Zamanların mozaikası: hadisələr və
şəxsiyyətlər
(Əvvəli
ötən şənbə saylarımızda)
Gizli əlavə isə Şərqi Avropada iki ölkənin
maraq dairələrini müəyyən edirdi. Narva və
Visla çaylarından şərqdə olan ərazilər
Sovet təsir sferası, bu xətdən qərbə tərəf
olan ərazilər isə Almaniyanın maraqlarının
sferası elan olundu.
Molotov-Ribbentrop paktı (sənədi hər iki ölkənin
xarici işlər nazirləri imzalamışdılar)
Polşaya siyasi ölüm hökmünün
çıxarılması demək idi. 1939-cu ilin
sentyabrında Hitlerin Polşaya qarşı
başladığı müharibəyə hazırlıqda bu
sənəd sonuncu akkord rolunu oynadı. Hitlerin ekspansionist
siyasəti ona gətirib çıxardı ki, Münhen
sazişinin nəticələri sıfıra bərabər
oldu.
1 sentyabr 1939-cu ildə vermaxt Polşada
planlaşdırdığı hücuma başladı. Polyak ordusu
alman qoşunlarının təzyiqinə davam gətirə
bilmədi. Vermaxt elə birinci gün
Polşa ərazisinin xeyli hissəsini tutdu. Üç həftə davam edən müharibədə
isə Polşa məğlub oldu. Varşava
təslim olduqda 120.000 polyak əsgəri əsir
düşdü. Almaniya aviasiyadan geniş
istifadə edirdi. Qərb dövlətlərindən
isə Polşanın gözlədiyi kömək gəlmədi,
onlar özlərini çox passiv apardılar. 17 sentyabrda isə Qızıl Ordu Polşanın
şərqindəki heç kəsin müdafiə etmədiyi
vilayətlərə daxil oldu. Rumıniyaya
yollanan Polşa hökuməti orada dustaq edildi.
1940-cı ilin aprelində isə alman qoşunları
neytral dövlətlərdən biri olan Danimarkanı, iki ay
sonra isə digərini - Norveçi işğal etdilər. Norveçdə
işğalçılara Kvislinqin başçılıq
etdiyi kollaboratsionistlər xeyli köməklik göstərdilər.
Kvislinqin adı sonralar satqınlıq simvoluna
çevrildi.
May ayında isə alman qoşunları neytral ölkələr
olan Belçika, Lüksemburq və Hollandiyanı işğal
etdilər. Beləliklə, Qərbə Hitler
yürüşü başlandı, altı həftə ərzində
bu yürüş füreri “Qərbi Avropanın
hökmdarına” çevirdi. Alman ordusunun La-Manşa tərəf
sürətlə irəliləməsi fransız ordusunun əsas hissəsini
şimalda, Dyunkerk yaxınlığında yerləşmiş
birləşmələrindən kəsib ayırdı. 338.000 əsgəri Böyük Britaniyaya evakuasiya etmək
mümkün oldu. Britaniya hissələrinin
Dyunkerk qazanından çıxarılması ilə Hitlerin Qərbə
hücumunun birinci mərhələsi başa çatdı.
5 iyunda Fransaya hücum əməliyyatının ikinci mərhələsinə
başlandı. Alman hissələri Somme
çayını və alınmaz hesab edilən Majino xəttini
keçib İsveçrə sərhədinə
çatdılar. Fransız hissələri
geri çəkildilər, ölkədə xaos
başlandı. 14 iyunda Paris alman
qoşunları ilə əhatə olundu, 22 iyunda isə
Kompyendə Fransa Almaniya ilə barışıq imzaladı.
Sonra Atlantik okeanı sahillərinin işğalı baş verdi.
Lakin vətənpərvər fransızlar bu məğlubiyyətlə
və düşmənlə barışıq
bağlanması ilə qətiyyən razılaşmırdılar. Ona görə
də Fransada müqavimət hərəkatı baş
qaldırdı və bu hərəkatın lideri general Şarl
de Qoll idi. O, hələ barışıqdan əvvəl
sığınacaq tapdığı Londondan radio ilə
çıxış edib, fransızları natsist Almaniyası
ilə mübarizəni davam etdirməyə
çağırdı.
