Əlimərdan bəy Topçubaşovun
İstanbul görüşləri: Rusiya istiqaməti
Azərbaycan Xalq Cümhuriyyəti - 100
Əlimərdan
bəy Topçubaşov Azərbaycan Xalq Cümhuriyyətinin
fövqəladə və səlahiyyətli naziri kimi
Osmanlı paytaxtında olduğu dövrdə (28 sentyabr 1918 -
8 aprel 1919) yalnız türk dövlət və hökumət
adamları ilə, türk ictimai-siyasi xadimləri, jurnalist və
diplomatları ilə görüş və
danışıqlar keçirməklə kifayətlənməmişdi.
Əksinə, ilk gündən bacardığı qədər
ünsiyyət və əhatə dairəsini mümkün qədər genişləndirməyə
çalışmışdı.
Şəxsi
nüfuzu, zəngin siyasi keçmişi, bacarığı
sayəsində hələ heç kim tərəfindən
tanınmayan, adı dünyanın siyasi xəritəsinə
düşməyən dövlətin təmsilçisi
olmasına baxmayaraq, bir sıra xarici səfirlik və nümayəndəliklərə,
İstanbulda yerləşən Müttəfiq dövlətlər
qərargahına, ayrı-ayrı nüfuzlu siyasətçilərə
yol tapa bilmişdi. Onlarla həm ümumi məsələlər
barədə, həm də təmsil etdiyi Azərbaycan Xalq
Cümhuriyyətinin mövcud vəziyyəti, ölkəsinin
hürr və müstəqil yaşamaq istəyi, gələcək
dünya düzənində layiqli yerini tutmaq niyyəti,
iqtisadi imkanlar, Qafqaz ailəsində yeri və s. haqqında
geniş müzakirələr aparmışdı. Belə söhbətlər
bir qayda olaraq maarifçi-informativ xarakter daşıyır, təqdimat
və tanıtma məqsədi güdürdü. Əlbəttə, bu sözlər daha çox Avropa
dövlətlərinin hərbi və siyasi təmsilçiləri
ilə görüşlərə aid edilə bilər. Çoxəsrlik yaxın qonşularla - ruslar, farslar,
gürcü və ermənilərlə, eləcə də Azərbaycanın
hələ ilk respublika dövründən özünə
müttəfiq saydığı Ukrayna nümayəndəsi ilə
ünsiyyət və müzakirələr isə tamamilə
başqa axarda, başqa aspektdə aparılmışdı.
Bu söhbətlər zamanı daha çox
münaqişələrin aradan qaldırılması, ortaya
çıxan problemlərin dinc yolla həlli məsələləri
diqqət mərkəzinə çəkilmişdi.
Əlimərdan
bəy İstanbulda rus siyasi mühacirətinin iki görkəmli
nümayəndəsi ilə - Müvəqqəti hökumətin
xarici işlər naziri, görkəmli tarixçi və
publisist, kadet (konstitusiyalı demokrat) partiyasının lideri
Pavel Nikolayeviç Milyukov (1859-1943) və 1909-1916-cı illərdə
Rusiya imperiyasının xarici işlər nazirliyinə rəhbərlik
etmiş Rusiya Dövlət Şurasının üzvü
Sergey Dmitriyeviç Sazonovla (1860-1927) görüşüb
qarşılıqlı maraq doğuran bütün məsələlərə,
eləcə də postimperiya Rusiyası liderlərinin milli
ucqarların, xüsusən də Azərbaycanın dövlət
müstəqilliyi məsələsinə münasibətləri haqqında ətraflı
fikir mübadiləsi aparmışdı. Rus
siyasi xadimləri ilə dialoq son dərəcə zəruri
idi. Çünki Azərbaycanın
müstəqilliyinə münasibətdə “köhnə” və
yeni Rusiyanın, “ağlarla” “qırmızıların” mövqeyi
tam şəkildə üst-üstə düşürdü.
Onlar heç biri Bakı nefti kimi “yağlı”
tikəni itirmək istəmirdi.
