Bakı uğrunda
savaş - General Denstervillin gündəliklərindən
Azərbaycan Cümhuriyyəti
- 100
Rusiya imperiyasının süqutundan sonra, xüsusən
də 1918-ci ildə Bakı uğrunda mübarizə
özünün pik həddinə çatmışdı.
“Qırmızı” və “ağ” ruslar, ingilislər,
almanlar Bakıya, daha doğrusu, Bakı neftinə sahiblik
uğrunda ölüm-dirim savaşına
qalxmışdılar. Öz məkrli maraqlarını güdərək bu
qüvvələrin hər birinin işinə yaramağa və
sərfəli pay bölgüsündən kənarda
qalmamağa can atan ermənilər də hər vasitə ilə
Azərbaycanın tarixi baş şəhərində möhkəmlənməyə
çalışırdılar. Ermənilərin fəal
yandaşlıq etdikləri bütün bu qüvvələrin
başlıca məqsədi strateji sərvətlərə yiyələnmək
üçün Bakını onun həqiqi sahiblərinin - Azərbaycan
türklərinin əlindən birdəfəlik almaq idi. 1918-ci
ilin martında erməni-bolşevik alyansının azərbaycanlılara
qarşı həyata keçirdiyi dəhşətli
soyqırım və etnik təmizləmə siyasəti də
bu məqsədə xidmət edirdi.
Bir
sözlə, Birinci Dünya müharibəsinin başa
çatdığı ərəfədə nisbətən
kiçik miqyaslı, lokal bir “dünya müharibəsi” də Bakı ətrafında
başlamışdı. Bu böyük hərbi-geopolitik
avantüranın ən iddialı oyunçularından biri o
dövrdə həqiqətən dünyaya ağalıq edən
Böyük Britaniya idi. İngilis müstəmləkəçilərin
Bakı ilə bağlı uğursuz savaş tarixçəsi
“Densterforce” hərbi qüvvələrinin komandanı, general Lionel Çarlz Denstervillin (1865-1946) hadisələrin
isti izi ilə 1920-ci ildə Londonda çap etdirdiyi
“Densterforsun macəraları” kitabında və onun
ardıcıl şəkildə tutduğu gündəliklərdə
öz əksini tapıb.
“İngilis
generalı indiyədək Böyük Britaniya gəmilərinin
şırım açmadığı yeganə dənizdə
- Xəzərdə holland mənşəli Cənubi Afrika
prezidentinin adını daşıyan gəminin göyərtəsində
serb bayrağı altında fars limanından inqilabi rus şəhərindəki
erməniləri türk zülmündən xilas etmək
üçün yola çıxıb” - general Denstervillin
kitabı belə patetik və ilk baxışdan o qədər
də anlaşılmayan təntənəli cümlə ilə
başlayır.
Əvvəlcə
zəruri izahat: General Denstervill 1918-ci il
avqustun 17-də Bakı limanına “Paul Kryuger” gəmisində
yan almışdı. Gəmi 1883-1900-cu illərdə
Cənubi Afrika Respublikasının prezidenti olan və
ingilis-bur müharibələrinin qəhrəmanlarından biri
kimi tanınan holland əsilli Stefanus Yoxannes Paul Kryugerin
(1825-1904) adını daşıyırdı. Serb bayrağının da özünəməxsus
tarixçəsi var. Denstervill komandan kimi gəmisində
qırmızı bolşevik bayrağı deyil, Rusiya
imperiyasının üç rəngli bayrağını
qaldırmışdı. Lakin yerli inqilabçılar qəti etirazlarını
bildirdikdən sonra kompromis variant kimi imperiya
bayrağını tərsinə, baş-ayaq asmaq qərara
alınmışdı. Sonradan rənglərin bu şəkildə
düzümünün köhnə rus bayrağını serb
bayrağına çevirdiyinin fərqinə varsalar da, dəyişmək
istəməmişdilər. Fars limanı -
İranın Ənzəli şəhəri, “ingilabi rus şəhəri”
- Bakı idi. Erməniləri türk
zülmündən qurtarmaq məsələsində isə
ingilis generalı, necə deyərlər, gül vurmuşdu.
Çünki onun Bakıya gəldiyi vaxt hər şey tam əksinə
idi - mart qırğınından sonra əvvəlcə
S.Şaumyanın daşnak-bolşevik rejimi, ardınca isə
ermənipərəst Sentrikaspi diktaturası hökuməti
yerli əhalini - Azərbaycan türklərini etnik təmizləmə
və terror hədəsi altında saxlayırdı. Hadisələrə azacıq obyektiv yanaşan şəxs
yalnız onların erməni zülmündən qurtarması
haqda danışa bilərdi.
