Əlimərdan bəy Topçubaşovun
İstanbul görüşləri: Rusiya istiqaməti
Azərbaycan Xalq Cümhuriyyəti - 100
Əlimərdan
bəy Topçubaşovun İstanbulda görüşüb
Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı müzakirə
apardığı tanınmış rus dövlət xadimlərindən
biri də 1910-1916-cı illərdə Rusiya imperiyasının
xarici işlər nazirliyinə rəhbərlik etmiş diplomat
və siyasətçi Sergey Dmitriyeviç Sazonov (1859-1927)
olmuşdu.
İlk baxışdan bu görüş o qədər də
əhəmiyyətli görünməyə bilər. Çünki
1919-cu ildə Sazonov artıq hansısa qərarlar verməyə
qadir dövlət xadimi deyildi. Üstəlik,
onun təmsil etdiyi quruluş artıq tarixin anaxronizminə
çevrilmişdi. Sadəcə, hələlik
reallıqdan çox bir xəyal məhsulu olan “yeni
Rusiyanın” idarəçiləri və liderləri
arasında öz yerini tapmağa çalışırdı.
Lakin istər S.D.Sazonovu, istər P.N.Milyukovu, istərsə
də eyni ranqda olan digər rus rəsmilərini tam dünənki
gün saymaq da düzgün olmazdı. Ağ və
qırmızı Rusiya ölüm-dirim savaşı
aparırdı. Qərbin rəğbəti
hələlik daha çox birincinin tərəfində idi.
Keçmiş rejimi ayaqda saxlamaq istəyənləri
özlərinə daha yaxın bilirdilər. Vəziyyət dəyişsə, yenidən köhnələrlə
bir masa arxasında oturmağa hazır idilər. Ağlar qeyri-rəsmi yolla da olsa, Parisə, sülh
konfransına dəvət almışdılar.
Qırmızıları isə hələlik mədəni cəmiyyətə
buraxmaq barədə də söhbət ola
bilməzdi.
Doğrudur, Azərbaycan Cümhuriyyətinə və digər
yeni milli dövlətlərə münasibətdə hansı
rəngdə zühur edəcəyindən asılı
olmayaraq Rusiyanın münasibəti qətiyyən fərqlənmirdi
- imperiya xırda istisnalarla “vahid və bölünməz”
şəkildə qalmalı idi.
Amma istənilən halda, ağlarla danışmaq
mümkün idi. Digər tərəfdən, konkret olaraq
S.D.Sazonova gəldikdə, Milyukovla söhbətdən də
göründüyü kimi, Könüllü orduda xarici
işlər şöbəsinə rəhbərlik edirdi.
Deməli, general Denikinin qələbə
çalacağı və hökumət
formalaşdıracağı təqdirdə, xarici işlər
naziri vəzifəsinə ən real namizəd idi. Sazonov özü də gələcəkdə bu
ordudan bir hökumət formalaşa biləcəyi fikrinə
diqqət çəkmişdi. Görünür, azərbaycanlı
diplomat müzakirə üçün həmsöhbət seçərkən bu
mühüm amili də diqqətdən
qaçırmamışdı.
Ə.Topçubaşovun D.S.Sazonovla
görüşünü təşkil edən azərbaycanlı
siyasətçinin Tiflisdən yaxşı
tanıdığı və uzun illər ailəvi münasibət
saxladığı Rusiya xarici işlər nazirliyinin məsul
işçisi olmuş Vladimir İvanoviç Savitski idi.
Bir neçə kəlmə də Sazonov barədə.
O,
1860-cı ildə Ryazan quberniyasında, qədim tarixə malik
əyalət zadəganı ailəsində doğulmuşdu. Vaxtı ilə A.S.Puşkinin də təhsil
aldığı Sarskoe Selo litseyini bitirdikdən sonra
1883-cü ildə Rusiya xarici işlər nazirliyində xidmətə
qəbul olunmuşdu. 1890-cı ildə
Rusiyanın Londondakı səfirliyinə ikinci katib təyin
edilmişdi. Diplomatik xidmətini daha sonra
Vatikanda, müqəddəs taxt-tac yanında davam etdirmişdi.
