İcazənizlə bir
neçə kəlmə söz deyim... - "525"-25
Xanımlar və cənablar!
Bu gün biz "525-ci qəzet"in ad gününü
qeyd edirik. Artıq
iyirmi beş
ildir, o, bizim aramızdadir. Deyə bilmərəm, bu illər sürətlə
ötüb keçdi,
yox, əksinə, xoşbəxtlikdən bu illər ağır-ağır,
asta-asta keçib getdi və bu
mənə "525"in varlığından
zövq almaq, onun mövcudluğunun qədir-qiymətini anlayıb
fəaliyyətini qiymətləndirmək
imkanı verdi. Bu illər ərzində
mən onu çox yaxından tanıya bildim. Ona görə də indi, icazənizlə, onun şərəfinə
bir neçə kəlmə söz demək istəyirəm.
Əziz "525-ci qəzet!"
Bilmirəm, xəbərin var, ya yox, amma
sən dünyaya mənim gözlərim qarşısında gəlmisən. Bəli, 1992-ci ilin bir payız
günündə, sən
doğulanda mən də yanındaydım.
Çox ağır il idi o
il. O ilin ölkəmizin tarixində
ən çətin illərdən biri olduğunu desəm, yəqin, səhv etmərəm. Müharibənin qızmar dövrü
idi. Günahsız insanlar həlak
olur, qadınlar, uşaqlar, qocalar əzab çəkirdilər.
Xarici və daxili düşmənlər torpaqlarımızı,
azadlığımızı, müstəqilliyimizi əlimizdən
almaq üçün
bizə meydan oxuyurdular. Bir neçə ölkəni
çıxmaqla, bütün
dünya bizə qarşı idi. Bax, sən belə çətin bir vəziyyətdə dünyaya
göz açdın.
Üstəlik, sən hələ
doğulmazdan əvvəl
ölkədə 524 qəzet
və jurnal fəaliyyət göstərirdi.
Sən
525-ci oldun. Yəni elə
doğulduğun gündən
azı 524 rəqibin var idi. Açığını deyim, sənin
gəlişinə heç
də hamı sevinməmişdi. Məhz buna
görə də, nə qədər kədərli olsa da, deyəcəm, sənə ömrün qayğısız uşaqlıq
dövrünü yaşamaq
nəsib olmadı.
Həyatının ilk günlərindən çətinliklərlə üzləşmək
körpə bir qəzet üçün asan deyildi. Əvvəla, sən yaşamaq uğrunda mübarizə aparmalıydın
- 524 rəqibin arasında sağ qalmaq hər kəsin işi deyildi. Sən bax, bu minvalla,
belə çətinliklərlə,
belə əziyyətlərlə
böyüdün əzizim.
Mənim fikrimcə, insanın taleyi ilə qəzetin taleyi arasında oxşarlıq çoxdur. İnsan təkcə bədəndən
ibarət olmadığı
kimi, qəzet də təkcə dörd qatlanmış, sözlər və cümlələrlə dolu
səhifələrdən ibarət
deyil. Məncə, əsl qəzet
insan kimi canlı varlıqdır.
O da əziyyət çəkə bilər,
yaralanar, ədalətsiz
hücumlara məruz qalar, o da xəstələnə,
hətta öldürülə
də bilər. Bir insan kimi
qəzet də bu həyatda özünə həm
dost, həm də düşmən qazanır.
Və ən nəhayət, qəzetin də ağıllısı var,
axmağı var, güclüsü və zəifi, düşüncəsizi
və məntiqlisi var, savadlısı və avamı var.
Sən hələ ilk addımlarını
atandan hiss etmişdim ki, heç kəsə bənzəməyəcəksən.
Sən həqiqətən də hamıdan fərqli idin. Əvvəla, adına görə:
sənin adın elə qəribə və orijinal idi ki, hamının
diqqətini özünə
çəkirdi. Bilirsiz ki,
doğulduğumuz ilin,
bürcümüzün, adımızın
bizim şəxsiyyətimizə
və həyatımıza
çox böyük təsiri var. Sənə gəlincə, doğulduğun
ilin, bürcün və adının taleyinə təsirini görməmək mümkün
deyildi. Sən 1992-ci ildə - meymun
ilində dünyaya göz açdın.
Çinlilər belə
hesab edirlər ki, meymun ili zodiakın ən özünəməxsus
ilidir. Meymun ilində doğulanlar gözəl sözləri
sevir, biliklərini artırmağa can atır,
yüksək ağıl
və zəka sahibi olur, eləcə
də bütün digər bürclərlə
dil tapmağı bacarırlar. Güclü intellekt sahibi
kimi geniş məlumatlara malik olan "meymunlar" dünyada baş verən hər şeydən xəbərdardırlar.
Onlar adətən çox
diplomat olur və ən çətin problemləri belə təəccüb doğuran
çevikliklə həll
etməyi bacarırlar.
Sərbəst və individual olduqlarına
görə onları heç vaxt heç nəyə məcbur etmək olmaz. Onlarda azad seçim
qabiliyyəti və azad iradə olduğundan, həmişə
ancaq öz fikirləri ilə yaşayır, öz bildikləri kimi hərəkət edirlər.