De Qollun çağırışı Almaniyaya 16 iyunda
barışıq təklif etmiş Filipp Petenin yeni fransız
hökumətinin addımlarına birbaşa cavab idi. De Qoll
Fransanı tərk edib, Londondan fransız müqavimətinə
rəhbərlik edirdi. O, Böyük Britaniyada Milli Komitə
yaratdı, öz həmvətənlərini
işğalçılarla mübarizəni
dayandırmamağa çağırdı. “Bu
müharibə Fransa uğrundakı döyüşlərlə
başa çatmamışdır. Bu,
dünya müharibəsi olacaqdır”. De Qoll həmvətənlərindən
dəstək və onu düzgün anlamaq kimi bir cavab aldı.
Fransada güclü Müqavimət Hərəkatı
formalaşdı.
Fransanın
faktiki təslim olmasından və barışıq
bağlanmasından bir neçə gün sonra kurort şəhəri
olan Vişidə çağırılan fransız Milli
yığıncağı 74 yaşlı marşal Filipp
Petenin hökumətinə bütün konstitusiya səlahiyyətlərini
verdi. Hökumət Vişidə
yerləşmişdi və bu ərazi alman qoşunları tərəfindən
tutulmamışdı. Kollaboratsionist
hakimiyyət Vişi rejimi adını aldı. Hökumətdə aparıcı xadim olan Pyer Laval
işğalçılarla birbaşa əməkdaşlıq
tərəfdarı idi, bir neçə ay sonra o, hökumətdən
uzaqlaşdırılıb həbs edilsə də, Hitlerin təzyiqi
altında yenə baş nazirin müavini təyin edildi.
Hitler ingilisləri hədələyərək, deyirdi
ki, alman aviasiyası Böyük Britaniyanın şəhərlərinin
“yer üzündən silməyə” hazırdır. Lakin hava
hücumu o qədər də uğurlu deyildi, alman
aviasiyası London üzərində 56 təyyarə itirdi.
Bu o demək idi ki, Almaniya Britaniya göylərində
hava döyüşünü uduzdu. Ona
görə də Hitler Britaniya adalarına müdaxilə barədəki
“Dəniz şiri” əməliyyatını təxirə
saldı. Almanlar ingilislərin müqavimətini
qıra bilmədilər. Hava hücumlarından 2.000 adam ölmüşdü. Böyük
Britaniyanın igidcəsinə müqaviməti hesabına
Almaniya öz məqsədlərinə nail ola
bilmədi.
22 iyun 1941-ci ildə natsist Almaniyası müharibə
elan etmədən SSRİ-yə qarşı hərbi əməliyyatlara
başladı.
Alman aviasiyası 300 km-ə qədər ölkənin
içərilərindəki strateji obyektləri və şəhərləri
güclü bombardman etdi. Eyni zamanda, quru
qoşunlarının hücumu başlandı. Müharibənin birinci günü sovet aviasiyası
1.200 təyyarə itirdi, onlardan 800-ü aerodromlarda məhv
edilmişdi. SSRİ-yə qarşı
müharibəyə Rumıniya, İtaliya, sonralar isə
Finlandiya və Macarıstan qoşuldu. “Blitskriqə”
- “ildırım sürətli” müharibəyə
hesablanmış “Barbarossa” planı həyata keçirilməyə
başlanmışdı. Müharibəyə
başlayarkən almanların canlı qüvvədə
üstünlüyü 1,8 dəfə, tanklar
üzrə 1,5 dəfə, təyyarələrə görə
3,2 dəfə idi. Sovet qoşunları uzunluğu 4500 km olan məsafədə
vuruşurdu. Qəflətilik faktoru mühüm
rol oynamışdı. Müharibənin
başlanmasından 6 gün sonra Belarusun paytaxtı Minsk təslim
oldu. Üç həftə ərzində
Latviya, Litva, Moldava və Ukraynanın xeyli hissəsi
işğal olundu. Müharibə
başlanandan 12 gün sonra Sovet İttifaqının rəhbəri
İ. V. Stalin xalqa təcavüzkarlarla mübarizəyə
qalxmaq çağırışı ilə müraciət
etdi. Stalin Sovet Silahlı Qüvvələrinin
Ali Baş Komandanı təyin edildi.
Payızda Leninqrad blokadaya alındı. Alman ordusu
Rostova yaxınlaşdı.
RSFSR-in qərb vilayətləri, demək
olar ki, bütün Krım işğal olunmuşdu. Hökumət idarələri Moskvadan Kuybışevə
köçürülmüşdü. Paytaxt
Moskvada panika başlanmışdı, lakin Stalinin və yüksək
rəhbərliyin şərqə köçməyərək,
Moskvada qaldıqları məlum olduqdan sonra qorxu xeyli zəiflədi.
