İtaliyaya səfər: keçmişin əks-sədası
və gerçəklik
(Əvvəli
ötən şənbə saylarımızda)
Roma -
tarixi abidələr şəhəri
Roma yeddi təpə üzərində
yaranmışdır, xəzinələr və turist şəhəri
olmaqla, fəvvarələrin və qübbələrin
heyranedici rənglərinə bürünməklə köhnə
divarlar arasında yerləşir.
Servi divarı hələ qalların Romanı xaraba
qoyduqlarından bir dekada sonra çəkilmişdi. Köhnə
şəhər yüzlərlə hotelə, saraya, onlarla kilsəyə
malik idi. İndi də Roma Qərb
dünyasının ən gözəl paytaxtlarından biridir.
Şəhər hələ də səs-küylü
olması ilə fərqlənir. 1955-ci ildən
burada metro işləyir, onun ilk stansiyası Mərkəzi dəmiryol
vağzalı (Termini) idi. Bu möcüzələr
şəhərində elə bil ki, heç nə
qurtarmır və heç nə dəyişmir. Romalılar öz şəhərləri ilə
haqlı olaraq fəxr edirlər. Romalı
və ya bu şəhərin sakini, “Romano di Roma” olmaq indiyədək
xüsusi şərəf sayılır.
Roma bütün fərqləndirici xüsusiyyətləri
ilə yanaşı, başlıca olaraq tarixi abidələr
şəhəridir. Yəqin ki, hətta Misir və
Yunanıstan kimi ölkələr də qədim abidələrinin
sayına və daha uzun bir tarixi dövrü əhatə
etdiyinə görə bu şəhərə uduzurlar. Axı Roma imperiyası memarlıq incilərini təkcə
özündə mərkəzləşdirməyərək
Avropanın, Asiyanın, Afrikanın çox sayda ərazilərinə
də səpələnmişdi. Şəhərin
özü isə bütövlükdə antik dünyaya həsr
olunmuş muzeyi xatırladır. Hər
addımda antik dövrün hansısa incisi ilə
qarşılaşırsan. Sonralar,
xüsusən Renessansdan başlayaraq abadlıq, gözəllik
yaratmaq eşqi daha gur alovlanmağa başlamış, bu sahədəki
yarış bir neçə əsr davam etmişdi. Renessansın özü Romaya qiymətinin
ölçülməsi mümkün olmayan memarlıq və
sənət inciləri - saraylar, kilsələr, heykəllər,
abidələr bəxş etmişdir.
Görkəmli İngiltərə kraliçası,
dövlətini dənizlərin ağasına çevirən
I Elizabet haqqında obrazlı qaydada deyirdilər ki, “Günəşsiz
qövsü-qüzeh olmur”. Roma da şəhərlər
kralıdır və abidələrinin timsalında bir günəş
kimi nadir qövsü-qüzeh effekti yaradır.
Romanın
qərar tutduğu yeddi təpədən bəziləri qədim
tarixə baş vurmaq, yaxından tanış
olmaq imkanı yaratdığından, onlar haqqında ayrıca
söhbət açmaq olar. Tarix Şumerdən
başlanan kimi, Roma da Palatin təpəsindən
başlanır. Romanın mənşəyi, bütün
digər qədim şəhərlər kimi əfsanəyə
büründüyündən, bu məsələdə
Palatinin də rolu az deyildir. Romul
və Rem çaya atıldıqda, bu təpənin
aşağısında qalmışdılar. Onlar dişi canavarı əmib, böyüməklə,
sonralar Romanın əsasını qoymağa qadir
olmuşdular.
Bu təpədəki sütunlar və yoxa
çıxmış saraylar çöllərdəki
yabanı çiçəklər kimi müqayisə olunmayan
bir gözəllikdə boylarını
qaldırmışdılar və zaman onları tarixin tozuna
çevirmişdi. İmperatorlar sıradan çıxandan əvvəl
təpə bütövlükdə bir virtual geniş saray idi.
Bura uzun müddət baş iqamətgah
mahalı idi. İmperator Avqust burada
doğulmuş, taxt-taca sahib olduqdan sonra da orada
yaşamışdı. Tiberinin tikməyə
başladığı saraya isə Kaliqula, Neron, Trayan, Hadrian
və Septimi Sever öz əlavələrini etmişdilər.
Ən böyük və dəbdəbəli
binanı isə Domitsian tikdirmişdi. Bədxərcliklə
başa gələn bu tikinti zəngin qaydada mərmərlə
örtülmüşdü. Nahar
otağının divarları mərkəzi qaydada
qızdırılırdı. İndiyədək
qalmış kürsülərdə papalar imperatorları əvəz
etmişdilər. Daha sonra təpə
artıq tərk edilmişdi. Xeyli fasilədən
sonra böyük Roma ailələri buraya qayıtdılar, təpədə
bağlar salındı, köhnə şöhrəti
ötüb-keçən pavilyonlar meydana gəldi. Avropadakı ilk Botanika bağı da burada yaradılmışdı.
