Müstəqillik illəri publisistikamızda Natəvan Dəmirçioğlu imzası

 

 

Müstəqillik illəri ədəbi prosesin aparıcı janrlarından hesab olunan publisistikamızın inkişafında öz xüsusi dəsti - xətti ilə seçilən imzalardan biri də Natəvan Dəmirçioğludur.

 

Müstəqilliyimizin ilk illərindən başlayaraq N. Dəmirçioğlunun publisistikası artıq öz istiqaməti, ideya, dil və üslub orijinallığı ilə diqqət çəkdi. Əsərlərinin əsas ideya motivlərini bütünlüklə azərbaycançılıq, türkçülük, turançılıq təşkil edir. Milli-mənəvi dəyərlərin qabarıq şəkildə qorunub saxlandığı, milli təfəkkürünün inkişafında təqdirəlayiq hesab olunan bu publisistikada, eyni zamanda yüksək elmi erudisiya, məntiqi mühakimə gücü, elmi-tarixi faktların dəqiqliyi, dil zənginliyi və s. sintez şəklində vəhdətdə təqdim olunur. Müstəqillik dövrü onun publisistik yaradıcılığına daxil olan aşağıdakı əsərlərin adını çəkmək olar: "Gerçək Lider", "Azərbaycançılıq konseptual ideya kimi", "Türk dünyasının altun parçası", "Milli birlik milli qurtuluşun özülüdür", "Ürəyimdən çəkilib Təbrizə yol", "Azərbaycan Xalq Cümhuriyyətinin ibrət dərsləri", "Güneydən düşən kölgələr" və s.

 

"Gerçək lider" məqaləsində N. Dəmirçioğlu ulu öndər Heydər Əliyevin mükəmməl və dolğun obrazını yazıçı-publisist nöqteyi nəzərindən yanaşaraq təqdim edib. Onun rəhbərlik səriştəsini və təcrübəsini özünün müşahidələri kontekstindən açıqlamağa çalışıb, siyasi publisistikanın örnək nümunəsini yarada bilib. Müəllif gerçək liderə xas olan ən ali keyfiyyətlərin məhz Heydər Əliyev şəxsiyyətində bütövləşdiyini məntiqi əsaslarla, faktlarla təsdiqləməyə nail olub. Bu keyfiyyətlərin Heydər Əliyev şəxsiyyətində vəhdət təşkil etdiyini qürurla dilə gətirən publisist yazır: "Ümummilli lider Heydər Əliyev yaşadığı iki fərqli sistemdə və hər iki fəaliyyət dövründə ona ölməzlik gətirən işlər gördü..."

 

N. Dəmirçioğlunun üstün cəhətlərindən biri də budur ki, publisistikanın bütün janrlarına müraciət edib, elmi, siyasi, bədii publisistikanın uğurlu nümunələrini böyük sənətkarlıqla ortaya qoyub. Onun publisistikasında düşüncə tərzi, üslubu, dünyabaxışı, həyata, insanlara münasibəti son dərəcə orijinal və özünəməxsusdur. Publisistikası öz koloriti, gerçək həyatı əks etdirməsi baxımından diqqəti cəlb edir. Heç təsadüfi deyil ki, akademik Nizami Cəfərov onu "fəlsəfi təfəkkür sahibi" adlandırır, professor Nizaməddin Şəmsizadə "milli müəyyənlik və psixoloji dərinlik" sənətkarı kim qiymətləndirir. Publisistikasında kifayət qədər kəsərli çıxış edən N. Dəmirçioğlunun aydın, səlis, məntiqli və bir qədər elmi üslubu diqqətçəkən məqamlardandır.

