Bir nöqtənin yeri səhv düşəndə

 

VƏ YA FÜZULİNİN BİR QİTƏSİNDƏKİ BİR SÖZ HAQQINDA

 

 

Xalqımızın mənəvi sərvətləri sırasında özəl yeri və çəkisi olan əlyazma kitabları, xüsusilə də orta əsrlərə aid türkcə mətnlər üzərindəki müşahidələr göstərir ki, dövrün bir sıra katibləri ayrı-ayrı hallarda müəyyən imla səhvlərinə yol vermiş və nəticədə əsl müəllif mətninə xələl gətirmişlər.

 

Buna nümunə kimi ana kitabımız "Kitabi-Dədə Qorqud" eposunu nümunə göstərmək olar. Ömrünün 30 ildən çoxunu bu bənzərsiz abidənin araşdırmasına həsr etmiş tanınmış qorqudşünas alim Şamil Cəmşidov vaxtilə məntiqi yanaşma və zahiri bənzərlik üsuluna əsaslanaraq dastanın Drezden əlyazmasında 300-dən çox sözün katib xətası nəticəsində səhv yazıldığını müəyyən etmişdi. Görkəmli Türkiyə alimi professor Mustafa Kaçalin də bu il Ankarada işıq üzü görmüş "Oğuzların diliyle Dedem Korkudun kitabı" adlı sanballı araşdırmasında dastanın Drezden əlyazmasında bu qəbildən olan çoxlu sayda sözləri aşkara çıxarmış və onların mətndə açıq-aşkarcasına səhv yazıldığını sübuta yetirmişdir.

 

Bütün türk dünyasının iftixarı, fəxri dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığının zirvələrindən sayılan türkcə divanındakı bəzi şeirlərin müxtəlif əlyazmalardakı fərqli variantları da məhz orta əsr katiblərinin əsl mətnə müdaxiləsinin, bəzi hallarda qədim türk sözlərinin mənalarını anlamamasının, bəzən də bilərəkdən ayrı-ayrı sözləri dəyişdirməsinin nəticəsi olaraq ortaya çıxmışdır. Buna nümunə olaraq böyük söz ustadına dünya şöhrəti gətirən türkcə divanının dibaçə (müqəddimə, giriş) hissəsində yer alan aşağıdakı məşhur şeir parçasını göstərmək olar:

 

Qələm olsun əli ol katibi-bədtəhririn

Ki, fəsadi-rəqəmi sözümüzü şur eylər.

Gah bir hərf süqutilə qılur nadiri nar,

Gah bir nöqtə qüsurilə gözü kur eylər.

 

Nümunədə seçdirdiyimiz - kursivlə verdiyimiz sözümüzü kəlməsi Azərbaycanda birmənalı şəkildə yalnız bu variantda qəbul olunmuşdur. Aydınlıq üçün qeyd edək ki, Füzuli divanının Azərbaycanda işıq üzü görmüş çoxsaylı nəşrləri sırasında görkəmli Azərbaycan ədəbiyyatşünası, Füzuli irsinin dərin bilicisi, böyük ustad akademik Həmid Araslının 1958-ci ildə hazırladığı Məhəmməd Füzuli əsərlərinin birinci cildi (divan bu cildə daxildir) hal-hazırda da ən mötəbər qaynaq sayılır. Füzuli divanının yeddi qədim əlyazması əsasında hazırlanmış həmin nəşrdə yuxarıdakı söz məhz bu şəkildədir və kitabda onun digər variantı haqqında  heç bir izahat verilməmişdir. Yeri gəlmişkən qeyd edək ki, divanın bu nəşri əsasında Bakıda hazırlanmış 2005-ci il çapında həmin söz suz şəklində göstərilmiş, lakin bu barədə heç bir açıqlama, izahat verilməmişdir.

 

Füzuli divanının 1996-cı ildə Bakıda 9 əlyazma nüsxəsi və iki qədim çapı əsasında ərəb əlifbası ilə hazırlanmış elmi-tənqidi mətnində isə yuxarıdakı nümunədə seçdirdiyimiz söz elə bu şəkildə verilsə də, kitabın nüsxə fərqləri hissəsində onun 1674-cü ildə köçürülmüş bir əlyazma nüsxəsində surumuzı variantının olması da göstərilmişdir. Qeyd edək ki, elmi-tənqidi mətnin tərtibçisi Hacı Mail Əliyevin yazdığı kimi Bakıda Əlyazmalar İnstitutunda saxlanılan bu əlyazmanın (şifri C-92) katibi Hacı Məhəmməd "özünü klassik şeirin mahir bilicisi, dahi Füzuli yaradıcılığının vurğunu, divan ədəbiyyatının xiridarı, istedadlı xəttat və geniş dünyagörüşə malik mətnşünas kimi göstərmişdir". Tədqiqatçının bu sözləri açıq-aşkar şəkildə sübut edir ki, Füzuli divanının sözügedən Bakı nüsxəsi mötəbər qaynaqdır və onun katibi yüksək savad sahibi bir şəxs olmuşdur. Məhz buna görə də həmin əlyazmadakı variant da diqqətdən kənarda qalmamalıdır.

