Kinomuzun doğma "ögey ana"sı

 

XALQ ARTİSTİ NƏCİBƏ MƏLİKOVANIN QƏRİBƏLİKLƏRLƏ DOLU İNSAN VƏ SƏNƏTKAR TALEYİ

 

 

Uşaqlığımızın "ögey ana"sı idi O. Gözəl simalı, süzgün baxışlı, ürkək gülüşlü, yumşaq qəlbli cavan bir qadın...

 

Əzazil və deyingən qaynanayla dil tapmağa çalışan, onu qəbul etməyən ögey oğlunun tərbiyəsi ilə ciddi məşğul olan, yeri gələndə danlayan, pis qiymətlərini atasına göstərib onun yol çəkməyə getməsinə mane olan, yeri gələndə isə öz qanını bircə an göz qırpmadan onun üçün verən ögey ana. Son nöqtədə fərqinə vardım "ögey" sözünün bu qədər söz arasında necə yaraşıqsız durduğunu. Kinoda Dilarəyə, həyatda Nəcibəyə yaraşmadığı kimi...

 

Əvvəllər Dilarədəki sehri çözməyə çalışarkən düşünərdim ki, yəqin cəmiyyətin beynindəki "ögey ana" sindromunu dağıtdığı üçündür bunca sevgi və maraq. Axı, biz öyrəşmişdik həyat yoldaşının övladına pis davranan, öz övladını ondan üstün tutan analara, atalara. Birdən-birə xalatlı Dilarə bütün ölkəyə qan bağının bir heç olduğunu, övlad sevgisinin, analıq hissinin dünyaya gətirməklə olmadığını göstərdi.

 

Əlbəttə, qəhrəmanın məziyyətlərindən əlavə, ona can verən aktrisanın məharətini də gözardı etmək olmaz. Nəcibə Məlikovanın filmdəki yanğısını, o gözəl gözlərindəki iztirabı, çarəsizliyi görmüsünüzmü? İllər keçir, filmə təkrar-təkrar baxarkən hiss edirdim ki, bu iztirab bircə aktrisa məharəti olaraq bəsitləşdirilə bilməz. Bu, daxildən, ürəyin ən dərin qatlarından süzülüb gələn ağrının ekranlaşmış variasiyası idi.

 

Sonralar sevimli aktrisamız Nəcibə Məlikovanın həyat hekayəsini öyrəndikcə öz həyatının Dilarənin həyatından daha ağır olduğunu gördüm...

 

1921-ci il oktyabrın 25-də köhnə Bakının kiçik Buzovna kəndində söz ustadı Haşım bəy Saqibin ailəsində, adətən,  xalq arasında deyildiyi kimi, "ay parçası" bir qız uşağı doğulur. Gələcəkdə müxtəlif rejissorların Yaqut, Xumar, Firəngiz, Edilya, Şölə, Dilarə, Cahan, Nərgiz, Zərrintac, Aygün, böyük bir xalqın əsl Sənətkar, dövlətinsə Xalq artisti adlandıracağı körpəyə valideynləri Nəcibə adını qoyurlar. İki qız övladı olan ailəyə üçüncü qız kimi doğularaq onları sevindirirmi, bilmirəm, amma yenə də zaman özü Allahın bu ailəyə necə bir mükafat bəxş etdiyini sübuta yetirəcəkdi. Uşaqlığı ölkənin ən çətin, qorxu dolu dövrünə düşən bu qızın ömrünə narahatlıq, təlaş sanki o günlərdən yazılmağa başlayıbmış. XX əsrin 30-cu illərində böyük bir imperiyanı ağuşuna alan repressiya burulğanı bu ailənin də qapısından yan keçməmişdi. Onun doğmaca dayısı Ruhulla Axundov (Sidqi Ruhulla) da əksər nüfuzlu ziyalılar kimi "Xalq düşməni" adı ilə həbs olunmuşdu. Taleyin oyunu bu idimi görəsən, "Xalq düşməni" damğasına məhkum edilənin ailəsində Xalqın artisti yetişirdi...

 

Sonralar bu damğa bütün ailə kimi onu da qarabaqara izlədi, bir kabusa dönüb həyatının ortasınaca həkk oldu. Ta ki bu yalan ifşa olunana, o insanlar bəraət alana qədər. Uşaqlığından həkim olmaq arzusu ilə yaşayan qızcığazın bu arzusu dayısının haqsız həbsi ilə ürəyindəcə ölüb gedir. Çünki "xalq düşməni" adı ilə həbs olunanların ailə üzvlərinin heç bir dövlət orqanlarında işləməyə, övladlarının elm ocaqlarında təhsil almalarına ixtiyarı yox idi. Bu qanun bircə aktyorluq sənətinə tətbiq edilmirdi. Beləcə, Azərbaycan səhiyyəsi bir həkim itirərkən, Azərbaycan səhnəsi böyük bir sənətkar qazandı.