Deyilənlər sənin xarakterini ifadə etmirmi? Mən Səni tanıyandan belə olmusan və indiyə kimi də zodiakin
bu ili
altında doğulanlar
kimi elə də qalmısan. Indi gəl sənin
bürcünə nəzər
salaq. Sən noyabrın 17-də - əqrəb
bürcü altında
işıq üzü
görmüsən. Ünsürü su olan bu
bürcün altında
dunyaya gələnlər,
müəmmalı, sirli,
möcüzə və
instinktlərə bağlı
bir həyat sürürlər. Əqrəb bürcü
Plutonun təsiri altındadır və bu planetin ləng
hərəkəti bu bürc altında doğulanlara sakit, dinc təbiət bəxş edir. Deyirlər ki, bu burcun
altında dünyaya gələnlər çox
güclü olurlar, çünki kainatın harmoniyasını və inkişafını dərk
edirlər. Onlar sarsılmaz
ideyaları və ağılları sayəsində
öz həyatlarında,
eləcə də başqalarının həyatında,
bir xalqın, bir millətin taleyində geniş miqyaslı dəyişikliklər
etməyə qadirdilər.
Gördüyün kimi, sənin adın, anadan olduğun ilin, bürcün, planetin sənin taleyində böyük rol oynayır. Bəlkə də buna görə xarakter etibarilə sən həmişə hamıdan seçilmisən, başqalarından fərqli olmusan. Hər cəhətdən. Dediyim kimi, elə əvvəldən sən heç kəsə bənzəmirdin. Hamı kimi fikirləşmirdin, yoldaşlarının sözlərini təkrarlamırdın, səni həmkarlarından fərqli olaraq, tamamilə başqa problemlər maraqlandırırdı. Ən əsası da odur ki, heç kəs səninlə darıxmırdı. Səni ələ alıb vərəqləmək oturduğun kreslodan durmadan dünyaya səyahətə çıxmaq kimi bir şeydir. Hər kəs axtardığını səndə tapa bilir. Yadıma gəlir, sən lap elə uşaqlıqdan, siyasət və iqtisadiyyatla yanaşı, incəsənət, idman, poeziya, ədəbiyyat, kino və musiqi aləmi ilə də maraqlanırdın. Səndə həmçinin, fəlsəfə və tarixə, tibb və səhiyyəyə böyük həvəs olub. Yarandığın gündən bir qədər sonra təkcə mən yox, ətrafındakıların çoxu, sənin son dərəcə istedadlı olduğunu anlamışdı. Elə buna görə də tez bir zamanda, gözü götürməyənlərin hədəfinə çevrildin. Sənin ağlına, istedadına və xeyirxahlığına həsəd aparanların haqsız hücumlarına, haqsız tənqidlərinə məruz qaldın. Ancaq xoşbəxtlikdən sən büdrəmədin, böyük sarsıntılar yaşamağına, iqtisadi və siyasi çətinliklərə baxmayaraq, soyuqqanlılığını qoruyub saxladın, yıxılmadın, gücünü toplayıb yoluna davam etdin. Və budur, artıq 300 ay, 1300 həftə, 9125 gün, 219 000 saat, 13140000 dəqiqə və 788 400 000 saniyədir ki, sən ölkəmizdə, eləcə də planetimizdə baş verən hadisələr barədə öz şəxsi, individual nəzər nöqtəni bizimlə paylaşırsan...
Bir şeyi də qeyd edim, bu iyirmi beş ildə mən həmişə sənin yanında olmadım, necə deyərlər, sənin necə böyüyüb başa çatdığını görə bilmədim. Tale məni səndən uzaqlara atdı, ancaq bununla belə, istəyirəm biləsən ki, bizi bir-birimizdən ayrı salan 3813 kilometr məsafəyə baxmayaraq, sən hər zaman mənimlə olmusan - sən sevinəndə sevinmişəm, kədərlənəndə kədərlənmişəm. Bu gün səni sağlam, xoşbəxt və məmnum görməyimə necə sevindiyimi təsəvvür edə bilməzsən. 1992-ci il noyabrın 17-də Bakıda, mən sənin doğumunu valideynlərinlə bərabər yaxşıca qeyd etmişdim. Moskva arağı ilə dolu olan qədəhimi qaldırıb, sənə, "Dünyamıza xoş gəlmisən, qədəmlərin uğurlu, səhifələrin maraqlı olsun" demişdim. Bu gün isə həmin gündən düz 25 il sonra, 2017-ci il noyabrın 17-də, səndən çox-çox uzaqda - Parisdə - qədəhimi fransız şərabı ilə doldurub, sənin şərəfinə qaldırıram: "Əziz "525-ci qəzet", nə yaxşı ki doğulmusan, nə yaxşı ki varsan, nə yaxşı ki bizim həyatımıza daxil olmusan. Mən həmişə səninlə fəxr etmişəm, fəxr edirəm və inanıram ki, həmişə də fəxr edəcəyəm. Ad günün mübarək olsun. Öpürəm. Sənin sağlığına!"
Şahin SİNARİYA
525-ci qəzet.- 2017.- 25 oktyabr.- S.4.