 

Füzuli divanının yenə həmin ildə Tehranda 10 əlyazma və 1 çap nüsxəsi əsasında hazırlanmış tənqidi mətnində də (tərtibçi: Əmin Sədiqi) sözügedən nümunədəki sözümüzü leksemi əsas variant kimi qəbul edilmiş, lakin kitabdakı nüsxə fərqlərinin yer aldığı hissədə onun üç əlyazma nüsxəsində surumuzu şəklində olması da göstərilmişdir (Füzuli. Türkcə divanı, Tehran, 1996, səh. İ). Qeyd edək ki, kiril əlifbası ilə nəşr olunmuş və çoxlu orfoqrafik səhvlərin yer aldığı həmin kitabda bu söz nüsxə fərqləri sırasında da yanlış olaraq sözümüzü şəklində getmişdir ki, bu da açıq-aşkar texniki səhv kimi qəbul edilməlidir. Aydındır ki, sözün hər iki  variantı eyni olsaydı, onda nüsxə fərqinin göstərilməsinə heç ehtiyac da olmazdı.

 

Füzulinin türkcə divanının Türkiyədə hazırlanmış nəşrlərinə gəldikdə isə, onlar sırasında 1958-ci ildə Ankarada işıq üzü görmüş "Füzuli. Türkcə Divan" kitabı ən mötəbər qaynaq sayılır. Professor Kənan Akyüz, doktor Sedit Yüksəl, doktor Müjgan Cunbur və Süheyl Beken tərəfindən hazırlanmış bu nəşrdə Füzuli divanının 68 əlyazma nüsxəsindən istifadə olunmuşdur. Qeyd edək ki, yuxarıda adını çəkdiyimiz Füzuli divanının Tehran nəşrinin tərtibçisi Əmin Sədiqi də tənqidi mətndə bu nəşrdən istifadə etmiş və onu yüksək dəyərləndirərək yazmışdır: "Bu nəşr nüsxəsini ən mötəbər nəşrlərdən hesab edirik". Divanın sözügedən Türkiyə nəşrində yuxarıdakı şeir parçasında məqalədə seçdiyimiz söz surumuzı şəklindədir və kitabda onun digər variantının olması haqqında heç bir qeyd yoxdur.

 

Şeirdəki bu iki sözdən (sözümüzü, surumuzı) hansının doğru variant olması məsələsinə aydınlıq gətirmək üçün ilk növbədə Füzuli divanının dibaçə (müqəddimə, giriş) hissəsinə diqqət yetirmək lazım gəlir. Böyük söz ustadı divanın nəsrlə qələmə alınmış dibaçəsində həmin şeir nümunəsini verməzdən öncə üzünü ulu Tanrıya tutaraq Yaradandan onu üç qisim insandan qorumağı təmənna edir: savadsız katibdən; nəzmi nəsrdən seçə bilməsə də, özünü istedad sahibi sayan şəxsdən və həsəd əhlindən-paxıldan. Füzuli burada savadsız katibdən söz açarkən öncə nəsrlə yazır ki, bu peşə sahibi bacarıqsızlığı və savadsızlığı üzündən "gah bir nöqtə ilə məhəbbəti mehnət göstərər və gah bir hərf ilə neməti nəqmət (kursiv bizimdir - M.N.) oxudar. Aydınlıq üçün qeyd edək ki, məhəbbət və mehnət (möhnət, əzab, dərd, qəm), eləcə də nemət və nəqmət (işkəncə, əzab, cəza) sözlərinin ərəb əlifbası ilə yazılışı bir nöqtənin yeri ilə fərqlənir. Belə ki, məhəbbət sözündəki "be" hərfinin altında olan nöqtə həmin hərfin yuxarısında qoyulsa, onda bu söz mehnət oxunar. Eləcə də bu qayda ilə nemət sözündəki ikinci - əyn hərfinin üstündə iki nöqtə qoyulmuş olsa, həmin söz nəqmət şəklinə düşər.