Gündəliklərindən
Bakı ilə bağlı qeydləri “525-ci qəzet”in
oxucularına təqdim etmək istədiyim general Denstervill
peşəkar hərbçi idi. Britaniya imperiya
ordusu üçün zabitlər hazırlayan qapalı təhsil
müəssisəsini - Yunayted Servises hərbi kollecini
bitirmişdi. Yeri gəlmişkən, bu
kollecdə onun tələbə dostlarından biri gələcəyin
dünya şöhrətli ingilis yazıçısı,
Nobel mükafatı laureatı Rediard Kipling olmuşdu. Gənc
və diribaş Lionel Denstervill yaradıcılığa yeni başlayan Kiplinqin
“Stalki və dəstəsi” romanındakı qəhrəmanlardan
birinin prototipi idi. Digər tərəfdən,
“Gündəliklər” onun özünün də müəyyən
ədəbi istedaddan məhrum olmadığını göstərməkdədir.
Gənc zabit hərbi xidmətə 1884-cü ildə
Britaniya müstəmləkə ordusunun indiki Pakistan ərazisində
yerləşən quru qoşunlarında
başlamışdı. Birinci Dünya müharibəsi illərində
isə Hindistandakı hərbi birliklərdə xidmət
etmişdi. 1917-ci il dekabrın 24-də
ölkənin şimal-şərq sərhəddindəki piyada
briqadasının komandiri polkovnik Denstervill təcili şəkildə
Dehliyə - müstəmləkə ordusunun baş qərargahına
gəlmək əmri almışdı. Burada, 1918-ci il yanvarın ilk günlərində ona
general-mayor rütbəsi vermiş və hələ mövcud
olmayan gizli hərbi missiyanın komandanı təyin
etmişdilər.
Məsələ
buradadır ki, 1917-ci il dekabrın 23-də
Parisdə keçmiş Rusiya imperiyasının bir sıra ərazilərini
öz aralarında nüfuz dairəsinə bölməklə
bağlı məxfi ingilis-fransız müqaviləsi
imzalanmışdı. Müqavilənin şərtlərinə
görə, Don çayı hövzəsi,
Qafqaz və Türküstan Böyük Britaniyanın maraq dairəsinə
daxil edilmişdi. Dünyanın nəhəng imperiyalarıdan
birinin - çar Rusiyasının süqutu nəticəsində
yaranmış yeni siyasi şəraitdə Böyük
Britaniya Hərbi nazirliyində Lord Kerzon və Uilyam Robertsonun rəhbərliyi
altında gələcək
müstəmləkələrlə bağlı
xüsusi “Şərq komitəsi” yaradılmışdı.
Komitənin
təklifi ilə çox təcili şəkildə generallar
Vilfrid Malleson,Georq Makkartni və Lionel
Denstervillin komandanlığı altında üç hərbi
missiya formalaşdırılmışdı. Birinci missiya
İran-əfqan sərhəddinin şərq hissəsini, Məşhəd
şəhərini və Zakaspi dəmir yolunun mühüm qovşağı
sayılan Aşxabadı nəzarətə götürməli
idi. İkinci missiyanın fəaliyyət dairəsinə
də Türküstan daxil idi.
General Makkartniyə Şərqi Türküstanla digər
keçmiş rus əraziləri arasında
ayırıcı güc funksiyasını yerinə yetirmək,
habelə Daşkəndə nəzarət həvalə
olunmuşdu. Təzəcə
general olmuş Denstervill isə Bakı və Ənzəli
limanlarını nəzarətə götürməli,
bölgədəki britaniyapərəst güclərin fəaliyyətini
koordinasiya etməli, habelə türk-alman
qoşunlarının Mərkəzi Asiyaya, Hindistan və
Əfqanıstana ehtimali irəliləyişi zamanı önləyici
tədbirlər almalı idi.
General
Denstervill Tiflisi hərbi
missiyasının ən sərfəli və məqsədəuyğun
iqamət yeri sayırdı. Fikrincə, yalnız Tiflisdə
yerləşəcəyi təqdirdə Anadolu və Azərbaycan türklərinə
qarşı uğurlu dirəniş mümkün idi. Denstervillə görə, missiya bu şəhərdə
yerləşən kimi “rus, erməni və gürcü
ordularının dağınıq hissələrini birləşdirərək
türklərə qarşı vahid cəbhə” yarada bilərdi.