Burada gələcək xarici işlər naziri
A.P.İzvolskinin rəhbərliyi altında işləməsi
sonrakı illərdə mənsəb pillələri ilə
sürətlə irəliləməsinə yol
açmışdı. Uğur
qazanmasının başqa bir səbəbi XX yüzilliyin ilk
illərində Rusiyanın ən nüfuzlu siyasətçi və
dövlət adamlarından biri sayılan P.A.Stolıpinlə
yaxın qohum-bacanaq olması idi. 1908-ci ildə
də Rusiyanın vakant xarici işlər naziri
kürsüsünə də ilk növbədə onun himayədarlığı
sayəsində təyinat ala bilmişdi.
1914-cü
il avqustun 1-də Peterburqdakı alman səfiri
öz ölkəsinin Rusiya ilə müharibəyə
başlaması haqqındakı notanı D.S.Sazonova təqdim
etmişdi. Birinci Dünya müharibəsi həm
də onun nazir karyerasına son qoymuşdu.
Nazir vəzifəsindən uzaqlaşdırıldıqdan
sonra Dövlət Şurasının üzvü, 1917-ci ilin
yanvarında isə Böyük Britaniyaya rus elçisi təyin
edilmişdi. Lakin tezliklə Fevral inqilabı baş verdiyindən
xidmət yerinə gedə bilməmişdi.
1919-cu ildə Sazonov bir qədər simvolik də olsa,
ikinci dəfə xarici işlər naziri olmuşdu. Bu dəfə Kolçak və
Denikinin Ümumrusiya hökumətində... Eyni zamanda, ağ qvardiyaçı Rusiyanı Paris sülh
konfransında təmsil etməli olan Rusiya siyasi müşavirəsi
adlı qurumun fəal üzvlərindən biri idi.
Ə.Topçubaşovla görüş və
danışıqları da ictimai-siyasi fəaliyyətinin həmin
dövrünə təsadüf etmişdi.
S.D.Sazonov tipik rus millətçisi idi. “Vahid və
bölünməz Rusiya” ideyasını tərəddüdsüz
dəstəkləyirdi. Yuxarıda göstərdiyim
kimi, yeni, demokratik Rusiyanın da kiçik istisnalarla əvvəlki
sərhədləri daxilində bərpasının tərəfdarı
idi. Rusiya imperiyasının əsarəti
altında olan xalqlardan yalnız polyakların milli dövlətçiliyə
olan haqlarını tanıyır, ölkəsinin onlarla ədalətsiz
davrandığının etiraf edirdi. (Bu
mövqeyi sonralar işinə yaramışdı. Mühacirətdə yaşadığı dövrdə
Polşa hökuməti onun indiki Belostok
yaxınlığındakı malikanəsini və
böyük torpaq sahələrini özünə
qaytarmışdı). Digər millətlərə
isə bu əzəli haqq şamil edilmirdi. Əlimərdan bəylə söhbətində
siyasi fəallıqları ilə seçilən, hətta
Rusiya imperiyasının və Müvəqqəti hökumətin
qurumlarında müəyyən vəzifələr tutmuş
gürcülərin milli müstəqillik arzuları
haqqında təhqiramiz ifadələr işlətməkdən
çəkinməmişdi. Eyni zamanda,
müsahibini inandırmağa
çalışmışdı ki, onun təmsil etdiyi Azərbaycan
türkləri həmişə rus idarəçiliyindən məmnun
olublar, rus məmurları ilə gözəl münasibət
saxlayıblar və heç vaxt milli dövlət haqqında
düşünməyiblər.
Aşağıda
Cümhuriyyət dövrü Azərbaycan-rus əlaqələrinin
və milli diplomatiyamızın mühüm sənədlərindən
biri kimi Rusiya imperiyasının və Kolçak-Denikin
Ümumrusiya hökumətinin xarici işlər naziri S.D.
Sazonovla Əlimərdan bəy Topçubaşovun söhbət
yazısının birinci hissəsini təqdim edirəm.
S.D.Sazonovla
birinci söhbətin yazısı
5 yanvar
1919-cu il
Saat 19.00
Pera Palas
oteli
Sazonov.
Salam. Sizin haqqınızda Vladimir
İvanoviç çox danışıb. Amma açığını desəm, burada Qafqaz
nümayəndəsini görəcəyimi gözləmirdim.