Və özlərini
inandırmışdılar ki, sadə Azərbaycan türkləri
qətiyyən müstəqillik, mili dövlət haqda
düşünmürlər. Bu, Türkiyənin
diqtəsi ilə hərəkət edən bir qrup
ziyalının iddiasından başqa bir şey deyil. Ə.Topçubaşov ilk növbədə bu cəfəng
yanaşma tərzinin həqiqətdən nə qədər
uzaq olduğunu sübuta yetirməli idi. Söhbətin
aparılma tərzi, ümumrusiya problemlərinə dərin bələdlik,
özünə və fikirlərinin doğruluğuna əminlik,
nəhayət qarşı tərəfin ehtiramlı münasibəti
Əlimərdan bəyin “müsəlman” və “yadelli”
olmasına baxmayaraq Rusiya siyasətinin ən üst
qatlarında kifayət qədər yaxşı
tanındığını, qəbul edildiyini, fikirlərinə
hörmətlə yanaşıldığını söyləməyə
əsas verir.
Aşağıda söhbət yazısını təqdim
etdiyim P.N.Milyukov XX əsr rus siyasi tarixinin orijinal və
koloritli simalarından biri idi. Böyük siyasətə
gələnə qədər həm də elmdə
böyük yol keçmişdi. Rusiya ali
məktəbləri ilə yanaşı, bir sıra əcnəbi universitetlərdə
də rus tarixindən mühazirələr oxumuşdu. Eyni zamanda, mütləqiyyət əleyhinə
çevrilmiş liberal siyasi baxışlarına görə
davamlı təqib edilənlərdən idi. 1916-cı ildə Kembric universitetinin fəxri doktoru
olmuşdu.
İlk
öncə bir maraqlı detala toxunmaq istərdim. Bioqrafları P.N.Milyukovun mənşəyi haqda fərqli
fikirdədirlər. Ulu əcdadı Semyon Məlikin adına Kulikov döyüşünün
iştirakçıları sırasında rast gəlinir. Daşıdığı Milyukov soyadının
kökündə ərəb mənşəli “məlik”
ad-titulunun dayandığı heç bir şübhə
doğurmur. Müxtəlif tədqiqatçılar
soy-kök etibarı ilə mənsub olduğu nəsli alman,
türk, hətta erməni sayırlar. Nə
qədər qəribə görünsə də, hətta
ingilis dilli Vkipediya resurslarından birində Milyukovun Azərbaycan
xanlarının nəslinə bağlılığı
mülahizəsi irəli sürülür. Ana tərəfdən isə rus xidmətinə daxil
olmuş məşhur tatar knyazlarının - Sultanovların
soyundan idi. Sənədlərlə təsdiq edilən bu
faktı şübhə altına alan
yoxdur. Sadəcə maraq xatirinə gətirdiyim
bu ekzotik şəcərə məlumatlarının mahiyyət
etibarı ilə heç nəyi dəyişdirmədiyi
öz-özlüyündə aydındır. Çünki Pavel Milyukov sözün tam mənasında
slavyan dəyərlərinə bağlı, pravoslavlıq ruhu
ilə böyümüş, Rusiyanın maraqlarını hər
şeydən öndə tutan bir rus idi. Müsəlmanlara
və Şərqə münasibətdə rəsmi rus siyasətinin
məqsəd və qayələrindən bir addım da kənara
çıxmırdı. İnqilabçılara
müəyyən rəğbət bəsləsə də (hətta
müvəqqəti hökumətin naziri kimi
çalışdığı dövrdə Rusiyanın səfirlik
və konsulluqlarına onların vətənə maneəsiz
dönmələrinə şərait yaratmaqla bağlı
xüsusi əmr vermişdi), imperiyanın gələcək
taleyi məsələsində “Vahid və bölünməz
Rusiya” prinsipinin ən sadiq adeptlərindən
sayılırdı. Xüsusi ilə Birinci
Dünya müharibəsi dövründə mövqeyini daha da
kəskinləşdirmişdi. III və IV Dövlət
dumalarının üzvü və kadet partiyasının
lideri kimi Rusiyanın müharibəni qələbəyə qədər
davam etdirməsi, Bosfor və Dardanel boğazları üzərində nəzarəti
öz əlinə alması ideyasının qızğın
tərəfdarlarından idi. Buna görə hətta
paytaxtın siyasi kuluarlarında istehza ilə Milyukov-Dardanelski
adlandırılırdı...