Göründüyü kimi, ingilis generalı Qafqaza
türklərə qarşı vuruşmaq üçün gəlirdi.
Bu məqsədlə
o, 1918-ci il yanvarın 18-də ingilislərin Osmanlı
imperiyasının əlindən yenicə aldıqları
Bağdada gəlib tarixə “Densterforse” kimi düşən hərbi
kontingenti formalaşdırmağa başlamışdı. Təxminən
1000 əsgər və zabitdən ibarət hərbi birləşmənin
tərkibində ingilislərlə bir sırada Britaniya
İttifaqına daxil olan Kanada, Avstraliya, Yeni Zelandiya kimi ölkələrin hərbçiləri
də vardı.
General
Denstervill kontingentin tam komplektləşdirilməsini gözləmədən
1918-ci il yanvarın 27-də 41 hərbi
“Ford” maşınında Bağdaddan İrana yola
düşmüşdü. Təxminən
fevralın ortalarında Bakıya çatmaq, dərhal
Transqafqaz dəmir yolu ilə qərargahının yerləşəcəyi
Tiflisə yollanmaq niyyətində idi. Yolsuzluğa və
pis hava şəraitinə baxmayaraq, inadlı general demək
olar ki, məqsədinə
çatmışdı - fevralın 18-də “Densterforse”
artıq İranın liman şəhəri Ənzəlidə
idi. Buradan isə Xəzərin qarşı sahilinə üzmək
və “dünyanın neft paytaxtına” yetişmək üçün cəmisi bir
neçə saat tələb olunurdu.
Lakin məqsədinə çatana qədər general
Denstervill düz 6 ay İranın şəhər və kəndlərini
dolaşmalı oldu. Yalnız 1918-ci ilin avqustunda onun gəmisi
Bakı sahillərinə yan ala bildi. Səbəb
çox sadə idi - Leninin Qafqazdakı komissarı Şaumyan
ingilisləri Xəzər sahillərində görmək istəmirdi.
Daha doğrusu, nefti onlarla bölüşmək
istəmirdilər. Almanlarla separat sülh
bağlayan bolşeviklər neftin bir hissəsini yeni dostlara vəd
etmişdilər. Denstervillin gücü isə
o qədər böyük deyildi ki, Bakını hücumla
alsın. O, sadəcə dəvət gözləyirdi.
Belə
bir dəvət Şaumyanın süqutundan sonra (31 iyul 1918-ci il) özünü Bakının yeni sahibi elan
edən və heç bir hüquqi əsası olmayan
şübhəli hakimiyyətini Erməni Milli Şurası ilə
bölüşən Sentrokaspi diktaturasından (Xəzər Hərbi
Donanmasının Mərkəzi Komitəsi) gəldi. Avqustun ilk günlərində kapitan Bobun komandası
ilə ilk ingilis əsgərləri artıq Bakıya gəlmişdilər.
Bu elə
bir vaxt idi ki, Azərbaycan Cümhuriyyəti hökuməti
ölkənin təbii və tarixi paytaxtı Bakını işğaldan
qurtarmaq üçün ölüm-dirim savaşına
başlamışdı.
General Denstervill həmin
savaşda ermənilərin yanında idi. Bütünlükdə
milli Azərbaycan dövlətinin varlığını və
Azərbaycan türklərinin öz paytaxtları ilə bağlı tarixi
haqlarını yerli-dibli inkar etmək yolunu tutmuşdu.
(Yeri gəlmişkən,
Denstervilldən düz üç ay sonra, 1918-ci il noyabrın
17-də artıq Azərbaycan hökumətinin dəvəti ilə
Ənzəlidən Bakıya gələn başqa bir ingilis
generalı - V.M.Tompson ilk anda Bakı dəniz limanında
qaldırılmış dövlət bayrağını
aşağı salmaq əmri versə də, sonradan Fətəli
xan Xoyski hökuməti ilə normal əməkdaşlıq
etməyə başlamışdı...).
Lakin Denstervillin o qədər də möhtəşəm
görünməyən ekspedisiya korpusu britaniyalıların
simasında güclü hami axtaran Centrokaspi diktaturasını
və Erməni Milli Şurasını təmin etməmişdi. General Denstervill də
Bakıya ağalıq fikrinə düşən
“diktatorların” və onların əsasən ermənilərdə
ibarət əsgərlərinin son dərəcə bivec,
heç bir işə yaramayan adamlar olduğunu elə birinci
gündən anlamış və bu həqiqəti gündəliklərində
dəfələrlə vurğulamışdı.
