“Əvvəli görünən, sonu
görünməyən” müqəddəs yolçuluq
Elmi-ədəbi
fəaliyyətə daha əvvəlki illərdən
başlasa da, bizim fikrimizcə, çoxsaylı kitabların
müəllifi olan professor Qəzənfər Paşayevin
yaradıcılığı, sanki, həzin bir bayatı,
xoyrat axıcılığı ilə, ürəkdən gələn
səmimi hiss və sevgi ilə yazılan və eyni hisslərlə
də oxucu tərəfindən qəbul edilən “Altı il Dəclə-Fərat
sahillərində” kitabından başlayır, bizi həmişə
gizli və ya aşkar şəkildə
maraqlandığımız, nələrisə öyrənməyə
çalışdığımız, insan idrakından kənar
sirli-sehrli aləmə aparan “Nostradamusun möcüzəli aləmi”ndə
özünün müdriklik zirvəsinə çatır.
Çap
olunduğu illərdə ədəbi hadisəyə
çevrilmiş “Altı il Dəclə-Fərat sahillərində”
kitabının milli-mənəvi mahiyyəti və Qəzənfər
Paşayevin bu kontekstdəki xidmətləri görkəmli ədəbiyyatşünas-alimimiz
Yaşar Qarayevin fikirlərində özünün dəqiq,
obrazlı-poetik ifadəsini tapmışdır: “Bizim nəsil
üçün İraq Füzulidən, Füzuli Kərbəladan
və Kərkükdən
başladığı kimi, Kərkük də Qəzənfər
Paşayevdən başlayır... İddia etmək olar ki, məhz
Qəzənfər Paşayevdən (onun altı illik Dəclə
və Fərat salnaməsindən) sonra “İraq” sözü
bizim üçün “uzaq” mənasını artıq birdəfəlik
və əbədilik itirdi. Bir istilah kimi “İraq”ın həm
leksik, həm də məcazi mənasında təshih verən,
onu “əbədi yaxın”a çevirən ziyalı və alim
Qəzənfər Paşayev oldu...
“Altı
il Dəclə-Fərat sahillərində” - yalnız bu kitabdan
sonra müəllifin dili ilə biz də ucadan və qürurla
bəyan elədik: “İraq bizə iraq deyil”, hamımız
iraqlı türkmanda azəri türkünü tanıdıq!
Qəlbən, ruhən inandıq ki, təkcə dillər eyni
deyil, yalnız hecalar, şəkilçilər, köklər
eyni deyil, ruhdakı etnik yaddaş da eynidir, damardakı qan və
gen kodları da eynidir, soydakı, şəcərədəki
Nəsimi və Füzuli də eynidir!..
...Uzaqları, iraqları yaxınlaşdıran səyyah,
ədib və alim Qəzənfər Paşayev oldu” (Y.Qarayev).
Fikrimizcə, Qəzənfər Paşayevin sonradan
İraq-türkmanla, Kərküklə bağlı
araşdırmaları, toplama-tərtib nəşrləri
öz ruhi qidasını məhz “Altı il Dəclə-Fərat
sahillərində” kitabından almış, onun davamı və
qanunauyğun bir nəticəsi kimi ortaya
çıxmışdır.
Təxminən,
yeddi illik axtarışların, araşdırmaların və
müəllifin özünün də qeyd etdiyi kimi,
“ağır və gərgin əməyin nəticəsi olaraq
araya-ərsəyə gələn” “Nostradamusun möcüzəli
aləmi” kitabı isə dünyanın ən möcüzəli
və əfsanəvi şəxsiyyətlərindən biri, yəhudi
əsilli fransalı öncəgörücü Mişel
Nostradamusun (1503-1566) həyatının ayrı-ayrı vacib və
maraqlı məqamlarından, təbabət sahəsindəki fəaliyyətindən,
ən əsası isə öncəgörücülük
qabiliyyətindən, böyük bir zamanı əhatə edən
proqnozlarından və s. bəhs edir. Burada
yazılanları həyəcansız oxumaq
qeyri-mümkündür. Kitab əvvəldən-axıra
qədər oxucunu sirli-sehrli möcüzələr aləminə
aparır, insan ağlının dərk etmədiyi bu aləm
onu riqqətə gətirir. Əsərin semantik tutumunu,
miqyasını, struktur və mövzu
ağırlığını və s. nəzərə
alaraq deyə bilərik ki, “Nostradamusun möcüzəli aləmi”
Qəzənfər Paşayev
yaradıcılığının müdriklik zirvəsidir.
