Sındı sədəfli saz...
Aşıq Ədalət ağır, sağalmaz, çarəsiz
xəstəliyə düşmüşdü. Nə təbib
çarə tapır,
nə məlhəm kömək edirdi.
Sentyabr ayının
on üçündə, günəşin
qürub çağında
bir xeyli ziyalı, Ədalətin görüşünə getdik. Qarayanız Ədalətin
rəngi ağarmış,
solmuş, saralmışdı.
Alıcı gözləri çuxura
düşmüşdü. Gəlişimizə sevindi, pərişan
çöhrəsinə təbəssüm
qatıldı. Ürək-dirək verdik, zarafat elədik. Onunla bağlı xatirələrimizi
danışdıq. Lakin hamısı
üzəvari idi.
Vəziyyəti dözülməzdi.
Ayrılanda, “ağrınız alem, nə yaxşı bu dar gündə
mənə həyan oldunuz. Elə bilirdim ki, heç kimim yoxdu, kimsəsizəm.
Bilirəm, ölüm haqdı,
alın yazısıdı,
qaçılmazdı. Kimlər gəlib, kimlər gedib bu dünyadan.
Kimə qalıb, kimə qalasıdı bu dünya... Ədalətdə onlardan biri kimi. Sizlərə vəsiyyətim budur
ki, öləndə məni dünyaya gəldiyim, dünyam bildiyim Qazağa aparın, orda torpağa tapşırın.
Ruhum şad olsun”.
Ertəsi günü dan sökülər-sökülməz ölüm karvanı yol aldı Qazağa
sarı. Qazaxlılar doğma, əziz Ədalətini gözləyir,
çiyinlərinə alıb
torpağa tapşırmağa
hazırdılar...
Dünya,
dünya! Yalan dünya, yaman
dünya. Etibarsız, ilqarsız
dünya. Ədaləti
bizdən alan,
bizi Ədalətsiz qoyan dünya...
Xalqımızın min illiyi ötüb keçən musiqi dünyasının yeddi yüz illiyinə körpü saldım. Unudulmazları xatırladım...
Udda Səfiəddin, tarda Sadıxcan, kamançada
Habil, sazda Ədalət
qəlbimə hakim kəsildi. Fəxr etdim, qürur duydum. Nə
yaxşı, nə gözəl!..
Teymur
BÜNYADOV
525-ci qəzet.- 2017.- 16 sentybar.- S.19.