İngilislərin
Qafqaz İslam ordusu ilə ilk ciddi qarşılaşması
1918-ci il avqustun 26-da indiki Binəqədi ərazisində
baş vermidi. Həmin döyüşdə 3
zabit və 70 əsgər itirməsinə baxmayaraq,
“Densterforce” mövqeləri əldə saxlaya bilməmiş və
döyüş meydanından qaçmalı olmuşdu.
Amma bununla belə, Denstervill səmimi şəkildə
inanırdı ki, ingilislər köməyə gəlməsəydi,
Bakı hələ avqust ayında süqut edərdi... Və yəqin
ki,
gümanında haqsız deyildi.
99 il bundan əvvəl, sentyabrın 15-də
sübh saat 4-də tərkibinə yenicə
yaradılmış Azərbaycan hərbi birliklərinin də
daxil olduğu Qafqaz İslam ordusu Bakı üzərinə həlledici
hücuma keçdi. Saat 11-də artıq Qurd
qapısı yüksəkliyi ələ keçirilmişdi. Daha heç bir
qüvvə öz torpağına sahiblik haqqı uğrunda
ölüm-dirim savaşına qalxan Azərbaycan
türkünün qarşısını saxlaya bilməzdi.
Elə həmin axşam general Denstervill canlı
hərbi qüvvələrini, silah-sursatlarını (və yəqin
ki, həm də çapıb-taladıqlarını) gəmilərə
yükləyib Ənzəliyə qaçmışdı.
“Densterfors”un Bakıdakı itkiləri 180 nəfərdən
çox idi. Həlak olanlar köhnə
bakılıların hələ də “İngilis bağı”
adlandırdıqları ərazidə - İncəsənət
muzeyinə bitişik kiçik parkdan yuxarıda dəfn
olunmuşdu. Səhv etmirəmsə, 1998-ci
ildə ölkəmizdəki Böyük Britaniya səfirliyi
onların xatirəsinin hər hansı şəkildə əbədiləşdirilməsi
məsələsini qaldırmışdı. Lakin
Denstervillin hərbi
missiyasının həqiqi mahiyyəti
açıqlanandan sonra niyyətlərindən çəkilmişdilər.
General Denstervill tipik ingilis müstəmləkəçisi
idi. Və heç bir halda xalqımızın dostu
sayıla bilməzdi. Bakıda
qaldığı bir ay ərzində ermənilərlə
sıx təmas qurduğu, onlara arxalandığı halda yerli
xalqın - Azərbaycan türklərinin təmsilçisi ilə
bir dəfə də olsun əlaqə yaratmağı, görüşməyi
düşünməmişdi. Gündəliyində
göstərdiyi kimi, “tatarların vəziyyəti və onlarla
bağlı ümidlər haqqında” naməlum gürcü
prinsindən məlumat almağı daha üstün
tutmuşdu. Lakin buna baxmayaraq, Lionel Denstervillin Bakı
gündəlikləri ilə tanış
olmağa lüzum var. Ən azı düşmənlərimizin
dostunun münasibətini öyrənmək üçün!
Bakının işğaldan azad edilməsi təkcə
çevik hərbi-diplomatik gedişlər etməyi bacaran Azərbaycan
Cümhuriyyəti hökumətinin deyil, bütövlükdə
XX yüzillikdə xalqımızın, Azərbaycan-türk
dostluğunun böyük tarixi zəfəri
sayılmalıdır. İnsanlarımız belə qələbə sevincini yəqin
ki, növbəti dəfə yalnız işğal
altındakı Dağlıq Qarabağ torpaqları, Şuşa azad ediləndə yaşaya bilər.
Hələ onu demirəm ki, Bakının geri alınması
ilə Cümhuriyyət öz qəbirqazanına - Sovet Azərbaycanına,
bütün Azərbaycan türklərinə, gələcək
nəsillərə də
misilsiz töhfə buraxmışdı. Əks-təqdirdə
Bakının da İrəvanın, Zəngəzurun taleyinin yaşamayacağına
kim təminat verə bilərdi?
26 may
1918-ci il
Son günlər aldığım xəbərlər
özümü Bakıya tez çatdırmaqdan ötrü məni
daha bir cəhd göstərməyə vadar edir. Ona görə
də cümə günü buradan (Tehran nəzərdə
tutulur - V.Q.) çıxıram. Mayın 31-də Qəzvində
Biçeraxov və
onun kazaklarına qoşuluram, Ənzəliyə gedərkən
yolüstü cəngəlilərlə vuruşacağam. Əgər
ləngiməsək, vaxtında Bakıya çatarıq.
