Zamanın axarında çaşmayan şair

 

YUSİF HƏSƏNBƏYİN 85 YAŞINA

 

Bu il şair Yusif Həsənbəyin (Həsənbəyov Yusif Qonaq oğlunun) 85 yaşı tamam olur və əllinci illərdə ədəbiyyata gələn əksər qələm sahiblərimizin dünyalarını dəyişdiyini fikirləşəndə, içindən acı bir təəssüf hissi keçirəndə, o nəsildən nadir yazarların sağ qalmağına sevinirsən. O nadirlərdən biri də Yusif Həsənbəydir.

 

Yusif müəllimi mən çoxdan tanıyıram. Ədəbi aləmə ilk gəlişimdən... Aramızda həmişə səmimiyyət küləkləri əsib.

 

İndi o, 85 yaşındadır və mən ədəbiyyatımızın ağsaqqallarından sayılan bu adama qibtə hissi ilə baxıram. Ona görə yox ki, Yusif Həsənbəy 85 yaşındadır və bu yaşa çatmağı özümə də arzulayıram. Yox, qoy deyim: Xalq şairimiz Fikrət Qocanın (o da yaşı səksəni keçmiş nadirlərimizdəndir) Yusif Həsənbəy haqqında dediyi bu sözləri xatırlayıram: "Əlli ildən artıqdır Yusif Həsənbəyi tanıyıram. Onu bu illər ərzində zaman çaşdıra bilməyib. Xoş günlərdən havalanmayıb, bəd günlərində də sınmayıb. Şair elə olmalıdır. Şairin necəliyi, onun xarakteri, dəyişməyən xasiyyəti onun şəxsiyyətinin yonqarıdır". Ədəbiyyata gəldiyi 1954-cü ildən ta bu günə kimi  (ilk şeiri - "Təhsildən qayıdarkən" həmin il "Azərbaycan" jurnalında çap olunmuşdur) - yəni bu 63 il ərzində Yusif Həsənbəy bir şair kimi heç vaxt özünə, sözünə xilaf çıxmayıb. Təbii ki, onun da həyatında boranlı və böhranlı günlər olub, sevincə qərq olduğu kimi kədərin də qonağı olub, amma şair xisləti dəyişməyib. İstər sovet dönəmində olsun, istərsə də müstəqillik illərində...

 

Yusif Həsənbəyi nə düşündürübsə, onu qələmə alıb. Mən istəyirəm, Yusif Həsənbəy haqqında ustad yazarlarımızın bəzi fikirlərini xatırladım: "Təvazökarlıq insanın yaraşığıdır. Xüsusən, o insanın ki, onun ömrü və həyatı əməklə, işlə bağlıdır. Bu gözəl keyfiyyət sənət adamını daimi həvəslə, mənəvi sevinc və istəklə işləməyə, çalışmağa, yazıb-yaratmağa sövq edir. Belə istedadlardan biri də Yusif Həsənbəydir" (Mirzə İbrahimov); "Altmışıncı illərdə ədəbiyyata, xüsusən, şeirə güclü axın başlandı. Onların arasında Yusif Həsənbəy də vardı.

 

Yusif seçilən, fərqlənən bir şair idi. Hələ gənclik illərindən öz imzasına hörmət qoyan, sözü qədərində, yerində işlədən bir şair idi" (Anar); "Yusif Həsənbəy sevdiyim şairlərdən biridir. Onun şeirlərində Şah dağının zirvəsinə təzəcə yağmış qar kimi paklıq, təravət boy göstərir. Şeir və poemaları ilə şəxsiyyəti, əxlaq və mənəviyyatı arasında bir ahəngdarlıq var. Yusif Həsənbəy yaradıcılıqda dinclik nə olduğunu bilməyən cəfakeş sənətkardır" (Bəkir Nəbiyev).

 

Yusif Həsənbəy Azərbaycanın gözəl bir diyarında - Qubada dünyaya göz açıb. Həmişə Qubadan söz düşəndə onun gözlərində bir işıq görürəm. Əlbəttə, insan doğulduğu yeri, məkanı sevməlidir və Yusif Həsənbəyin   bu sevgini ifadə etmək üçün Qubaya aid gözəl şeirləri var.

 

Dünya baqi deyil, fəqət

Mən də bir gün getsəm,

qəm-

O dünyada cənnəti yox

Mən öz Qubamı seçərəm.

Mən Qubasız qərib quşam

Quba mənsiz boş yuvadır.

İlk beşiyim Qubadırsa,

Son məskənim də Qubadır.

Mən Qubasız hara gəldi

Başsız əsən bir küləyəm.

Mən Qubasız yarımcanam,

İnfarkt vuran bir ürəyəm.

 

Təkcə Qubanı yox, Azərbaycanın bütün kəndlərini, şəhərlərini sevir Yusif Həsənbəy və gəzmədiyi, səyahət etmədiyi kənd, şəhər qalmayıb. Hara gedibsə, oranın təbiətinin gözəlliyini şeirlərinə köçürüb.