P.N.Milyukov Birinci Dövlət dumasına seçilə
bilməsə də, təcrübəli hüquqşünas
kimi məşhur Vıborq bəyannaməsinin
hazırlanmasında mühüm rol oynamışdı. Bu sənədi
imzaladığına görə siyasi fəaliyyətdən və
seçkili orqanlarda iştirakdan uzaqlaşdırılan
Əlimərdan bəylə yaxın
tanışlığı da çox güman həmin proses
zamanı başlanmışdı. 1918-ci ildən
sonra hər ikisi Parisdə siyasi mühacir həyatı
yaşasalar da, aralarında hər hansı ünsiyyət,
yaxud əlaqənin mövcudluğu haqqında etibarlı
tutanaq mövcud deyil. Ümumiyyətlə,
Azərbaycanı hər hansı bir şəkildə
Rusiyanın tərkibində, yaxud təsir dairəsində
görmək istəməməsi səbəbindən
bütün rus mühacir qruplarının Əlimərdan bəyə
münasibəti soyuq, hətta düşməncəsinə
idi. Onun 1934-cü il noyabrın 8-də
Parisdə böyük siyasi manifestasiyaya çevrilən dəfn
mərasimində heç bir rus ictimai-siyasi xadimi iştirak etməmişdi.
Amma istənilən
halda 1918-ci ilin dekabrında onlar İstanbulda siyasi rəqibdən
daha çox iki intellektual kimi keçmiş Rusiya
imperiyasında gedən mürəkkəb, ağrılı
proseslər barədə, dövlətini qurmaq istəyən
Azərbaycanın və dövlətçiliyi məhvə
doğru sürüklənən Rusiyanın gələcəyi
barəsində müəyyən qarşılıqlı
narazılıqların və giley-güzar notlarının da
qarışdığı səmimi söhbət etməyi
bacarmışdılar. Aşağıda həmin
söhbətin Ə.Topçubaşov tərəfindən
yazıya alnmış mətnini rus dilindən tərcümədə
“525-ci qəzet”in oxucularına təqdim edirəm.
P.N.
Milyukovla söhbətin yazısı
7 dekabr
1918-ci il
Saat 10.00
- 10.40
“Tokatlian”
oteli
Qapını döyürəm. Cavab yoxdur. İçəridən fransızca
danışıq eşidirəm. Qapı
aralanır, onun arxasında Milyukovu və “Vakıt” qəzetinin
redaktoru Əhməd Emini görürəm. Əhməd Emin mənimlə tələsik
salamlaşıb gedir.
Milyukov:
A-aa, hörmət və ehtiram! Sizi görməyə
çox şadam. Bəs
yazmışdılar ki, sizi Bakıda, ya da Tiflisdə - dəqiq
yadımda deyil, - güllələyiblər. Öz aramızdır, məni də artıq bir
neçə dəfə öldürüb dəfn ediblər.
Amma gördüyünüz kimi, sağ-salamatam.
Demək, bolşeviklərdən sizin də başınız bəlalar çəkib.
Mən:
(18-22 mart tarixlərində Bakıda baş verən hadisələr
barədə qısaca məlumat verəndən sonra)
Maraqlıdır, bəs siz və digər dostlarımız necə
xilas olublar? Bəzi həmkarlarımızla bağlı məlumat
almaq istərdim: məsələn knyaz Urusov, qraf Kotlyarevski, D.D. Protopopov
haradadırlar?
