Yarımçıq xatirələr  

 

Azərbaycan kinosu - 120

 

 

 

 

“Qonşun pisdir, köç qurtar...” - söyləyib atalar. Min illərin sınağından çıxmış folklorumuz hər şeyi dəqiq deyir. Bütün həyat və yaşam fəlsəfəsi var burda.

 

Bəzən romana sığmayacaq ideya bir cümləlik məsəllə, kiçik bir bayatıyla o qədər dəqiq ifadə olunur ki, sadəcə, heyrət edirsən. Bəli, həyat o qədər qısa və fanidir ki, onu pis qonşuyla mübarizəyə, ya da onun tərbiyəsinə sərf etməyə dəyməz. Yaxşısı budur, köç qurtar. Bunu yaza-yaza nədənsə köçəri xaqlar haqqında düşünürəm, bəlkə bütöv bir tayfanın yerini dəyişməsi, qurduğu yurdu-yuvanı boş qoyub, isti ocağı atıb, baş alıb getməsi, quru yerdə yurd qurması, ev tikməsi elə buna görə imiş? Pis qonşuya görə... Amma axı çağdaş zamanda, dünyanın ciddi şəkildə “çəpərləndiyi”, sərhədlərin az qala xətkeşlə ölçüldüyü vaxtda necə gedəsən, hara gedəsən? Həm də bu qonşu sənin olana, babalarının mirasına göz dikirsə, əl uzadırsa, işğal edirsə... Mübarizə aparmaqdan, qan tökməkdən, dalaşmaqdan, vuruşmaqdan başqa yol yoxdu. Sadədən sadə insan xislətidir bu; sahibkarlıq duyğusu, sənin olanı qoruma instinkti, əlindən alınana görə qisas hissi. Ona görə də zaman-zaman sənətin diqqət mərkəzinə gəlir bu mövzular. Amma hansı şəkildə? Qəddarlığı, amansızlığı təbliğ edərəkmi? Yox, əsl sənət əsərində ideya qəddarlıq ola bilməz, sənət insansevərliyi, sülhü tərənnüm etməlidir.

 

Elxan Cəfərovun “Yarımçıq xatirələr” filmi də hər şeydən əvvəl insanlığın, sülhün təbliğatçısı kimi maraqlıdır. Film müharibədən bəhs edir, amma müharibəyə qarşıdır, müharibəni şər, şeytan əməli kimi göstərir.

 

“Yarımçıq xatirələr” faşizm üzərində qələbənin 70 illiyinə həsr olunub. Hələ İkinci Dünya müharibəsi zamanı Brest qalasının müdafiəsində iştirak edən, almanlara əsir düşən, sonra böyük şücaət göstərib əsirlikdən qaçan, partizanlara qoşulub faşistlərə qarşı vuruşan Azər indi də Qarabağ uğrunda ermənilərə qarşı döyüşür. Erməni ordusunda muzdla çalışan rus əsgərləri və zabit Vanya Azəri öldürürlər. Vanya öldürülən adamın veteran olduğunu biləndə erməni əsgərlərinə qəzəblənir və Azərin qələmə aldığı xatirələrini götürüb oxuyur. Məlum olur ki, Böyük Vətən müharibəsində Azər onun babası ilə birgə döyüşüb... Ona görə də Vanya həyatını təhlükəyə ataraq Azərin cəsədini Azərbaycan tərəfinə təhvil verir və elə bu zaman erməni gülləsindən həlak olur. 

 

Filmin rejissoru Elxan Cəfərov, ssenari müəllifləri  Konstantin Vorobyov və Yavər Rzayevdir. Həm Elxan Cəfərov, həm də Yavər Rzayev yaradıcılığı üçün xarakterik mövzudadır “Yarımçıq xatirələr”. Elxan Cəfərov Qarabağ mövzusunda yazıçı Aqil Abbasın ssenarisi əsasında çəkdiyi “Dolu” filmi ilə müharibə motivli filmlərimizin ən yaxşısını ortaya qoymuş olub. Yavər Rzayevin isə “Sarı gəlin” filmi iki qonşu xalqın - ermənilərlə azərbaycanlıların düşmənçiliyinə ayrı yöndən baxmağa çağırışdır. Yəni ömrü boyu qonşu olan, yanaşı yaşayan, eyni torpağı əkib-becərən, bir-birinin xeyrində-şərində iştirak edən insanlar əbədi düşmən ola bilməzlər. Bunu anlamaq üçün “Sarı gəlin” filmində azərbaycanlı Qədirin erməni Artavasa münasibətini, Artavas qətlə yetirilmiş uşaqlara görə ağlayanda, onu sakitləşdirməsini seyr etmək yetərlidir. Bir sözlə, “Yarımçıq xatirələr” müəlliflərin həm “Dolu”, həm də “Sarı gəlin” filmlərində irəli sürdüklərin ideyaların davamı kimi qavranılır.

