Elmi və ictimai
fikrimiz üçün
dəyərli monoqrafiya
"FÜYUZAT"IN
İKİ YAZARI" HAQQINDA QEYDLƏR
Azərbaycanın tanınmış alimi
və ictimai xadimi, filologiya üzrə elmlər doktoru, professor Vilayət Quliyevin müəllifliyi ilə
2017-ci ildə ictimaiyyətin
diqqətinə daha yeni və sanballı
elmi töhfə çatdırıldı.
Yeni fakt və sənədlər əsasında qələmə
alınmış professor Vilayət
Quliyevin "Füyuzat"ın
iki yazarı" adlı monoqrafiyasının
ön sözünün
müəllifi akademik
İsa Həbibbəyli,
elmi redaktoru professor Asif Rüstəmlidir. Zəngin arxiv
mənbələrinə istinad
olunan monoqrafiyada "Füyuzat"ın fəal
yazarlarından olan Krım türkü Asan Səbri Ayvazov (1878-1938) və Anadolu türkü Əhməd Kamal Akünalın (1873-1942) həyatı
və fəaliyyəti
haqqındadır. Aka-demik
İsa Həbbibəyli
"Füyuzat"ın iki
yazarı" adlı
monoqrafiyasını yazdığı
ön sözdə yüksək qiymətləndirir:
"Tədqiqatçı-səfirin haqqında bəhs etdiyi şəxsiyyətlərə
dair Azərbaycanla yanaşı, xarici ölkələrdəki arxivlərdə
və kitabxanalarda saxlanan nadir sənədləri,
naməlum dövri mətbuat materiallarını,
əlyazmalarını, epistolyar
irsi üzə çıxarması, sistemləşdirməsi,
təhlildən keçirərək
ayrı-ayrı talelərin
bütöv obrazını
yaratması elmdə, ictimai fikrimizin inkişafına da, son nəticədə ölkələrarası
münasibətlərin möhkəmləndirilməsinə
də sanballı xidmətdir".
Kitabda professor Asif
Rüstəmlinin redaktorluq
zəhməti də özünü göstərmişdir. Belə ki,
kitabın üslubunda
kənara çıxmalara
rast gəlinmir, əksinə araşdırmanın
elmi üslubunda, nəticələrində fikir
aydınlığı özünü
dəqiq şəkildə
bildirir. Monoqrafiyadakı tarixi faktlar və sənədlər müəllifin çoxillik
axtarışlarının, o cümlədən, Türkiyə
Cümhuriyyətinin Ərzurum
Atatürk Universitetinin
professoru kimi çalışdığı illərdə əldə etdiyi materialları əsasındadır. O, monoqrafiyada
konkret arqumentlərə
əsaslanaraq Krım türkü Asan Səbri Ayvazov və Anadolu türkü Əhməd Kamal Akünalın "Füyuzat" jurnalındakı
fəaliyyətlərindəki ziddiyyətlərə, paradoks
doğuran məqamlara
ilk dəfə aydınlıq
gətirmişdir.
Müəllif hər iki yazarın
yaradıcılığından əvvəl onun həyatı haqqında oxucuya məlumat verir. Bununla da yazarın
ümumi real portretini oxucu təfəkküründə
canlandırır. Monoqrafiyada ən
çox diqqəti çəkən məqam
müəllifin araşdırmalardakı
dərin analitik-müqayisəli
təhlilləridir. Mənim nəzərimdə,
professor V.Quliyev malik olduğu titullar, tutduğu vəzifə və statuslardan başqa özünəməxsus
analitik sistemli təhlillər müəllifi
olan demokratik araşdırmaçıdır. Onun demokrat kimi səciyyələndirən
cəhət hadisələrə
birtərəfli mövqedən
yanaşmamasıdır. O, heç vaxt mənfi və müsbət rəylər
qarşıdurmasında oxucuda
çaşqınlıq hissi
oyatmağa imkan vermir. Konkret arqumentlərlə, arxiv materialları, mətbu nümunələri
fakt kimi göstərərək doğru
nəticə çıxarmaq
uğrunda analizlər
aparır.
