Ziyalı fədakarlığına
nümunə
Azərbaycan
elmi-ədəbi və ictimai fikrinin inkişafında görkəmli
yeri olan filologiya elmləri doktoru, professor Qəzənfər
Paşayevin çoxillik və çoxcəhətli fəaliyyətini
səciyyələndirən əsas prinsiplər yüksək
vətəndaşlıq mövqeyi ilə universal düşüncənin
və professionallığın vəhdətindən ibarətdir.
Bu çox zəhmətkeş alim, eyni zamanda fərqli
bir vətəndaşlıq mövqeyi nümayiş etdirir. Professor Qəzənfər
Paşayevin pafosdan uzaq olan vətəndaşlıq
anlayışının sərhədləri, üfüqləri
olduqca genişdir. Böyük mənada Azərbaycanı
tam əhatə edən bu vətəndaşlıq duyğusu
onun Kərkük dolaylarındakı fəaliyyətinin,
dünya ədəbiyyatının ölkəmizdə
tanıdılması ilə əlaqədar zəhmətlərini,
ədəbiyyatşünaslıq, dilçilik,
folklorşünaslıq istiqamətlərindəki fəaliyyətlərinin
də mayasını, cövhərini təşkil edir.
O,
müraciət etdiyi problemlərə, ədəbi-tarixi şəxsiyyətlərə
epoxanın gözü ilə baxmağı bacaran, qələmə
aldığı məsələləri yüksək vətəndaşlıq
səviyyəsində təqdim etmək vəzifəsini məsuliyyətlə,
ləyaqətlə həyata keçirməyin öhdəsindən
gələ bilən əsl elm adamıdır. Yazdığı
sanballı elmi əsərlərin bir çoxu elmdəki
mühüm əhəmiyyəti ilə yanaşı, həm də
böyük vətəndaşlıq borcunun ifadəsidir.
Qəzənfər Paşayevin Azərbaycan
aşıq sənətinə, İraq-türkman ədəbiyyatına,
Kərkük ləhcəsinə həsr olunmuş əsərləri
elmdə böyük mənəvi borcu necə yüksək səviyyədə,
hansı ürəklə, təmannasız niyyətlə ciddi
şəkildə və məsuliyyətlə yerinə yetirməyin
mükəmməl örnəkləridir. Qəzənfər
müəllimin Azərbaycanla yanaşı, Kərkük
dolaylarından Hələbə, Təbrizə, Ərzuruma, Dərbəndə...
qədər uzanan böyük
coğrafiyanın ədəbiyyatına, folkloruna və tarixinə,
ləhcəsinə dair qiymətli əsərləri onun elmi-ədəbi
düşüncəsinin universallığına,
genişliyinə və bütövlüyünə də
nümunədir. Qəzənfər Paşayevin böyük mənada
vətəndaşlığın və universal düşüncəsinin
kamil ifadəsi olan əsərləri seçilmiş
mövzuya dərin, əsaslandırılmış professional
elmi münasibətin də real göstəricilərindəndir.
Azərbaycan oxucusuna təqdim
edilmiş yeddicildlik “Seçilmiş əsərləri” Qəzənfər
Paşayevin 75 illik ömür yolunun, zəngin həyat təcrübəsinin,
müdriklik və kamilliyinin, zəhmətkeşlik və fədakarlığının
nümunəsi kimi meydana çıxmışdır. Bu, Azərbaycan
ədəbiyyatşünaslıq elmində yaranan ilk
yeddicildlik kimi də
mühüm əhəmiyyətə malikdir. Heç
şübhəsiz, universal düşüncəyə, coxcəhətli
yaradıcılıq fəaliyyətinə malik olan Qəzənfər
Paşayevin yarım əsrlik fəaliyyətində
İraq-türkman mühiti, Kərkük dünyası ilə
bağlı sanballı tədqiqatlar aparıcılıq təşkil
edir. Haqlı olaraq onu “Kərkük
sevdalı ədəbiyyatşünas”, “Kərkükün mənəvi
səfiri” kimi dəyərləndirirlər.