Xalq yazıçısı Elçin “Nostradamusun möcüzəli
aləmi”ni təkcə tərcümə ədəbiyyatımızın
deyil, ümumiyyətlə, ictimai fikrimizin inkişafında bir
hadisə hesab edir: “Bu kitabın tərcüməsi də,
yüksək elmi arxitektonikaya malik olması da professor Qəzənfər
Paşayevin illər boyu çəkdiyi ağır zəhmətin
nəticəsi idi və bir daha vurğulayaq ki, söhbət
adi yox, real və irreal bir düşüncənin, eləcə
də intibah bədii-estetik təfəkkürünün ifadəsi
olan böyük və mürəkkəb bir mətndən,
onun məxsusi stilistikasının qorunub saxlanılmasından
gedir” (Elçin).
2012-ci ildə
Qəzənfər Paşayevin “Seçilmiş əsərləri”nin yeddi cildliyi nəşr olundu. Buraya alimin
“Altı il Dəclə-Fərat sahillərində”,
“İraq-Türkman folkloru”, “Kərkük dialektinin
fonetikası”, “İraq-Türkman folklorunun janrlar sistemi”,
“Dilimiz - varlığımız”, “Nəsimi haqqında
araşdırmalar”, “Ədəbiyyatşünaslıq elmimizin
patriarxı” əsərləri, “Nostradamusun möcüzəli
aləmi” kitabının “Dərk olunmayan aləm” fəsli və
ilahi vergi, öncəgörücülük haqqında ingilis
dilindən tərcümə etdiyi maraqlı yazılar,
Aleksandr Dümanın “Qafqaz səfəri”, Sula Benetin “Necə
yaşayasan, yüzü haqlayasan”, Aqata Kristinin “Mavi qatarın
sirri” əsərlərinin və bir sıra məqalələrin
Azərbaycan dilinə tərcümələri, müxtəlif
başlıqlar altında cəmlənmiş ayrı-ayrı
illərdə və müxtəlif mövzularda qələmə
aldığı məqalələri, həmçinin,
müsahibə və çıxışları, məktubları
və s. toplanmışdır. Təbii ki, bunlar
alimin yaradıcılığının heç də
hamısı deyildir.
Ümumilikdə,
əlliyə yaxın elmi, ədəbi-publisistik, tərcümə
və toplama-tərtib kitabının müəllifi olan Qəzənfər
Paşayev son illərdə bir-birinin ardınca “Elçin
haqqında düşüncələrim”, “Ədəbi məktublar”,
“Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti”,
“Hüseyn Kürdoğlunun poetik dünyası”
kitablarını və kifayət qədər həcmli ön
sözlə “İraq-Türkman nağılları” toplama-tərtib
işini çap etdirmişdir.
Yaradıcılığının
əsas ana xəttini Kərkük mövzusu təşkil edən
Qəzənfər Paşayev bu kontekstdə
araşdırmalarını müxtəlif aspektlərdə
gerçəkləşdirərək İraqda türkman
elinin folklor və etnoqrafiyası, ədəbiyyatı, dili və
başqa bu kimi mövzularda davamlı və sistemli elmi-ədəbi
fəaliyyət ortaya qoymuşdur. Akademik İsa
Həbibbəylinin sözlərilə desək, “Nəinki Azərbaycanda,
yaxud da dünyanın başqa bir yerində, hətta Kərkükdə
belə kərkükşünaslıqda Qəzənfər
Paşayevlə müqayisə edilə biləcək tədqiqatçı
göstərmək çətindir” (İ.Həbibbəyli).
Onun haqqında fikir söyləyən
bütün elm və ədəbiyyat xadimləri alimin
sözügedən istiqamətdə gördüyü işləri
haqlı olaraq xüsusi vurğulamışlar. Görkəmli akademiklərimiz Tofiq Hacıyev və
İsa Həbibbəyli Qəzənfər Paşayevi Azərbaycanda
kərkükşünaslığın banisi, qüdrətli
yaradıcısı kimi xarakterizə etmişlər.
Kərkük mövzusu Qəzənfər müəllim
üçün təkcə elmi-yaradıcılıq işi
deyil, həm də bir milli məslək, məfkurə məsələsi
olmuşdur.
