Aqşin Babayev: “Nazim Hikmətdən söz açmaq mənim üçün həmişə bəxtiyarlıqdır”

 

Filologiya elmləri doktoru, professor Aqşin Babayevlə müsahibə

 

- Aqşin müəllim, “Nazim Hikmət Azərbaycankitabınızı mağazalarda tapa bilmədim. Bildiyimə görə, ikinci nəşri satılıb qurtarıb. Kitabınızı Bəyazid Dövlət Kitabxanasında oxudum. Bu kitabı Azərbaycanda necə qarşıladılar?

 

- Bu kitabım 2012-ci ildə nəşr olundu. Sonralar, dediyiniz kimi, ikinci nəşri işıq üzü gördü.Ədəbiyyat qəzeti”nin baş redaktoru, tədqiqatçı-alim Azər Turan kitab haqqında maraqlı bir məqalə yazmışdı. O yazını çox bəyəndim Nazim Hikmət Qalaktikasıkitabımda ön söz kimi verdim.

 

- Kitabınızı türkcəyə Nazim Hikmətin Bakı dönəmini araşdıran Aslan Kavlak çevirib. Maraqlıdır, bu təklif kimdən gəldi?

 

- Aslan Kavlak Bakıda mənimlə görüşəndə ona kitabımı vermişdim. Oxuyub bəyəndi sonra kitabımı türkcəyə çevirdi. İndi Nazim Hikmət Qalaktikasıkitabımı tərcümə edir. Ya qismət!

 

- Aslan Kavlak Nazim Hikmətin Bakı dönəmini araşdıran bir tədqiqatçıdır. OnunBakıya gedirəm, ay balamkitabını necə dəyərləndirirsiniz?

 

- Çox yaxşı tədqiqat əsəridir. Kitabında mənə istinad edib. Nazim Hikmətlə bağlı müəyyən şeylər vardı ki, onlar bizə fakt kimi məlum idi, Aslan Kavlak isə faktları geniş şəkildə şərh edir. Kitabını yazmaq üçün bir çox qəzet jurnallardan, lent yazılarından istifadə edib. Kitabında Süleyman Rüstəmin, Rəsul Rzanın, Nigar Rəfibəylinin, Əkbər Babayevin, Arif Məlikovun Nazim Hikmətlə görüşləri, onun Bakıda, Gəncədə tamaşaya qoyulmuş pyesləri haqqında geniş bilgilər var. Ümumən, Nazim Hikmət haqqında çox maraqlı materiallar toplayıb.

 

- Siz 1957-ci ildə ilk dəfə Nazim Hikməti universitetdə görmüsünüz. Bəs Nazimin şeirləriylə zaman tanış oldunuz?

 

- Orta məktəbdə oxuyanda ədəbiyyat müəllimim Nazim Hikmətin bir şeirini oxudu mən heyran oldum.

 

- Hansı şeir olduğunu xatırlayırsınız?

 

- O bu gece ölebilir

Ceketinin göğsünde bir

kurşun yanığıyla.

O bu gece gitti ölüme

Kendi ayağıyla...

- Cigaran var ? - dedi...

- Var, - dedim.

 

Bu şeir o zaman mənə çox təsir etmişdi...

 

- Nazim Hikmətin ilk kitabıGünəşi içənlərin türküsünecə oldu ki, Bakıda nəşr olundu?

 

- Bunun xeyirxahı Süleyman Rüstəm oldu. Nazim Hikmət Süleyman Rüstəmə şeirlərini göndərirdi. Bu şeirlərMaarif mədəniyyətjurnalında çap olunurdu. 1927-ci ildə Nazim Hikmət Bakıya gəlib, 1928-ci ildə isə onunGünəşi içənlərin türküsükitabı Bakıda nəşr olunub. Redaktoru Süleyman Rüstəm idi.

 

- Nazim Hikmət Türkiyədə daha çox 1929-cu ildə vətənində çap olunan “835 sətir” kitabı ilə xatırlanır və onun Türk şeirinə olan təsirlərindən bəhs edirlər. Sizcə, bizim ədəbi mühitə şairin ən çox hansı kitabı təsir edib?

 

- Əlbəttə, ilk növbədə “Günəşi içənlərin türküsü”. Bu kitabın nəşri poeziyamıza yeni ruh, yeni nəfəs gətirdi. Bu yeni nəfəs Mikayıl Rəfilinin, Rəsul Rzanın, Nigar Rəfibəylinin yaradıcılığında öz əksini tapdı. Bu şairlər arasında Rəsul Rza xüsusən önəmli bir yerə sahibdir. Əli Kərim, Fikrət Qoca, Fikrət Sadıq, Vaqif Səmədoğlu, Ələkbər Salahzadə və başqaları Rəsul Rza məktəbinin ardıcıllarıdır.

 

- Yanılmıramsa, Nazim Hikmətin 2009-cu ildə nəşr olunanSeçilmiş əsərləri”nin tərtibçisi Sizsiniz.

