“Elçin.
Yazıçının yaradıcılıq yolu”
təqdim olundu
Oktyabrın 26-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında akademik Nizami Cəfərovun Xalq yazıçısı Elçinin
həyat və yaradıcılığına həsr
etdiyi “Elçin. Yazıçının yaradıcılıq yolu” kitabının təqdimat mərasimi keçirilib.
Mədəniyyət və Turizm Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı
ilə keçirilən
tədbirdə ölkənin
tanınmış elm, mədəniyyət
və ictimai xadimləri, media nümayəndələri
iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları
kitabxananın nəzdində
“Açıq kitabxana”da
elektron kitab köşkü ilə tanış olublar.
Tədbiri giriş nitqi ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov N.Cəfərovun elmi yaradıcılığının önəmindən danışıb,
bu kitabın mükəmməl bir tədqiqat əsəri olduğunu bildirib. K.Tahirov çağdaş
nəsrimizin və dramaturgiyamızın görkəmli
nümayəndəsi olan
Xalq yazıçısı
Elçinin əsərlərinin
təkcə Azərbaycanda
deyil, həm də dünya ədəbiyyatında xüsusi
yer tutduğunu, yaradıcılığının xalqın dərin məhəbbətini qazandığını
bildirib: “Ötən əsrin 60-70-ci illərində
Elçinin dadlı-duzlu,
real həyatdan qaynaqlanan
hekayələri necə
maraqla oxunurdusa, bu gün onun
yazdığı hekayələr,
xüsusilə də tarixi romanlar eyni həvəslə oxucular tərəfindən
mütaliə edilir, sevilir. Onun bədii
yaradıcılığının janr müxtəlifliyi də ümumi yaradıcılıq istedadının
çoxşaxəliliyi qədər
diqqəti cəlb edir: hekayə, povest, roman, dram və bu müxtəliflikdə aydın görünən
bir özünəməxsusluq
meyarı. Ədəbiyyata hekayəçi kimi
gəlmiş Elçin
1960-70-ci illərdə bu
janrın böyük
ustası kimi tanınaraq sonrakı onilliklərdə də hekayə yaradıcılığını
yüksələn xətlə
davam etdirib. Lakin 70-ci illərdə povest, 80-ci illərdə roman, 90-cı illərdə
isə dram onun bədii təfəkküründə
hekayə ilə ciddi rəqabətə girməklə daha çox önə çıxa bilib”.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışının
əvvəlində son zamanlar
Milli Kitabxanada keçirilən tədbirlərdən
söz açıb, qeyd edib ki,
bu məkanda reallaşan kitab təqdimatları xüsusi
əhəmiyyətə malikdir. Daha sonra nazir yeni
nəşrin bədii-poetik,
nəzəri məziyyətlərindən,
hər iki qələm adamının
yaradıcılığının özünəməxsus keyfiyyətlərindən
söz açıb:
“Böyük bir alimin - Nizami Cəfərovun Xalq yazıçısı Elçin
haqqında yazdığı
bu kitab görkəmli ədibin fəaliyyətinə yüksək
diqqət və qiymətin göstəricisidir.
Müəllif burada yazıçının
yaradıcılığını geniş şəkildə,
ədəbi dolğunluqla
təqdim edir. Elçinin Azərbaycan xalqının,
dövlətinin tarixində
özünəməxsus yer
tutması ilk növbədə
ədəbi fəaliyyəti
ilə bağlıdır.
Onun əsərləri
öz dəyərini itirmir və yaratdığı obrazlar
da hər dövr üçün aktualdır. Nizami Cəfərovun yazdığı
bu kitab bir daha bizə
Elçinin ədəbi
fəaliyyətini təhlil
etmək və onun yaradıcılığı
haqqında düşünmək
üçün istiqamət
verir. Elçinin yaradıcılığı hələ uzun zaman çoxsaylı tədqiqatların mövzusu
olacaq”.