 

Göründüyü kimi, Füzuli burada başlıca diqqəti katibin savadsızlığı üzündən nöqtələrin yerinin səhv qoymasına yönəldir, eyni zamanda, bu fikrini obrazlı şəkildə ifadə edir. Daha çox müsbət məna yükü daşıyan birinci sözlər: məhəbbət və nemət kəlmələri onlarla müqayisədə oxucuda müəyyən mənada mənfi anlam assosiasiyası doğuran möhnət və nəqmət şəkillərinə düşür. Füzuli dibaçədə daha sonra nəsrlə qələmə aldığı fikrinin davamı olaraq sıra ilə ərəbcə, türkcə və farsca dörd misralıq bir qitə verir. Ərəbcə qitədə şair savadsız katibə qarğış tökərək, onun səhvi ucbatından bir nöqtə fərqi ilə inəb (üzüm) sözünün eyb şəklinə düşməsini diqqətə çatdırır. Dahi şair farsca qitədə də eyni fikri vurğulayır, lakin burada heç bir nümunə vermir. Türkcə qitəyə gəldikdə isə o, yuxarıda - məqalənin əvvəlində qeyd olunmuş nümunədir. Dibaçənin bu hissəsinin məzmununda bir məqam xüsusilə diqqətçəkicidir. Füzulinin burada yanlışlıq nümunəsi kimi verdiyi sözlərin anlamlarında əksmənalılıq keyfiyyəti, ziddiyyət anlamları açıq-aşkar bir şəkildə özünü göstərir: məhəbbət-mehnət, nemət-nəqmət, göz-kor.

 

Məsələyə bu baxımdan yanaşdıqda türkcə qitədəki söz və şur (duzlu, şor) kəlmələri həmin meyardan kənarda qalır, daha doğrusu, onlarla müqayisədə mətndə açıq-aşkar bir uyğunsuzluq ortaya qoymuş olur. Bunun əksi olaraq surumuzı sözü isə istər qitənin ümumi məzmunundan çıxış etdikdə, istərsə də məntiqə söykəndikdə mətndə tam bir ahəngdarlıq, uyarlıq yaradaraq yerinə düşür. Belə ki, fars mənşəli sur sözü bu dildə şənlik məclisi, şadlıq, sevinc mənalarını daşıyır. Qitədə onun müqabilində işlənmiş yenə də fars mənşəli şur sözünün isə həmin  dildə duzlu anlamı ilə yanaşı, iztirab, narahatlıq; qəm, kədər mənaları da vardır. Bu incə məqamı nəzərə aldıqda onda qitənin ikinci misrasındakı uyğunsuzluq aradan qalxır və şairin qitədə vurğuladığı fikirdə bir tamlıq, mükəmməllik yaranır. Dahi söz ustadı oxucularına çatdırmaq istəyir ki, savadsız katib nöqtənin yerini səhv salaraq surumuzı (şənliyimizi, sevincimizi) şura (iztiraba, qəmə, kədərə) döndərir. Göründüyü kimi, qitədəki ikinci misranın bu şəkildə oxunması (Ki, fəsadi-rəqəmi surumuzı şur eylər) dibaçədə vurğulanan başlıca fikirlə tam üst-üstə düşür, mətnin təsir gücünü artırır və məntiqi baxımdan da bir uyarlıq yaradır.

 

Maraqlıdır ki, sözümüzü (əlyazmada sözümüzi) və surumuzı sözlərinin ərəb əlifbasındakı yazılışı da bir nöqtə fərqi ilə seçilir. Belə ki, sözümüzi leksik vahidindəki birinci "ze" hərfinin üstündəki nöqtəni götürsək, həmin söz surumuzı şəklində oxunar. Bir nöqtənin səhv qoyuluşu üzündən ortaya çıxan bu katib xətası dahi söz ustadı Füzulinin savadsız katiblərlə bağlı fikrinin nə dərəcədə doğru olduğunu, eyni zamanda, şairin öncəgörməsinidə bir daha sübut etmiş olur. Nə qədər acı olsa da, katiblər məhz Füzulinin katib xətası ilə bağlı yazdığı qitəsində də bu cür yanlışlığa yol vermişlər. Bunun başlıca səbəblərindən biri və birincisi, fikrimizcə, həmin qitəni köçürən katiblərin "sur" və "şur" sözlərinin fars dilində daşıdıqları incə mənalara fikir verməmələri, bəlkə də onları bilməmələri ilə bağlıdır.