Milyukov: Hamısı
Moskvadadır. Kişkini (mətndə
səhvən belə yazılıb. Əslində,
söhbət məşhur rus hüquqşünası, Rusiyada
konstitusiya hüququnun banisi sayılan və 1918-ci ildə
bolşeviklər tərəfindən güllələnən
F.F.Kokoşkindən gedir - V.Q.) bolşevik
hakimiyyətinin lap başlanğıcında orada tutublar, indi
də həbsdədir. Kizvetter də öz
başısoyuqluğu ucbatından məhbus həyatı
keçirir. Çünki kimsədən qorxub-çəkinmədən
evində açıq-aşkar yaşayırdı.
O vaxt ziyalıların çoxu qaçıb gizlənmişdi,
heç indi də üzə çıxmırlar. Bəziləri, məsələn knyaz Lvov,
Quçkov, Şidlovski və b. Sibirdədirlər. Bir
qismi özləri
gedib, digərləri isə əlaqə yaratmaq
üçün göndəriliblər.
Bütün çağırış dövlət
dumalarının keçmiş üzvlərinin böyük əksəriyyəti
indi Kiyevdə cəmləşib. Çünki orada
özümüzü daha təhlükəsiz şəraitdə
hiss edirik. Son vaxtlar keçmiş nazirlərimizdən
bir neçəsi Yekatrinadora gediblər. General
Denikinlə birlikdə fəaliyyət göstərirlər.
Mən:
Deməli, hər halda sizin mərkəzi hökumətiniz var.
Bəs o hökumət necə və harada yaranıb?
Milyukov:
İndi sizə deyərəm. Əslinə
baxsan, belə hökumət yoxdur. Hələlik
yalnız mərkəzi təşkilat var. O, müəyyən
şərait yetişdiyi təqdirdə hökumətin yerini
tuta bilər. Dediyim təşkilat indi
Yekatrinadordadır. Rəhbəri Denikindir. Yanında
tanınmış rus xadimləri, bəlkə başqa nazirlər
də var. Ancaq hələlik vəzifələrinin adı
nazir yox, şöbə rəisləri kimi gedir. Məsələn, Sazonov xarici işlər
şöbəsinə rəhbərlik edir. Beləliklə,
Rusiya, necə deyərlər, sizin Qafqazda təşkil
olunmağa və toparlanmağa başlayır.
Mən: Yəni
Kubanda?
Milyukov: Bəli,
Kubanda, Donda. Çünki oraların əhalisi
böyükdən kiçiyə qədər bolşeviklərlə
qətiyyətli mübarizə tərəfdarıdır.
Hərəkatın rəhbərliyində
Denikinin dayanacağı güman edilir. General
Krasnov da onunla olacaq. Amma kazaklar Krasnovu o qədər
də sevmirlər. Bu iki nəfərə
üçüncüsü də qoşulacaq. Kimliyi hələlik
bəlli deyil.
Mən: Hərbçilərdəndir?
Milyukov: Dəqiq
bilinmir, bəlkə də... Bütün hakimiyyət
hələlik onların, əsasən də general Denikinin əlində
toplanacaq. Getman Skoropadski də bu hakimiyyətlə
hesablaşmağa boyun olur. Onun xalqa müraciətini oxumusunuz?
Mən: Bəli,
oxumuşam və belə qənaətə gəlmişəm
ki, Ukrayna bundən sonra müstəqil dövlət kimi
mövcud olmaq istəmir. Hətta buradakı Ukrayna elçisi
Sukovkin getmanın müraciətindən sonra özünün
“Aleksandr Mixayloviç” adlı gəmisindəki Ukrayna milli bayrağını
endirib, əvəzində Andreyev bayrağı
qaldırıb.