Alman hissələri Moskvanın kənarlarına
gəlib çatdılar. Düşmən
dekabrın əvvəlində dayandırıldı.
Dekabrın 7-də Yaponiya Birləşmiş
Ştatların Sakit okean donanmasının baş dayaq
bazası olan Pyorl-Harbora hücum etdi. Hücum edən yapon
donanmasına 6 təyyarə daşıyan gəmi, 13 digər
hərbi gəmilər daxil idi, onları havadan 423 təyyarə
dəstəkləyirdi. Yapon aviasiyası nəzərə
çarpmadan adaya yaxınlaşdı. Basqında
190 təyyarə iştirak edirdi. Onlar
müqavimətlə qarşılaşmadıqlarından,
böyük dağıdıcı gücü olan bir aksiya həyata
keçirdilər. Sonra təyyarələrin
yeni dalğası hücum etdi. Bəzi təyyarəçilər
- kamikadzelər, hədəfləri
məhv etmək mümkün olmadıqda, öz
maşınlarını onlara çırpırdılar. Amerikanların Sakit okean
donanmasının böyük hissəsi məhv edildi, 2000-dən
artıq adam həlak oldu.
Moskva altında sovet qoşunları əks-hücuma
keçdilər. Moskvanı tutmaq planı olan “Tayfun” həyata
keçirilə bilmədi. Əks-hücum
vaxtı Sovet qoşunları üç vilayət
paytaxtını azad etdilər. Yazda cəbhə
bir qədər sabitləşdi və Moskvaya bilavasitə təhlükə
aradan götürüldü.
Natsist Almaniyasının ordusu bütün İkinci
Dünya müharibəsində ilk böyük məğlubiyyətinə
düçar oldu. Lakin SSRİ-nin vəziyyəti olduqca
ağır olaraq qalırdı. Düşmən
inkişaf etmiş sənayesi olan iri sovet ərazisini yenə də
əlində saxlayırdı.
1942-ci ilin aprelindən oktyabrınadək Sovet
qoşunları bir sıra ağır məğlubiyyətlərlə
üzləşdilər. Qızıl Ordu hissələri Rostovu tərk edib, Don çayının arxasına keçdilər.
Alman qoşunlarına Qafqaz neftinə gedən
yol açılmışdı. Stalin 227 nömrəli
“Bir addım da geri çəkilmək olmaz” əmrini verdi, qoşunlarda çox sərt intizam
yaradılırdı. Praktiki olaraq, eyni vaxtda
Qafqaz və Stalinqrad uğrunda döyüşlər getdi.
Müharibə başlanandan sonra müəssisələrin
Şərqə evakuasiyası başlandı. 2500 iri müəssisə
Şərqə köçürüldü. Fəhlələr çətin şəraitdə
sutkada 12-14 saat işləyirdi. Şərqə 7 milyon adam köçürülmüşdü. 1942-ci ildən sənaye istehsalının yüksəlişi
başlandı. Qızıl Orduya
Böyük Britaniyadan və ABŞ-dan silah və ərzaq gətirilirdi.
ABŞ SSRİ-yə 1 milyard dollar məbləğində
faizsiz kredit verdi. 1941-ci ilin
oktyabrından 1942-ci ilin iyununa qədər SSRİ 3.000 təyyarə,
4.000 tank, 20.000 müxtəlif nəqliyyat vasitələri
aldı.
1942-ci ilin noyabrında üç sovet cəbhəsi qoşunlarının əks-hücumu başlandı. 12 sentyabrda qızğın döyüşlərdən sonra alman-faşist qoşunları Stalinqrada lap yaxınlaşdı. Şəhərdə qızğın küçə döyüşləri getdi. Xırda bir sahədə almanlar Volqa çayına gəlib çatdılar. Lakin bu, almanların axırıncı uğuru idi. İki cəbhənin döyüşçüləri Kalaç rayonunda görüşüb, düşmənin 6-cı ordusunun və 4-cü tank ordusunun mühasirəsini başa çatdırdılar. 22 diviziya və 160-dan artıq ayrı-ayrı hissələr, 330 min adam mühasirədən çıxa bilmədi. Stalinqrad altındakı döyüş 1943-cü ilin fevralına qədər davam etdi. Stalinqrad döyüşü Sovet qoşunlarının qələbəsi ilə nəticələndi. Stalinqraddakı qələbə sovet-alman cəbhəsində hərbi əməliyyatların gedişində əsaslı dönüşün başlanğıcı oldu.