 

"Azərbaycançılıq konseptual ideya kimi" adlı məqaləsi müstəqillik illərində publisistik janrın inkişafı üçün xüsisi əhəmiyyətə malikdir. Siyasi intuisiya, dərin politik təfəkkür, publisistik düşüncə məhsulu kimi özünəməxsus xüsusiyyətlərə malik olan əsər azərbaycançılığımızın fərqli bir tərif-formulu ilə başlanır: "Azərbaycançılıq ümumilli məfkurə olaraq, milli birliyin təminatı, Azərbaycanın dünyaya inteqrasiyası, mədəniyyətimizin bütövləşməsi, vahid Azərbaycan ideyasının yayılması kimi mühüm məsələləri özündə birəşdirir. Ölkəmizdə azərbaycançılıq ideyası dövlətçilik təfəkkürünə əsaslanır".

 

Müəllif milli dövlətçilik konsepsiyasına müxtəlif prizmalardan yanaşaraq onun ən mühüm keyfiyyəti kimi milli müstəqilliyimizin göz bəbəyi kimi qorunmasını, harada yaşamasından asılı olmayaraq bütün xalqımızın yumruq kimi bir olmasının vacibliyini önə çəkir. O,  azərbaycançılığın köklərini dərinliyi ilə araşdıraraq məhz Ulu öndərin ideyalarından bəhrələnir, azərbaycançılığı diaspor siyasətimizin də mühüm tərkib hissəsi hesab edərək yazır: "Azərbaycanın diaspor siyasətinin əsas istiqamətləri nədən ibarətdir: Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanmasını formalaşdırmaqdan, onların yaşadıqları cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirakına yardımçı olmaqdan, tarixi Vətənlə əlaqələrinin genişləndirilməsinə şərait yaratmaqdan və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında onların iradəsini səfərbər etməkdən..."

 

Müəllif daha sonra yazır: "Ümummilli Liderin Azərbaycan diasporu ilə bağlı ideyalarının həyata keçməsi sonralar Prezident İlham Əliyevin də başlıca vəzifələrindən birinə çevrildi. Onun təşkilatçılığı ilə 2006-cı ilin mart ayında Dünya Azərbaycanlılarının İkinci Qurultayı keçirildi. Bu tədbirdə cənab İlham Əliyev Ulu Öndərin ideyalarını daha da inkişaf etdirərək təkcə dünya azərbaycanlılarının gücünün birləşdirilməsi ilə kfayətlənməməyi, Azərbaycan və Türk diasporlarının gücünü birləşdirərək məkrli düşmənə qarşı vahid cəbhədə mübarizə aparması ideyasını irəli sürdü. Beləliklə, Ümummtürk Diasporu ideyasının əsasını qoydu".

 

Azərbaycançılıq dedikdə xalqımızın öz milli mənsubiyyətinin qorunması, milli-mənəvi dəyərlərimiz, ailəyə, vətənə yurda bağlılıq, qohumluq münasibətlərinin möhkəmliyi və bu kimi, zamanın, dövrün sınağından çıxaraq indi də azərbaycançılıq-dövlətçilik xəttinin əsasında dayanan cəhətləri vurğulayan müəllif haqlı olaraq bu məsələlərin ümumtürk ruhundan, Şərq ənənələrindən bəhrələndiyini də yüksək inamla ifadə edir. Məhz bu ənənələrimizin multikultural dəyərlərlə sintezləşərək, Qərb-Avropa mədəniyyətləri ilə yaxınlaşaraq yeni keyfiyyətlər qazanacağından  məmnunluqla söz açır. Ulu öndərin diaspor məsələləri ilə bağlı proqram xarakterli fikirlərini ümümtürk birliyinin əsası hesab edən N. Dəmirçioğlu haqlı olaraq milli birliyimiz və həmrəyliyimizi əsas götürərək yazır: "Hazırda Azərbaycançılıq konseptual ideya kimi dövlətçiliyimizin əsaslarından biridir. Dünya azərbaycanlıları bu ideya ətrafında daha sıx, məqsədli şəkildə birləşməklə daha böyük gələcəyə yön alacaq".