Milyukov:
Biz Ukrayna hökuməti və getmanın razılıq vermələrini
istədik. Ukraynanın müstəqilliyi məsələsinə
gəldikdə, Kiyevi tərk etdiyim ərəfədə
ukraynalılarda, xüsusən də bizə tərəf bir
addım atıb müraciəti imzalayan, əvəzində isə
Müttəfiq dövlətlərdən yardım gözləyən
Skoropadskidə müəyyən tərəddüd hiss
olunurdu. Kiyevdən
bütöv nümayəndə heyəti ilə getdiyimiz
Yassıda Antanta təmsilçiləri belə bir yardım vədi
verdilər. Orada Ukrayna nümayəndələrini diqqətlə
dinlədilər, bolşevizmlə mübarizə üçün ölkəyə ordu və digər
vasitələrlə köməyin zəruriliyi haqda
razılıq əldə olundu.
Bu, iki ay əvvəl baş vermişdi.
Elə o zaman müttəfiqlərin nümayəndələri
oradan teleqrafla
Parisə müraciət etdilər və müsbət cavab
alındı. Lakin indiyə qədər vəd
olunan kömək ortada yoxdur. Ukraynanın
tərəddüdlü mövqeyinin səbəbi də təbii
ki, bununla bağlıdır. Missiyamızın
əsas vəzifəsi həmin köməyin tezliklə
alınmasıdır. Bundan ötrü isə
necə deyərlər, müttəfiqlərin
başının üstünü kəsmək və
onları dərhal hərəkətə keçmələri
üçün tələsdirməkdən ötrü Parisə
getmişdik.
Mən:
Deməli, siz bolşeviklərlə qarşıdan gələn
mübarizədə mümkün qədər böyük
qüvvəyə təminat almaq istəyirsiniz. Deyəsən,
axı müttəfiqlər Türkiyə ilə
barışıqdan sonra hərbi güclərin bolşeviklərə
qarşı mübarizəsinin təşkili ilə məşğul
olmağa başlayıblar. Bu məqsədlə
baza kimi Sevastopolu, ümumən Krımı seçmək qərarına
gəliblər. Hətta admiral Qaltrop Krım hökumətinin
buradakı nümayəndəsini özü ilə aparıb. Yerli qəzetlər yazmışdılar.
Milyukov: Təbiidir
ki, müttəfiqlər də tələsməlidirlər.
Mən:
Bağışlayın, kim onlara mane olur?
Axı indi müttəfiqlər Türkiyədə yetərincə hərbi
gücə malikdirlər. Bəlkə, bizə bəlli olmayan başqa səbəb
var?
Milyukov:
Bilmirəm. Lakin sizə deməliyəm ki,
bolşeviklərlə mübarizə indi çox çətindir.
Onların Qırmızı ordusu çox
yaxşı və qüvvətlidir.
Mən:
Bu ordunun hazırda nə qədər əsgəri var? Əsas
özəyini kim
təşkil edir? Onun sıralarına kimlər
qoşulur?
Milyukov: Təxminən
500 min nəfər.
Mən:
Bolşeviklərin 500 min nəfərlik ordusu var?
Milyukov: Bəli.
Həm də yenə təkrar edirəm -
yaxşı ordudur. Bolşeviklər səfərbərlik
keçirib bütün gəncləri hərbi xidmətə
çağırıblar. Sonra,
keçmiş çar ordusunun bütöv hissələri
onların əlinin altındadır. Zabitlərin
çoxu, hətta Baş Qərargah zabitləri bolşevik
ordusuna xidmət edir. Hamısına yaxşı maaş verirlər. Hərbi
gücün ən döyüşə yararlı və
bacarıqlı hissəsi isə çinlilərlə
latışlardan ibarətdir.
Mən: Bəs
onlara qarşı dayananlar haqda nə deyə bilərsiniz?
Milyukov:
Bizim də qüvvəmiz var. Amma müqayisədə
götürsək, azdır. İlk növbədə
Sibirdə Omsk hökuməti deyilən hökuməti yada
salmaq lazımdır. O da səfərbərlik elan edib və
texniki cəhətdən tam savadlı, planlı şəkildə
200 min nəfərlik ordu formalaşdırıb. Son vaxtlara qədər həmin
ordunun başında general Boldırev dayanırdı. Amma deyəsən, indi onu admiral Kolçak əvəz
edib.