Alimin sözügedən kontekstdə fəaliyyətinin məzmunundakı,
ideya-məqsədindəki bu müqəddəs məramı
xüsusi vurğulayan xalq şairimiz Bəxtiyar Vahabzadə
onun millətinə bağlılıqdan, qərib
soydaşlarımıza sevgidən dolayı gördüyü
işləri yüksək qiymətləndirmişdir: “Sən
İraqda 6 il rəsmi bir vəzifədə işləyərkən,
bu sahədə öz vəzifə borcunu yerinə yetirməklə
də kifayətlənə bilərdin. Lakin
içində qımıldanan vətəndaşlıq hissi səni
daha başqa bir borca səslədi. Bu səs
damarlarından axan qan yaddaşının səsi idi. Sənin damarlarında dillənən səs kərküklü
qardaşlarının əsrlərdən bəri qanlarında
qoruyub saxladıqları əcdadın - kökün səsi ilə
həmahəng səsləndi və səni mənəvi
borcunu ödəməyə çağırdı. Sən bu mənəvi vəzifəni şərəflə
yerinə yetirdin. Rəsmi vəzifə
borcun sənin İraqda olduğun müddətin çərçivəsində
qaldı. İçində
qımıldanan səsin əmri ilə yerinə yetirdiyin mənəvi
vəzifə isə heç bir müddətə
sığmır, müddətin çərçivəsini
dağıdıb tarixə qovuşur. Çünki
sən bu vəzifəni yerinə yetirməklə özünə
deyil, bir-birindən ayrı düşmüş böyük
bir xalqa xidmət etdin” (B.Vahabzadə).
Qəzənfər
Paşayev bu genetik bağlılıqdan dolayı
özünü hər zaman türkman elinin yanında hiss
etmiş, lazım gəldiyində öz maddi-mənəvi dəstəyini
əsirgəməmişdir. Təsadüfi deyil
ki, Prof. Dr. Suphi Saatçi onu İraqdakı türkmanların
və Kərkükün Bakıdakı təmsilçisi və
böyükelçisi adlandırmışdır. Qəzənfər
müəllimin təkcə bir alim kimi deyil, bir azərbaycanlı
kimi Kərkük sevgisindəndir ki, o, “Kərkük
sevdalısı”, “İraq türkmanlarının can dostu”,
“Bakı ilə Kərkük arasında mənəvi
körpü”, “İraq-Türkman aşiqi”, “Böyük
türkmanşünas”, “Folklorumuzun Müşfiqi”, “Azərbaycanda
İraqın ədəbi və mədəni əlaqələr
səfiri”, “İraq xalqının dostu və qardaşı”,
“Azərbaycanın İraqda səfiri”, “Kərkük pərvanəsi”,
sözügedən kontekstdə ortaya qoyduğu külliyyat -
yazdığı əsərlər, araya-ərsəyə gətirdiyi
kitablar isə bütövlükdə “Kərküknamə”
adlandırılır.
Qəzənfər Paşayevin
yaradıcılığı birxətli deyil, çox istiqamətli,
çoxşaxəlidir. O, folklorşünas, dilçi-alim, ədəbiyyatşünas,
tərcüməçi, publisist kimi fəaliyyət göstərmiş,
folklor materiallarının, xüsusilə də, Kərkük
folklorunun toplama-tərtibi ilə məşğul olmuşdur. Ədəbiyyatşünas Aslan Salmansoy elmə
öz mətnlərilə gələn Qəzənfər
Paşayevin tekstoloji fəaliyyətinə diqqət çəkərək
onu, həmçinin, mətnşünas-alim kimi də
xarakterizə etmişdir.
Qəzənfər Paşayevin
yaradıcılığının bir qolunu da alimin Azərbaycan
ədəbiyyatına dair araşdırmaları təşkil
edir. Buraya
onun Nəsimi, Füzuli, Rəsul Rza, Nigar Rəfibəyli,
Hüseyn Arif, Tofiq Bayram, İsi Məlikzadə, Hüseyn
Kürdoğlu, Əlibala Hacızadə, Fikrət Qoca, Fərman
Kərimzadə, Elçin və başqa bu kimi sənətkarlarla
bağlı elmi və ədəbi-publisistik əsərləri
daxildir. Bu yaxınlarda çap etdirdiyi
“Hüseyn Kürdoğlunun poetik dünyası” kitabı isə
sanki yubilyarın özünün özünə bir hədiyyəsi
oldu. Kitabda Hüseyn Kürdoğlu
poeziyasının maraqlı nümunələri müəyyən
sistem əsasında təqdim edilərək təhlil-tədqiq
olunmuşdur.