Tərcümeyi-halının
cəmisi 6 ili İraq-türkman elləri ilə bağlı
olan Qəzənfər Paşayev artıq yarım əsrdən
çoxdur ki, Kərkük mövzusunda eyni sevda ilə
yazıb-yaratmaqda davam
etməkdədir. Fikrimcə, Qəzənfər
Paşayev Azərbaycan kərkükşünaslıq elminin
qüdrətli yaradıcısıdır. Qəzənfər
Paşayevin digər mövzularda yazılmış əsərlərinin
əhəmiyyətini heç aşağı salmadan
bütün yazdıqlarını tərəzinin bir
gözünə qoysaq, yenə də Kərkük tədqiqatları
ağır gələr. Yarım əsrə
yaxındır ki, İraq-türkman ədəbiyyatı, Dəclə-Fərat
sahilləri, Kərkük-ədəbi mühiti, folkloru, ləhcəsi
deyiləndə, ilk növbədə Qəzənfər müəllim
göz önünə gəlir. Böyük
bir qismi keçmiş sovet rejiminin sərt ideoloji
qadağaları dövründə yaranmış bu
sanballı əsərlər bu gün də öz
aktuallığını və elmi səviyyəsini saxlayan Azərbaycan
ədəbiyyatşünaslığının çox
sanballı Kərkük cildlərindən ibarətdir. Qəzənfər Paşayev İraq-türkman ədəbiyyatının
Azərbaycandakı səlahiyyətli səfiridir. Hesab edirəm ki, Azərbaycan kərkükşünaslığının
görkəmli yaradıcısı olan Qəzənfər
Paşayev, ümumiyyətlə, kərkükşünaslıqda
söz sahibi olan alimdir. Nəinki Azərbaycanda, yaxud da
dünyanın başqa bir yerində, hətta Kərkükdə
belə, kərkükşünaslıqda Qəzənfər
Paşayevlə müqayisə edilə biləcək tədqiqatçı
göstərmək çətindir.
Vaxtilə İraq-türkman ədəbiyyatının və
elmi-ictimai fikrinin görkəmli nümayəndəsi
Əbdüllətif Bəndəroğlu da etiraf etmişdi ki,
“Qəzənfər Paşayevin “İraq-türkman folkloru”
kitabına bənzər bir kitab indiyə qədər nə
İraq türkmanları tərəfindən, nə də
İraq türkmanlarının folkloru ilə məşğul
olan xarici alim və tədqiqatçılar tərəfindən
yazılmışdır”. Digər sahələri, fərqli
coğrafiyaları əhatə edən və ya Azərbaycan ədəbiyyatına
həsr olunmuş sanballı elmi əsərlərini yüksək
qiymətləndirməklə bərabər, eyni zamanda, etiraf
edilməlidir ki, professor Qəzənfər
Paşayev Kərkük ağırlıqlı görkəmli
Azərbaycan ədəbiyyatşünasıdır. O, Kərkük
ağırlıqlı Azərbaycan ədəbiyyatşünaslığının
fədakar müəllifidir. “Əsərləri”nin yeddicildliyinə
“Azərbaycan kərkükşünaslığının
banisi” adlı sanballı bir ön söz yazmış akademik
Tofiq Hacıyevin dəqiq ifadə etdiyi kimi, Qəzənfər
Paşayevin ardıcıl və mükəmməl tədqiqatları
ilə “kərkükşünaslıq elm sahəsinin
yaranması” hadisəsi baş vermiş, kərkükşünaslıq
“öz zilinə” çatmışdır.
Fikrimcə,
Azərbaycan kərkükşünaslığının
yaradılması bütövlükdə elm tariximizin əhəmiyyətli hadisələrindəndir.
Ayrı-ayrı vaxtlarda Kərkük
mövzusunda yazılmış əsərlərini ilk dəfə
olaraq toplu şəkildə bir yerdə əks etdirən
yeddicildlikdəki tədqiqatlar ədəbiyyatşünaslıq
elmimizin kərküknaməsi kimi dərin mənaya malikdir.