Mən: Bəli,
elə dünən buradakı qəzetlər Kolçak haqda
yazmışdılar. Amma doğrusu, oxuduğum
məlumatdan bir şey anlaya bilmədim. Hansısa
D`Osak hökumətindən bəhs olunurdu. Bu nə Ozak hökumətidir? Yaponiyadadır?
Milyukov:
Yox, söhbət məhz indi Kolçakın olduğu Omskdan
gedir. Sonra sizə deməliyəm ki,
Ukraynanın da hazır ordusu var.
Mən:
Böyükdür? Onlar necə, bolşeviklərə
qarşı çıxacaqlarmı? Hazırda ümumiyyətlə
Ukraynada vəziyyət necədir? Sakitlikdir?
Milyukov:
Ukrayna ordusunun sayı haqda məlumatım yoxdur. Ümumən, Rusiyanın cənubunda sakitlikdir.
Amma həmin ərazilər, xüsusən də
indiki Ukrayna bolşeviklərin nəzarəti
altındadırmı? Başa düşmək
çətindir. Oralarda hansısa
xüsusi bir vəziyyət hökm sürməkdədir.
Belə şəraitdə yalnız xarici güc
mövcud vəziyyəti dəyişə bilər. Rus mujiki cənubda artıq alman əsgərlərinə
öyrəşib, onu məğlubedilməz sayır. Amma əgər indi müttəfiq qoşunları həmin
bölgələrə daxil olsa, rus mujikinin gözündə,
sonuncuların dəyəri qat-qat artacaq. Bu
da öz növbəsində müttəfiqlərin və bizim
ordunun uğur qazanmasına kömək edəcək.
Sadaladıqlarımdan başqa sərəncamımızda
Denikinin komandası altında 60 min nəfərlik hərbi birləşmə var. Onlar da bolşeviklərə
barışmaz münasibət bəsləyirlər.
Mən: Söhbət
kimdən gedir? Kazaklardan?
Milyukov:
Çox ehtimal ki, bəli. Eyni zamanda, ümid edirik ki, Qırmızı
ordudakı əsgərlər, xüsusən də zabitlər
(əlbəttə, hamısı yox, bir hissəsi)
üfüqdə xarici hərbi güclər görünən
kimi bizə tərəf keçəcəklər.
Mən: Bəs
Çexoslovakiya qoşunları?
Milyukov:
Onlar cəmisi 5260 nəfərdir. İndi Sibirdədirlər və
geri, vətənlərinə qayıtmağa can atırlar.
Mən:
Baxın, Pavel Nikolayeviç, başqa bir maraqlı məsələ
də var. Bolşevik hakimiyyətinin yayıldığı ərazilər
ümumən nə qədərdir? Son vaxtlar
böyüyüb, yoxsa kiçilib? Rəhbərləri
dəyişib, yoxsa əvvəlkilərdir?
Milyukov:
Hesab edin ki, əvvəlki kimi bütün Mərkəzi Rusiya
bolşevik hakimiyyəti altındadır. Kiyev, Odessa -
ümumiyyətlə Ukrayna onlardan tamam üz döndərib. Amma
başqa bir məsələ də var: şimal-şərqdə,
Volqaboyu və Volqa arxası quberniyalarda, xüsusən də
ucqarlarda - Qafqazda, Türküstanda nə baş verdiyi barədə
heç bir məlumatımız yoxdur.
Bolşevizm, deyəsən, artıq dirənib və
getdikcə təsirini azaltmalıdır. Çünki
narazılıq hərəkatları səngimir, həmin əhval-ruhiyyə
isə əhalini çox güclü şəkildə
bolşeviklərə qarşı qaldırır. Nəticədə xalqı itaətdə saxlamaq
üçün cəza tədbirlərini daha da gücləndirirlər.
Rəhbərləri yenə həmin Leninlə
Trotskidir. Ən çox Petroqrada heyfim gəlir.
Kimin imkanı var, şəhərdən
qaçıb. Hər şey sükuta qərq
olub, ölüb.
