Dövlətçilik tariximizə
işıq salan əsər
YUNUS OĞUZUN "ATABƏY ELDƏNİZ" ROMANININ İCTİMAİ MÜZAKİRƏSİ OLUB
Azərbaycan
Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus
Oğuzun "Atabəy Eldəniz" tarixi romanının
ictimai müzakirəsi keçirilib.
Müzakirədə AMEA-nın sözügedən
institutunun alim və mütəxəssisləri,
yazıçılar, millət vəkilləri və kütləvi
informasiya vasitələrinin rəhbərləri iştirak
ediblər.
İctimai müzakirəni giriş sözü ilə
açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat
İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bildirib
ki, Yunus Oğuzun əsərlərində tarixilik və bədiilik
vəhdət təşkil edir. Hər iki məqamın Yunus Oğuzun
əsərləri, romanlarında öz əksini
tapdığını deyən İsa Həbibbəyli onu da
qeyd edib ki, yazıçının qələmə
aldığı əsərlərdə
üçüncü mühüm nüans isə
müasirliklə bağlıdır və bu məqamın da
müəllifin yaradıcılığında öz yeri var.
AMEA-nın
vitse-prezidenti deyib ki, Yunus Oğuz tarixi romanlar yazarkən bəzən
tarixçilərdən belə artıq şəkildə
araşdırma, təhlil aparır: "Onun əsərlərindən
tarixi yenidən öyrənmək olur. Yunus
Oğuz gerçək tariximizi Azərbaycan cəmiyyətinə
təqdim edir. Xüsusilə onun əsərlərində
millilik qabarıq əks olunur. Yunus Oğuz
əsərlərində milli dəyərləri əsas
tutaraq onları bir daha cəmiyyətə
çatdırır".
İsa Həbibbəyli
bildirib ki, Yunus Oğuz müasir dövr, müstəqillik
dövrü tarixi ədəbiyyatımıza roman
yaradıcılığında bir yenilik gətirib: “O, əsərlərində
qeyd etdiyim kimi milliliyi, azərbaycançılığı əsas
götürür. Həmçinin, Yunus Oğuz
qələmə aldığı əsərlərdə,
romanlarda dövlətçiliyimizin əsaslarını ortaya
qoyur".
AMEA-nın vitse-prezidenti çıxışını
Yunus Oğuzun "Atabəy Eldəniz" kitabına yönəldərək
qeyd edib ki, bu tarixi roman həm də elmi əsər hesab oluna
bilər.
Çünki bu əsərin yazılmasında elmi
araşdırmaların nəticələrindən istifadə
edilib: "Atabəy Eldəniz" romanı elmi və bədii
ədəbiyyatın yeni bir ədəbi abidəsidir. Müəllifin digər əsərləri də eyni
zamanda, Azərbaycan ədəbiyyatının mühüm
nailiyyətlərindədir. "Atabəy
Eldəniz" romanı müstəqil dövlətimizin
idealları ilə uzlaşır". İsa Həbibbəyli
bildirib ki, müstəqillik dövründə həm kəmiyyət,
həm də keyfiyyət baxımından yüksək səviyyəli
tarixi romanlar ortaya qoyulub: "Onun oxucuya dediyi sözün
içində millilik, azərbaycançılıq da var
.Yunus Oğuz tarixi romanlarını tarixilik naminə
yazmır. O, əsərlərini yazarkən dərindən
araşdırma aparır. Yunus Oğuz müstəqil Azərbaycan
ədəbiyyatında tarixi dövrə aid məktəb yaratmaqda
iddialıdır".
İsa Həbibbəyli
onu da diqqətə çatdırıb ki, müstəqillik
dövrü Azərbaycan ədəbiyyatında tarixi roman
janrına yenidən qayıdış xalqın milli-mənəvi
özünüdərk proseslərinin dərinləşdirilməsinə,
çoxəsrlik təcrübə və ənənə əsasında
müasir mərhələdə müstəqil dövlətçiliyin
daha da möhkəmləndirilməsinə xidmətin ifadəsidir:
"Müxtəlif ədəbi nəsillər bu ənənəvi
janrda tarixə müasirlik işığında
yanaşmanın fərqli örnəklərini nümayiş
etdirirlər. Bu baxımdan tarixi roman janrına
ardıcıl olaraq müraciət edən Yunu Oğuzun yaradıcılığı
xüsusilə diqqət çəkir.
Əvvəla, Yunus Oğuz müstəqillik
dövründə Azərbaycan ədəbiyyatının
ümumi mənzərəsində tarixi roman janrının
mövqeyinin möhkəmlənməsi sahəsində
mühüm addımlar atır. İkincisi isə Azərbaycan
dövlətçilik tarixinin böyük ədəbi salnaməsini
yaradır, tarixi şəxsiyyətlərin xidmətlərinin
yaddaqalan bədii vasitələrlə xalqa
çatdırılmasına geniş meydan açır.