Asan Səbri Ayvazovun publisistikasında yer alan ictimai
gerilik, azadlıq ruhu, emanisipasiya məsələsi, passivlik
dönəmlərinə aydınlıq
gətirir. Professor V.Quliyev A.Səbrinin "Nədən bu hala qaldıq" pyesi dramaturji strukturu baxımından zəif adlandırır.
Eser partiyasının sıralarına
daxil olmuş, Stolıpin irticası zamanı 1907-ci ildə həbs olunan A.Səbri Tareya quberniyasına sürgün
olunmuş, sonra Qahirəyə gəlib təhsilini davam etdirmişdir. Professor V.Quliyev A.Səbrinin Misirə təhsilini davam etdirmək məqsədi ilə deyil, məhz İsmayıl Qaspıralının
xahişi ilə getdiyi fikrini irəli sürür.
Professor V.Quliyevin monoqrafiyada
ən çox dayandığı məsələ
onun Krımda Milli Direktoriyada fəaliyyət göstərən
zaman Asan Səbrinin həbs olunan zaman Yusif
Vəzirlə münasibətini
təkzib etməsi, hətta onu Atatürk casusu adlandırmasıdır. Asan Səbri
"Krımda milli hərəkatın tarixi"
kitabının "Azərbaycan
nümayəndələri Krımda"
bölümündə, xüsusilə
bu mövzuya toxunmuşdur. O, Yusif
Vəziri "proletar yazıçı", fransız
agenti adlandırmaqdan da çəkinmir.
Professor V.Quliyev bu
məsələyə də
demokratik prizmadan yanaşmış, faktlara
müraciət etmişdir. Çünki NKVD zindanında donos janrının aktual hesab edən müəllif öz mübarizə yoldaşını
qamçılamasına analitik
müstəvidən yanaşır.
Y.Vəzirov İstanbulda (1919) diplomatik səfir işləyən zaman çap olunan "Millət" qəzetində
A.Səbrinin yazılarında
araşdırır. Belə qənaətə
gəlir ki, o zamanlar Asan Səbri
Y.Vəziri ifşa etməmişdir. Professor V.Quliyevin fikrincə Asan Səbrinin donosları Y.Vəzirlə
kifayətlənməmiş, hətta professor Bəkir Çobanzadəyə ünvanlanmışdır.
Asan Səbrinin
siyasi əqidəsinin
dəyişərək SSR-nin
tərəfinə keçməsi
onun aqibətini 1938-ci
ilin Krım tatar mədəniyyətini
milli ziyalılarından
olan Hüseyn Bodanalı, Abdulla Lətifzadə,
İlyas Tarkan və başqalarının
siyahısına daxil edildi. Müəllifin fikrincə,
zamanın siyasi təsirinin çaşdırıcı
burulğanına düşən
Asan Səbri Krım türklərinin lideri kimi üzüağ
dünyadan köçən
Cəfər Seyidəhmədin
doğru məsləhətinə
qulaq assaydı, onun həyat amalı, düşüncə
tərzində xaos yaranmazdı.
Professor V.Quliyev Əhməd
Kamalın xatirələrini
bəzən əsassız
sayır, Osman Erginin tədqiqatlarına istinad edir. Əli bəy
Hüseynzadə 1906-cı ildə
Bolqarıstanda böyük
sıxıntılar yaşayan
Ə.Kamalı qələm
həmrəy yoldaşı
bilib Bakıya dəvət edir. Ə.Kamalın "Füyuzat" yazarlığında davam
edən 5 aylıq təkəbbürlü fəaliyyəti
müəllifin nəzərində
Azərbaycan ədəbi
fikrində ciddi təsiri olmamışdır.