 

O, şeirə sadə zəhmət adamlarının könül duyğularını təsvir eləməklə gəldi. APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil alırdı, Bakıdakı şeir dərnəklərində, Yazıçılar İttifaqındakı tədbirlərdə iştirak edir, cavan həmkarları kimi o da utana-utana şeirlərini oxuyur, ustadların məsləhətlərini dinləyirdi. Bir şair kimi etiraf olunması 60-cı illərdən başlandı, yetmişinci illərdə isə yetkin bir şair kimi diqqəti cəlb elədi. Xalq şairi Rəsul Rzanın ədəbi gənclikdən bəhs edən məqalələrində Yusif Həsənbəyin də adı çəkilirdi.

 

Mən Yusif Həsənbəyin müxtəlif illərdə "Azərbaycan" jurnalında çap olunan şeirlərini izlədim və onun bütün bu illər ərzində şeirdən yorulmadığını, həmişə qələmə sarılıb yeni şeirləri ilə oxucularına üz tutduğunun şahidi oldum.

 

Ey qələm dostlarım, yarışa gəlin,

Bahar meydan deyir hər qışa, gəlin.

Ruhu yurda bağlı şeiri, nəğməni

Mən yazmaqdayam.

 

Gəzirəm qış günü barlı bağçanı,

Gülüstan görürəm bomboz Şirvanı,

Nə yazsam, həmişə Azərbaycanı

Mən yazmaqdayam.

 

İlham çağladıqca çağlayır ürək,

Tökülür kağıza qələmdən şəfəq,

Kim çatar Sabirə? Ancaq özümtək

Mən yazmaqdayam.

 

Həmişə "Mən yazmaqdayam" deyən Yusif Həsənbəy bir də görürsən ki, dağlardan yazır, insan-təbiət vəhdətini şeirə gətirir: "Gör nə xeyirxahdı bu dağ ölkəsi, Dağtək yaşamağı öyrətdi mənə". Budapeştdə qürbət şeiri yazır, orada "Qara şəhər" dincliyinin həsrətiylə qaraldım" deyir. Anasına üz tutub deyir ki: "Nə desən de, xəstəyəm demə, ana! De, döndərim səhranı gülüstana, de, gedim sürgünə, zindana, xəstəyəm demə, ana". Bir də görürsən ki, dünyanın qocalığı haqqında düşüncələrə dalır:

 

Dünya, sənə nəsə olub?

Əkdiyimin çoxu yanır,

Azı bitmir.

Bağlarından quş yox olub,

Qarın donmur, yazın bitmir!

Yağışların quruyubmu?

 

Bir də görürsən ki, Yusif Həsənbəy "Afrika şeirləri" yazır, Nil sahilində, Mərakeşdə, Sudanda dünyanın işləri, gedişatı barədə düşünür. Kürün quruması xəbəri onu həyəcanlandırır: "Bu gün bu Kür  Çox analı bir yetimdi"

Yusif Həsənbəyin lirikası sevgi duyğuları ilə köklənib. Uzun illərdir mən televiziyadan, radio dalğalarından "Saçlarına gül düzüm" mahnısını eşidirdim, amma nədənsə o mahnının müəllifinin kim olduğuna əhəmiyyət vermirdim. Sonra bildim ki, o mahnının sözlərini Yusif Həsənbəy yazıb.

 

Bağçalarda yasəmənlər verdi baş-başa

Lalələr bürüdü çəməni, düzü.

Ay sevgilim, bu yerlərdə gəzməsək qoşa

Çəmənlər, çiçəklər qınayar bizi.

Saçlarına gül düzüm,

Mənim gülüm, gündüzüm

Sənsiz mən necə dözüm.

Payız oldu, uçdu durna qatarı

Lalələr rəngini niyə itirdi?

Yox, solmadı ürəyimdə eşqin baharı

Arzular, ümidlər min gül bitirdi.

 

Hər şairin adının qarşısında "nəğməkar şair" ifadəsini işlətmək olmur. Mahnı mətni yazmaq, neçə mahnının müəllifi olmaq da  "nəğməkar" şair adını doğurmur. Yusif Həsənbəyə nəğməkar şair deyə bilərik, yaşayan, bu gün də oxunan, sabah da oxunacaq mahnıları var. Hələ 1967-ci ildə "Mahnılar" kitabı işıq üzü görüb.

 

Yusif Həsənbəy indi də sevgi şeirləri yazır. Və bu sevgi şeirlərində Yusif müəllim-bu 85 yaşlı ixtiyar insan dönüb olur cavan oğlan. Yəni ürəyi sevgi hissiylə doludursa heç yaşın bura dəxli yoxdur.

 

Bir sən olsan, bir də mən,

Səndən heç nə istəmərəm!

Ölüm istərəm əcəldən,

Səndən heç nə istəmərəm!

