Şair dostum Tofiq Hüseynə

 

 

Gənclik dostum, qardaşım, şair Tofiq Hüseynin doğum günü oldu. İrili-xırdalı gündəlk işlərdən baş açıb onu təbrik edə bilmədim.

 

Bundan inciməz, bilirəm; əlli ildən artıq yanaşı yol gələn bir-birini yaxşı tanıyan, dostluqları yüz imtahandan çıxan adamlar üçün beş-üç kəlmə sözün yazılıb-yazılmaması heç nəyi dəyişməz.

 

Bilir ki, əsas arzum onun uzun sağlam yaşaması, yazıb-yaratmaqdan yorulmaması, Şirvandan yüksələn səsinin həmişəki kimi gur olmasıdır. Həm bir gün sonra təbrik etməyin öz üstünlüyü var: Gözlənilməzdir inanıram ki, bütün təbriklərdən (övladlar çıxılmaq şərtilə) daha səmimidir. Burda təvazökarlığa yer qalmır.

 

Tofiqlə universitetdə paralel oxumuşduq, eyni yataqxanada qalır, eyni ədəbiyyat dərnəklərinə gedirdik. Bir gün Sabir kitabxanasındakı dərnəyə o vaxt gənclərin sevimlisi olan Xəlil Rza Ulutürkü dəvət etmişdilər. Dərnək üzvlərinin, Xəlil Rzanın çox şeirləri səsləndi. Görünür, bizim şeirlərimizi Xəlil bəy daha çox bəyənmişdi. Çünki cavanlardan söz düşən kimi Tofiqin, mənim şeirlərimdən yadında qalan parçaları misal çəkərdi. Bir gün dərnəkdən çıxanda bizi yaxınlıqdakı evinə dəvət etdi, ayrılanda: "Sabah tezdən bura gəlin, Siyəzənə gedəcəyik" - dedi.

 

Ertəsi gün Xəlilin bir "Alabaş" dolusu dostu-tanışı, başda böyük alimimiz Əkrəm Cəfər olmaqla, Siyəzənə getdik. Neftçilərin Mədəniyyət sarayında unudulmaz bir görüş oldu. Görüşdə biz Xəlil bəyi daha yaxşı tanıdıq.

 

O, iki gənc şeir həvəskarını tərifləyib göylərə qaldırdı öz şerlərimizi oxumaq üçün öncə bizə söz verdirdi.

 

Bu, bizim böyük auditoriya ilə ilk uğurlu təmasımız, böyüklərdən eşitdiyimiz ilk xeyir-dua idi. İndi yaşa dolmuş, müdrikləşmiş Tofiq Hüseynin son dərəcə səmimi, dağ çeşməsi kimi lirikasını dinləyəndə, oxuyanda, iki cildlik Seçilmiş əsərlərini vərəqləyəndə tez-tez o günləri, yolun başlanğıcını xatırlayıram sevinirəm ki, biz ədəbi həyata atılanda ürəyimizdə hansı böyük milli ideallara xidmət niyyəti vardısa, hansı bədii-estetik dəyərlərə bağlıydıqsa, bu gün eləcəyik. Çox sular axdı, çox gözlənilməz zərbələr aldıq, amma hələ o dərnəklərdəykən müəyyənləşdirdiyimiz mübarizə xəttimizdən, xalqımıza sözlə əməllə vicdanlı, doğru xidmət yolundan dönmədik...

 

Bugünlərdə Tofiq bəyin Masallının Muğan bölgəsində, Xəzərə yaxın bəhrəli torpaqlarında yerləşən Məmmədxanlı kəndinə getdik, böyük qardaşı Hacıbaba müəllimin 85 yaşını qutladıq. Sonra bir-iki gün Yardımlıda bizim evdə qaldıq, bir yerdə ot çaldıq, balaca qardaşlara hələ qocalmadığımızı sübut etməyə çalışdıq. Məncə, aran adamı olduğundan, vaxtilə qorxa-qorxa gəzdiyi dağ yamaclarında bu gün əlində dəryaz ot çalması Tofiq bəyin öz doğum gününə əla hədiyyəsi sayıla bilər.

 

Onillər öncə Tofiq mənim on doqquz yaşıma bir gözəl şeir həsr etmişdi. On doqquz yaşa, o gəncliyə, o fırtınalı günlərə, o bağlı boxçalara şeir yazmağavar ki! Hünərin var 70 yaşa, bütün əməllərin göz önündə olduğu, "yolun sonu görünən" yaşa şeir yaz!..

 

Tofiq HÜSEYN

Əməkdar jurnalist

 

 

525-ci qəzet.- 2017.- 25 oktyabr.- S.7.