Son onillikdə bu janrda yazdığı əhəmiyyətli
bədii əsərlərlə Yunus Oğuz yeni dövrün
müasir tarixi romançısı kimi ad qazanıb.
"Nadir şah", "Təhmasib şah", "Əmir
Teymur-Zirvəyə doğru", "Əmir
Teymir-Dünyanın hakimi", "Şah arvadı və
cadugər", "Sultan Alp Arslan" kimi romanlarında Azərbaycanın
və türk dünyası tarixinin müxtəlif dövrlərini
bütün yönləri ilə əhatəli şəkildə
təsvir etməklə müasirlərimizin milli gen
yaddaşının oyanışına və dövlətçilik
təfəkkürünün qüvvətlənməsinə
məsuliyyətlə və şərəflə xidmət
edir. Yazıçının
romanlarındakı milli dövlətçilik ideyası və
azərbaycançılıq ruhu tarixi mövzuların
müasir dövrlə, yeni tarixi epoxa ilə üzvü surətdə
əlaqələndirilməsinə geniş imkan yaradır.
Onun hər romanı ümumtürk tarixinin və
Azərbaycan gerçəkliyinin böyük bir
epoxasının mahiyyətinin açılmasına, dövlətçilik
ənənələrimizin reallıqlarının diqqət mərkəzinə
çəkilməsinə işıq salır".
İsa Həbibbəyli bildirib ki, Yunus Oğuz Azərbaycan
tarixində mühüm yer tutmuş görkəmli dövlət
xadimlərinin romanını yaratmaqla yeni nəsillərdə
köklər və budaqlar haqqında obyektiv və dolğun təsəvvürlərin
formalaşmasına böyük töhfə verir.
Ədəbiyyat İnstitutunun Azərbaycan ədəbiyyatı
şöbəsinin əməkdaşı Elnarə
Qaragözova "Yunus Oğuzun "Atabəy Eldəniz"
romanında tarix və şəxsiyyət faktoru" adlı məruzə
ilə çıxış edib. Bildirib ki, tarixi faktların bədii
formada təqdim edilməsi onun daha asan qavranmasına səbəb
olur: "Tarixi faktların mistik fikirlər olmadan təqdim
edilməsi tarixin gənc nəslə
çatdırılması üçün çox əhəmiyyətlidir.
Bu baxımdan "Atabəy Eldəniz" əsərində
tarixi şəxsiyyət yaradılıb. Tarixi
şəxsiyyəti səciyyələndirən əsas
xüsusiyyət inadkarlıq və cəsarətdir. Yunus Oğuz əsərində bunu yarada bilib".
Elnarə Qaragözova əlavə edib ki, əsərdə
tarixi faktlara söykənməyən yeganə obraz
"Baş dədə" obrazıdır. O da hadisələri
kənardan izləyir, öz fikirlərini bildirir: "Onun
üçün əsas olan tarixin taleyidir. Yunus
Oğuzun "Atabəy Eldəniz" romanında azərbaycançılıq
ideologiyası, türkçülük çox dəqiq şəkildə
göstərilir. Əsəri daha cəlbedici
və oxunaqlı edən amillərdən biri də ondan ibarətdir
ki, burada Atabəy Eldəniz və Mömünə Xatun
bütün müsbət cəhətləri özündə
cəmləşdirib. Bu əsər hər
bir gəncə mesajdır ki, keçmişimizi, tariximizi
unutmaq olmaz, ona sahib çıxmalıyıq".
Atatürk
Mərkəzinin direktoru, akademik Nizami Cəfərov deyib ki, Azərbaycanda
Atabəylər dövrünə həmişə ciddi maraq
olub və nəticə etibarilə bir sıra elmi, eləcə
də bədii əsərlər yaradılıb: "Onlardan
ikisini - akademik Ziya Bünyadovun "Azərbaycan Atabəylər
dövləti (1136-1225)" monoqrafiyası ilə xalq şairi
Nəriman Həsənzadənin "Atabəylər" mənzum
dramını ayrıca qeyd etmək lazım gəlir. Heç şübhə etmirəm ki, Yunus Oğuzun
"Atabəy Eldəniz" romanı da həmin mövzuda qələmə
alınmış dəyərli əsərlər
sırasına daxil olacaq. Yunus Oğuzun əsərlərində
kolorit, uzun təfsilatlara yol verməməsi onu digərlərindən
fərqləndirən əsas xüsusiyyətlərdən və
üstünlüklərindən biridir". Y.Oğuzun əsərlərində müasirliyin də
xüsusi rol oynadığını deyən N.Cəfərov
qeyd edib ki, müəllif əsərlərində bu gün ilə
keçmişi əlaqələndirir. Akademik
yazıçının xarakterini əks etdirən maraqlı
bir epizodu da diqqətə çatdırıb: "Bilirik ki,
özbəklər Əmir Teymuru özlərinin qəhrəmanı
sayır və onun özbək olduğunu deyirlər. Ancaq Yunus Oğuz Özbəkistanda "Əmir
Teymur" kitabının təqdimatını keçirərkən
özbəklərə təkid edir və onları
inandırmağa çalışırdı ki, Əmir Teymur
türk olub. Özbək alimləri hər
dəfə Yunus Oğuzun bu fikrinə etiraz etdikdə isə
o, tarixi faktlar, dəlilləri ortaya qoyurdu. Beləcə Özbəkistanın mərkəzində
Yunus Oğuz özbəklərə açıq şəkildə
deyirdi ki, Əmir Teymur özbək olmayıb".