 

Teatr texnikumunda Fatma Qədridən sənətin sirlərini öyrənən gənc aktrisa Gəncə teatrında işləməyə başlayır. Bu teatr onun həyatının sevgisi, övladının atası ilə tanışlığına vəsilə olur. Gəncədə tanınmış ailənin oğlu Nüsrəddin teatrın gənc və gözəl aktrisasına vurulur. Ondan öncə bir dəfə evlənib bir oğlu olandan sonra ayrılan bu yaraşıqlı kişi onu sevən, dərdindən ölən onlarla, yüzlərlə pərəstişkarına gözünün ucu ilə də baxmayan qızın könlünü qazana bilir. Beləcə, Nəcibə Məlikova sənətindən ayrılıb Nüsrəddinin həyat yoldaşı, balaca Fuadın ögey anası, bəyzadə Xanımın gəlini olur. Təəssüf ki, ərindən gördüyü sevgini ailədə görə bilmir. Gəlininin aktrisa olmasını qəbul etməyən qaynana onunla yola getmir, Fuada ögey münasibətlə günahlandırır. Bu izdivacdan Saqib adlı oğlu dünyaya gələn gəlin isə hər iki uşağa özünün balası kimi sahiblənir. Təəssüf ki, onun ailə səadəti də çox çəkmir. Gəncədə bütün qızların, qadınların heyran olduğu, ələ keçirməyə çalışdığı ərinin xəyanəti əzazil qaynananın tənələrindən, zülmlərindən daha çox yaralayır onu və oğlu Saqibi də götürüb evi tərk edir. Nəcibədən sonra üçüncü dəfə də ailə quran və bu izdivacdan iki qızı dünyaya gələn Nüsrəddin isə çox keçmir ki, faciəli şəkildə dünyasını dəyişir.

 

29 yaşında dul qalan gənc və gözəl gəlin daha ailə qurmur, bundan sonrakı həyatını sənətinə və oğlanları Fuadla Saqibə həsr edir.

 

Beləliklə, Akademik Milli Dram Teatrının səhnəsində bir ulduz parıldamağa başlayır - Nəcibə Məlikova. Azərbaycan teatr sənəti gözəl üzlü xanımdan əlavə, istedadlı, bacarıqlı aktrisa qazandı. Onun bu teatrın səhnəsində yaratdığı obrazlardan birinin xarakterinin cəmiyyətə uyğun olmamasından hiddətlənən tamaşaçılar "rədd ol səhnədən!", "sənin kimilərə bizim aramızda yer yoxdur!" nidalarını səsləndirirmişlər. Bir aktrisa, bir sənətkar üçün bundan böyük qələbə varmı? Teatra gəldiyini dərk edən insanı teatr zalından alıb oynadığı pyesin içərisinə daxil etmək, canlandırdığı obraza qarşı qəzəb, nifrət yarada bilmək neçə aktyora, aktrisaya nəsib olur ki?!

 

Təbii ki, həmişə olduğu kimi, onun da yaşadığı dövrdə gənclik, gözəllik, istedad və uğur çoxlarını narahat edir, paxıllığa, qısqanclığa səbəb olurdu. Arxasınca danışılan dedi-qodular, tamaşaya on dəqiqə qalmış kəsik-kəsik edilən səhnə paltarı, dabanı sındırılan ayaqqabı, qarşılaşdığı hər cürə çətinlik onu yolundan döndərmir, əzmlə çalışmağına və gündən-günə parlamağına mane ola bilmir.

 