Əslində, Əhməd Kamal "Füyuzat" jurnalının həyatında müsbət rol oynamadı. Professor V.Quliyevin fikrincə, əksinə Ə. Kamalın publisistik fəaliyyəti jurnalın qapanmasını surətləndirdi. Jurnalın fəaliyyətinə son qoyan digər səbəb də vardı. Belə ki, Bakı milyonçusu H.Z.Tağıyev şiə və süni məzhəbi arasındakı qarşıdurmanı aradan qaldırmaq məqsədi ilə dörd min altun qiyməti olan daş-qaşla bəzədilmiş "Quran" kitabını Sultan Əbdülhəmidə hədiyyə etmişdi. Sultan Əbdülhəmidin Tağıyevin "Füyuzat"da ona sataşdığını qeyd edir. Sultan Əbdülhəmidi hiddətləndirən onun qatı düşmənləri Midhət Paşa, Əli bəy Abdulla Cövdət, Namiq Kamal, Əli Süavi, Racizadə Mahmud Əkrəmin, Tofiq Fikrətin portretlərini "Füyuzat"ın üz qabığında verilməsi idi. Sultanı təhqir edən Əhməd Kamalın fəal iştirakı sultanın səbr kasasını daşdırdı. Beləliklə də, 32 nömrəsi çıxan "Füyuzat" Tağıyev tərəfindən maliyyələşdirilmədiyindən bağlanır. Sonralar Azərbaycanda pedaqoji fəaliyyətlə məşğul olan Ə.Kamalın təhsilə gətirdiyi yeniliklərini professor V.Quliyev qəzetçilik yaradıcılığından üstün görür. Ə.Kamal həbsdə olan zaman realizm poeziyasına keçid etmiş və yaradıcılığında dili sadələşmişdi. Ə.Kamal ömrünün sonlarına yaxın Türkiyədə kiçik məmur kimi çalışmış, həyatdan küsmüş, əsərlərində Azərbaycanla bağlı səhnələr yer verməmiş, azərbaycanlı mühacirlərlə əlaqə saxlamamışdı.
Ancaq professor V.Quliyev yenə demokratik mövqedən yanaşaraq Ə.Kamalın "Füyuzat"dakı ədəbi tənqidi yaradıcılığını zəif qiymətləndirsə də, poeziyaya gətirdiyi yenilikləri, Şekspirin təsiri ilə Sonetin ilk nümunəsini yaratdığını qeyd etmişdir. Müəllif Ə.Kamalın tənqidi yaradıcılığında dövrün ədəbi mühitinin əhatəli əksini tapmadığını vurğulayır. Professor V.Quliyev Ə.Kamalın Avropada 46 günlük bir səyahət məqaləsinə ("Avropalılarla anlaşalım" məqaləsi) istinad edərkən onun millətin qısa intibahında mətbuatın rolunu yüksək dəyərləndirməsini alqışlayır. Müəllifin demokratik mövqeyi Əhməd Kamal və İbrahim Tahir Musayevlə olan münasibətində göstərir. Ə.Kamal Qarabağın məşhur şairi İbrahim Tahirə qərəzli münasibət bəsləmişdi. Professor V.Quliyev ilk öncə İbrahim Tahirin yaradıcılığını tədqiq edir, mənfi və müsbət tərəfləri göstərir. Belə qənaətə gəlir ki, İbrahim Tahir Musayev ona etikadan kənar yazılar yazan Əhməd Kamala ədəb və mərifət dairəsində davranmışdı.
Professor V.Quliyev yeri gəldikcə müəyyən faktlara aydınlıq gətirmək məqsədi ilə həmin dövrün digər mətbuat nümunələrinə də müraciət edir. O, Asan Səbri ilə bağlı araşdırma aparan zaman Metin Kayahan Özgülün araşdırmalarına, "Millət" qəzetinə, Əhməd Kamalla bağlı isə 1906-cı ildə çap olunan "İctihad", "Doğru söz" mətbu orqanlarına istinad edir.
XX əsrdə "Füyuzat" jurnalı türkçülük ideyalarına əsaslanaraq aktual problemlərə təmas göstərir, Əli bəy Hüseynzadənin irəli sürdüyü ortaq türk dil siyasəti ilə Şərqin elitar Osmanlı türkcəsinin inkişafı üçün gərgin və ardıcıl mübarizə aparırdı. Jurnalın baş redaktoru Ə. Hüseynzadə ilə Asan Səbri və Əhməd Kamalı bir araya gətirən ortaq mübarizə də bu idi.
Ümumiyyətlə, professor
V.Quliyevin "Füyuzat"ın iki yazarı" adlı monoqrafiyası gələcək
ədəbiyyatşünaslar, mətbuat tarixi
araşdırmaçıları və türkoloqlar
üçün əhəmiyyətli elmi mənbədir.
Aynurə
PAŞAYEVA
AMEA
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi
işçisi
aynure8@mail.ru
525-ci qəzet.- 2017.- 25 oktyabr.- S.6.