Elmi əsər yazıçı tərcüməsində
Yazıçı Etimad Başkeçid dünya ədəbiyyatından
dilimizə çevirmələrin dalınca ciddi bir elmi əsərin
tərcüməsi ilə məşğul olursa, burada təəccüb
doğuracaq bir şey yoxdur.
Məsələ
burasındadır ki, Etimad Başkeçid bir müddət
Bakı Slavyan Universitetində “Tərcümə nəzəriyyəsi
və praktikası” kafedrasına başçılıq edib və
həmin Universitetdə akademik Kamal Abdullanın başladığı
son dərəcə əhəmiyyətli işin davam etdirilməsinə
can yandıran qələm sahiblərindən biri olub.
Akademik
Kamal Abdullanın başladığı o iş məhz tərcümə
işi idi, dünya ədəbiyyatının və dünya
humanitar elminin sayılıb-seçilən nümunələrini
dilimizə peşəkarcasına çevirmək o vacib
işdə başlıca məqsəd və məram kimi nəzərdə
tutulurdu. Məqsəd və mərama uyğun olaraq Bakı
Slavyan Universitetində az vaxtda bir sıra
qiymətli əsərlər tərcümə edildi və nəşr
olundu. Bu gün Azərbaycan Tərcümə Mərkəzində
çalışan Etimad Başkeçidin həmin Mərkəzdə
dilimizə çevirib çap etdirdiyi ciddi elmi əsər
“Xalq qəhrəmanlıq eposu”dur. Görkəmli
dilçi və ədəbiyyatşünas Viktor Jirmunskinin
(1891-1971) bu gün də aktuallığını itirməyən
həmin əsərini dilimizə çevirməkdə
ruscanı mükəmməl bilmək tələbi ilə
yanaşı, bəzi başqa tələblər də ortaya
çıxırdı: eposun nə demək olduğunu qəlbən
duymaq, epos barədəki elmi ədəbiyyata az-çox bələd
olmaq. Aşıq Əmrah, Aşıq Kamandar, Aşıq
Hüseyn Saraclı kimi ustad dastan ifaçılarının
ana yurdu olan Borçalıda boya-başa çatması Etimad
Başkeçidə bəs edib ki, eposun nə demək
olduğunu qəlbən duya bilsin. Azərbaycan
Milli Elmlər Akademiyası Folklor İnstitutunun dissertantı
olmaq isə Etimad Başkeçidə folklorun nəzəriyyəsinə,
o cümlədən, dastan poetikasına az-çox bələd
olmaq imkanı verib. Və nəticədə
Etimad Başkeçid - bu gün Tərcümə Mərkəzində
çalışan dostumuz “Xalq qəhrəmanlıq eposu” əsərinin
dilimizə tərcüməsini başa çatdırıb.
Düzdür, folklorşünaslığa aid
bir çox ifadələrin tərcüməsində
qarşıya çətinliklər də çıxıb,
amma əsas işin öhdəsindən gəlmək
mümkün olub. Əsas iş, əsas
məsələ cümləni düzgün qurmaq, fikri oxucuya
dəqiq çatdırmaqdır. Elmi əsərlərdə
bu sarıdan heç də həmişə ürəkaçan
mənzərənin şahidi olmadığımız bir
şəraitdə Etimad Başkeçid rusca
yazılmış ciddi elmi əsəri Azərbaycan türkcəsində
səsləndirə bilib.
V.Jirmunskidən və onun “Xalq qəhrəmanlıq eposu”
əsərindən qısaca danışmaq istəsək, hər
şeydən qabaq, bu görkəmli alimin müqayisəli ədəbiyyatşünaslıq
sahəsindəki xidmətini xatırlatmalıyıq. Qeyd etməliyik ki, V.Jirmunski
dünya ədəbiyyatını vahid ədəbi proses
müstəvisində araşdıran, dünya
xalqlarının folklorunda ortaq cəhətlərin
olmasını qarşılıqlı təsirdən daha
çox sosial-etnoqrafik mühitin, həyat və
düşüncə tərzinin oxşarlığında
axtaran alimlərdəndir. O alimlərdəndir ki, Qərblə
Şərqin tam fərqli mədəni məkanlar olması qənaətini
qəbul etmək istəmir. V.Jirmunski bir vaxtlar şair Kiplinqin
dediyi:
Bəli,
Qərb Qərbdir, Şərq də Şərq,
Və
onlar heç vaxt qovuşmazlar -
sözlərini yanlış bir fikrin ifadəsi sayır və bu fikrin
yanlışlığını Şərq və Qərb qəhrəmanlıq
eposlarının timsalında bir daha sübuta yetirməyə
çalışır. Şərq - Qərb
oxşarlığı və ortaqlığını əsaslandırmaqda
V.Jirmunskinin üz tutduğu mühüm faktlar sırasında
beynəlxalq obraz, motiv və süjetlər xüsusi yer tutur.