Şəhəri və neft mədənlərini
ələ keçirməkdən ötrü Tiflisdən yola
çıxan almanların və türklərin cəngindən
qurtara bilərik. Yenə həmişəki
kimi gecikəcəyikmiə Artıq bu mənim günahım
deyil. Onlar (Böyük Britaniya Hərbi nazirliyi - V.Q.) həmişə
belə böyük ehtiyac duyduğum hərbi qüvvə və
aeroplanlar
ayırmaqdan imtina edirlər.
28 may
Hərbi Nazirliyin teleqramında mənə indiki vaxtda
Qafqaza getmək qəti qadağan olunur. Beləliklə,
Bakı neftinə, Krasnovodsk pambığına, Həştərxan
taxılına və Xəzər dənizinə almanlar yiyələnəcəklər.
Çox ağır, üzücü haldır.
Mən yalnız fars əyalətlərinə
baxmalı olacağam. Fikrimcə, Şimali
İranda Persi Syukun aranı qarışdırması
onları (Britaniya hakimiyyətini - V.Q.) narahat edib. Sonra
Kiçik xan Rəştdə,
türklər Təbrizdə, Bakıda vətəndaş
müharibəsi və maliyyə çətinlikləri... Təchizat məsələsini heç cür qaydaya
sala bilmirlər. Hər ay minimum 5 milyon
funt-sterlinq tələb olunduğu haqda teleqram göndərdim.
28 iyul
Deyəsən, indiyə qədər hələ də
Bakını türklərlə almanların cəngindən
xilas etmək şansım qalır. Bolşeviklər
hakimiyyəti itiriblər. Artıq dənizi
üzüb keçmək və Bakını qurtarmaq növbəsi
mənimdir. Bolşevik və eser liderlə
tez-tez söhbət edirəm. Birincisi nahara
gəlmişdi, ikincisi isə daha söhbətcil idi.
31 iyul
Bakıdakı vəziyyət böhran həddinə
çatıb.
Biz gecikə bilərik. İki
bolşevik lideri - Çelyabinlə Lazarev mənimlə nahar
edirdi. Çox da maraqlı adam
olduqlarını demək mümkün deyil. Lakin
onların süfrədəki yeməklə birlikdə prinsiplərini
də necə acgözlüklə udmalarını
müşahidə etmək əyləndirici idi.
4 avqust
Bakı süqutun astanasındadır. Eyni zamanda, şəhəri xilas etmək
imkanımız hələ də qalır. Artıq
Bobu ora göndərmişəm. Özüm
isə bu gün Ənzəliyə yola düşürəm.
Mənzil adlanan balaca poçt stansiyasına gəldim.
Ancaq Bakıdan və Rəştdən olan
qaçqınların əlindən burada çox
narahatçılıqdır.
5 avqust
Rəştdən keçdim. Sərhəd məntəqəsində nahar etdim. Matvey və Murla danışdım. Tapşırılan işin öhdəsindən çox yaxşı gəliblər. Biz bu günlərdə bütün Gilan şəhərlərinin aeroplanla bombardman etmişik, düşünmürəm ki, yaxın gələcəkdə onlar (Kiçik xanın dəstələri) hücuma keçə bilərlər. Rəşt başqa şəhərlərdən çox zərər çəkib. Amma daha sakit təsiri bağışladı. Mühafizə dəstəmə heç yerdə atəş açmırdılar. Şəhər ətrafı çox gözəldir. Təxminən, 20 mil ərazidə qeyri-adi meşə, aşağıda isə yamyaşıl düyü plantasiyaları. Ənzəliyə axşam saat 6-da çatdım. Həmişəki köhnə balıqçı evinə düşdüm. Rus inqilabi komitəsinin liderlərini az öncə həbs etmişik və ümidvaram ki, bundan sonra hər şey yaxşı olacaq. 6 ay əvvəl isə az qalmışdı ki, həmin inqilabi komitə məni həbs etsin. O zaman bir möcüzə sayəsində qaçıb canımı qurtara bildim. İndi onlar dustaq kimi Bağdada göndərilirlər. İnqilab komitələri daha mövcud deyil. Çünki Ənzəli mənim əlimdədir. Bob artıq Bakıdadır. Oradan gələn yeniliklər o qədər də pis deyil. Deyəsən, biz hələ də uğur qazanacağımıza ümid bəsləyə bilərik.
