Aprel şəhidləri
Bizi ilk qarşılayan
Aprel şəhidləriydi,
Bu Cocuq Mərcanlının
Ən müqəddəs yeriydi.
Ayağına gül qoyduq
Şəklinə baş əydik.
Ay oğul, təki belə
Toyunuza gələydik.
Daim gənc qalarsınız
Göz aydın, üzü gülər,
Daim ayağınızı
Öpəcək qızılgüllər.
Əsgər gedən oğullar
Burdan gedər döyüşə.
Sevən yaşıdlarınız
Bura gələr görüşə.
Gələnlər gedəcəklər
Kimi ucalacaqdı,
Kimi qocalacaqdı,
Kimi zəfər çalacaq!
Düşməndən intiqamı
Dönə-dönə alacaq!
Aprel döyüşçüləri
Belə cavan qalacaq.
Onlar zamandan güclü,
Dövrandan üstündülər.
Onlar gecə aydılar.
Gündüzlər də gündülər...
Eh... Bunlar hamısı sözdü,
Şəhidlər ölümsüzdü!
Şuşa Məscidi
Cocuq Mərcanlıya
Şuşadan qonaq gəlib.
Cocuq Mərcanlının ağ gününə.
Geyinib dümağ gəlib.
Şuşanın məscidi namaza durub.
Əllərini Allah dərgahına qaldırıb.
Qarabağa azadlıq diləyir.
“Allahım, köməyimiz ol” - deyir.
Azanın səsi
Haqqın qapısını döyür.
Məscid onun üzüdü,
İçi insan içidi.
Bu Şuşadakı Məscidin özüdü,
Əsgərlərimizə gəlmiş elçidi.
Gəlin bizi alın! - deyir.
Gəlin zəfər çalın! - deyir.
Azərbaycanın ən uca Şuşa səhnəsindən,
“Qarabağ Şikəstəsi”nin səsindən
Ən uca zənguləsindən
Yadları salın!
Qarabağı alın! - deyir.
Məsciddə görüş
Ruhu titrədən bir görüşdü.
Ordumuz ayağa qalxsa
Şimşək kimi çaxsa
Ordumuz üçün ən asan iş döyüşdü .
Qalanını tarix yazır.
Hər azərbaycanlının içində
Bir əsgər var
Döyüşə hazır!
Yaman olur
Havadan, sudan, çöldən
Gözəllik ətri gəlir.
Qızılgüllər titrəyir
Əlvan ləçəklər gülür.
Bu gözəllik qoynuna
Tanrı
nuru tökülür...
Sevincdən gözüm dolur.
lll
Şirin
dil son hədd ola
İnsanlar arasında.
Ölkələr arasında
Qızılgül sərhəd ola...
Yar həsrəti-hicranı
Ən çəkilməz dərd
ola...
İnsanlar mələk olur.
lll
Beşiyim, məzarımsan
Ana torpağım mənim.
Qəlbin
qəlbimdə vurur
Ay Qarabağım mənim.
Bülbüllər yetişdirən
Havam, bulağım
mənim.
Görürəm rəngin solur.
lll
Səni
belə görəndə
Tufan olur, qan olur.
Hirsim qaynayıb daşır,
Səbrim ilə savaşır.
Bizə
döyüş yaraşır,
Bizə zəfər yaraşır.
Hikkəm
başımdan aşır
Ruhum dağa dırmaşır,
Varlığım tufan olur.
Xalq bu həddə gələndə
İntiqam yaman olur.
Biz Cocuq Mərcanlılıyıq
Dağlı eniş-yoxuşlu,
Torpaqlı, daşlı, quşlu,
Ağaclı - vətəndaşlı
Hamımız bir canlıyıq.
Biz Cocuq Mərcanlılıyıq.
lll
Yollar qəddi, ütülü,
Bulaq-sükut bülbülü,
Şehli
bağların gülü
-
- Qəlbi həyəcanlıyıq.