 

"Türk dünyasının altun parçası" adlı məqalə başdan-başa vətənpərvər bir ziyalının vətən təəssübündən qidalanıb. Girişdə müəllif vətənimiz Azərbaycanınn qeyri-adi gözəlliklərini təsvir edərək yazır: "Böyük türk dünyasının bir parçası Azərbaycan! Altun bir parça! Yeraltı və yerüstü sərvətlərinin dəyərinə görə dünyanın heç bir ölkəsi onunla müqayisə oluna bilməz. Yerləşdiyi strateji mövqeyə, coğrafi ərazəyə görə dünyanın fövqəldövlətlərinin maraqlarının kəsişdiyi bir diyar (baxmayaraq ki, bu, xeyirli olduğu qədər də təhlükəlidir. Amma siyasi yetkinlik nəticəsində bundan çox yararlanmaq olar)... İnsanlığa məlum olan 11 iqlim zolağının 9-nun Azərbaycanda olması onun ən birinci qəribəliyidir".

 

Tarixi keçmişimiz, milli ədəbiyyatımız, folklor qaynaqlarımız, dünya səviyyəli musiqi əsərlərimiz, qədim və möcüzəli memarlıq nümunələrimiz xalçalarımız, tikmələrimiz, sırf Azərbaycan sənət məktəbinə aid zərgərlik nümunələri, geyim çeşidlərimiz barədə böyük şövqlə söz açan publisist təkcə elə bu əsəri ilə sanki Azərbaycanımızın dünəni, bu günü və gələcəyi haqqında parlaq salnamə yaradır. Müəllif haqlı olaraq hər biri xüsusi tədqiqat obyekti olan misilsiz sənət örnəklərində bu qədər rəmzlərin varlığının, şübhəsiz ki, dərin, zəngin dini, dünyəvi və səmavi zəkaya malik bir millət olmağımızdan xəbər verdiyini aydın və tutarlı məntiqlə əsaslandırıb. Milli-mənəvi dəyərlərə yüksək hörmətlə yanaşan N. Dəmirçioğlu milli dəyərlərin itirilməsini elə xalqın məhvi kimi qəbul edərək tanrının bu töhfələrini qorumağı əbədi borc kimi qiymtləndirir.

 

Maddi-mənəvi dəyərlərimizdən - Qobustan qayalarının tarixi qədimliyindən, türkün möhtəşəm söz abidəsi sayılan "Dədə Qorqud" eposundan, tariximizdən, mədəniyyətimizdən böyük qürurla söz açan müəllif yazır: "Qalalarımız, saraylarımız, qəsrlərimiz, məqbərələrimiz, türbələrimiz bu yolun davamıdır.

 

Söz sənətində də xalqımızın qədimliyi, ululuğu, əvəzsiz mənəvi keyfiyyətləri yer alır. Dünyanın ən qədim və dəyərli dastanlarından biri "Dədə Qorqud" kitabı dil və söz abidəmizdir. Sənət görüşləri öncül, dili zəngin olan xalqın ruhu yüksəkdir, şəksiz. Yüksək ruh ağır anlarda qəhrəmanlıq məqamındadır. Bu yurd zaman-zaman sınanan xalq qəhrəmanlarını, igidləri yetirib. Millətin millət olması Tanrı hökmündədir".

 

Əsər başdan-başa bir ziyalının vətəni haqqında deyə biləcəklərindən ibarətdir və bütün təffərrüatları ilə maraqlıdır. Burada tariximiz, mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, abidələrimiz elmi-publisistik bir dillə oxucuya çatdırılır. Əsərin dili olduqca səlis, sadə, eyni zamanda, məzmunu elmi-tarixi faktlarla zəngindir.

