Aşıq Ədalətə vida və ya Saz əmanəti
Ta uşaqlığımdan bu
kəlmələr yaddaşıma
həkk olunub: Aşıqlar Haqq adamıdırlar, onlara
Allah tərəfindən vergi
- buta verilib.
Yəni aşıqlar yalnız saz çalmaqla yetinmir, həm də insanın bilavasitə ruhuna, düşüncəsinə təsir
edə, hətta onun gələcəyindən
xəbər verə, insanı bütün pisliklərdən, şər
qüvvələrdən qoruya
bilərlər. Bəlkə də bu fikirlərimin ilkin qaynağı da ən qədim ədəbiyyat nümunələrimizdən
olan “Kitabi-Dədə
Qorqud” dastanımızdakı
Dədə Qorqud imiş?! Axı, qeybdən xəbər verən, igidlərə ad
qoyan, alqışı
Oğuz elini firavanlığa çıxarıb,
qarğışı yağı
düşməni daşa
çevirən el ozanı
məhz Dədəmiz
Qorqud olub!
İlk dəfə
“aşıq” sözünü
Aşıq Ələsgər
adında eşitmişəm
mən. Xalqın böyük oğlu,
bənzərsiz söz
adamı Aşıq Ələsgər mənimçün
yalnız şeir yazan, saz çalan
insan deyildi, məsələn, mən onun hər cür
möcüzəyə qadir
olduğunu düşünürdüm.
Ruh dediyimiz
nə görünür,
nə də əllə toxunulur. Ruh sadəcə hiss edilə bilər. Ancaq məncə, həqiqi aşıqlar o adamlardır
ki, onlar bizim görmədiyimiz, beş duyğu
üzvümüzün heç
biri ilə hiss etmədiyimiz o ruha iki barmaqlarının arasındakı mizrab vasitəsilə toxunurlar, ruhu görə bilirlər. Elə saz çalanda gözlərini bağlamaqları
da buna görədir,
gözləri bağlı
olanda daha yaxşı görürlər
onlar...
Tarix boyunca, bu ilahi sənət
Türk Dünyası
mədəniyyətinə bənzərsiz
ustadlar, sənətkarlar
bəxş edib. Yazının
məhdud çərçivəsini
nəzərə alıb,
hamısının adını
çəkməsəm də,
özümün və
bütün Türk dünyasının şeirlərini
sevərək oxuduğu,
ifasını dinlədiyi
aşıqlardan bir neçəsini misal göstərə bilərəm:
Aşıq Dirili Qurbani, Tufarqanlı Abbas, Qaracaoğlan, Xəstə Qasım, Miskin Abdal, Aşıq
Allahverdi (Ağ aşıq), Aşıq Alı, Aşıq Ələsgər, Aşıq
Hüseyn Bozalqanlı,
Aşıq Əmrah, Aşıq Kamandar, Aşıq Hüseyn Saraclı, Azaflı Mikayıl, Aşıq İmran və nəhayət Aşıq Ədalət. Mənim üçün hələlik siyahı burda tamamlanır.
Elə buna görə də böyük ürək ağrısı ilə deyə bilərəm ki, sentyabrın 14-ü bu sirli-sehirli, köklü-köməcli, ulu
babalarımızın əmanəti
sazın yetim qalan günü idi. Saz özünün zəmanəmizdəki ən
böyük sirdaşını,
dayağını, ruhdaşını,
Dədə Qorqud əmanəti, Aşıq
Ələsgər yadigarı,
Aşıq Əli şəyirdi Aşıq Ədalət Nəsibovu itirdi.
Onun adı qulaqlarımda məhəbbətlə
səslənənda lap uşaq
idim, onda nə saz-söz sənətindən xəbərim
vardı, nə aşıq tanıyırdım. Atam sazın,
sözün beşiyi
Borçalı mahalından
olduğundan evimizdə
aşıq havaları
xüsusi hüsn-rəğbətlə,
zövqlə dinlənərdi.
Bizsə
uşaq olduğumuzdan
bəzən dinləmək
istəməz, o biri kanaldakı cizgi filminə baxmağı üstün tutardıq.
Atam da çox zaman
bizim xətrimizə dəyməz, öz istəklərindən vaz keçməli olardı.
Ancaq xatırlayıram ki, bir tək Aşıq
Ədalətin ifasından
keçə bilməzdi.