İndi isə köhnə sarayların xatirəsi
kimi onların xarabalıqları qalır.
Kapitoli təpəsi isə Roma hökumətinin yeri
olmaqla, sonralar Mikelancelonun dizaynı əsasında onun mənzərəsi
bir qədər dəyişdirilmişdi. Üç
sarayın yerləşdiyi meydanın mərkəzində Mark
Avrelinin (bu imperator həm də böyük filosof idi, 50
cildlik fəlsəfi əsərin müəllifi idi) at üzərindəki
bürüncdən olan heykəli ucalır. Xristianlar inanclarının dövlət dininə
çevrilməsindən sonra (IV əsrin sonu) bütpərəst
abidələri dağıtmağa başladılar. Bu, vaxtilə onların təqib olunmasına görə
almaq istədikləri qisasın özünəməxsus əlaməti
idi. Bu heykələ isə ilk dəfə
onlara ibadət sərbəstliyi verən imperator Konstantinin onda
təsvir olunduğunu hesab etdiklərindən,
toxunmamışdılar.
Kapitoli meydanındakı iki sarayın layihəsinin
müəllifi olmaqla yanaşı, pilləkən və fəvvarə
də Mikelancelonun istedadının məhsullarıdır. Pilləkən yamaca
çıxan yola bənzəyir, virtual pilləkənləri
isə ağ cızıqlar bildirir. Təbiətə yaxınlıq bir üslub kimi
görkəmli fransız arxitektoru Le Korbyuzeyə məxsus idi.
Moskvada Mərkəzi Statistika İdarəsinin
onun layihəsi əsasında tikilən binasında mərtəbələr
arasındakı pilləkənləri enişə-yoxuşa
gedən yol əvəz edirdi. Göründüyü
kimi, dahi Mikelancelo Le Korbyuzedən hələ dörd əsr əvvəl
təbiətə yaxınlıq ideyasını Kapitoli
meydanına aparan pilləkəndə
reallaşdırmışdı.
Kapitoli muzeyi (Musei Capitolini) klassik əsərlərin
papalar tərəfindən yığılan kolleksiyası
olmaqla, papa IV Sikst tərəfindən 1471-ci ildə Roma vətəndaşlarına
qaytarılmışdı və bu, Qərb dünyasında
heykəltəraşlığın ilk açıq muzeyinə
çevrildi.
Muzeydə yalnız Romada tapılan şeylər
saxlanılır. “Dişi canavar” heykəli
ilə yanaşı, “Ölən qall” və “Tikan
batmış oğlan” heykəlləri və əvvəllər
Forumdan tapılan portret büst geniş eksponatlar
siyahısına daxildir. Muzeydə saxlanan
“Dişi canavar” heykəli etrusklar tərəfindən b.e.ə.
V əsrdə yaradılmışdı. Kvatroçento
dövründə, İntibahın ilk inkişafı vaxtı
onun altına iki əkizi - Romulla Remi təcəssüm etdirən
oğlan uşağı fiqurları qoyulmuşdu.
Buradakı Yuno Moneta məbədi (“Moneta” sözü ilk
sikkəxana kimi məbədin fəaliyyətindən
çıxarılan pul, “sikkə” mənasını verir),
indi Viktor Emmanuel abidəsinin yerləşdiyi bir qala idi. Yupiterə məxsus
olduğuna görə, müqəddəs sayılan bu yerdə
Roma senatı hər il öz birinci
iclasını keçirərmiş.
Yaxındakı Venetsiya meydanı (Piazza Venezia) XV əsrdə
varlı bir venetsiyalının tikdirdiyi Venetsiya sarayından
öz adını götürmüşdü. Burada birləşmiş
İtaliyanın ilk kralı II Viktor Emmanuelin at üstündəki
heykəli ucalır, onu həm də “Viktorian”
adlandırırlar. Bu heykəl Kapitolinin ayaq tərəfində,
Romanın lap mərkəzində qoyulmuşdur. Özünün
nəhəng ölçüləri hesabına təpə ilə
ətraf zonanın antik dövrdəki qarşılıqlı
mütənasibliyini dəyişdirmişdir. Sütunlu mərmər binanın üzərində
Viktoriyaların idarə etdikləri iki iri kvadriqa vardır.
Qaralmış bürünc heykəllər qar kimi ağ mərmərdən
olan binanın fonunda
çox aydın nəzərə çarpır. Mərkəzdə Qurban getmə və ya Vətən
mehrabı vardır. I Dünya müharibəsindən
sonra mehrabın aşağısında naməlum əsgərin
qəbri yerləşdirilmişdir.
Avetin təpəsində müasir binalar tikilmiş, Romanın
keçmişindən bir şey qalmamışdır. Eskvilian təpəsi
ilə Selian təpəsinin arasındakı Forum vadisinin
qurtardığı yerdə Kolizey və Konstantin tağı
yerləşir. 64-cü ildə Roma dəhşətli
yanğına məruz qaldıqdan sonra Neron şəhəri
yenidən tikməyi qərara alanda, özünə geniş
bir sahədə saray tikdirdi. Onun
hamamlarına dəniz suyu və hidrogen sulfatlı su gətirilirdi.