7 avqust
Buradakı limanda sakitlikdir. Doğrudur, bolşevik liderlərini tutub Bağdada göndərmişik. Amma bununla belə, indiyə qədər hələ də limana və gəmilərə tam nəzarəti əlimizdə saxlaya bilmirik. Çünki qoşunlarımızın sayı azdır, hərbi güc nümayiş etdirmək imkanım yoxdur. Faktiki olaraq bolşeviklər və cəngəlilər, yaxud ikisi birlikdə hücum edib məni şəhərdən çıxara bilərlər. Böyük təhlükə var. Amma yenə də əsas gücü Bakıya göndərməli, burada isə yalnız az sayda zəruri qüvvə saxlamalıyam.
Şəhərə gələn kimi özünü bütünlüklə danışıqlara həsr etməli olursan. Amma bundan tez yorulursan. Dünən gömrüyün rəisi cənab Xuninlə görüşdüm. Xəzər gəmiçiliyinə nəzarət edən Xaçikovla Senizavin, eser Qendre, Erməni Milli Şurasının sədri doktor Araratyans, eser Oqamyants, Biçeraxovun adamı kimi tanıdığım eser Alxari yanıma gəlmişdilər. Möhtəşəm planlar təklif edirlər. Amma hərə öz əlinə oynayır. Bu gün də bir dəstə adam vardı. Sadəcə, vaxtımı alırlar. Əsasən rus və ingilis qaçqınlarıdır. Hamısı mənim köməyimlə iş (oxu: pul) tapmağa can atır. Bakının taleyi indiyə qədər tükdən asılı qalır. Ümid edirəm ki, Bob ona tapşırılan vəzifənin öhdəsindən gəlir. Amma sərəncamımdakı qüvvələr çox azdır. Vaxt isə sürətlə keçir.
11 avqust
Çox istidir. Hər gün saat 6.30-da dənizdə çimirik. Səhərdən axşama qədər müxtəlif adamlarla danışıq aparıram. Çətinliklər dəhşətli şəkildə çoxalır. Gecikməyin böyük fəsadları çıxa bilər. Yardım dəstələri heç də həmişə vaxtında gəlmir. Bakının taleyi isə tükdən asılıdır. Maşınlar hamısı sıradan çıxıb. Hər şey əleyhimə çevrilib. Farslarla bağlı çoxsaylı problemlərlə yanaşı, indi məndən ötrü Bakı, Krasnovodsk, Lənkəran problemi də yaranıb. Biçeraxov Dərbənddə, rus icması isə Məşhəddə yalvarıb hərbi qüvvə göndərməyimi istəyir. Cəngəlilər hücumla hədələyirlər. Sanki hər şey əleyhimizə çevrilib. Amma Allah bizimlədir. Yaxşı ki, xarakter etibarı ilə sakit adamam. Yoxsa lap dəli olardım. Bağdaddan öz gücümə güvənib avtomobillərlə yola çıxdım. Amma aradan keçən müddət ərzində briqadanı tam formalaşdıra bilməmişəm. Məşğul olduğum iş poker oyunundan daha pis, daha mənasız blefdir.
14 avqust
Özüm də, qərargahım da “Prezident Kryuger” gəmisinə köçdük. Gözləməli olduğumuz müddət orada qalacağam. Kayutlar sərindir. İndi gəmini simsiz teleqrafla təchiz etməyə çalışıram. Ondan sonra Xəzər dənizini eninə-boyuna üzəcəyəm. Dənizçilərimdən biri - kommodor (Britaniyanın və bir sıra ölkələrin donanmalarında birinci dərəcəli kapitandan yuxarı, admiraldan aşağı sayılan hərbi rütbə - V.Q.) Norris bizim donanmanın təşkili ilə məşğuldur. Neçə vaxtdır, bir gəmi də almamışıq. Amma dünən 4 top gəldi, 3-ü də yoldadır. 160 nəfərlik dənizçi heyətimiz var. Zabitlər və ekipaj üzvləri kifayət qədər yaxşı görünürlər. Qırmızı rəngli inqilabi bayrağı endirdik, əvəzində gəminin dor ağacı üzərində köhnə rus bayrağı qaldırdıq.
16 avqust
Xəzər dənizinin qarşı sahilinə
keçmək vaxtı çatdı. Limanı tufanlı havada tərk
etdik. Yəqin ki, hamı dəniz xəstəliyinə
tutulacaq. Poçt gəmisi dünən gecə
çıxa bilməmişdi. Ona görə
də bu axşam yola düşdü.
17 avqust
Bakıya çatdıq. Çətinliklərin
öhdəsindən uğurla gəldik. Hətta
səhər yeməyini də qaçırmadıq. Gün sərin keçdi. Güclü,
amma xoş dəniz küləyi əsirdi.