Mən:
Ufada meydana çıxan hansısa hökumət haqda da
danışırlar. Sizin, yaxud təşkilatınızın
onlarla bir əlaqəsi var?
Milyukov:
Əlaqə vardı. Hətta Astrovu nümayəndə
kimi ora göndərdik. Həm də general Denikinə və başqa iki nəfərə
geniş səlahiyyətlər vermək şərti ilə
onlarla birləşmək istəyirdik. Bu adamlardan birinin
sosialist olması ilə bağlı razılığa da gəlmişdik.
Ufada isə 3 yox, 5 nəfər seçdilər.
Doğrudur, Denikin başda olmaqla və tərkibə iki nəfər
sosialist daxil edilməklə! Amma biz bununla
razılaşmadıq, nümayəndəmiz Astrov məktub
yazıb Ufa hökumətində iştirakdan imtina etdiyini
bildirdi. Bundan başqa, bütün altı
Sibir hökumətinin hamısı ufalıları
tanımadıqlarını bəyan etdilər. Lakin Çernovla Boldırev hələ də ruhdan
düşmürlər. Onlar hətta Ufada
Ümumrusiya Müəssislər Məclisinin
çağrıldığı günü də bəyan
ediblər. Yanılmıramsa, 1919-cu ilin
yanvarında olmalıdır. Həm də əvvəldən
yalnız 170 nəfərin
yığışağacağı təqdirdə Müəssislər
Məclisinin işə başlayacağı bildirilib. Aydın məsələdir ki, biz Ufada
toplaşanların yığıncağını Müəssislər
Məclisi kimi tanıya bilmərik.
Mən:
Yassıdakı iclasdan sonra sizin Odessada toplantınız, yaxud
qurultayınız keçirilib? Kiyev qəzetlərində
bu barədə yazılmışdı.
Milyukov:
Toplantıdan sonra bəzilərimizin Kiyev və Yekatrinodora getməsi
nəzərdə tutulurdu. Ümumi qərar belə idi ki,
nümayəndə heyəti yaradıb prezident Vilsonun da gəlişinin
gözlənildiyi Parisə gedək. Mən artıq əvvəldə
demişdim - səfərin əsas məqsədi bolşeviklərə
qarşı mübarizəyə başlamaq üçün
mümkün qədər az vaxtda hərbi yardım almağa
nail olmaq idi. Çox güman ki, sülh konqresi tezliklə baş tutmayacaq. Lakin indidən hazırlaşmaq lazımdır.
Bizim Rusiyanın başqa xalqlarına münasibətimiz
məsələsi ilə bağlı deməliyəm ki, bu məsələ
ətrafında təşkilatımızda hələ fikir
mübadiləsi aparılmayıb və hər hansı qərar
verilməyib.
Hər şey aydındır, indiki vaxtda ən
vacib vəzifə bolşeviklərdən xilas olmaqdır.
Əgər onlar səhnədən çəkilsələr, Rusiya nicat yolunu
tapacaq.
Mən: Bəs
Rusiyadan ayrılan ərazilər? Məsələn, indi bizim
Zaqafqaziyada öz hökuməti, ordusu və s. olan üç
respublika mövcuddur.
Milyukov:
Başa düşürəm ki, xalqlarınızın özlərinə
xilas yolu aramalı
idilər: bu müstəvidən yanaşanda sizdə
respublikaların yaranması təbiidir. Məhz
belə hərəkət etməli idiniz. Lakin
digər tərəfdən, respublikalarınızın meydana
gəlməsində almanların təsirini və son vaxtlar
yürütdükləri şərq siyasətinin izlərini
görməmək qeyri-mümkündür.
Mən:
Almanlarla bağlı fikrinizlə mübahisə etmək olar. Çünki bunun məhz belə olduğu
böyük sual altındadır. Lakin bir məsələ
aydındır ki, Rusiya özü bizdən uzaqlaşdı.
Ordu getdi, hakimiyyət getdi. Yaxşı,
bəs sonra? İndi ayrılanlara
münasibət necə olacaq?