Məğlubedilməz qəhrəman, sehrli at və
sehrli qılıncla bağlı epos motivlərinin hind-Avropa mənşəli
olmasına dair mülahizələri birtərəfli
mülahizələr kimi qiymətləndirən alim diqqəti
Şərq folkloruna, xüsusən də türk və monqol
eposlarına yönəldir və qeyd etdiyimiz motivlərin bu
xalqlara məxsus dastanlarda daha əhatəli şəkildə əks
olunmasını səciyyəvi misallarla ortaya qoyur. Bu, həmin
“əhatəlilik” məsələsidir ki, vaxtilə yunan
Polifemi ilə oğuz Təpəgözünü müqayisə
edərkən alman şərqşünası Fridrix fon Ditsin də diqqətini cəlb etmişdi.
Yunan hekayətindən fərqli olaraq, oğuz hekayətində
qeyri-adi varlığın doğulandan ölənə qədərki
həyatının əhatəli təsvir edilməsinə əsaslanan
Fridrix fon Dits Təpəgözü Polifemdən
daha ilkin obraz saymışdı. Fridrix fon
Dits kimi, Viktor Jirmunski də “Dədə Qorqud”dan və
bütövlükdə türk eposundan böyük ehtiramla
danışır. Ən başlıcası isə
odur ki, V.Jirmunski dünya eposunun arxaik qatlarını dərindən
və hərtərəfli öyrənməkdə türk
nağıl və dastanlarının mühüm əhəmiyyət
daşımasını xüsusi olaraq vurğulayır. Qərb eposunu Şərq eposu ilə
qarşılıqlı əlaqədə araşdırmaq
V.Jirmunskinin ümumiləşdirmələr aparıb
mühüm qənaətlərə gəlmək
imkanını xeyli dərəcədə artırır.
Alimin Şərq və Qərb eposları ilə
bağlı müşahidə və mülahizələri bu
günün özündə dastan qəhrəmanları ətrafında
gedən mübahisələrin sağlam məcraya yönəlməsinə
öz təsirini göstərir. Bu gün bizdə
müzakirə və mübahisə hədəfinə
çevrilən dastan qəhrəmanlarından biri
Koroğludur. Koroğluda triksterlik (yeri gəldikcə
hiyləyə əlatma) əlamətləri, Koroğlunun
yarıciddi-yarızarafat tərzdə “igidlik ondur, doqquzu
qaçmaq” deməsi, ayrı-ayrı vilayətlərdən
hökmdar qızlarını götürüb aparması bir
çox hallarda düzgün anlaşılmır. Bu anlaşılmazlığın başlıca səbəbi
epos qayda-qanununu lazımınca nəzərə almamaqda, Koroğluya
uzaq keçmişin yox, bu günün gözü ilə
baxmaqda, Koroğlunu bugünkü milli qəhrəman
ölçü-biçisində görməkdədir. Ağıl işlədib düşmənə kələk
gəlməyin arxaik düşüncədə güc-qüvvət
işarəsi olması barədə az-çox söhbət
açıldığına görə
qızqaçırma məsələsinə ötəri
toxunmaqla kifayətlənmək istəyirəm. Əvvəla,
onu xatırladıram ki, Qərbi Avropa və Cənubi slavyan
eposundan qızqaçırma motivini əks etdirən və
V.Jirmunskinin də diqqətini cəlb edən neçə-neçə
epizoda əsaslanıb, bu motivin yalnız Şərq yox, həm
də Qərb üçün səciyyəvi olmasına
inanmaq lazımdır.
Qəhrəmanlıq eposunda tez-tez
qarşılaşdığımız qızqaçırma
motivinin arxaik mahiyyətinə varmaq üçünsə həmin
motivin nağıllardakı semantikasını nəzərə
almaq kifayətdir. Nağıllarda gözəlləri
qaçırıb əsir-yesir edən divlər, əjdahalardır.
Həm div, həm də əjdaha
ölümün rəmzidir. Divin və əjdahanın
gözəli qaçırması ölümün gözəli
götürüb aparması mənasındadır. Amma belə mənalandırmaya əsaslanıb epos qəhrəmanını
da ölüm rəmzi saysaq, əlbəttə, səhvə
yol vermiş olarıq. Heç şübhəsiz,
epos qəhrəmanı ölümə qarşı
çıxan qəhrəmandır. Onun
hansısa yad eldən gözəli qaçırması
gözəli ölümün caynağından qurtarması
deməkdir. Qəhrəmanın
nağılda gözəli divin əlindən, yaxud əjdahanın
ağzından xilas etməsi nədirsə, qəhrəmanın
eposda gözəli zalım hökmdar sarayından
götürüb aparması da arxaik mənasına görə
odur. Belə olmasaydı, yəni epos qəhrəmanı
xilasetmə funksiyası daşımasaydı, gözəl, namə
göndərib epos qəhrəmanına “əgər igidsənsə,
gəl apar məni” deməzdi.