Atam: “Dədə Ədalətdi! Görün
nə yaradır e!..”- deyib
mütləq onun ifasını sonacan izləyərdi. O həvəsin,
o sevginin sehrinə qapılıb biz də gözümüzü zilləyərdik
mavi televizor ekranına...
Yadımdadı ki, mən ən
çox onun barmaqlarına baxardım. Sazın telləri
üzərində gəzinən
barmaqlar mənə on
rəqqasdan ibarət rəqs qrupunu xatırladırdı. Səhnədə yerini gözüyumulu tapan rəqqaslar kimi barmaqlar da saz üzərində
öz yerini sahibinin gözləri bağlıykən tapardı.
Gözləri bağlı
demişkən, Aşıq
Ədalət ən çox da gözləri
bağlı ifası ilə yaddaşlarda silinməz iz buraxmağı bacarmışdı,
özü də indi yox, illər-illər
bundan öncə...
İki gündür sosial şəbəkələr, media elə hey ustad Ədalətdən söz açır. Böyük ustadın ifaları, müsahibələri, çıxışları onu sevənlər, bu ölümə ən içdən duyğularla təəssüflənən şəxslər tərəfindən paylaşılır. Mənimsə beynimdə və qəlbimdə misilsiz bir “Yanıq Kərəmi” havası çalınır. Çoxlarının toylarda, şənliklərində sevərək qol qaldırıb oynadıqları “Yanıq Kərəmi” mənim üçün bir fəryad, bir nalə, bir ağrı təcəssümüdür. Bu ağrını, fəryadı isə ilk və ən mükəmməl şəkildə “Yeddi oğul istərəm” filmində Aşıq rolunu ifa edən Aşıq Ədalətdən dinləmişəm. Filmdə bir həyatı bitirən güllə səsləri bir ruha dirilik verən saz səsi ilə ört-basdır edilir, eşidilməz hala gətirilir. Maraqlı fakt isə odur ki, film ilk dəfə nümayiş etdiriləndə tamaşaçıların ən böyük etirazı da məhz Aşıq Ədalətə olub. Filmin təsirinə qapılan, hadisələrin həqiqiliyinə bütün qəlbi ilə inanan bir neçə nəfər çox sərt şəkildə zavallı ozanı qınayırlar ki, sən necə aşıqsan, gözünün qabağında cavan bir oğlan o qədər böyük zülmlə, ağrı-acı ilə öldürülür, sən isə səsini çıxarmadan, sakitcə saz çalırsan? Bu qınaqlardan təngə gələn aşıq isə deyir ki, vallah çalıb qurtarandan sonra hirsimdən sazı daşa çırpıb çilik-çilik elədim, amma o səhnəni filmdən çıxarıblar. Görün bir insanın saza, sənətinə verdiyi dəyər, bəslədiyi eşq nə qədərdir ki, cavan bir oğlanın ölümü ilə bir sazın sındırılmasını bərabər tutur. İnsan ölürsə, bir həyat bitir, saz sınırsa, ruh acı çəkir.
Aşıq Ədalət hələ uşaq yaşlarından çoxlarının diqqətini çəkib, saza, sözə dəyər verən ədiblərin, ziyalıların ümidinə çevrilib. Xalq yazıçısı Mirzə İbrahimov Aşıq Ədalətin sənətkarlığını belə qiymətləndirmişdi: “Əgər Azərbaycan xalqının incəsənət aləmində heç bir nümayəndəsi olmasaydı, təkcə Ədalətin sazı ilə dünya mədəniyyətinə çıxardıq”.
Türk ədibi Əziz Nesin Aşıq Ədalətin çaldığı saz havasını dinlədikdən sonra onun haqqında deyib: “Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir”.
Bu gün “Baş sarıtel”in fəğan qopardığı, “Yanıq Kərəm”in nalə çəkdiyi, “Ruhani”nin ağlar qaldığı, Ulu Sazın öz atasını itirdiyi gündür! Yazımın sonunda mərhum sənətkarın müsahibələrinin birində işlətdiyi sözlərini yada salmaq yerinə düşərdi: “Bəhmən Vətənoğlu deyirdi ki, Koroğlu bir gəlib, qoca cahana. İndi Ədalət də bu dünyaya bir gəldi, bir də getdi”.
Allah sənə rəhmət eləsin, Dədə Ədalət! Məkanın cənnət olsun!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2017.- 16 sentybar.- S.19.