 

- Elədir. Kitaba ön sözü Anar yazıb. Kitabda bəzi sözləri orijinalda olduğu kimi saxlamışıq. Çünki istəmirdik Nazim Hikmətin şeirlərinin  ahəngi, ritmi pozulsun.

 

- Aqşin müəllim, 1920-ci illərin ikinci yarısında Peyami Safa Cumhuriyyət qəzetində NaziminYanardağşeirini yayınladığı üçün işdən çıxarılmışdı. 1941-ci ildə Atilla İlhan sevdiyi qıza yazdığı məktubda Nazimin şeirindən istifadə etdiyi üçün məktəbdən uzaqlaşdırılmış və iki ay həbs olunmuşdu. Siz Nazim Hikmətlə bağlı yazılarınıza görə təzyiqə məruz qalmısınızmı?

 

- Azərbaycan və Rusiyada hansısa əngəl hiss etmədim, ancaq 1972-ci ildə Türkiyəyə işləməyə gedəndə Moskvada dedilər ki, Nazim Hikmətin adını çəkməməlisən. Ancaq mən Türkiyədə Nazimə böyük bir sevgi gördüm. Təbii ki, Nazimi sevməyənlər də vardı.

 

- Maraqlıdır ki, siz Nazim Hikmətin şeirləri yox, dramaturgiyası haqqında elmi yazmısınız.

 

- Orta məktəbdə oxuyanda Nazim Hikmətin “Kəllə” pyesini radiodan dinləmişdim. Ələsgər Ələkbərovun Dalbanezosu məni heyran etmişdi. Sonra teatrlarda onun tamaşalarını izlədim. Nazimin poeziyasını Əkbər Babayev işləmişdi. Düşünürdüm ki, Nazim Hikmətin pyeslərində novatorluq var. Türkiyədə və Rusiyada bəzi teatrşünaslar bu novatorluğu qəbul etmirdilər. Mən də bir tədqiqatçı kimi istəyirdim sübut edim ki, onun yaradıcılığındakı yenilikçilik qəbul edilməlidir. Nazim Hikmətlə görüşümüzdə də o, məndən  üçün onun dramaturgiyasından yazmaq istədiyimi soruşdu. Mən də pyeslərində novatorluq olduğunu dedim və “Kəllə”, “Qəribə adam”, “Damokl qılıncı” və s. pyesləri haqqında fikirlərimi bildirdim. Məsələn, “Qəribə adam” pyesində səhnənin önünə qoyulan daş çox maraqlı bir detaldı. Nazim bu daşı bəşəriyyətin yolunda bir əngəl kimi görürdü. Obrazlardan biri üstündən atılır, biri kənara çəkir, biri ayağını qoyub çəkməsinin ipini bağlayır və nəhayət əsərin qəhrəmanı daşı qaldırıb aparmaq istəyir. Bax, bu, Nazim Hikmətin novatorluğuna bir nümunədir. Bütün obrazların daşa - insanlığın yolu üzərindəki əngələ münasibəti xarakterləri açır.

 

- Nazim Hikmətin ölümündən sonra, yanılmıramsa, elmi işinizi yarımçıq qoymusunuz.

 

- Dissertasiya işim hazır idi. Nazim Hikmət müdafiəmdə iştirak edəcəyini demişdi, ancaq qəflətən dünyasını dəyişdi. Dörd il əlim işdən soyudu, namizədlik dissertasiyamı 1967-ci ildə müdafiə etdim.

 

- Biz sizi həm də dramaturq kimi tanıyırıq. Dram əsərlərinizlə Nazim Hikmət arasında bir bağ varmı?

 

- Təbii ki, mənə Nazim Hikmət dramaturgiyasının təsiri var. Xüsusən Nazimlə bağlı pyesimdə. Mən Firudun Məhərrəmli, Yusif Əkbərov, Ədalət Ziyadxanov, Loğman Kərimov kimi rejissorlarla işləmişəm. Bir sıra teatrlarda əsərlərim tamaşaya qoyulub. Ulu Öndərimiz Heydər Əliyevə həsr olunmuşXilaskarpyesim İrəvan Dövlət Dram teatrının quruluşunda Türkiyənin yeddi şəhərində uğurla nümayiş etdirilib.

 

- Nazim Hikmətin pyesi Moskvada qadağan olunmuşdu. SSRİ-nin dostu hesab edilən bir şairə qarşı nə üçün belə bir addım atmışdılar?

 

- Zahirən Nazim Hikmət Moskvada hər cür qayğı ilə əhatə olunmuşdu. Amma o, yaxşı bilirdi ki, onun hər addımını izləyirlər. O, hər zaman həqiqəti, gördüyünü deyirdi. “İvan İvanoviç varmıydı, yoxmuydupyesi Moskvada cəmi beş dəfə oynandı, sonra repertuardan çıxarıldı. Çünki bu əsər sovet bürokratizmini ifşa edirdi.

 

- Nazim Hikmətlə görüşməyinizə Əkbər Babayev kömək edib. İstərdim qısa da olsa, Əkbər Babayevin həm Nazim Hikmət, həm də sizin həyatınızdakı önəmindən danışasınız.

