Vaqiflə bağlı elmi
konfrans
Oktyabrın 24-də AMEA-nın Məhəmməd
Füzuli adına
Əlyazmalar İnstitutunda
görkəmli Azərbaycan
şairi Molla Pənah Vaqifin 300 illiyinə həsr olunmuş "Molla Pənah Vaqif: Sələflər və xələflər - erkən
yeni dövr əlyazmaları və Azərbaycan ədəbiyyatının
tarixi problemləri"
mövzusunda XV ənənəvi
respublika elmi-nəzəri
konfransı keçirilib.
Konfransı giriş sözü
ilə açan İnstitutun elmi işlər üzrə direktor müavini Aybəniz Əliyeva-Kəngərli M.P.Vaqifin milli poeziyamızın və milli dilimizin
inkişafındakı əvəzsiz
xidmətlərindən danışıb.
O, realist poeziyanın və
ümumiyyətlə, Azərbaycan
ədəbiyyatının yeni
mərhələsinin Vaqiflə
başlandığını qeyd edib.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun
elmi işlər üzrə direktor müavini Paşa Kərimov M.P.Vaqifin 300 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamından danışaraq
bu ələmətdar
hadisənin ölkənin
əksər təhsil
və elmi müəssisələrində qeyd olunduğunu diqqətə çatdırıb:
"Vaqif poeziyamızı
ümumxalq danışıq
dilinə qovuşduran,
onu xalq yaradıcılığı nümunələri
ilə zənginləşdirən
sənətkardır. Mürəkkəb, ziddiyyətli və keşməkeşli dövrdə
yaşamasına baxmayaraq,
xalqın şairi olmaq şərəfini ömrünün sonunadək
ləyaqətlə qoruyub
saxlamışdır".
Plenar iclasda P.Kərimovun "XVII-XIX əsrlər Azərbaycan poeziyasında qocalıq mövzusu", institutun şöbə müdiri Azadə Musabəylinin "Vaqifin iki türkiyəli sələfinin Bakı əlyazmaları", Gəncə Dövlət Universitetinin dosenti Afaq Yusiflinin "Könüldən könülə yollar görünür", Folklor İnstitutunun böyük elmi işçisi Sahilə Sədnikqızının "Molla Pənah Vaqif yaradıcılığına aşıq ədəbiyyatının təsiri" və digər çıxışlar dinlənilib.
Konfransın sonunda, Əlyazmalar İnstitutunun sərgi salonunda təşkil olunmuş "Vaqif - 100" mövzulu sərgiyə baxış keçirilib.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2017.- 25 oktyabr.- S.7.