Doğrudur, biz uzun müddət Rusiyanın cənubunda,
sonra da heç nədən xəbərsiz halda Yekatrinadorda oturub
qalmışdıq. Amma yadımdadır
ki, Konstantinopoldan qayıdan bir qafqazlı buradakı Qafqaz
nümayəndələrinin artıq çoxdan geri
döndüklərini demişdi.
Mən: Doğrudur. Burada mənə qədər çeçen, gürcü, erməni nümayəndələri olub. Oktyabrın sonunda hamısı geri qayıdıb. Çünki keçirilməsi nəzərdə tutulan konfrans baş tutmayıb. Mən də həmin konfransda iştirak etməli idim. İndi burada Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli naziriyəm. Rusiya barədə demək olar ki, bütün məlumatlara malikəm. Ukraynada, Kubanda, Donda nə baş verdiyindən müəyyən qədər xəbərdaram. Yenilikləri əsasən Odessa və Sevastopol qəzetlərindən öyrənirəm.
Sazonov: Mən o qəzetləri az-az oxuyuram. Heç birinə etibar yoxdur. Ələlxüsus da yeni qəzetlərə. Hamısı ədalətsiz, birtərəfli yazır. Bir də indi hər yerdə də istədiyin kimi yazmağa imkan vermirlər.
Savitski:
Sergey Dmitriyeviç, “Petit Parisien” qəzetinə
baxmısınız? Fransız senzurası lap
ağını çıxarıb. Bütöv
səhifələri pozurlar.
Sazonov: Bəli,
görmüşəm. Bax, buradadır. (Masanın üzərindəki 7 dekabr tarixli “Petit
Parisien” qəzetini göstərir). Onu siz mənə
vermişdiniz?
Savitski: Bəli,
Əlimərdan bəydən götürmüşdüm. Yeri
gəlmişkən, o, mənə deyirdi ki, yerli türk mətbuatı
az qala P.N.Milyukovun ağzından
çıxan hər sözü yazır. Bu barədə
özündə maraqlı məlumatlar var.
Sazonov:
Onun (Milyukovun - tərc.) burada nə
danışdığını bilmirəm. Ancaq
bilirəm ki, həqiqi mənada sözünün yerini bilməyən
adamdır. Təkcə onu demək kifayətdir
ki, almanların bütün cəbhələrdə məğlubiyyəti
artıq heç kimdə şübhə doğurmayan vaxt
Milyukov almanpərəst olmağa başladı. Almanlar Marne döyüşündə
darmadağın ediləndən sonra başa düşdüm
ki, artıq müharibəni uduzublar. Milyukov
isə belə sadə şeyi anlamadı. Bundan
sonra daha nə danışmaq olar?
Mən:
Əvvəlcə o, müəyyən məsuliyyət
yükünə malik bəyanatlar verməkdən
yaxasını kənara çəkirdi. Amma hər
keçən gün danışmaq baxımından daha səxavətli
olurdu. Bəzi qəzetçiləri qəbul
edir, bəzilərini isə heç yaxına da
buraxmırdı. İş bu yerə
çatanda onun özündən kimi təmsil elədiyini
özündən soruşmuşdular. Milyukov da cavab
vermişdi ki, burada
sadəcə bir rus insanı kimi
danışır. Yeri gəlmişkən, mən “Yujnı raboçi”
qəzetində oxudum ki, Milyukovun rəhbərlik etdiyi nümayəndə
heyəti gedəndən sonra dövlət birliklərinin təmsilçiləri,
Milli mərkəz və hansısa üçüncü təşkilatdan
olan adamların iştirakı ilə iclas keçirilib. Sol partiyaların (menşeviklərin) nümayəndələrinin
də iştirak etdikləri iclasda Yassı müşavirəsini
hazırlayan komitənin buraxılması müzakirə olunub.
Komitə Rusiyanın cənub ərazilərinin
saxtalaşdırılmış təmsilçiliyi
adlandırılıb və onun yeni bir orqanla əvəzlənməsi
məsələsinə baxılıb. Həm
də bu zaman vurğulanıb ki, Avropa, ilk növbədə isə
müttəfiqlər indiyədək Rusiyadakı vəziyyətlə
əlaqədar birtərəfli bilgilər verən, onları
yanlış məcraya yönəldən burjua-kadet
ideoloqları deyil, birbaşa rus demokratiyası vasitəsi ilə
məlumatlandırılmalıdırlar. Burada
Milyukovun Parisə getməsinin arzuolunmazlığına
aydın işarə edilirdi, onu heç kəsin vəkil etmədiyi,
səlahiyyət vermədiyi bildirilirdi.
