"Şeirimiz tamam fərqli yolla getməliydi..."
ŞAİR VƏ TƏRCÜMƏÇİ QİSMƏT "ZİYALI SÖZÜ"NÜN QONAĞI OLUB
Oktyabrın 21-də Gənclər üçün Təhsil
Mərkəzi (GTM) və
Azərbaycan Yazıçılar
Birliyinin (AYB) birgə
həyata keçirdiyi
"Ziyalı sözü"
layihəsinin növbəti
görüşü təşkil
edilib.
Layihənin budəfəki qonağı
şair-tərcüməçi Qismət olub. Binəqədi rayon Gənclər Evindəki görüşdə GTM-in üzvləri,
nüfuzlu universitetlərin
tələbələri və
media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan GTM-in və layihənin rəhbəri Fəxrəddin
Həsənzadə layihənin
məqsədi haqqında
geniş məlumat verib, Qismətin yaradıcılığından danışıb.
Uzun müddətdən bəri
böyük auditoriyada
çıxış etmədiyini,
şeir oxumadığını
deyən şair gənclərlə görüşün
ona bir qədər
nostalji yaşatdığını
deyib, şeirə, ədəbiyyata olan bu diqqətdən məmnunluğunu vurğulayıb:
"Uzun müddətdir
ki, fəaliyyətim və işlərimin çoxluğuyla bağlı
olaraq, auditoriya qarşısında şeir
oxumuram. Altı il Odlar
Yurdu, Xəzər və Bakı Slavyan universitetlərində
dərs demişəm.
Yenə də işlərimə görə müəllimlik
fəaliyyətimdən də
uzaqlaşmalı oldum.
Bugünkü görüş
mənə bir az nostalji
yaşatdı. Biz şeiri həm də kimlərəsə çatdırmaq üçün
yazırıq. Ona görə
də bu cür görüşlər
çox qiymətlidir.
Köhnə lentlərdən, bizdən böyüklərin
xatirələrindən öyrəndiyimiz
qədərilə, əvvəllər,
hətta bizim dünyaya gəlmədiyimiz
dövrlərdə şairlər
çox böyük auditoriyalarda, böyük zallarda kütlə qarşısında öz
şeirlərini oxuyublar,
onlarla görüşlər
təşkil edilib.
Sonrakı dövrdə ədəbiyyata
münasibət dəyişdiyi
üçün bu ənənə yavaş-yavaş
sıradan çıxdı.
Çox qəribədir
ki, eyni proses Türkiyədə də baş verib. 70-80-ci illərdə
onların da böyük şairləri
tələbələr, oxucular
qarşısında çıxışlar
ediblər. İndi isə
onlar da bu durumdan şikayətçidirlər.
Düşünürlər ki, bu ənənəni geri qaytarmaq üçün mütləq tədbirlər
təşkil edilməli,
festivallar keçirilməlidir.
Bu baxımdan, sizin bu təşəbbüsünüz
o qırılmış həlqənin
kiçik hissəsinin
bərpası üçün
çox əhəmiyyətlidir".
Daha sonra qonaq, tədbir iştirakçılarının suallarını cavablandırıb,
görüş diskussiya
şəklində davam
edib.
Çox zaman oxucuların postmodernizmi qəbul etmədiyini deyən görüş iştirakçıları
şairin bu haqda fikirləri ilə də maraqlanıblar. O, postmodernizmin bizim ədəbiyyatda son
17 ildə yayılmasına
baxmayaraq, dünya üçün təzə
olmadığını deyib:
"Postmodernizm İkinci
Dünya müharibəsindən
sonra başlanan,
60-cı illərdən sonra
isə daha da yayğınlaşan xətdir. Biz bir
neçə istisnanı
çıxmaq şərtilə,
postmodernizmi tam mənası
ilə mənimsəməmişik,
yalnız yamsılamışıq.
Bunun üçün böyük
bir bilgi, nəzəri-fəlsəfi hazırlıq
tələb olunur.