Səhnədəki uğurları onu ekranlarda da izləyir. Çəkildiyi kinolarda yaratdığı obrazlar əbədiyyən xalqın yaddaşında iz salır. "Ögey ana" filmindəki Dilarə obrazı isə onun yaradıcılığının şah əsəri hesab olunur. Aktrisa özü də bu rolunu digərlərindən fərqləndirər, daha çox sevərmiş. Axı, Dilarə onun özü idi. Hələ o Nüsrəddinlə evli ikən günlərin birində onlara qonaq gələn böyük sənətkar və kino xadimi Adil İsgəndərov Nəcibə xanımın qaynanası Xanımı tanıdıqdan, gəlinin əzablı yaşayışını daha yaxından gördükdən sonra onun həyatını kinolaşdırmaq qərarına gəlir. Tez bir zamanda Nəcibənin həyatından götürülmüş ssenari ona təqdim edilir. O isə həqiqət tam bəlli olmasın, Dilarənin həyatdakı prototipi tanınmasın deyə ssenaridə bəzi dəyişikliklər edərək filmdə rol almağa razılıq verir. Həyat yoldaşı həqiqətən yol mühəndisi olur, ancaq dövlət orqanlarında çalışır, İsmayıl oğulluğu Fuadın, Cəmilə isə oğlu Saqibin obrazıdır. Kinoda Cəmilə Dilarənin ilk evliliyindən olduğu halda, Saqib Nüsrəddinin öz oğlu olur. Dilarənin həkimlik sənəti isə Nəcibə xanımın uşaqlığından ürəyində dəfn etdiyi arzusu idi. Belə xırda dəyişikliklərlə Nəcibə xanım öz obrazını canlandırır. Beləliklə, həyatın ögey anası mavi ekranlarda yenidən doğulur. Öz həyatını oynadığı, öz hisslərini sərgilədiyi üçün obraz illər keçməsinə baxmayaraq, öz canlılığını, təbiiliyini itirmir və hələ də sevə-sevə izlənilir.

 

Səməd Vurğunun "Aygün" poeması əsasında çəkilən "Aygün" filmi də aktrisanın həyatı ilə çox səsləşir. Sənətini və ərini sevən, xəyanətə görə bir uşaqla sevgisini tərk etməyə məcbur olan, qəlbinin qapılarını sevgiyə bağlayıb heç zaman ərə getməyən Aygün elə Nəcibə Məlikovanın özü idi. Ona görə Aygün də onun özünün sevimli qəhrəmanları sırasına daxil olur.

 

Beləcə bir-birinin ardınca "Arşın mal alan"da Cahan, "Əhməd haradadır?!"da Nərgiz xala, "Qanun naminə"də Zərrintac, "Leyli və Məcnun"da Sənəm obrazı ilə tamaşaçıların görüşünə gəldi Nəcibə xanım. Maraqlıdır ki, xarakter etibarı ilə bir-birindən kəskin fərqlənən bu obrazlar eyni aktrisanın vücudunda birləşə, bütünləşə bildilər. Aktrisa həyat verdiyi hər personajının özünəxas xüsusiyyətlərini böyük məharətlə tamaşaçısına ötürməyi bacarırdı. Bəyzadə, xanım-xatın Cahan ("Arşın mal alan") qoçaq Nərgizlə ("Əhməd haradadır?!") müqayisə oluna bilərmi? Onun yaratdığı hər obraz öz təbiiliyi, şirinliyi ilə seçilir.

 

Hindistanda qastroldaykən ağacdan üstünə tullanan meymundan qorxub şəkərə tutulan aktrisa sonrakı 27 ilini bu xəstəliklə çarpışmada keçirir. Bütün ömrünü sənətinə həsr edən aktrisanın son rolu isə Dram teatrının səhnəsində "Tənha iydə ağacı" olur. Bu vaxt artıq xəstəliyinin şiddətli dövrünü yaşayan, gözləri zəifləmiş Nəcibə xanım bütün təlaşına baxmayaraq, son rolunun da öhdəsindən böyük məharətlə gəlir. Elə o tamaşadan sonra vəziyyəti ağırlaşır və bir daha səhnəyə çıxmır. Səhnəmizin və kinomuzun gözəl üzlü, gözəl qəlbli, nadir istedad sahibi aktrisası 1992-ci ilin iyunun 27-də 70 yaşında - bütün həyatını anasının adını verdiyi nəvəsi Xoşsimaya danışandan sonra gözlərini bu dünyaya əbədi yumur. Son nəfəsində yada saldığı, görmək istədiyi adam isə ilk və tək sevgisi Nüsrəddin olur.

 

Ömrünü sənətdə keçirən, amma şəxsi həyatını ürəyincə yaşamayan insanlar sonradan təəssüflə xatırlanır, onların haqqında çox zaman "bu dünyada bir gün görmədi" - deyirlər. Ancaq bu fikir çox şərti və nisbidir, çünki sənətkar ömrü haqqında bunu demək heç yerinə düşmür. Həmin  insanlardan olan Nəcibə Məlikovanın çəkildiyi filmlər, oynadığı tamaşalar ekranda göstərilərkən hər dəfə o, sanki yenidən doğulur. Daima böyük ehtiramla xatırlanır. Çünki Xalq artisti Nəcibə Məlikovadan yaratdığı misilsiz obrazlar, xoş xatirələr və sevgi dolu sözlər yadigar qalıb.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2017.- 26 oktyabr.- S.6.