Kərkük sözünün etimologiyasından tutmuş Kərkük
ellərində yaşayan türkmanların mənşəyinə,
tarixinə, soykökünə, dil-ləhcə xüsusiyyətlərinə,
milli mənsubiyyətinə, əlaqələrinə,
folkloruna, etnoqrafiyasına və yazılı ədəbiyyatlarına,
coğrafiyasına qədər hər nə varsa,
hamısı haqqında Qəzənfər müəllimin əsərlərində
dəqiq, elmi cəhətdən əsaslandırılmış
və zəngin biliklər öz əksini tapmışdır.
Bu qiymətli əsərlər möhtəşəm
bir kərkükşünaslıq ensiklopediyasının elmi-məlumat
bazasını təşkil edə bilər. Qəzənfər Paşayev həmin zəngin ədəbi-tarixi
məlumatların, folklor nümunələrinin, etnoqrafik məlumatların
bir çoxunu özü toplayıb, ilk dəfə elmi
dövriyyəyə gətirmiş, həm də nəzəri
cəhətdən dəyərləndirib qiymətləndirmişdir.
O, Azərbaycan kərkükşünaslığının Fərhadıdır.
Əksər məqamlarda Qəzənfər
Paşayev bir neçə toplayıcının, mətnşünasın
və tədqiqatçının işini təkbaşına
görmüşdür. Yeddicildlik
“Seçilmiş əsərlər”də xüsusi yer tutan
“İraq-türkman folkloru” monoqrafik tədqiqatı
“ölümsüz bir tarixə” sahib olan yarım milyondan
çox əhalisi olan Kərkük elatının milli ruhunun
ifadəsi kimi yaranmış folklorun toplanılması və tədqiqinə
həsr olunmuş “şah əsərdir” (Bəndəroğlu).
Müəllif İraq-türkman folklorunu “Azərbaycan
folklorunun qüdrətli qolu” kimi görsə də, bu
coğrafiyada formalaşmış şifahi xalq ədəbiyyatı
nümunələrinin özünəməxsusluqlarını
da müəyyən etmiş və təhlil edib dəyərləndirərək
ümumiləşdirmişdir. “İraq-türkman
folkloru” monoqrafiyası İraq coğrafiyasındakı
türkman folklorunun elmi cəhətdən ümumiləşdirilmiş
salnaməsidir.
Mövzu
etibarilə bu əsəri daha da zənginləşdirən və
tamamlayan “Kərkük
folklorunun janrları” monoqrafiyası ilə birlikdə
hər iki əsər Azərbaycan kərkükşünaslığının
elmi abidəsidir. Xalq şairi Rəsul Rzanın
1959-cu ildə Kərkükə səfərindən sonra ədəbi-ictimai
fikrə ayaq açan Kərkük folkloru mövzusu Qəzənfər
Paşayevin geniş həcmli, sistemli tədqiqatları sayəsində
məxsusi bir elmi istiqamətə çevrilmişdir. XX əsrin yetmiş-səksəninci illərindən
etibarən İraq-türkman ədəbiyyatı nümunələrini
ayrı-ayrı janrlar üzrə toplayaraq kitablar halında
ardıcıl olaraq nəşr etdirən Qəzənfər
Paşayev Azərbaycan folklorşünasları
üçün zəngin bir müqayisə və
araşdırma bazası yaratmağa müvəffəq
olmuşdur. Bu zəmində meydana
çıxan tarixi-filoloji tədqiqatların əsasında Qəzənfər
müəllimin zəngin toplama materialları və tədqiqatları
dayanır.