“Xalq qəhrəmanlıq eposu” bir tərəfdən səyyar motivlərin bu cür araşdırılması üçün zəngin elmi mənbə rolunu oynayırsa, başqa bir tərəfdən diqqəti az öyrənilmiş məsələlərə yönəldir. Söyləyicilik məsələsi belə məsələlər sırasındadır. Dastanı söyləyən el sənətkarı kimdir, o, necə yetişir, hansı forma, üsul və vasitələr hesabına dastan ifaçılığının incəliklərinə vara bilir? Söyləyicilik məsələsini öyrənmək bu tipdə suallara elmi cavab verməkdən keçir. Sualların ən düzgün cavabı isə söyləyici dediyimiz el sənətkarının özündədir. Avropada bu sənətkar yaşanmış tarix, bizdə isə həm yaşanmış tarix, həm də bu gündür. Yəni bu gün aşıq adlı dastan ifaçısı yaşamaqda, gözümüzün qabağında fəaliyyət göstərməkdədir. Biz istəsək, münasib imkan və şərait yaratsaq, həmin sənətkar özünü kökləyib, “Koroğlu”dan, “Abbas-Gülgəz”dən saatlarla danışa, dastan üstündə, ənənəyə uyğun şəkildə çalıb-oxuya bilər. Avropa xalqlarından fərqli olaraq, bizdə və Orta Asiya xalqlarında dastanı canlı ifada dinləməyin və qeydə almağın mümkün olması V.Jirmunskinin də ciddi marağına səbəb olur və o, dünya eposunun açılmayan sirlərinin açarını türk dastan ifaçılığında görür: “Orta Asiya xalqları ... el sənətkarlarının... ifasında yaşayan zəngin və canlı xalq eposu xəzinəsilə haqlı olaraq fəxr edirlər. Elmi baxımdan biz burada bütövlükdə epos probleminə açar olduğunu görürük. Antik, Ortaçağ Qərbi Avropa, hind və İran eposları bizə yazılı abidələr vasitəsilə gəlib çatmışdır və bu eposların təbiəti yalnız günümüzdə yaranan və ifa olunan eposla müqayisədə aydınlaşır”. Yeri gəldikcə “Dədə Qorqud” və “Koroğlu” eposlarından bəhs etməklə, kitabda iki böyük oçerki ayrıca Orta Asiya xalqlarının epik yaradıcılığına və bu xalqlardakı epos ifaçılığına həsr etməklə, Orta Asiyanın əsas dastan söyləyiciləri olan baxşılardan, onların ustad - şəyird (şagird) münasibətlərindən geniş söhbət açmaqla V.Jirmunski bizlərə qədirşünaslıq nümunəsi göstərir, bu gün aramızda yaşayan el sənətkarlarının böyük bir ənənə və mədəniyyət daşıyıcısı olduğunu bir daha yadımıza salır.
Dastan ifaçıları barədə təsəvvürün inanclar sistemindən gəldiyini xüsusi vurğulayan V.Jirmunski baxşıları şamanlara bənzədir, şamanlar kimi baxşıların da vergili adamlar olması və ilahi missiya yerinə yetirməsi ilə bağlı arxaik düşüncələri xatırlatmağı vacib bilir. Şifahi söz sənətində özünə möhkəm yer tutmuş bu arxaik düşüncə tərzinin sonradan yazılı ədəbiyyata keçməsindən danışarkən V.Jirmunski türkmən şairi Məhdimqulunun dini müqəddəslərə, rus şairi Puşkinin muzalara üz tutması, hər iki sənətkarın öz ilhamını ilahi mənşəyə bağlaması faktlarına nəzər salır. Bu kimi faktların bizim şifahi və yazılı sənətimiz üçün də səciyyəvi olmasını, “soy soylayan, boy boylayan” Dədə Qorqudun həm də bir övliya olub, gələcəkdən dürlü xəbərlər verməsini ayrıca xatırlatmağa ehtiyac görmədən bir məsələyə ötəri toxunub, yazını tamamlamaq istəyirəm. Ötəri toxunmaq istədiyim məsələ şairliyin Allah vergisi olmasının bu gün bayağı şəkildə dilə gətirilməsidir. Bir də görürsən “Şeiri necə yazırsınız?” sualı verilər-verilməz şairin cavabı belə olur: “Mən şeirin üstündə düşünüb-daşınmıram, şeir gəlir, oturub birnəfəsə yazıram”. Bir yox, iki yox, neçə-neçə şairin dilindən bu sözləri eşidib fikrə gedirsən: doğrudanmı şeir yazmaq beləcə su içmək kimi asan bir işdir? Əlbəttə, şeir yazmaq asan iş deyil və Allah vergisi saydığımız istedad ağır zəhmət dediyimiz bir xəmirlə yoğrulmasa, əsl şeirin yaranmasından söhbət gedə bilməz. Bu fikir, təbii ki tərcüməçilik sənətinə də aiddir. “Xalq qəhrəmanlıq eposu”nun tərcüməsi istedad və gərgin əmək hesabına başa gəldiyinə görə rahat oxunur və aydın başa düşülür.
Muxtar
KAZIMOĞLU
525-ci qəzet.- 2017.- 28 oktyabr.- S.16.