 

Müəllif yazır: "Nə olsun Azərbaycanın bir çox sənət inciləri xaricə daşınıb aparılıb. Dünya muzeylərinin yerli malı kimi, ya elə bizə yad xalqların sənəti kimi tanıdılıb. Amma illər, əsrlər boyu yaşayan sənət yaddaşı dil açıb danışır ki, xarici muzeylərdəki Şeyx Şəfi xalçası, Şah İsmayıl Xətainin şah taxtı, Gəncənin qızıl qapıları, adilikdən çox-çox uzaq zərif ipək örtüklər Azərbaycan sənətinin titanik nümunələridir... Burdaca bir neçə faktı sadalayaq. Bakıda Həsənbəy Zərdabi Rusiyanın ilk müsəlman qəzetini - "Əkinçi"ni çıxarıb; Şərqin ilk dramatik teatrını Azərbaycanın böyük yazarı Mirzə Fətəli yaradıb; Bütün Şərqə səs salan, ilk öncə yeganə olan satirik jurnal da Azərbaycanda nəşr olunub - "Molla Nəsrəddin"; bütün Yaxın və Orta Şərqdə müsəlman dövlətləri içərisində birinci demokratik respublikanı da Azərbaycan siyasiləri qurdular və Məhəmməd Əmin Rəsulzadə onun rəhbəri oldu; Böyük Şərqdə ilk muğam operasını Azərbaycan oğlu Üzeyir bəy Hacıbəyli yaratdı - "Leyli və Məcnun"; Bəs müsəlman dövlətləri içərisində ilk balet əsəri harda yaradılıb? Nə xoşdur ki, bunu da Azərbaycan bəstəkarı Əfrasiyab Bədəlbəyli yaratdı - "Qız qalası" baleti; Türk dünyasında ilk qadın bəstəçinin operası da Azərbaycana məxsusdur - Şəfiqə Axundovanın "Gəlin qayası" operası!..."

 

Təkcə elə bu sətirlər kifayətdir ki, hər hansı bir əcnəbi bizim ölkəmiz haqqında geniş və zəngin təsəvvürə malik olsun. N. Dəmirçioğlunun publisistikasında diqqətçəkən əsas məqamlardan biri də odur ki, müəllif müstəqillik illərində xalqımızın üzləşdiyi məlum ağrı-acıları da, iqtisadi-siyasi təbəddülatları da təbii qarşılayaraq ölkəmizin dünya birliyində öz layiqli yerini alacağından, çiçəklənən, möhtəşəm bir dövlət olacağından da əminliyini qeyd edir və oxucusunu da buna inandırmağa çalışır.

 

"Milli birlik milli qurtuluşun özülüdür" adlı, azərbaycançılıq ideologiyasını özündə əks etdirən  məqaləsində müəllif hər vasitə ilə milliliyimizi önə çəkir, bir xalq olaraq bizi azərbaycançılıq ideologiyasının ətrafında sıx birləşməyə səsləyir. Xalqımızın dünyada öz sözünü deməsinə yalnız və yalnız milli birlik vasitəsilə nail olmağın mümkünlüyünü əminliklə vurğulayır. Görkəmli publisist haqlı olaraq birləşmək, təşkilatlanmaq və mütəşəkkil qüvvəyə çevrilməyi milli qurtuluşun özülü hesab edir: "...Güclü diasporu olmaq üçün nə lazımdır? - Birləşmək, təşkilatlanmaq, mütəşəkkil qüvvəyə çevrilmək. Bir də milli ideologiya. Bu ideologiya var: azərbaycançılıq ideologiyası! Onun ətrafında birləşən xalqımız milli birliyə nail ola bilər".

 

Müstəqillik dövrü N. Dəmirçioğlunun dövrü mətbuatda işıq üzü görmüş çoxsaylı müsahibələri də publisistik janrın bir qolu kimi diqqətəlayiqdir.

 

Leyla MƏMMƏDƏLİYEVA

Azərbaycan Universitetinin doktorantı

 

525-ci qəzet.- 2017.- 31 oktyabr.- S.4.