Biz Cocuq Mərcanlılıyıq.
lll
Körpədən son yaşacan,
Lap ayaqdan-başacan.
Ey böyük Azərbaycan
Hamımız bir canlıyıq!
Biz Cocuq Mərcanlılıyıq.
Lələtəpə
Dədəm Qorqudun dövründə
Laləli bir təpə idim.
Sonradan lələ olmuşam,
Bir Lələtəpə
olmuşam.
Başımın üstündə Allah,
Əlimdə üç rəngli bayraq.
Gecə,
gündüz, axşam,
sabah,
Ana yurda keşikçiyəm.
Xalqın
dağ olmuş səsiyəm,
Mən igidlər
nərəsiyəm.
Mən lələlər
lələsiyəm.
Məktəblərin zəng səsiyəm.
Dağam, dağlar balasıyam.
Mərcanlılar qalasıyam
Hələ mənim çox
işim var
Çox zəfərlər çalasıyam.
Yurdun Lələ dayağıyam,
Elin Lələ bayrağıyam,
Əsgərlərin səngəriyəm,
Düşmənlərə göz dağıyam.
Birinci sinfə ikinci dəfə Cocuq Mərcanlıda getdim
Birinci sinifdəyik
Mən və sinif yoldaşım.
Onun yeddi yaşı var,
Mənim səksən üç yaşım.
Onun
ilə söhbətə
Bərk qarışmışdı başım.
Müəllimə dedi:
- Yaxşı!
Siz sakit olun bir
az.
Dərsdə danışmaq olmaz.
Mən tez kəsdim sözümü,
Yığışdırdım özümü.
Sinif dostum soruşdu:
- Sən də qorxursan ondan?
- Mən qorxuram qanundan.
- Qanun kimdi, ay dayı?
- Hamı ona tabedi
Səndən, məndən savayı.
- Niyə o bizə dəymir?
- Sənin yaşın çox azdı,
Mənim yaşım lap çoxdu.
Bizi əsgər qoruyur
Heç
bir qorxumuz yoxdu...
Səidə qızıma
(Mahnı mətni)
Quliyeva Səidə
Allahqulu qızı Bakıda rahat evini qoyub, könüllü
Cocuq Mərcanlıya gedib. Orta məktəbdə işləyir. O, ürəyinin
çağırışına əməl edib. Hər ürəkdə belə çağırış olmur.
Ürəkdə belə
istək olsa da, hər adam cəsarət edib Bakıda rahat evini qoyub,
düşməndən yeni
alınıb, yeni salınmış Cocuq Mərcanlı qəsəbəsinə
işləməyə, yaşamağa
gedə bilməz. Bunun üçün ürəkdə
istəkdən başqa
qeyrət, təpər,
alovlu vətənpərvərlik,
vətəni əsl Leylinin Məcnuna olan məhəbbəti kimi bir İlahi
məhəbbət olmalıdır.
Səidə qızımızda o var. Qızın özü də bilmir ki, qəhrəmanlıq elə buna deyirlər.
Səni vətənin çağırdı.
Səs qəlbində
ağrıdı.
A qeyrətli qızım mənim,
Şir ürəkli
quzum mənim.
Qoy tanısın el səni də,
Səidə, ay Səidə.
lll
Kitabların sirdaşısan,
Hamının qız qardaşısan.
Özündən xəbərin yoxdu,
Sən özündən də yaxşısan.
Qəlbin günəşdir sinəndə,
Səidə, ay Səidə.
lll
Mərcanlıda cocuqlara
Şirin nağıl olacaqsan.
Evdə bacı olacaqsan ,
Çöldə oğul olacaqsan.
Adın nəğmədir sənin də,
Səidə, ay Səidə.
lll
Başdan-ayağa hünərsən,
Odlar qızı igid ərsən.
İnanıram ilk imkanda
Şuşaya da sən gedərsən,
Olacaqsan orda sən də,
Səidə, ay Səidə.
Fikrət QOCA
525-ci qəzet.- 2017.- 21 oktyabr.- S.17.