"Nənələr ərə gedir" - ədəbi və teatral
yaradıcılıq uğuru
Mingəçevir Dövlət Dram Teatrının
quruluşunda gənc yazıçı-dramaturq Pərvinin
F.Bulyakovun eyniadlı pyesindən bəhrələnərək
qələmə aldığı
"Nənələr ərə
gedir" dramatik komediyasını maraqla izlədim.
İndiyədək Pərvinin bir neçə pyesinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar
teatrının səhnəsində
quruluş verilib. "Qoğalın sərgüzəştləri",
"Dəcəl keçi",
"Mauqli" pyesləri
bu sıradadır,
"Sonuncu" pyesi isə Yuğ Dövlət teatrının
səhnəsində oynanılıb.
Onun
"Nənələr ərə
gedir" dramatik komediyası da maraqlı səhnə əsərlərindən biridir.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Pərdə açılar-açılmaz səhnədə
böyük bir coşqu, dinamika hiss olunmaqdadır. Hadisələr bir məkan
çərçivəsində - müalicə və istirahət sanatoriyasının
palatasında cərəyan
edir. Bu palatada
dörd fərqli taleli qadın 21 günlük müalicə
və istirahətə
üçün yerləşib,
onlar həyatlarında
baş verən hadisələri bir-birilərinə
danışmaqla həm
də özlərinin
dünyagörüş və
maraqlarını nümayiş
etdirirlər. Pərvin
hadisələri yeni bir baxış bucağından, elə çevik və ardıcıl formada təqdim edir ki, bir an
da səhnədən gözünü çəkmək
istəmirsən. Çünki səhnədə sürətlə
baş verən olaylara laqeyd qalmaq olmur və
hər bir obrazın təqdimatı hədsiz maraq doğurur.
Tamaşada Əməkdar artist Ella Yaqubova
Məsi obrazını
ifa edir.
Obraz 75 yaşında,
qulağı ağır
eşidən, az danışan, amma hərdən keçmiş eşq macəralarını yada salıb qırıq-kəsik
nələrsə deyən
bir fərd kimi göstərilsə də, aktrisanın səhnədə etdiyi improvizələr obrazın
tam şəkildə açılmasına
təkan verir.
Aktrisa Afət
Əliyevanın yaratdığı
Leyla obrazı tamaşanın əsas xəttində aparıcı
sima olaraq, baş verən hadisələrin mərkəzində
göstərilir. Səhnədə Leyla 60 yaşında
bir qadın kimi təqdim edilir, A.Əliyeva çox ustalıqla onu yaşa dolmağı
boynuna almayan, özünü bəzən
yüngülməcaz bir
fərd kimi aparan, gənclik ehtirasıyla yaşayan obraz kimi canlandırır.
Hadisələrin gedişi zamanı
bəlli olur ki, bu qadın
üç dəfə
ərə gedib, dördüncünün axtarışındadır.
Onun bu namizəd axtarışları çox
maraqlı bir detalla qabardılır.
Belə ki, aktrisanın Azərbaycan xəritəsi
qarşısında bölgələr
üzrə var-gəl
etməsi və bu bölgələri xəritə üzərində
ürək şəkilləri
ilə bəzəməsi
dolğun bir detal kimi diqqəti
çəkir.
Tamaşadakı maraqlı obrazlardan biri də Əməkdar
artist Şıxı Yaqubovun
yaratmış olduğu
Əjdərdir. Əjdər əvvəllər ədəbiyyat müəllimi
olub. Sonradan məktəb direktoru
ilə dava etdiyindən işdən çıxmaq məcburiyyətində
qalıb. İndi isə
evlərdə xırda
işlər görür,
santexnika ilə bağlı problemləri həll edir. Əjdər subaydır və heç ailə qurmayıb. Bunu bilən dörd
qadın onun, sözün əsl mənasında, başının
bəlasına çevrilirlər.
Əjdər bu dörd qadınla onların xarakterlərinə uyğun
davranmaq məcburiyyətindədir.