Sazonov:
Bu, həqiqətən də belədir. Amma indi kim
və kimə səlahiyyət verə bilər? Ortada
olan yeganə qüvvə hələ ki, Könüllü
ordudur. Lakin o da hansısa təşkilat,
müəssisə, hökumət deyil. Əlbəttə,
müəyyən zaman ərzində bu ordudan Rusiya hökuməti
formalaşa bilər. Hələ çox iş
görmək lazımdır. İndilikdə isə
ən böyük nailiyyət Rusiyanın almanlardan - bu
sırtıq, həyasız barbarlardan xilas olmasıdır.
Özlərindən daha kobud xalq tapmaq
mümkün deyil. Bolşevizm də onların əməlləridir.
Şəxsi maraqları naminə Rusiyanı
xarabazara çevirdilər. Allaha
şükürlər olsun ki, Rusiya nəhayət ki,
özü üçün hazırlanmış bu tevton əsarətindən
xilas oldu.
Mən:
Amma belə davam etsə, almanların yerini tutacaq başqa
oxşar qüvvənin ortaya çıxmayacağı ilə
bağlı zəmanət haradadır? Axı
indiyə qədər hamı istisnasız olaraq öz
marağını güdüb və bundan sonra da güdəcək.
Sazonov:
Sizin sözlərinizdə həqiqət var. Amma heç bir
xalq almanların burada törətdiklərinin kiçik bir
hissəsini də eləməyə qadir deyil. Həm
də bütün bu oyunları artıq tamam
uduzduqlarını, hər şeyin bitdiyini bildikləri zaman
çıxarmamışdılar. Elə sizin Qafqazı
götürün: orada nələr etməyiblər? Hər yerdə artıq onları tanıyırlar.
Ancaq tək sizdə səfeh gürcülər
özlərini almanların ağuşuna atıblar, həmişə
alman təmayüllü olublar, deyəsən, hələ indi
də eyni mövqedə qalmaqdadırlar.
Mən: Məncə,
elə deyil. Bilirsinizmi, Qafqaz...
Sazonov:
(sözümü yarımçıq kəsir) Lütfən
özünüz deyin, axı gürcülər necə
dövlət qura bilərlər? Axı onlar dilənçidirlər,
heç nələri yoxdur.
Mən: Nə
üçün, marqans mədənləri, meşələr
və s.
Sazonov:
Aydın məsələdir. Olan-qalanları tək
marqansdır. Bununla da çox uzağa gedə
bilməzsən.
Mən: Bilirsinizmi, indi iqtisadi məsələlər nə qədər vacib olsa da, hər şey yalnız iqtisadiyyatdan asılı deyil. Qafqaz, ilk növbədə isə Zaqafqaziya Rusiyadan ayrılıb. Yəqin eşitmisiniz - orada artıq müstəqilliyini elan etmiş üç respublika - Azərbaycan, Gürcüstan, Ermənistan var. Xüsusi ilə də təmsil etmək şərəfinə nail olduğum Azərbaycanın öz hökuməti, icra strukturları, ordusu yaranıb. Və indi idarəçilik bütünlüklə Azərbaycan hökumətinin əlindədir.
Sazonov: Yaxşı, əgər ingilislər olmasa, özünüzün vəziyyətə nəzarət etməyə, qayda-qanun yaratmağa gücünüz çatardımı?
Mən: Bəli, bu işin öhdəsindən gəldik. İndi bizim Azərbaycanda sakitlikdir, ölkənin hər tərəfində qayda-qanun hökm sürür. Xalqımızın hər yerdə, xüsusən də Bakıda bolşeviklərdən nələr çəkdiklərini və bütün bunların insanlarımızın psixologiyasına necə təsir etdiyini nəzərə alanda burada anlaşılmayacaq bir şey yoxdur.