Bizim postmodernizmi qəbul edə bilməməyimizin
bir səbəbi də uzun müddət
sovet ideologiyasının
beynimizə yeridilməsi
olub. Orada deyilirdi ki, ədəbiyyat yalnız sosial gerçəkliyi ifadə etməlidir, insanlara tərbiyə aşılamalıdır. Əslində isə həmin
vaxt dünyada başqa proseslər gedirdi. Coys, Marsel Prust, Kafka və başqaları öz romanlarını yazıb, dünyaya səs salanda bizdə yazılanlar kənd realizmi, sosial realizm idi. Yetmiş il bu mühitdə yaşamış
insana birdən-birə
postmodernizmi təqdim edəndə, təbii ki, ortada anlaşılmazlıqlar
olmalı idi. Ədəbiyyatın əxlaqa, milli,
mental dəyərlərə aidiyyatı yoxdur. O, hər şeydən kənarda suveren, müstəqil, azad məfhumdur. "Lolita" romanı XX əsrdə yazılmış yüz ən yaxşı romandan biridir, ancaq onu bir
azərbaycanlı yazsaydı,
deyəcəkdilər ki,
milli-mənəvi dəyərlərimizə
ziddir".
"Kimi özünüzün
"ədəbi əcdadınız"
hesab edirsiniz?"- sualının
cavabında Qismət Azərbaycan ədəbiyyatında
nəsrdə Yusif Səmədoğlu, Çingiz
Hüseynov, nəzmdə
Nizami Gəncəvidən
başlayaraq, XX əsrdə
Vaqif Səmədoğlu,
Ələkbər Salahzadə,
dünya ədəbiyyatında
isə Kortasar, Nabokov,
Milorad Paviç, Salman Rüşdi, Orxan Pamuk kimi
ədiblərin adlarını
çəkib. O deyib ki, öz həqiqətlərini
bədii şəkildə
ifadə etməkdən
başqa, həm də ədəbiyyatın
yeni formalarının
axtarışında olan
insanlar onun üçün daha maraqlıdırlar.
Qonağın heca vəzni və sərbəst şeir haqqındakı düşüncələri də maraqla qarşılanıb: "Sərbəstdə yazmaq asandır" fikri kökündən yanlışdır, əksinə, o, daha çətindir. Dünyada ciddi ədəbiyyatla məşğul olan adamların heç biri heca vəznində şeir yazmır. Biz cəmiyyət olaraq, o sindromu sındıra bilməmişik. İndi də çoxları şeirdə qafiyə, heca axtarır. Bu da bizi geri salır. Dünyanın ən məşəqqətli işi heca vəznli şeiri tərcümə etməkdir. Bizdəki ən yaxşı şeirlər hecayla yazılıb. Elə buna görə də biz onları dünyaya təqdim edə bilmirik. Əsas məsələ dünya mədəniyyətinin dilində danışmağı bacarmaqdır. Sərbəst şeir bu mənada bir az da dəqiqdir. İndiki çağda bəzən mən də kütlə qarşısında duruş gətirmək üçün məcbur olub heca vəznində şeir yazıram. Amma etiraf edim ki, o qədər də könüldən yazmıram. Şeirimiz tamam fərqli yolla getməliydi. Məsələn, sərbəstin içində fərqli metodlar, fərqli üsullar axtarıb tapmaq lazımdır".
Tədbirdə Qismət özünün yazı prosesi haqqında da danışıb: "Bütün şeirlərin ideyası hardasa yarana bilər. Ancaq şeirin yazılma prosesi birmənalı şəkildə rasionaldır, şüurlu şəkildə olur. Şeir bütövlükdə qurulur, bədahətən olmur. Əhval-ruhiyyəsi isə düşünməklə, planlamaqla olmur. Ümumiyyətlə, mən yaradıcılığı rasional proses hesab edirəm. Yazmazdan öncə uzun-uzun qeydlər götürürəm. Yazının ən çətin hissəsi konsantrasiya olmaqdır".
Ədəbi cərəyanlardan danışan şair Avropa ədəbiyyatını daha çox sevdiyini, özünü Orxan Pamukun dediyi kimi, "əxlaqən modernist, texnika baxımından postmodernist" hesab etdiyini deyib.
Tədbir iştirakçıları şairin "Bağışlanma", "Getməyin qeyri-mümkünlüyü", "Əvvəlcə axşam düşər, sonra mənim ürəyim" və başqa şeirlərini səsləndiriblər.
Qismət özü isə gənclərin istəyi ilə "Klassika məşqləri-XX", "Mətbəxtlik, "Şərt", "Mötərizə", "Ehtimal olunan oxucuya", "Şənbə günü, saat 12", "Variant", "Kibrit çöpləri", "Eros üçün", "Bağ" və digər şeirlərini oxuyub.
Şahanə MÜŞFİQ
525-ci 2qəzet.- 2017.- 24 oktyabr.- S.7.