AMEA-nın müxbir üzvü Tehran
Əlişanoğlu Yunus Oğuzun ədəbiyyatımızda
böyük xidmətləri olduğunu deyərək bildirib
ki, o, kamil bir romançıdır.
Filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli
deyib ki, Yunus Oğuz əsərlərində
türkçülüyün tarixinə xüsusi diqqət
yetirilir. O,
yazıçının "Atabəy Eldəniz" tarixi
romanında tariximizin həmin dövrünün ətraflı
şəkildə əks olunduğunu diqqətə
çatdırıb.
Filologiya üzrə fəlsəfə doktoru Lalə Həsənova
da çıxış edərək Yunus Oğuzun "Atabəy
Eldəniz" romanı barədə fikirlərini
bölüşüb.
Millət vəkili Musa Qasımlı Y.Oğuzun
bütün romanlarında azərbaycançılığın
öz dolğun əksinin tapdığını
vurğulayıb. Adətən tarixi romanlar yazmağın
çətin olduğunu deyən M.Qasımlı Y.Oğuzun bu
çətinliyin öhdəsindən layiqincə gəldiyini
və müntəzəm olaraq Azərbaycan oxucularına
yeni-yeni romanlar təqdim etdiyini söyləyib.
Müəllifin romanını türkcəyə uyğunlaşdıran Hüseyn Adıgözəl deyib ki, türk dünyasının tarixi əvvəllər təhrif olunub, buna görə də yenidən təqdim edilməsinə ehtiyac var. O bildirib ki, Y.Oğuzun "Türkün tarixinə yeni bir baxış" əsərini oxuyandan sonra türk tarixinin daha öncə necə saxtalaşdırıldığı barədə ətraflı, müfəssəl məlumata sahib olub. Y.Oğuzun vətənə, millətə, türklüyə bağlı bir adam olduğunu deyən Hüseyn Adıgözəl Yunus Oğuzun "Atabəy Eldəniz " romanını yüksək dəyərləndirib. O, Y.Oğuzun türk dünyasının tarixinə tamam yeni baxışla baxdığını, bundan sonra da yazıçıyla əməkdaşlığını davam etdirəcəyini söyləyib və müəllifə yeni-yeni uğurlar arzulayıb.
Yazıçı Elçin Hüseynbəyli "Atabəy Eldəniz" romanı haqqında fikirlərini ifadə edərkən bildirib ki, Y.Oğuzun hər bir tarixi romanı kimi bu əsəri də oxunaqlı, xalqın, cəmiyyətin başa düşəcəyi tərzdə yazılıb.
Yazıçı, millət vəkili Aqil Abbas da Y.Oğuzun qələmə aldığı tarixi romanları yüksək qiymətləndirib və onun bütün əsərlərinin maraqlı, oxunaqlı yazıldığını söyləyib. Günümüzdə tarixi romanların yazılmasını olduqca əhəmiyyətli hesab edən A.Abbas Y.Oğuzun bunu məharətlə bacardığını deyib. Müəllifin romanları içərisində ən çox sevdiyi əsərin "Nadir şah" olduğunu deyən A.Abbas Y.Oğuzun bu tarixi şəxsiyyəti tamam başqa bir formada təqdim etdiyini vurğulayıb: "Yunus Oğuz indiyə qədər Nadir şahın qaniçən obrazda təqdim olunması xəttini bu əsəri ilə alt-üst edib. Nadir şah barədə indiyə qədər deyilənlərin, yazılanların cəfəng olduğunu ortaya qoyub".
Sonda çıxış edən Yunus Oğuz belə bir müzakirənin təşkilinə görə, Ədəbiyyat İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirib, çıxışlardan yaradıcılıq üçün güclü stimul aldığını deyib. Yazıçı bundan sonra da bacardığı qədər tariximizin araşdırılıb üzə çıxarılması, gerçək tariximizin gənc nəslə çatdırılması istiqamətində fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
XƏDİCƏ
525-ci qəzet.- 2017.- 27 oktyabr.- S.4.