 

Rejissor Elxan Cəfərovun və operator Nadir Mehdiyevin birgə uğurlu işini “Dolu” filmində də seyr etmişdik. Və mənə görə “Yarımçıq xatirələr” filminin uğuru məhz ab-havanın, rənglərin düzgün seçimindədir. Yəni filmin lap ilk kadrlarından müharibəni əks etdirməsi, ağrının, əzabın, itkinin, ölümün ifadəsi yalnız süjetdən yox, ümumi ovqatdan, ab-havadan duyulur. Film Belarusun Brest, Minsk şəhərlərində, Vileyka qəsəbəsində və Azərbaycanda lentə alınıb. Amma Azərin gündəlikləri vasitəsiylə Böyük Vətən müharibəsi illəri əks olunanda da, hadisələr Qarabağda cərəyan edəndə də özünü məhz orda, o illərin, hadisələrin içərisində hiss edirsən. Bu da heç şübhəsiz, müəlliflərin zəhməti və peşəkarlığı sayəsindədir.

 

Azərin gəncliyini Bəhruz Vaqifoğlu, yaşlı vaxtını Qurban İsmayılov ifa edirlər. Ötən həftə haqqında yazdığım “Çölçü” filminin də qəhrəmanını Bəhruz Vaqifoğlu canlandırır. Nədənsə mənə onun cavan çölçünü ifası bu filmdə Azəri ifasından daha təsirli, daha ifadəli görünür. Bəlkə, əslində, Azər obrazı daha qəliz oyun tələb edir, ona görə. Amma hər halda filmdə əsas üstünlüklərdən biri də aktyor oyunu məqamıdır. Erməni qızı Jannanı ifa edən Gülzar Qurbanovanın, Vanyanı oynayan Mixail Kaminskinin, Səmədi canlandıran Şamil Süleymanovun üz-gözündən müharibə yağır. Xatırlayıram ki, “Dolu” filmində də məni ən çox gənc oğlu müharibədə həlak olan ananı ifa edən Gülzar Qurbanovanın üzünün ifadəsi təsirləndirmişdi. Bu filmlərdə müharibə sadəcə, döyüş səhnələri, atışma səsləriylə, ölümlərlə, dağıdılmış, viran qoyulmuş məkanlarla yox, həm də insanla, onun xarakteri, siması, necəliyi ilə ifadə olunur.

 

Bir vaxt Holokostla ciddi maraqlanırdım, bu haqda filmlərə baxır, yazılar oxuyurdum. O zaman məni ən çox təsirləndirən, düşündürən məqamlardan biri Holkostda bir-birinə vurulan, sevən cütlüklər olmuşdu. Aman Allah, o cür şəraitdə sevmək olarmış... Qorxu, vahimə içində, hər an ölüm, işgəncə təhlükəsi ilə üz-üzə ürəkdə ayrı bir həyəcana da yer qalırmış. “Yarımçıq xatirələr”in çatdırmaq, göstərmək istədiyi həm də budur. İnsan hər yerdə insandır. Ən qəddar şəraitdə belə o insanlıq, ilahi hisslər özünü göstərəcək. Erməni snayperi Jannanın (Gülzar Qurbanova) rus kapitan Vanyana vurulması, yaxud İkinci Dünya müharibəsi zamanı rus qızının Azəri sevməsi, ondan sevgi haqqında soruşması, onun üçün uşaq doğmaq istəməsi bunu ifadə edir.