AMEA Nizami adına
Ədəbiyyat İnstitutunun
şöbə müdiri
Tehran Əlişanoğlunun Xalq yazıçısı
Elçinin yaradıcılığı
haqqında və yeni kitabla bağlı
geniş məruzəsi
dinlənilib. Məruzəçi
bildirib ki, Elçin ədəbiyyatımızın
canlı klassiklərindəndir,
onun haqqında yazmaq, həm də müasir, çağdaş ədəbiyyat
haqqında yazmaq deməkdir: “Nizami Cəfərov bu kitabında yazıçının
bütün yaradıcılığını
təhlil edib, ona yeni kontekstdə
yanaşıb”.
AYB-nin Birinci katibi, Xalq şairi
Fikrət Qoca Elçinin yaradıcılığına
yaxından bələd
olduğunu bildirərək,
onun əsərləri
barədə yüksək
fikirlər söyləyib. Yazıçının
peşəkar ədəbiyyatçı
kimi də davamlı çalışdığını
deyən F.Qoca Elçinin
çoxşaxəli fəaliyyətinin
onu heç zaman yaradıcılıq axtarışlarından uzaqlaşdırmadığını
diqqətə çatdırıb.
Nazirlər Kabineti yanında
Tərcümə Mərkəzinin
rəhbəri, yazıçı
Afaq Məsudun fikrincə, belə bir kitabın ərsəyə gəlməsi
ölkəmizin ədəbi
mühitində çox
əlamətdar hadisədir:
“Bu kitabı ədəbi
nəzəriyyəçilik və ədəbi dilin işlədilməsi baxımından mühüm
bir hadisə kimi qiymətləndirirəm.
Kitab akademik üslubdan uzaq yaradıcı yanaşmanın məhsuludur.
Elçin müəllimin yaradıcılığı
haqqında çox danışılıb. Onun əsərləri
kodlarla, sirlərlə
doludur. Hansı ki, bu, böyük kütlə üçün müəmmadır.
Buna görə də onun yaradıcılığı
sonsuza qədər müraciət edilməli və tədqiq olunmalı mənbədir.
Bu kitab, eyni
zamanda, onun yaradıcılığının ümumi mənzərəsini
əks etdirir, yeni yanaşmada təqdim edir”.
Xalq şairi
Nəriman Həsənzadə
bildirib ki, Elçin təkcə ədəbiyyatşünas, böyük
alim kimi deyil, həm də ictimai xadim kimi qaynar
fəaliyyəti olan ziyalıdır. Elçinin dünya səviyyəli bir yazıçı olduğuna diqqət çəkən N.Həsənzadə
bildirib ki, onun yaradıcılıq aləminin sərhədləri
sonsuzdur və burada hər bir tədqiqatçının
faydalana biləcəyi
kifayət qədər
zəngin material var: “Əsas mənbə onun bənzərsiz, mükəmməl və tükənməz istedadıdır”.
Çıxışında Elçinin son illərdəki əsərlərinə,
xüsusən “Baş”
romanına xüsusi diqqət ayıran professor
Təhsin Mütəllimov
deyib ki, bu roman müasir Azərbaycan ədəbiyyatının
ən yaxşı nümunələrindəndir: “Elçin
müəllim yazıçıya
vacib olan iki xüsusiyyətə - cəsarət və səmimiyyətə sahibdir.
Onun nəsrinin bir mühüm məziyyəti
də qeyri-adi təhkiyəsidir. Bu haqda da Nizami
Cəfərov öz kitabında ətraflı bəhs edir. Elçin müəllim mənəviyyata
böyük önəm
verən, insanı yüksək amallara səsləyən sənətkardır”.
Kitabın həm obyekti, həm də müəllifi baxımından
ona doğma olduğunu deyən
professor Cahangir Məmmədli
vurğulayıb ki, Elçin Azərbaycanda ədəbiyyatı ən
çətin zamanlarda
qürurla yaşadan görkəmli söz və qələm adamıdır.
Tanınmış ədəbiyyatçılardan Buludxan Xəlilov, Rüstəm Kamal, Azər Turan, İntiqam Qasımzadə,
Nərgiz Cabbarova, Misirin ölkəmizdəki
səfirliyinin Mədəniyyət
və Təhsil Əlaqələri Mərkəzinin
direktoru Əhməd
Sami Elaydi çıxış
edərək kitabın
məziyyətləri, Elçinin
yaradıcılığı, yeni nəşrin elmi-tədqiqat mənbəyi
kimi mükəmməlliyi
barədə fikirlərini
bölüşüblər.