Bəlkə də mənim məsələyə münasibətim yanlış yanaşmadır. Lakin xalqın düşüncəsində bolşevizm və onun məhvedici təsirləri sadəcə rus insanının ruhuna uyğun hadisə kimi əks-səda doğurur. Ona görə də azərbaycanlılar bəlkə də geridə qalmış, ən azı ifrat sosialist təmayüllərdən uzaq toplum kimi bolşevizm məsələsində rus xalqı ilə bir cərgədə gedə bilməz, ona ayaq uyuşdura bilməz. Azərbaycanlılar sosial-bolşevizmə əsaslanan həyat tərzini mənimsəmək, qəbul etmək, onun prinsipləri ilə yaşamaq iqtidarında deyillər.
Sazonov: Deməli, Qafqaz tatarları, yəni müsəlmanlar artıq Rusiyanı dəfn ediblər və üzərində də böyük bir xaç qoyublar?
Mən: Qətiyyən! Biz azərbaycanlılar öz yolumuzla getmək, öz gücümüzə və təsəvvürlərimizə uyğun yaşam tərzi seçərək həm də gələcək Rusiyanın təmiz rus əhalidən ibarət rus əyalətlərinin üzləşəcəyi çətinlikləri azaldırıq. Nəhayət, biz qonşularımız gürcü və ermənilərlə dostluq şəraitində yaşamaq, gələcəkdə İsveçrə İttifaqı kimi vahid federativ respublikada birləşmək haqda düşünürük.
Sazonov: Çətin ki, bu, mümkün olsun. Qafqaz xalqları arasındakı fərqlər həddən artıq böyükdür. Xüsusən də ermənilər heç vaxt sizinlə bir yerdə olmaq istəməzlər. Qafqazda tatarların, müsəlmanların ermənilərlə nə qədər qanlı toqquşmaları olub! Ayrı-ayrı xalqlar arasındakı müharibələri unutmaq mümkündür, amma qətliamı, hətta qətliamları (bilmirəm, deyəsən, sizin Bakıda əvvəlcə ermənilər tatarları qırmışdılar, sentyabrda isə əksinə oldu), unutmaq imkan xaricindədir. Hələ əvvəllər də soyqırımları olub.
Mən: Konfederasiyada birləşməyin çətinliyini mən də anlayıram. Lakin əsaslandığım motivlər tamam fərqlidir. Sizin bəhs etdiyiniz toqquşmalar isə bir etnik vahidin ayrı-ayrı hissələri arasında da baş verir.
Sazonov: (sözümü kəsərək) Qoyun bunu sizə deyim: dəfələrlə eşitdiyimə görə, Qafqaz müsəlmanları ruslara çox bağlıdırlar və Rusiyadan ayrılmaq istəmirlər. Əlbəttə, daha yaxşısını siz bilirsiniz, amma oradan qayıdan ruslar gürcülərin Tiflisdə vəzifədən uzaqlaşdırdığı, xidmətdən qovduğu rus məmurlarına tatarların Yelizavetpolda və başqa yerlərdə necə yaxşı münasibət bəsləmələrindən böyük heyranlıq hissi ilə danışırdılar. Sizin müsəlmanlar haqda bu rəyləri eşidərkən biz də ürəyimizdə onların hadisələrə belə sakit, yetkin münasibət göstərmələrinə həm sevinir, həm də müəyyən sakitlik tapırdıq. İndi isə siz Rusiyada bu qədər sevilən, yüksək qiymətləndirilən müsəlmanların separatizmindən bəhs edirsiniz.
Mən: (onun sözünü kəsərək) Əvvəla, icazənizlə deyim ki, biz Rusiyadan ayrılmamışıq, Rusiya özü gedib. Özümüzü elə vəziyyətdə gördük ki, (qapı döyülür, otağa Sveçin və Bzobrazov familiyalı iki nəfər daxil olur. Cənab Sazonovun yaxın tanışlarıdır, hətta biri bəlkə də qohumudur. Çünki ona ümumi əqrəbalar haqda məlumat verir, söhbətimizə mane olduğu üçün üzr istəyir. V.İ.Savitski deyir ki, artıq saat doqquzun yarısıdır. Şam etmək vaxtıdır).
Sazonov: Birlikdə şam edəcəksiniz? Onda, hələlik. Bəlkə yenə görüşdük.
Mən: Əgər burada olsanız, mən də məmnuniyyətlə görüşmək istərdim. Hələlik, salamat qalın.
Rus dilindən tərcümə: Vilayət
Quliyev
525-ci qəzet.- 2017.- 28 oktyabr.- S.18;24.