 

Qitədəki daha bir məqam nümunədə seçdirdiyimiz sözün müəllif mətnində məhz surumuzı şəklində olmasına haqq qazandırır. Belə ki, şeirdə seçilmiş sözlərin səs ahənginə, tələffüzcə uyarlığına fikir verdikdə aşıqca görmək olar ki, şair burada onların məna çaları ilə yanaşı, şeir sənəti baxımından özəl keyfiyyətinə, qulağı oxşamasına da xüsusi diqqət yetirmişdir. Aydındır ki, verilmiş nümunədəki həmin sözü sur kimi oxuduqda  bu leksik vahid şur, eləcə də üçüncü misradakı qılur (əlyazmada məhz bu şəkildədir) və dördüncü misradakı qüsur sözləri ilə səsləşir, mükəmməl bir poetik uyarlıq yaradır və bir növ daxili qafiyə rolunda çıxış edir.

 

Dibaçənin nəsr hissəsində də vəziyyət belədir. Füzulinin burada işlətdiyi məhəbbət-mehnət, nemət-nəqmət, eləcə də ərəbcə qitədəki inəb-eyb sözləri də poetik uyarlıq baxımından diqqəti çəkir və bu fikri təsdiqləmiş olur.

 

Qitədəki seçdirdiyimiz sözün surumuzı şəklində oxunuşuna üstünlük verən daha bir incə məqamı da qeyd etmək lazımdır. Füzulinin dibaçədə savadsız katibin səhvi ilə bağlı nümunə olaraq verdiyi bütün sözlərdə (məhəbbət-mehnət, nemət-nəqmət, göz-kur) nöqtənin yerinin səhv düşməsindən ortaya çıxan katib xətalarında fərqli məqam cəmi bircə yerdədir. Söz  leksemi ilə şurs özünün yazılışında nöqtə səhvinin yaratdığı məqam isə iki yerdədir. Belə ki, birincisi, söz leksemindəki ilk hərfin - "sin"in üzərinə üç nöqtə qoyduqda, ikincisi isə son hərfin - "ze"nin üstündəki nöqtəni sildikdə həmin sözü şur kimi oxumaq mümkündür.

 

Sur sözünün şur şəklində oxunuşunda isə nöqtə fərqi yalnız bir məqamdadır: ilk hərfin - "sin"in üzərinə üç nöqtə qoyduqda, onda həmin söz şur kimi oxunur. Şeirlərində hər bir sözün istər zahiri görünüşü və keyfiyyətinə, istərsə də məna tutumu və incəliyinə xüsusi bir həssaslıqla yanaşan söz sərrafı Füzuli burada da böyük sənətkarlıq nümayiş etdirərək sözlə mənanın vəhdəti əsasında belə bir gözəl şeir nümunəsini qələmə almışdır.

 

Beləliklə, qitənin sözügedən misrasındakı bütün bu incəlikləri və qeyd olunan məqamları nəzərə alaraq biz hesab edirik ki, nümunədəki seçdirilmiş sözün surumuzu şəklində oxunuşu daha məntiqi və ağlabatandır. Sözsüz ki, bu məsələdə müəyyən fikir ayrılığı, fərqli mülahizələr də ola bilər və biz onları da böyük məmnuniyyətlə dinləməyə hazırıq. Çünki elmdə əsl həqiqət bir sıra hallarda məhz elmi-mübahisə, diskussiya, fikir müxtəlifliyi zəminində ortaya çıxmış olur.

 

Son olaraq bir məsələni də diqqətə çatdırmaq istəyirik. Biz məqaləmizin adındakı divan sözünü bilərəkdən kiçik hərflə yazdıq. Məsələ burasındadır ki, fars mənşəli bu söz ədəbiyyatşünaslıqda şeir toplusu anlamında işlənir və xüsusi yox, ümumi səciyyə daşıyır: Nəsimi divanı, Füzuli divanı, qəzəllər divanı, qəsidələr divanı, divan ədəbiyyatı və s. Bununla belə, ədəbiyyatşünaslıq sahəsində işlənən divan sözü Azərbaycanda, son vaxtlar əsasən, xüsusi isim, yəni əsər adı kimi qəbul edilir və böyük hərflə, həm də dırnaq içərisində yazılır: Füzuli "Divan"ı. Maraqlıdır ki, Füzuli divanının 1958-ci il Bakı nəşrində divan sözü hər yerdə kiçik hərflə yazılmışdır. Şairin divanının Türkiyə nəşrində isə həmin sözün yazılışında açıq-aşkar bir sabitsizlik özünü göstərir. Belə ki, burada divan sözü gah böyük, gah da kiçik hərflə yazılmışdır. Düşünürük ki, ədəbiyyatşünaslıq termini divan ümumi isim olduğu üçün kiçik hərflə yazılmalıdır.

 

Möhsün NAĞISOYLU

AMEA-nın müxbir üzvü, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru

 

 

525-ci qəzet.- 2017.- 31 oktyabr.- S.7.