Elçinin yarım əsrdən artıq bir dövrü əhatə edən zəngin yaradıcılıq yolundan
söz açan natiqlər görkəmli yazıçını müasir
Azərbaycan ədəbiyyatının
parlaq nümayəndəsi
kimi xarakterizə ediblər. Onun ayrı-ayrı əsərlərinə,
yaradıcılıq yolunun
fərqli dövr və ya mərhələlərinə,
eləcə də, ümumən yaradıcılığına
nəzər salan çıxışçılar bu yeni kitabı
da həmin nöqteyi-nəzərdən yüksək
dəyərləndiriblər. İndiyədək Elçin haqqında
yüzlərlə kitabın,
tədqiqat əsərinin
işıq üzü
gördüyünü söyləyən
natiqlər bildiriblər
ki, N.Cəfərov bütün keçilmiş
yola yeni nəzər salmaqla yazıçını əksəriyyətin
başa düşəcəyi
dildə təqdim etməyi bacarıb.
Bütün iştirakçılara və dəyərli fikirlərə görə çıxışçılara minnətdarlığını bildirən müəllif - akademik Nizami Cəfərov deyib ki, kitab hazırlanarkən Elçinin bütün əsərlərini yenidən mütaliə edib. Müəllif böyük ədibi müasir ədəbiyyatda bir fenomen hesab etdiyini, onun ədəbi istedadının arxasında zəngin, mənalı, mükəmməl bir həyat yolunun olduğunu söyləyərək bunu yazıçının çox kiçik yaşlarından qaynar söz mühitində olması ilə əlaqələndirib: “Kitab yazıçı Elçin haqqındadır. Elçin heç yerdə əsərlərini təhlil etmir, dövrü, əhval-ruhiyyəsi haqqında danışır. Mənim üçün maraqlı idi ki, görüm yazıçı özü haqqında nə deyib. Elçin Azərbaycanı dünya miqyasında təmsil edəcək ədiblərdəndir. O, ədəbiyyatın yaradıcısı, araşdırıcısı olduğu qədər də təəssübkeşidir. Ədəbiyyatımızın təəssübkeşi olan bu böyük yazıçı ilə bağlı hələ çox əsərlər yazılacaq, dissertasiyalar müdafiə ediləcək. Ədəbiyyatımızın buna ehtiyacı var”.
Akademikə minnətdarlığını bildirən Xalq yazıçısı Elçin qeyd edib ki, bu kitab ədəbiyyatşünaslıqla tənqidin kəsişdiyi məqamın ifadəsidir: “Bu iki məfhumun yaxınlığı haqqında müxtəlif fikirlər səslənsə də, düşünürəm ki, yeni nəşr o nöqtəni göstərən əyani vəsaitdir. Burada həm ədəbiyyatşünas tədqiqatına, həm də ədəbi tənqidə yer verilib. Ədəbiyyatşünaslığın tədqiqinə və ədəbi tənqidə biganə olmayan biri kimi müəllifə xüsusi minnətdarlığımı bildirir və təbrik edirəm”.
Nazir Ə.Qarayevə və Milli Kitabxananın direktoru K.Tahirova xüsusi təşəkkür edən yazıçı deyib ki, Mədəniyyət Nazirliyinin ədəbiyyata olan diqqəti və sevgisi təqdirəlayiqdir: “Nazirlik ən çətin zamanlarda belə, ədəbiyyatın yanında yer alır, yaxşı kitabların çapına xüsusi dəstək göstərir. Bu diqqətə görə Milli Kitabxananın rəhbərliyinə də təşəkkür edirəm. Onlar da hər zaman ədəbiyyatımızın inkişafına çalışırlar. Mən arzu edərdim ki, bu cür dəyərli əsərlər tez-tez yazılsın və biz də gəlib burada ədəbiyyat haqqında söhbətlər edək”.
Sonda iştirakçılar Xalq yazıçısı Elçinin kitablarından ibarət sərgiyə baxıblar.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2017.- 28 oktyabr.- S.14.