Məlum
olur ki, Əjdər əl çantasının içində
bir qadın tuflisi gəzdirir. Onun 30 illik arzusudur ki, bu tufli
kimin ayağına olacaqsa, onunla da ailə həyatı
qursun. Qadınlar
arasındakı çəkişmə
sonda tuflinin 75 yaşlı Məsi arvada qismət
olması ilə nəticələnir. Ancaq bu da son deyil. Əjdərin axtarışına çıxan Cavan qızın (aktrisa Aytən Allahverdiyeva) sanatoriyaya, bu palataya gəlməsi onun yalanlarının ifşasına şərait
yaradır.
Aktrisa Ruhəngiz
Abdullayevanın oynadığı
Məryəm obrazı
da diqqəti cəlb edir. Obraz bu aktrisanın təqdimatında hər zaman düzgünlük sevən, sözü üzə deyən, bir az sərt, bir az da kişi
xarakterli qadın təsiri bağışlayır.
O, qadınlar arasında
söhbətlər zamanı,
digərlərindən fərqli
olaraq, bir dəfə ailə həyatı qurduğunu deyir. Mərhum həyat yoldaşının
çox gözəl sənətkar, rəssam olduğunu bildirən qadın, ailədə xoşbəxt taleli birisi olmadığını
söyləsə də,
keçmiş həyat
yoldaşının sevgisinə
hər zaman sadiq qaldığını
bildirir. Əjdərin gəlməsi onun da həyatında bəzi məqamları dəyişir.
Tamaşa boyu maraqla izlənilən
obrazlardan biri də Sərvinazdır (aktrisa Elmira İbrahimova). O, 67 yaşlı
bir qadın, heç vaxt ailə qurmayan, ömrünü bacısı
uşaqlarına həsr
edən, həyatda iddiasız, sakit, təmkinli və bir qədər də sevgi macəralarından
uzaq obraz kimi göstərilir. Sevgi macaralarından söhbət
düşərkən xarakterində
olan yumor hissi aktrisanın məharətli oyun tərzi ilə səhnədə daha da qabarıq nəzərə çarpır
və maraqlı detallarla tamaşaçıya
təqdim olunur.
Quruluşçu rejissor Bəhram Osmanov cərəyan edən hadisələr fonunda xarakterləri açmaq, konkret baş verən hadisələri çözmək
üçün mümkün
vasitələrdən böyük
ustalıqla istifadə
edib. O, səhnədə hadisələr
inkişaf etdikcə insanları və onların baş verənlərlə əlaqəsini
aydın göstərmək
üçün detalları
seçib ümumiləşdirir,
səciyyəvi saydığı
cəhətlərin daha
qabarıq verilməsinə
nail olur. Bu da
tamaşanın daha da baxımlı olması üçün
böyük zəmin yaradır. Rejissor maraqlı səhnə
mizanları ilə müəllif fikrinin tam formada açılmasını
təmin edir, özünəməxsus gedişlərlə
tamaşaçını bir
daha "Gülüşə
yalnız əyləncə
vasitəsi kimi baxmaq olmaz" ideyasına istiqamətləndirir.
Quruluşçu rəssam Kəmalə Əsgərovanın maraqlı
tərtibatı pyesin rejissor traktovkası ilə mütənasiblik təşkil etməklə,
ideya-bədii dəyərinin
artırılmasına töhfə
verir. Rəssam öz tərtibatında
dörd pəncərədən
istifadə etmişdir.
Bu pəncərələrin ikisi bütöv, ikisi isə sınıqdır və ağ rəngə
boyanıb. Pəncərələrin
ağ rəngə
boyanması dörd qadının daxili dünyalarının bəyazlığı
qədər həm də xəyal qırıqlığını simvollaşdırır. Musiqi tərtibatçısı
Elnur Rəsulovun seçimləri də tamaşanın uğurlu səhnə həllinə
müsbət təsir
edib.
Sonda qeyd edim ki,
Mingəçevir Dövlət Dram Teatrının
səhnəsindəki "Nənələr
ərə gedir" tamaşası, müəllif
və quruluşçu
rejissor başda olmaqla, bütün yaradıcı heyətin önəmli uğuru kimi diqqət çəkir.
Anar BÜRCƏLİYEV
Teatrşünas
525-ci qəzet.- 2017.- 31 oktyabr.- S.8.