Binanın içərisində fil
sümüyündən olan tavanından aşağı
çiçəklər sallanırdı. Fasad isə qızılla örtüldüyündən,
ona Domus Aurea - “Qızıl Ev” deyirdilər. Vətəndaşların qəzəbini nəzərə
alaraq onun varisləri Neronun ağla sığmayan
sarayının izini itirməyə tələsdilər. Trayan gözəl hamamlar tikdirdi. Hadrian
Venera məbədini meydana gətirdi. Yeddi
onillikdən sonra Neronun qızıl suyuna çəkilmiş
heykəlindən heç bir şey qalmamışdı, bu
heykəlin də sifəti hər bir varis tərəfindən
dəyişdirilirdi, sonra isə bütünlüklə
dağıdıldı. Sonrakı
romalılar Qızıl Evin harada yerləşdiyini də
bilmirdilər.
Qədim abidələrdən biri Mark Ulpi Trayan forumudur. O, Romanın beş
nəcib imperatorundan sayca ikincisi idi. Ən
böyük uğuru imperiyanın ərazisinin genişləndirilməsi
hesab olunur. Bu, danılmaz faktdır. Trayan sütunu onun Dakiyadakı müharibələrdə
qazandığı zəfərlərə həsr
olunmuşdur. Sütundakı spiral lentada barelyeflərdəki
fiqurlar onu əhatə edir, burada imperatorun tikdirdiyi
körpülər, tutduğu qalalar, qələbələrini
və düşmənin qaçmağını göstərən
döyüş səhnələri təsvir olunur. Onun qəbri də buradadır. Sütunun
bünövrəsindəki qutuda Trayanın cəsədinin
külü qoyulmuşdu, zirvəsində isə onun heykəli
ucalırdı.
Trayan həm də nəciblikdən xəbər verən çox sayda təşəbbüslərin, əməllərin də müəllifidir. İtaliya şəhərlərindəki kasıb uşaqlara yardım göstərilməsi barədəki yeniliyin - ictimai fondların (alimenta) yaradılması ideyası da ona məxsus idi. 98-ci ildə hakimiyyətə gələndə isə cana doymuş romalıları azğınlaşmış çuğulçulardan xilas etmişdi. Həmin vaxtlarda Romada ittihamı müdafiə etmək üçün prokurorluq institutu yox idi, bu işi çuğulçular icra edirdi. İttihamında iştirak etdiyi adamların əmlakı məhkəmənin hökmü ilə müsadirə edildikdə, onun yarısına məhz onlar sahib olurdular. Ona görə də çuğulçular ədalətsizliyə, böhtana, iftiraya əl ataraq, tam həyasızlaşmışdılar. Müsadirə payı onları hər cür sui-istifadələrə getməyə həvəsləndirirdi. Onlar böyük qazanc əldə edir, lakin həm də romalıların haqlı nifrətini qazanırdılar. Çuğulçular artıq şəhər sakinləri üçün əsl bəlaya - şər mənbəyinə çevrilmişdilər. Trayanın göstərişi ilə şəhərdəki bütün çuğulçular tutuldu, onlar tələm-tələsik düzəldilmiş, sınıq-salxaq bir gəmiyə oturdulub, dənizin quduz dalğalarının ixtiyarına buraxıldı. Onlardan daha heç bir xəbər gəlmədi və Roma çuğulçuluq “virusundan” birdəfəlik xilas oldu, immunitetə yiyələndi. İnsan haqları mübarizləri etiraz edə bilərlər ki, Trayan məhkəməsiz, mühakiməsiz adamları ölüm cəzasına məhkum etdi. Bu gün belə rəy yürütmək olar, lakin o dövrün Romasının reallığını nəzərə almaq lazımdır, haqsız yerə cəzalandırılan, əmlakı müsadirə olunan minlərlə adam imperatorun indi şübhəli görünən bu ədalətinə ürəkdən tərəfdar çıxıb, onu alqışladılar. Trayan haqqı tapdanan minlərlə adamı müdafiə etmiş, ədalətsizlik mühiti yaradanlara qarşı onların öz silahından istifadə etmişdi.
Ümumiyyətlə, Trayan imperiyanı yaxşı, əsasən insanların hüquqlarına hörmət əsasında idarə etməyə çalışırdı. Kaliqulanın, Neronun, Domitsianın eybəcər hərəkətləri, qəddarlıqları artıq arxada qalmışdı. Onların əllaməliklərindən əsər-əlamət də yox idi. Kiçik Plini imperator haqqında yazdığı panegirik ruhundakı kitabda onun alicənab hərəkətlərindən söhbət açır. Lakin Trayan xristianların təqib olunmasının tərəfdarı olaraq qalırdı. Bunları da inkar etməməklə, o, nəcib imperator adını bütünlüklə doğruldurdu.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2017.- 28 oktyabr.-
S.22.