Milyukov:
Sonra? Bir şey demək çətindir. Məsələ mürəkkəb və
qarışıqdır. Əlbəttə, ayrılan ərazilərin
əhalisinin fikri çox mühümdür. Həm
də bizdən ötrü indi ən vacib məsələ Mərkəzi
Rusiyadır. Siz necə
düşünürsünüz?
Mən:
Düşünürəm ki, xalqlar artıq talelərini həll
ediblər. Eyni sözlər biz azərbaycanlılara
da aiddir.
Milyukov:
İndi orada sakitlikdir? Heç bir məlumatımız yoxdur. Tək onu bilirik ki, Xəzər dənizi
ingilislərin əlindədir. Yəqin ki, Bakını da tutublar.
Mən: Rəsmi
məlumat yoxdur. Lakin ortalıqda şayiələr dolaşır. Təəssüflər
olsun ki, mənim də Zaqafqaziya barədə məlumatım
azdır. Ancaq bildiyim qədər sakitlikdir. Sizdən
bir məsələ ilə bağlı da soruşmaq istəyirdim.
Volqaboyu müsəlmanları ilə hər hansı əlaqə mövcuddurmu?
Milyukov: Təəssüf
ki, yox. Axı müsəlmanlar hər yerdə həyatlarını
özləri qurur və daha çox Türkiyəyə meyl
edirlər. Həm də düzünü
deyim ki, siz bu son vaxtlarda gördüyüm ilk müsəlmansınız.
Amma bu müddət ərzində Kiyevdə ermənilərlə,
gürcülərlə çox görüşmüşəm.
Odessada da erməni və gürcü
tanışlarım vardı. Daha bir yenilik
- Krımda yeni hökumət yaranıb. Sulkeviç
getdi, indi iqtidarda Solomon Krım, Vinaver, Nabokov və
başqalarıdır. Müsəlman
nümayəndəsi də var (bütün bu müddət ərzində
qapı döyülür, katib iki dəfə içəri
girir).
Mən: Çox təəssüflənirəm ki, daxili quberniyaların müsəlmanları saya salınmırlar. Axı onlar da istənilən halda Rusiyada yaşayırlar, Rusiya ilə birlikdədirlər. Türkiyəyə hansı meyldən söhbət gedə bilər? Doğrudanmı bundan sonra da müsəlmanlara münasibətdə köhnə səhvlər yenidən təkrarlanacaq? Axı əgər vaxtında həmin səhvlər buraxılmasaydı, bu gün Rusiyada və Türkiyədə gördüklərimizin çoxu baş verməyə bilərdi. Fikrimlə razısınızmı?
Milyukov: Keçmişdə çox səhv olub. Lakin bundan sonra Türkiyə ilə Rusiya anlaşma şəraitində yaşamalıdır. İndicə “Vakıt” qəzetindən Əhməd Emin də mənə bu barədə danışırdı. Yəqin, sizinlə yenə görüşüb söhbət edəcəyik.
Mən: Siz hələ burada çox qalacaqsınız?
Milyukov:
Bu admiral Ametin teleqramının cavabından
asılıdır. Həmin teleqramla o, bizim Parisə
gəlməyimizə icazə istəyir. İndi
məlum olub ki, xeyli vaxtdır buradan nə quru, nə də dəniz
yolu ilə heç kimi Avropaya buraxmırlar. Biz Saloniki və Pireyə deyil, birbaşa Marselə
getməyə qərar vermişik. Ora isə
İtaliyadan keçəcəyik. Axı
İtaliya da müttəfiqdir, elə-belə ötüb getmək
olmaz. Az da olsa dayanmaq lazımdır. Amma daha çox
Parisə tələsməliyik.
Mən:
Deyəsən sizi gözləyirlər. Ona
görə də vidalaşıram.
Milyukov: Hələlik.
Əlbəttə, sizinlə mütləq
görüşəcəyik.
Rus dilindən tərcümə: Vilayət
Quliyev
525-ci qəzet.- 2017.- 21 oktyabr.- S.18-19.