan İtaliya krallığına daxil oldu. İtaliyanın birləşdirilməsi uğrunda
mübarizə aparan Cüzeppe Qaribaldinin Romanı iki dəfə
təslim etmək cəhdi isə uğursuz olmuşdu. 1870-ci ildə isə italyan qoşunları Romaya daxil
olub, fransız qoşunlarından onu azad etdi və referendumun qərarı
ilə Roma birləşmiş İtaliyanın paytaxtı oldu.
Papa təklif olunanla razılaşmayıb,
Vatikanda bir dustaq kimi qalmaq variantını seçdi.
Faşizmin banisi Benito Mussolininin hakimiyyəti dövründə - 1920-30-cu illərdə Roma müasir paytaxta çevrildi, şəhərdə möhtəşəm binalar tikildi, yeni prospektlər salındı. Mussolini klassik Romanın çox sayda abidələrini açmağa nail olan və qoruyub saxlayan arxeoloji qazıntıların aparılmasını dəstəkləyirdi. XX əsrdə Roma bütünlüklə böyük inzibati paytaxt olmaqla, turizm mərkəzinə çevrildi. Faşizm bütün eybəcərlikləri ilə yanaşı, əlbəttə, italyan faşizmi Hitler nasizminin dəhşətlərindən, ölüm düşərgələrindən, dinc əhalinin qırğınından istifadə etməmişdi, iqtisadi inkişafa nail olur, geniş yollar şəbəkəsi yaradır, sənaye sıçrayışı meydana gətirir. Hitler də öz iqtisadi inkişaf proyektlərinə avtobanlardan başlayıb, qısa müddətdə ölkə sənayesini sürətlə inkişaf etdirmişdi. Yunanıstanda faşizm təmayüllü “qara polkovniklər” 1967-ci ildə qiyam vasitəsilə hakimiyyətə gəldikdə, Krit adasında və ölkənin digər regionlarında geniş yol şəbəkəsi yaratmışdılar. Axı faşizm öz cinayətlərini nə iləsə ört-basdır etməli, xalqın şüuruna populizmə xidmət edən nümunələrlə geniş yol tapmalıdır.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2017.- 21 oktyabr.- S.22.