Qəzənfər Paşayev kərkükşünaslığının
bünövrəsi olan “Kərkük dialektinin fonetikası”
monoqrafiyasından başlanan yolu ildən-ilə genişlənərək
kərkükşünaslığın təməlinə
çevrilən elmi əsərlərlə daha da möhkəmləndirmişdir. Bizə görə,
“İraq-türkman folkloru” və “Kərkük folklorunun
janrları” monoqrafiyaları ilə birlikdə “Kərkük
dialektinin fonetikası” kitabları geniş mənada
İraq-türkman dünyasının qiymətli
trilogiyasıdır. Əhatəli və sistemli
araşdırmalarla yanaşı, həm də böyük bir
sevgi ilə yazılmış “Kərkük dialektinin
fonetikası” monoqrafiyası özünün dərin
qatları etibarilə orijinal bir “Kərkük dialektinin poetikası” təsiri
bağışlayır. Tədqiqatçı İraq
türkmanları dialektinin fonetik xüsusiyyətlərini
öyrənmək əsasında bu zəngin şivədə
poetik semantikanın özünəməxsusluqları
haqqında da aydın elmi təsəvvürün
formalaşmasına zəmin hazırlamışdır.
Yeddicildlik “Seçilmiş əsərlər”dəki
“Könüldən-könülə yollar görünür”,
“Kərkük dünyası” bölməsində toplanan tədqiqatlar
İraq-türkman ədəbiyyatının müxtəlif
dövrlərinə, ayrı-ayrı ədəbi şəxsiyyətlərinə,
Kərkük türkmanlarının şifahi və
yazılı ədəbiyyatının aktual məsələlərinə
həsr olunmuşdur. Xüsusən, tədqiqatlarındakı
“İraq-türkman ədəbiyyatının altun
çağı”, yaxud “Füzuli çağı”
haqqındakı elmi araşdırmalar ümumtürk ədəbiyyatının
həmin mərhələsinə dair təsəvvürlərin
daha da dərinləşdirilməsinə xidmət edir. “Füzulinin məzarı haqqında şayiə və
həqiqət” məqaləsindən dahi şairin tərcümeyi-halının
bir çox səhifələrini öyrənmək
mümkün olur. Görkəmli alim Nəsrəddin
Tusinin tərcümeyi-halının İraq səhifələrinə
də Qəzənfər Paşayevin araşdırmaları
işıq salır.
Bundan başqa, İraq-Azərbaycan ədəbi əlaqələrinin
tarixi və inkişaf yolu məsələsi də elmimizə
bu bölmədəki məqalələr vasitəsilə Qəzənfər
Paşayev tərəfindən gətirilmişdir. Nəticə etibarilə Qəzənfər
Paşayev tarixi, adət-ənənələri, folkloru,
görkəmli elmi-ədəbi şəxsiyyətləri ilə
bütövlükdə İraqın Azərbaycana iraq olmadığını, yaxın, doğma,
dost ölkə olduğunu elmi cəhətdən əsaslandırır.
Qəzənfər Paşayev özü də
yarım əsrdən çoxdur ki, Azərbaycan-İraq əlaqələrinin
möhkəmlənib inkişaf etməsinə şərəflə
və məsuliyyətlə xidmət edir. Onun
Bakıda yaratdığı “İraq-türkman kitabxanası”
bu qədim Şərq ölkəsinin Azərbaycanda öyrənilməsinə,
təbliğinə, əlaqələrin inkişaf etdirilməsinə
geniş imkan yaradır. Ələlxüsus,
Qəzənfər Paşayev-Əbdüllətif Bəndəroğlu
dostluğu Azərbaycan-İraq əlaqələri tarixində
böyük körpü olmuşdur. Qəzənfər
müəllimin sözləri ilə desək, “xalqının,
ədəbiyyatının, mədəniyyətinin layiqincə
öyrənilməsi, araşdırılması və
yayılması yolunda alışmaq istedadına” malik olan rəhmətlik
Əbdüllətif Bəndəroğludan bəhs edən “Qan
və qələm qardaşımız” və “Heyf sənə,
Bəndəroğlu” məqalələri xeyli vaxt bundan əvvəl
yazılmasına baxmayaraq, indi də İraq-türkman ictimai-ədəbi
fikrinin görkəmli nümayəndəsi
olan bu fədakar şəxsiyyətdən söz açan mənalı
və təsirli epitafiya təsiri doğurur. İraq-türkmən
folklorunun görkəmli tədqiqatçısı Əta Tərzibaşını
yarım əsr bundan qabaq ilk dəfə Azərbaycan ictimaiyyətinə
təqdim edən professor Qəzənfər Paşayev 2017-ci
ildə bu böyük folklorşünasa həsr etdiyi
monoqrafiya ilə bütün zamanlarda Kərkük sevdasına
sədaqətli olduğunu bir daha nümayiş etdirir.