1942-ci ilin oktyabrında Britaniya qoşunları El-Alameyn yaxınlığında hücuma başladılar. Britaniya hissələri yalnız gecələr irəliləməklə, nəzərə çarpmadan alman-italyan mövqelərinə yaxınlaşdılar. 65 km-lik cəbhə xəttində uğurlu artilleriya hazırlığı başlandı. İtalyan-alman qoşunları darmadağın edildilər.
1942-ci ilin iyununda isə amerikanlar Miduey atollu üzərindəki qalibiyyətli döyüşdən sonra Sakit okean cəbhəsindəki hərbi əməliyyatlarda hərbi təşəbbüsü əllərinə keçirdilər. Amerikanlar əməliyyat zonasına 75 gəmi, o cümlədən 3 aviasiya daşıyan gəmi göndərdi. Yaponlar onların gəlişini gözləmirdilər və amerikanları əzməyə əmin idilər. Yapon təyyarələri hava hücumundan qayıtdıqlarından yeni starta heç də hazır deyildilər. Bu vaxt amerikan aviasiyası bomba zərbəsi vurmağa başladı. Bu zərbəni dəf etmək mümkün deyildi. Dörd yapon aviasiya daşıyan gəmisi məhv edildi. Admiral Yamaquçi öz flaqman gəmisi ilə birlikdə həlak oldu.
Stalinqraddakı ağır məğlubiyyətdən sonra natsist Almaniyasının təbliğat naziri Yozef Göbbels alman xalqını daha böyük qurbanlar verməyə çağırdı. O, xalqı Qərb mədəniyyətini məhvə aparacaq bolşevizm təhlükəsi ilə qorxudurdu. O, yenə də xalqı qəti qələbə xülyası ilə “qidalandırırdı”, bunun üçün gündə 12, hətta 14 saat işləməyə çağırırdı. Sonralar idman sarayında öz çıxışı barədə yazmışdı ki, adamları elə ekstaza gətirmişdim ki, əgər onlara desəydim ki, üçüncü mərtəbədən tullanın, onlar bunu edərdilər.
Stalinqrad altındakı qələbədən sonra Hitler komandanlığı böyük yay hücumunu keçirməyi və Qızıl Ordunun əsas qüvvələrini darmadağın etməyi qərara aldı. Bu əməliyyat Kursk rayonunda keçirilməli idi. Buraya almanların 50 diviziyası toplanmışdı, bu da 900.000 döyüşçü demək idi. 10.000 artilleriya vasitələri və 2.050 təyyarə almanların hücumunda iştirak edəcəkdi. Yeni döyüş texnikası olan ağır tanklara və yeni təyyarələrə komandanlıq böyük ümid bəsləyirdi. 5 iyul 1943-cü ildə başlanan və iki ay davam edən döyüşdə sovet qoşunları əks-hücuma keçib, Xarkov da daxil olmaqla, bir neçə vilayət mərkəzini işğaldan azad etdi. Kursk döyüşü İkinci Dünya müharibəsinin ən iri döyüşlərindən biri oldu. Hər iki tərəfdən döyüşə 4 milyon adam, 13.000 tank, 12.000 döyüş təyyarəsi cəlb edilmişdi. 30 seçmə alman diviziyası məhv edildi, vermaxt 500.000 əsgər və zabitini itirdi. Bu nəhəng döyüşdə vermaxtın hücum strategiyası qəti şəkildə alt-üst oldu. Almaniya və onun müttəfiqləri İkinci Dünya müharibəsinin bütün teatrlarında müdafiəyə keçməyə məcbur oldular.
1943-cü ilin noyabr-dekabrında dörd gün davam edən və Müttəfiq dövlətlərin rəhbərləri İ.V.Stalinin, F.D.Ruzveltin və U.Çörçillin iştirak etdiyi Tehran konfransında, üç dövlətin müharibənin sonrakı əməliyyatları müzakirə edildi və İkinci cəbhənin 1944-cü ilin yazında Şimali Fransada ingilis-amerikan qoşunlarının desantı ilə açılması razılaşdırıldı. Onlar Almaniyanın gələcəyi barədə də fikir mübadiləsi apardılar. Müttəfiqlərin təkidi ilə SSRİ Almaniyanın təslim olmasından sonra Yaponiyaya qarşı müharibəyə girməyə razılıq verdi. Tehran konfransının davamı kimi, 1945-ci ildə Krım və Potsdam konfransları da keçirildi.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2017.- 16 sentybar.- S.22.