Rafiq Babayevin 80 illiyi konsertlə qeyd edildi
Oktyabrın 23-də "Landmark"da görkəmli
caz ifaçısı,
Xalq artisti Rafiq Babayevin 80 illiyi münasibətilə
konsert olub.
AZƏRTAC xəbər verir ki, Bakı
Beynəlxalq Caz Festivalı çərçivəsində
təqdim edilən konsertdə "Azəri
Jazz" musiqi qrupu müxtəlif klassik caz ifaları ilə sənətsevərlərin
görüşünə gəlib.
Konsertdən öncə Xalq artisti Oqtay Mirqasımov
və sənətkarın
qızı Fərizə
Babayeva çıxış
ediblər.
Bildirilib ki, Rafiq Babayev
Bakıda musiqiçi
ailəsində dünyaya
göz açıb, musiqi təhsilinin bütün pillələrində
uğur qazanıb. Caz musiqisinə
böyük həvəsi,
improvizasiya bacarığı,
ailədən gələn
musiqiçi istedadı,
sanki bu gəncin həyat yolunu müəyyən edirdi. Təhsilini başa vurduqdan
sonra özünün
caz-instrumental qrupunu yaradan Rafiq Babayev
SSRİ turnesinə çıxır,
bir sıra caz festivallarının laureatı olur. 1965-ci ildə o, öz
caz kvartetinin və Teymur Mirzəyevin Bakı vokal kvintetinin birləşməsi nəticəsində
yaranmış "Qaya"
caz vokal instrumental ansamblının musiqi rəhbəri təyin edilib. Musiqiçi 1978-ci ildə Azərbaycan
SSR-in Əməkdar artisti,
1993-cü ildə isə
müstəqil Azərbaycanın
Xalq artisti adlarına layiq görülüb. Milli musiqini
cazla sintez edərək ona yeni nəfəs verən istedadlı bəstəkar 20-dən çox
bədii və sənədli ekran əsərinə, həmçinin
cizgi filminə musiqi bəstələyib.
Çıxışlarda vurğulanıb ki, Xalq artisti, cazmen,
pianoçu Rafiq Babayevin adını xatırlamamaq mümkün
deyil. O, ayrı-ayrı
vaxtlarda Mahnı Teatrının musiqi rəhbəri, estrada-simfonik
orkestrinin bədii rəhbəri və dirijoru kimi çalışıb.
Yaratdığı musiqi kollektivlərində
gənc və istedadlı musiqiçilərin
üzə çıxması
üçün əlindən
gələni əsirgəməyib.
Həyat yolu milli musiqimizin Rəşid Behbudov, Vaqif Mustafazadə, Müslüm Maqomayev kimi görkəmli simaları ilə kəsişən Rafiq Babayevin hərtərəfli
şəxsiyyəti mədəniyyətimizdə
dərin iz qoymaqla yanaşı, yeni musiqiçilər nəslinin nümayəndələri
üçün də
ilham mənbəyidir.
1993-cü ildə çəkilmiş
"Təhminə və
Zaur" filminin saundtreki olan "Əlvida" kompozisiyası
sonralar bir sıra müğənnilər
tərəfindən oxunsa
da, Rafiq Babayevin ifasında təkrarolunmazlıq qazanıb.
Tədbir konsert proqramı ilə davam edib. Bir qrup azərbaycanlı
gənc cazmenin ifası alqışlarla qarşılanıb. Konsertdə
klassik və müasir caz musiqisi, eləcə də dünya caz musiqisindən hit nömrələr təqdim
olunub. Gecədə gənc ifaçılarla
yanaşı, tanınmış
cazmen Cavan Zeynallı da çıxış edib.
Braziliyada
Türk və Latın Amerikası mədəniyyəti bir araya gəlib
Oktyabrın 23-də Braziliyada Beynəlxalq
Türk Mədəniyyəti
və İrsi Fondu, TÜRKSOY-un dəstəyi,
Azərbaycan, Türkiyə
və Qazaxıstanın
Braziliyadakı səfirliklərinin,
Braziliya Federativ Respublikasının Milli Konqresinin Federal Senatının
təşkilatçılığı ilə "Türk və Latın Amerikası mədəniyyəti,
tarixi və ənənələrinə kontinental,
regional, elmi yanaşma"
mövzusunda konfrans keçirilib.
Tədbirdə öncə Türkiyənin Braziliyakı səfiri Əli Qaya Savut, Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov, Qazaxıstanın Braziliya üzrə səfiri Kairat Sarzhanovun məruzələri dinlənilib.
Daha sonra senator Kristomas Rikardo Kavalkanti Buark çıxış edərək qeyd edib ki, qədim türk mədəniyyəti müasir cəmiyyətin formalaşmasında əvəzsiz rol oynayıb.
Konfransda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva mədəniyyətlərarası və qitələrarası dialoqda rəhbərlik etdiyi Fondun rolundan danışıb, Latın Amerikası və türk mədəniyyətləri arasında qarşılıqlı əməkdaşlıqdan söz açıb. Bildirib ki, qədim köklərə mənsub olan türk xalqlarının ən böyük xəzinəsi zəngin ortaq keçmişi, tarixi, mədəniyyəti, adət-ənənəsidir. Bu xəzinənin qorunması və dünyaya tanıdılması Fondun qarşısında dayanan əsas prioritetlərdəndir.
Konfransda AMEA-nın Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev "Türk xalqlarının qərbə köçü" və TÜRKSOY-un Baş katibinin müavini Firat Purtaş "TÜRKSOY və Mədəni diplomatiyası" mövzusunda çıxış ediblər.
Konfransın bədii hissəsində Azərbaycan, Türkiyə və Qazaxıstan musiqiçilərinin ifasında geniş konsert proqramı təqdim olunub. Azərbaycanı kamança ifaçısı Şəhriyar Musayev təmsil edib.
Konfrans çərçivəsində Parlamentin sərgi zalında "Braziliyada türk irsi" mövzusunda fotosərgi açılıb. Sərgi noyabrın 3-dək davam edəcək.
525-ci qəzet.- 2017.- 25 oktyabr.- S.7.