 

- Əkbər Babayev qəribə adam idi. Doktorluğunu müdafiə eləmədi. Məncə, o, Nazim Hikməthaqqındakı elmi əsərlərinə görə doktorluğa layiq idi. Sonralar Nazim Hikmətin ona yazdığı məktubları oxuyanda anladım ki, Əkbər Babayev istəsə , doktorluq müdafiə edə bilməzdi. Çünki o, bütünlüklə özünü Nazim Hikmətə həsr etmişdi. Nazim yazırdı ki, Əkbərciğim, filankəsdən filan şeyi al, filan şeyləri tərcümə elə, Bakıda kitabım çıxır onun tərcüməsinə bax ya Münəvvərə filan şeyi göndər... Heç oğul da atası üçün o şeyləri eləməzdi ki, Əkbər Babayev Nazim Hikmət üçün eləmişdi. Özü Nazim Hikmətin ölümündən sonra da onunla bağlı bir xeyli işlər gördü. Yaxşı, deyək ki, ömrünü Nazim Hikmətə sərf elədi. Bəs Aqşin Babayevə deyirsən? Mənə çox böyük qayğı göstərirdi. Bir fakt deyim. Mənim müdafiəmə göndərdiyi rəy itmişdi. Əkbər Babayev bir nömrəli Nazimşünas idi, onun rəyi olmadan xitabət kürsüsünə çıxmaq olmazdı. Zəng eləyib dedim ki, Əkbər müəllim, rəyiniz gəlib çatmadı, sabah isə müdafiə günümdür. Dedi, narahat olma, teleqramla göndərərəm. Beş səhifəlik rəyi Əkbər Babayev teleqramla göndərdi. Yəni Nazim Hikmətlə bağlı hər kəsə kömək edir, dəstək olurdu.

 

- Nazim Hikmətin sərbəst şeirlərini necə dəyərləndirirsiniz?

 

- Nazim Hikmət türk poeziyasında bir çox kanonları dağıtdı. Onun sərbəst vəzn haqqındakı düşüncələri maraqlıdır. Düzdür, ondan öncə İsmail Həbib yazmışdı ki, sərbəst vəzn mütləq sərbəst ritmik vəzn olmalıdır. İsmail Həbibin fikrincə, poeziyada qafiyə, ritm yoxdursa, həmin sənət nümunəsi poeziya anlamı ilə tərs mütənasibdir. Ümumiyyətlə, Nazim Hikmətin sənət anlayışı fərqli idi. O, məsələn, deyirdi ki, vazanın içindəki gülün eyniylə kətan üzərindəki əksi sənət deyil. Ondansa canlı gülə baxaram. O, həmişə oxucu üçün yaradıcılıq payı qoyurdu. Yəni əsər bitəndən sonra oxucunu düşündürməlidir. Mən Nazim Hikmətlə söhbətlərimin birində dedim ki, bir dəfə “Araz” kinotetarında “Avara” adlı hind filminə baxmışdım. Kinoteatrdan çıxanda gördüm bir qadın ağlayır, yanındakı da ona təsəlli verir ki, darıxma, Rac türmədən çıxacaq, mütləq Rita ilə ailə həyatı quracaq, onlar xoşbəxt olacaqlar. Nazimə bunu danışanda dedi ki, bax, əsl sənət budur.

 

- Son vaxtlar Nazim Hikmətlə bağlı yeni nəsə yazmısınızmı?

 

- “Ceviz ağacı” pyesimi yazdım. Qismət olsa, bu ilin payızında İrəvan Dövlət Dram teatrında səhnəyə qoyulacaq. Pyesdə Nazim Hikmətin bütün həyatını, taleyini verməyə çalışmışam. Daha çox isə onunüçün vətənindən ayrılıb Moskvaya gəlməsini açıqlamışam. Bilirsən ki, Nazim Hikməti 48 yaşında əsgərliyə çağırdılar. Bu, onu öldürmək üçün bir bəhanə idi. Əgər o, Türkiyədə qalsaydı, öldürəcəkdilər, necə ki Səbahəddin Əlini öldürdülər.

 

- Deyəsən, suallarımla sizi yordum.

 

- Əsla. Bilirsən, yadıma düşdü? Nazim Hikmətlə ilk görüşdə otuz sual hazırlamışdım. Gülərək dedi ki, bunların hamısına mən cavab verəcəyəm? (Gülürük) İstədiyini soruşa bilərsən. Nazim Hikmətdən söz açmaq mənim üçün həmişə bəxtiyarlıqdır.

 

- Kitabınızın sonunda təəssüflənirsiniz ki, Nazim Hikmətlə birlikdə şəkliniz yoxdur. Aqşin müəllim, istəmirəm ki, mən nəvaxtsa sizinlə şəkil çəkdirmədiyim üçün təəssüflənim.

 

- Bu müqayisəyə görə təşəkkür edirəm. Böyük mübaliğədir. Hiss olunur ki, kitabımı diqqətlə oxumusan. (Gülürük.)

 

Söhbətləşdi: Ramil ƏHMƏD

 

525-ci qəzet.- 2017.- 16 sentybar.- S.18.