19 avqust
Dünən və bu gün uzunluğu 10 milə
çatan cəbhə xəttini bütünlüklə gəzmişəm. Cənubda, dəniz
sahilindən şimala qədər sağ cinah açıq
qalır. Bu da türklərə qüvvələrini
yenidən qruplaşdırmağa, yarımadanın şərqindən
arxamızda müəyyən narahatlıq yaratmağa imkan
verir. Hər iki cinahın ön xəttində dayanan ermənilərin
nəzarət etdikləri mövqelərin mənim Şimali
Stafforddan olan əsgərlərimlə qüvvətləndirilməsinə
baxmayaraq, son
dərəcə boş, fərsiz adamlardır. Aralarında
heç bir nizam-intizam və mütəşəkkillik yoxdur.
Tədricən erməni batalyonlarına
britaniyalı komandirlər göndərməyə
başlamışıq. Batareyalarda da bizim zabitlər
var. Avtomobillə türk toplarından təxminən 300 yard
(91,44 sm.-ə bərabər ingilis uzunluq
ölçüsü - V.Q.) məsafədə, kifayət qədər
açıq, müdafiəsiz yerdən keçdim. Amma düşmən bir dəfə də olsun, atəş
açmadı. Güman edirəm ki, bu ilk
növbədə sursat ehtiyatlarının son dərəcə
qıt olması ilə bağlıdır. Sağ
cinahdakı müdafiə xəttimiz dəhşətli dərəcədə
zəifdir. Belə şəraitdə türklərin
şəhəri tutmağa cəhd göstərməmələri
düşmənin döyüş ruhunun aşağı
olmasından xəbər verir. Türk
batareyaları şəhərin və limanın təxminən
6000 yardlığında yerləşir. Yəni
istəsələr, bizi hər an atəş altda saxlaya bilərlər.
Neft mədənləri məndə böyük
maraq yaratdı. Bakı əzəmətli,
fundamental binaları olan gözəl şəhərdir. Lakin şəhər kənarı
darıxdırıcı, hətta deyərdim ki, ürək
bulandırıcıdır. Uzun, qara neft
buruqları adamda xoşagəlməz təəssürat
doğurur.
20 avqust
Dünən rus kilsəsinə dini ayinə baxmağa
getmişdim. Dəhşət içində kilsədəkilərin
müqəddəs ikonalardan çox mənə tamaşa
etdiklərini gördüm. Bu günsə
kinemotoqrafa çəkdilər və beləliklə də sifət
cizgilərim tarixə düşdü.
Axşam gəmi ilə Dərbəndə yola
düşdüm. Burada hərbi baxımdan vəziyyət
böhran həddindədir, siyasi cəhətdən isə
normaldır. Lakin indi dəyişikliklər
çox tez baş verir, mövcud hökumət istənilən
dəqiqə devrilə bilər. Biçeraxov üzərinə
düşən vəzifələrin öhdəsindən
əla gəlir. Hiss edirəm ki, özüm də müəyyən
tərifə layiqəm. Ən azı ona görə
ki, bütün mənfi fikirlərə baxmayaraq bu adama
inandım. Hərbi nazir teleqrafla xəbər
göndərmişdi ki, ona etibar etmək olmaz. Bağdaddakılar və rusların da demək olar
ki, hamısı eyni sözü deyirdilər. Əgər həmin fikirlərə qarşı
çıxmasaydım, onda həqiqətən də fəlakət
baş verə bilərdi. İndiyə qədər
Biçeraxov uğur qazanıb. Təbii
ki, mənim uğurlarım da onunla bağlıdır. Buradakılara ona anlayışla yanaşmağı
məsləhət görürdüm. Qərargah
rəisi Avetisov Biçeraxova nifrət edir. Lakin biz qərargah rəisini xəstəliyə
görə istefaya göndərərik və vəziyyət
qaydaya düşər. Bob isə komandanlıq işinin
öhdəsindən uğurla gəlir. Bu, artilleriya zabitinin həm
də yaxşı adam olmasının nadir
nümunələrindəndir. Dünən
telefonoqramı gəminin göyərtəsində qəbul
etdim və axşam saat 9-da Dərbəndə yola
düşdüm. Alekseyevin Həştərxanı
aldığını eşitdik. Təbii
ki, yaxşı yenilikdir. Lakin sonradan Alekseyevin deyil, Baltik donanmasının
anarxist dənizçilərinin şəhərə yiyələndiklərini
öyrəndik. Bu isə artıq pis yenilikdir.