 

De necə çıxım felindən?

As məni zəncir telindən!

Zəhər ver, içim əlindən

Səndən heç nə istəmərəm!

 

Yusif, dəryadır səbrimiz,

Hər möhnətin candan əziz!

Nola bir olsa qəbrimiz,

Səndən heç nə istəmərəm!

 

Sən şux nəfəssən sinəmdə,

Ağrımaz səssən sinəmdə,

Səndən səni istəsəm də,

Səndən heç nə istəmərəm!

 

Yusif Həsənbəy həm də epik təfəkkürlü şairdir. Bir çox şeirlərində də bunu müşahidə etmişəm. Və gizlətmirəm, onun bəzi şeirlərində şeirlə nəsr elementləri bir-birinə qarışır. Uzun şeirlər yaranır. Görünür bu da onun üslubuyla bağlıdır. Mən onun vaxtilə "Buhenvald ağrıları" poemasını oxumuşam və doğrudan da, Yusif Həsənbəyin bu poemasında insan əzəblarının, insan ağrılarının poetik mənzərəsini hiss etmişəm. 2009-cu ildə "Azərbaycan" jurnalında çap olunmuş "Sınaqlarda sınmazıq biz" poeması isə Yusif Həsənbəyin müstəqil Azərbaycana həsr olunan və müasirlik duyğusu ilə aşılanmış epik - lirik bir əsərdir. Daha doğrusu, bu poemanın əsas qəhrəmanı da Azərbaycandır.

 

Azərbaycan-bir şimşəyin tiyəsiylə

Nəhəng bir çaxmaq daşından

Qoparılan od parçası!

 

Poema bu misralarla başlayır və sonadək vətənpərvərlik duyğuları ilə aşıb-daşır. Epiloqda əvvəldən ucalan o gur səs daha da gurlaşır. Xalqın milli-mənəvi birliyi, keçmiş zamanların Babəkləri, Koroğluları dirilir, dirçəlir:

 

Çənlibeldən enir Cıdır düzünə

Yeriyir Haqqın ordusu.

Hücumdadır nizələrdən, mizraqlardan,

Cihad paltar geyinən,

Məğrur bir xalqın ordusu.

At belində igidlərim, - qılınc çalır.

 

Yusif Həsənbəyin ikimininci illərin əvvəllərindən nəsrə keçməyi, özü də birdən-birə roman yazması da təsadüfi deyil. Onun şeirlərində, poemalarında lirika ilə bəhəm epik təfəkkürün də mühüm yer tutduğunu söylədik. Ancaq roman yazmaq üçün bu, o qədər də əsas deyil. Görünür, illərdən bəri onu düşündürən, şeirlərində, poemalarında tam ifadə edə bilmədiyi elə həqəqətlər var ki, Yusif Həsənbəy onları nəsr dililə, hadisələrin, insan obrazlarının geniş, əhatəli təsvirləri ilə ifadə etmək istəyirmiş. İlk romanı - "Sualtı döyüşlər" heç də pis alınmadı. Özünə inamdan sonra Yusif Həsənbəy ikinci bir romanı da qələmə aldı.  Onun nəsr dili özünəməxsusdur, sakit, təmkinli, səlis nəsr dili. Təfərrüata varmıram, amma mərhum Xalq yazıçımız Qılman İlkinin bir fikrini burada xatırlatmaq istəyirəm: "Yusifi mən istedadlı bir şair kimi tanıyırdım. Onun birdən-birə nəsrə keçməyi məni təəccübləndirdi. Çünki o bunu tədricən deyil, birdən-birə etdi. "Sualtı döyüşlər"i oxuyub qurtarandan sonra məəttəl qaldım, Yusifdə təhkiyəçilik istedadını gördüm".

 

...Yusif Həsənbəyin 85 yaşı ərəfəsində bu yazını yazdım və əlbəttə, bir söz adamının bütün yaradıcılığını əhatə edə bilmədim. Şeirlərindən daha çox söz aça bilərdim, mahnı yaradıcılığından da həmçinin. Çoxlu poemalarından da. O, uşaqlar üçün də gözəl şeirlər yazıb və yaxşı yadımdadır ki, sovet dönəmində onun uşaq şeirlərindən ibarət bir kitabına müsbət rəy yazmışam. Amma hər halda, Yusif müəllim haqqında ürək sözlərimi azacıq da olsa, ifadə etdim.

 

Yusif Həsənbəy məndən 15 il böyükdür. Əgər hər ikimiz Allahın möcüzəsilə daha 15 il yaşasaq, o zaman mən Yusif Həsənbəy yaşına çatacağam, Yusif Həsənbəyin isə o zaman 100 yaşı olacaq...

 

Yusif müəllim! O günü görəcəyikmi?...

 

 

Vaqif YUSİFLİ

Filologiya elmləri doktoru

 

 

525-ci 2qəzet.- 2017.- 24 oktyabr.- S.8.