Cocuq Mərcanlının
cocuqları
"Səhər-səhər"
rubrikası
Ana vətənin qoynuna
qaytarılmış Cocuq
Mərcanlya getmək yazıçılarımızın böyük arzusu idi.
İllər boyu - atəşkəsdən
qabaq da, sonra da - dəfələrlə
döyüş bölgələrində,
hərbi hissələrdə
olmuş, görüşlər
keçirmişik. Yazıçılarımızın
Müdafiə naziri Zakir Həsənovla çox məhsuldar və vacib görüşündən
sonra ordumuzla əlaqələrimiz daha da möhkəmləndi, yeni vüsət aldı. Birgə tərtib etdiyimiz layihələr sırasında yazıçıların Çocuq
Mərcanlıya səfər
etmək niyyəti də vardı. Oktyabr ayında bu arzumuz Yazıçılar
Birliyinin təşəbbüsü
və təşkilatçılığıyla
həyata keçdi.
Cocuq Mərcanlı ərazisində
ilk ziyarətgahımız Aprel
döyüşlərində şəhid olmuş əsgərlərimizin şərəfinə
ucaldılmış xatirə
kompleksi oldu. Qarşısına çiçək dəstələri qoyduğumuz lövhələrdəki şəkillərə
baxıram, adlarını,
doğum yerlərini oxuyuram. Azərbaycanın müxtəlif bölgələrində
həyata göz açıb şəhidlik
zirvəsinə müqəddəs
Qarabağ torpağında
ucalmış bu cavanların doğum illərinə nəzər etdikcə adamın ürəyi parçalanır. Lap gənc idilər. Bütün həyatları, təhsilləri,
sevgiləri, əmək
fəaliyyətləri, valideynlik
sevincləri qabaqda
idi və bunların heç biri qismətləri olmayacaq. Ölüm hər yaşda
ölümdür. Amma
gənc yaşında
dünyadan getmək ömrünün böyük hissəsini
özünlə aparmaqdır.
Yenə də şəhid
şairimiz Ülvinin bütöv bir nəslin məramnaməsi
kimi səslənən
misralarını xatırlayıram:
Həyat
üçün doğulmuşduq
Vətən üçün ölməliyik.
Cocuq Mərcanlıda
tikilmiş səliqəli
evlər, yaraşıqlı
məktəb binası,
Şuşadakı məscidin
bir qədər kiçildilmiş memarlıq
biçimi qəlbimizi
iftixar hissiylə doldurur. Məscid minarələrindən
ucalan azan - dinimizin da
haqq işimizə dəstək verməsi kimi səslənir.
Kənd amansız düşmən
hədəfində olanda
da buranı tərk etməyən ailə başçısının
əlini sıxıram,
mətanəti, kişiliyi
üçün təşəkkür
edirəm ona.
Bu gün Lələtəpə
zirvəsində üçrəngli
bayrağımız vüqarla
dalğalanır və
bu kənd də, qurtulmuş torpaqlarımız da bu bayrağın təhlükəsizlik təminatı
altında yaşayır.
İşıqlı dərs otaqlarını gəzirik,
bəzi sinif otaqlarında dörd-beş
şagird var. Uşaqların
da, müəllimlərin
də gözləri elə bir işıq
saçır, elə
bir sevgi, xoşgörü, mehribanlıq
ifadə edir ki, düşünürəm:
nə yaxşı ki, xalqımızın əsrlərdən gələn
bir ənənəsiylə
yeni nəsilləri nifrət, düşmənçilik,
qisasçılıq ruhunda
yetişdirmirik, amma eyni zamanda elə
tərbiyə edirik ki, hər an vətənin azadlığı
yolunda hər fədakarlığa hazır
olurlar.
Hələ XX əsrdə ulu öndərimiz Heydər Əliyev Horadizi azad etmişdi. Horadizdə də olduq. Geniş xiyabanlar, müasir abad binalar, yaşıllığa
qərq olmuş parklar Horadizi cəbhə xəttində yerləşən
istehkama yox, firavan, sakit
kurort şəhərinə
bənzədir. İzdihamlı toplantıda görüşdüyümüz,
çıxışlarını dinlədiyimiz şəhər
sakinlər də rahat, gələcəyə
arxayın, ümidli və nikbin insanlardır.
Ali Baş Komandan, Prezident İlham Əliyevin cəsarətli
iradəsiylə
azad edilmiş Cocuq Mərcanlı kəndi də azad olunacaq, doğma vətənə qovuşacaq
kəndlərimizin, şəhərlərimizin,
rayonlarımızın ilki
kimi həmişə tarixdə bu şərəfli
adla yaşayacaq. Cocuq Mərcanlı cocuqlarının xoşbəxtliyi
də məhz bu tarixi kənddə
yaşamalarında, oxumalarında,
gələcəyə ümidlərində
və bu ümidlərin
doğrulması yolunda
görəcəkləri böyük quruculuq işlərindədir.
Cocuq Mərcanlıdan ayrılarkən bir
daha Lələtəpədə dalğalanan bayrağımıza baxıram və
mənə elə gəlir ki, bu bayrağın geniş
kölgəsi bütün müvəqqəti
işğal olunmuş
torpaqlarımızın
üstünə düşür.
ANAR
Xalq
yazıçısı, Azərbaycan Yazıçılar
Birliyinin sədri
525-ci qəzet.- 2017.- 21 oktyabr.- S.11.