Məni az qala addımbaşı
kinemotoqrafa çəkirlər. Bu gün də
Krasnovodska gedən gəminin göyərtəsində, bir dəstə
qaçqının qabağında nitq söyləyərkən
çəkdilər. Bakının
müdafiəsi dəhşət dərəcədə zəif
təşkil edilib. Çox ümid edirəm
ki, mən burada olmayanda şəhəri tutmayacaqlar.
21 avqust
Saat 4.30-da Xəzərdə o qədər də parlaq
adlandıra bilməyəcəyim ilk dəniz
döyüşü verdik. Hələ Dərbəndə
çatmamışdıq. Limana yaxınlaşanda
şübhəli bir gəmi (böyük ehtimalla bolşeviklər
idi!) onlarla yanaşı üzməyimizi bildirən siqnal
işarəsi verdi. Kapitan
fikrimi soruşdu. Mən də öz
növbəmdə həmin gəminin belə tələblər
vermək üçün hansısa ixtiyar, yaxud səlahiyyət
sahibi olması ilə maraqlandım. Kapitan dedi: “Yox, adi gəmidir,
adı “Özbək”dir, yaxın vaxtlarda bolşeviklərin əlinə
keçib. Bu sözləri eşidən kimi “Tam
sürətlə irəli!” komandası verdim. Bolşevik gəmisi bizə o qədər də
böyük olmayan, çox güman ki, 3 düyümlük
toplardan atəş açmağa başladı. 15 dəqiqə ərzində 4, yaxud 5 dəfə
atdılar. Mərmilər hamısı
yaxın məsafədə ətrafımıza düşdü.
Lakin xoşbəxtlikdən dəqiq nişan
ala bilmədilər. Gəmimizin daha sürətli
olması nəticəsində tezliklə “Özbək”dən
uzaqlaşa bildik. Dərhal kursu dəyişdik.
İndi Bakıya qayıdırıq. Bütün gəmilərə dağ
toplarının qoyulması məsələsində təkid
edəcəyəm. Yoxsa günün birində
çox asanlıqla bu dəniz quldurlarının ovuna
çevrilə bilərik.
23 avqust
Şiddətli şimal küləyi əsirdi. Lakin qətiyyən dəniz xəstəliyi hiss etmədik. Bakıya gündüz saat 3-də çatdıq. Bob göyərtəyə qalxıb vəziyyətin normal olması ilə bağlı raport verdi. Bu gün hərbi xidmətimin 35 ili tamam olur. Orduda belə çox qalacağımı heç təsəvvürümə gətirməzdim. Amma bunlar 35 xoşbəxt il idi. Son 21 ildə isə mənə ikiqat xoşbəxtlik üz verib. Türklər gecə şəhəri top atəşinə tutmuşdular. Elə ciddi ziyan vura bilmədilər. Biz ticarət gəmilərindən bəzilərini silahlandırmaq istəyirik. Amma inqilabi hökumətin razılığını heç cür ala bilmirik. Sonradan donanmamızdan onlara qarşı istifadə edəcəyimizdən qorxurlar. Hava qəfildən xeyli sərinləşdi. Qorxuram, əsl isti günlər həmişəlik arxada qalsın. Yağ, süd, istənilən formada piy tapa bilmirik. Onlar üçün əsla darıxmamışam. Amma həkimlər istifadənin zəruri olduğunu deyir.
24 avqust
Dünən gecə bombardmanı vaxtı vur-tut iki nəfər öldürülüb. Amma təsadüfi atəşlər adamlar arasında böyük təşviş yaradıb. Dünən axşam saat 8-də Ənzəliyə yola düşdüm. Hava əladır.
25 avqust
Gündüz saat 3-də Ənzəliyə çatdım. Kiçik xanla görüşmək, çay süfrəsi arxasında söhbət etmək istəyirdim. Lakin çərşənbə gününə qədər boş vaxtı olmayacaqdı. Mən bu qədər gözləyə bilməzdim. Yenə də vacib məsələni həll etmədən geri qayıtmalı oluram. İndiki gəlişimdə Ənzəli mənə çox gözəl və təmiz göründü. Brey möhkəm xəstədir. Hospitala göndərməli oldum. Yerinə rus ordusundan leytenant Qosvaldı götürdüm. Yaxşı oğlandır, amma Breylə müqayisədə bir şey deyil.
(Ardı gələn şənbə sayımızda)
Vilayət
QULİYEV
525-ci qəzet.- 2017.- 16 sentybar.- S.16-17.