“Deyirlər, xatirələr köhnəlir, yaddan çıxır. Bunun nə qədər doğru olduğunu söyləmək çətindir. İraq Respublikasında işlədiyim vaxtdan neçə qış, neçə bahar keçsə də, əfsanəvi Dəclə-Fərat çaylarını, qonaqpərvər ərəb xalqını, şair qəlbli Kərkük xalqını - İraq azərbaycanlılarını həmişə xoş məramla, səmimi duyğularla xatırlayıram. Qənaətim odur ki, aylar-illər keçsə də, doğma hisslər xatirat süzgəcində ilişib qalır, əsl xatirələr büllurlaşır, əbədiləşir. Əlaqələr daimi olanda isə bu xatirələr təzələnir, yeniləşir” (Q.Paşayev). Doğrudan da, əsl xatirələr qismən köhnələ bilər, lakin heç vaxt unudula bilməz. O şeylər yaddan çıxa bilər ki, onlar insanın doğma, əziz sandığı varlıqlarla əlaqəsi olmayan, xatirəyə çevriləcək hisslər, duyğular, təəssüratlar doğurmayan, sadəcə yaşanmış sıradan bir anlar, günlər, yaxud hadisələrdir. Və heç vaxt da xatirəyə çevrilmə ehtimalları yoxdur.
Qəzənfər Paşayevin İraqda tərcüməçi kimi fəaliyyət göstərdiyi, Dəclə-Fərat çayları sahillərində yaşayıb-yaratdığı altı il “ömrün əbədiləşən illəri”nə çevrilərək onun gələcək həyatını əhatə edib, yaradıcılıq yolunu müəyyənləşdirdi, düşüncəsinə, qəlbinə, ruhuna məhrəm hisslərlə hakim kəsildi. Və bu milli məslək, ruhsal bağlılıq, “mənəvi borc” və sevgi, alimin öz təbirincə desək, taleyini “Bilmirəm haralıyam, torpağım-daşım qərib” deyən bu elatın - İraqda yaşayan, sayı altı yüz mindən artıq olan kərküklülərin taleyi ilə bağladığı 1963-cü ildən bu günə qədər İraq türkmanlarının, Kərkükün tarixi, etnoqrafiyası, milli-mənəvi və maddi-mədəni irsilə bağlı çoxsaylı kitab və məqalələr şəklində ortaya çıxdı.
“Elm əvvəli görünən, sonu
görünməyən bir aləmdir. Bu aləmdə hərə
bir yolla gedir.
Hərə bir nəticəyə gəlir.
Yenilik görülmüş işlərin sayəsində
yaranır” deyən Qəzənfər Paşayev bu “əvvəli
görünən, sonu görünməyən”, yalnız dəlicəsinə
fanatlarına öz guşəsində kiçicik bir yer verən,
öz müqəddəs səhifəsinə imza atmalarına
imkan yaradan bu aləmdə öz yolunu seçdi, bu yolla irəlilədi
və bizi bizdən uzaqda - “Evlərinin önü
darçın, Fələk qoymur gözüm açım”,
“Bilmirəm haralıyam, torpağım-daşım qərib”...
söyləyən ruhu pərişan qərib
soydaşlarımızı indiki Azərbaycan sərhədlərindən
kənarda yorulmadan, böyük bir həvəs və sevgi ilə
araşdırdı, öyrəndi, gördüyü işlərlə
Azərbaycan humanitariyasına yeniliklər gətirdi.
AMEA Nizami
Gəncəvi adına Ədəbiyyat
İnstitutunda birlikdə
çalışdığımız bu təvazökar, sadə,
xeyirxah və təmənnasız İnsan - Qəzənfər
Paşayev bu müdrik çağında da məhsuldar elmi fəaliyyətlə
məşğuldur. Qəzənfər müəllimin
bu illər ərzində gördüyü işlər göz
önündədir. Daha neçə-neçə
görəcəyi işlər, yazacağı əsərlər
isə hələ qarşıdadır. Və ən əsası
isə mənalı ömrün (!) hələ
yaşanılacaq uzun illəri!
Aynur XƏLİLOVA
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2017.- 28 oktyabr.- S.17.