 

Dünya kinosundan faşistlərin qəddarlığı, əsirlərə qarşı davranışı haqqında kadrlara çox baxmışıq. Amma milli kinomuzda bu cür dəqiq kadrların, tam bir əsir düşərgəsi ab-havasının ifadəsi yenidir. Musiqi həvəskarı alman zabiti skripkada ifa edir, melodiya bitənə kimi neçə əsir asılaraq edam olunur. Musiqi bitəndən sonra edam aktı dayandırılır. Müharibədə qəddarlığın heç bir məntiqi yoxdur - mesajıdır bu əslində. Şamil Süleymanovun ifa etdiyi Səməd obrazı isə ayrıca bir xarakterdir. Səmədin musiqi həvəskarı olan alman zabiti üçün skripkanı kamança kimi çalması, onu təsirləndirməsi filmin ən uğurlu kadrı sayıla bilər. Skripkanın - kamançanın səsi, Səmədin ifası alman zabitini təsirləndirsə də, faşistlər haqqında deyilmiş ağır sözlərə görə güllələyib öldürür Səmədi zabit. Bu məqamda Mirzə Cəlilin “Kamança”sı yada düşür. O zaman Qarabağda yaşayan və erməni-azərbaycanlı münasibətlərinin gərginliyini şəxsən müşahidə edən yazıçı millətimizə xas humanizmi bu əsəri ilə ən dəqiq şəkildə ifadə edib. Erməninin ifa etdiyi kamança havasının təsiriylə qəzəbin, nifrətin soyuması, Qəhrəman yüzbaşının ermənini buraxması, öldürməməsi hər şeyi deyir. Necə ki, “Yarımçıq xatirələr”də alman zabitinin Səmədi bağışlamaması, öldürməsi də hər şeyi deyir. Və Azərin gündəliklərində “Biz alman xalqına qarşı vuruşmuruq, faşizmə qarşı vuruşuruq” - yazması da son dərəcə dəqiq məqamdır. Axı dünyaya Bethoveni, Baxı, Şumanı, Bramsı, Höteni, Heyneni və dünya sənətinin incilərini yaradan neçə-neçə başqa sənətkarları bəxş edən milləti bütöv şəkildə necə qəddar, amansız saymaq olar?! Müharibə bütöv millətin yox, şərin, bu şəri, şeytan əməlini daşıyanların günahıdır.

 

Filmin sonunda rus zabiti Vanya səhvən Jannanın gülləsindən həlak olur. Ona aşiq olmuş Jannanın. Sən demə, doğrudan da Janna adlı snayper varmış ermənilərdə, özü də Gülzar Qurbanovanın yaratdığı obraza çox bənzəyirmiş. Filmdə Janna da ölür. Və qəribə bir acizlik hiss edir adam... Çıxış yolu barışdadır, biz bunu dərk edirik, bəs onlar, ermənilər anlayırlarmı? Yox, ən azından elə youtubda filmin altındakı erməni şərhlərindən bunu görmək olar. “Yarımçıq xatirələr”ə milyonlarla baxış sayı var, son illərdə ən çox baxılan, bəyənilən filmlərimizdəndir. Özü də rus saytları, bəlkə rus zabitinin qəhrəman obrazına, şücaətini görə, bu filmi çox təbliğ ediblər. Filmə yazılan şərhlərin özü də ayrıca sənət əsəridir, yaxud sənəti düşündürə biləcək mövzudur.

 

Hələ 80-ci illərdə Məmməd Araz “Qonşu çəpəri” şeirində yazırdı:            

 

Bizim bağa su axıdır açdığın bərə,

Bizim tutdan sizin bağa kölgə düşəcək.

Gözümüzü gözümüzdən qorusaq belə,

İtlərimiz macal tapıb həvirləşəcək.

 

“Sarı gəlin” filminin də sonunda azərbaycanlı ilə erməni saxlaya, dayandıra bilmədikləri qatarda yanaşı, yorğun oturub gedirlər. Qədir “Sarı gəlin sizə rast gəlsə kimliyini soruşmayın” - deyir sonda. “Sarı gəlin” mahnısı iki millət arasındakı mübarizənin, savaşın simvoluna çevrilib sanki. Və azərbaycanlının “ondan heç nə soruşmayın” deməsi savaşdan yorğunluğu, sülh arzusunu göstərir. Beləliklə, biz bunu anlayırıq, Mirzə Cəlil “Kamança” ilə, Məmməd Araz “Qonşu çəpəri” ilə, Yavər Rzayev “Sarı gəlin”lə, Elxan Cəfərov “Yarımçıq xatirələr”lə bunu deyir, bunu anladır, sülhü, barışı təbliğ edir. Bəs onlar? Ermənilər? Ehhh...

 

 

 

PƏRVİN

 

525-ci qəzet.- 2017.- 21 oktyabr.- S.10.