Qəzənfər Paşayev-Abbas Zamanov-Ayaz Vəfalı-Əbdüllətif
Bəndəroğlu dostluğu və əməkdaşlığı
Azərbaycan-İraq ədəbi əlaqələrinin tarixində
xüsusi mərhələ təşkil edir. Çətin şəraitdə
“İraqda yaşayan vətəndaşlarımızla sıx əlaqə
saxlayan” böyük vətəndaş alim, professor Abbas
Zamanovun da, görkəmli şərqşünas Vasim Məmmədəliyevin
də bu istiqamətdəki xidmətlərini nəzərə
alsaq, həmin mərhələnin mühüm bir tarixi
dövr səviyyəsinə çatdığını
düşünməyə əsas verər. Qəzənfər
Paşayevin çoxcildliyinin şah damarını təşkil
edən Kərkük-türkman ədəbiyyatına və
İraq-Azərbaycan əlaqələrinə həsr
olunmuş cild-cild kitablar ölkələrarası əlaqələrin,
xalqlararası daxili-mənəvi bağlılığın və
münasibətlərin həmin tarixi dövrdəki tam mənzərəsini
elmi surətdə canlandırır. “Altı
il Dəclə-Fərat sahillərində” əsəri professor
Qəzənfər Paşayevin tərcümeyi-halının və
çoxcəhətli fəaliyyətinin əfsanəsidir.
Bu, Bağdad cəmiyyətinin, İraqdakı
türkman elatının Qəzənfər Paşayev tərəfindən
yaradılmış dastanıdır. XX əsrin
səksəninci illərinin əvvəllərində
yazılmış “Altı il Dəclə-Fərat sahillərində”
kitabı İraq haqqında mükəmməl bir publisist-bələdçi
kitabdır. Bütövlükdə Azərbaycan cəmiyyəti
Bağdad-İraq elləri ilə bu əsər vasitəsilə
yaxından tanış olmaq imkanı qazanmışdır.
Ölkəmizdə böyük əks-səda doğurmuş
həmin əsər vaxtilə əldən-ələ gəzmiş,
öz müəllifinin cəmiyyətə sanballı təqdimatına
çevrilmişdir. Məhz bu əsərlə
Qəzənfər Paşayevin Azərbaycan miqyasında ədəbi-ictimai
mühitdə özünəməxsus imkanlara malik
yazıçı-tədqiqatçı və fərqli bir
publisist olması birdəfəlik isbat olunmuşdur.
“Altı il Dəclə-Fərat sahillərində” əsəri,
əslində, Qəzənfər Paşayevin dərin mənalı
və cəlbedici İraq-türkman dastanının proloqu kimi
meydana çıxmışdır. Lakin illər keçdikcə bu
möhtəşəm əsər yeddicildlikdə Qəzənfər
Paşayevin Kərkük sevdasının epopeyası kimi
görünür. Sanki müəllifin İraq-türkman
mövzusuna həsr olunmuş digər sanballı əsərləri
“Altı il Dəclə-Fərat sahillərində”
kitabından doğulmuşdur. İraq ellərini
geniş miqyasda əhatə etmək, cəmiyyət həyatının
bütün əsas sahələrinə işıq salmaq
baxımından bu kitab geniş ümumiləşdirmə imkanlarına
malik olan ədəbi-ensiklopedik əsər təəssüratı
yaradır. Tam halda “Altı il Dəclə-Fərat
sahillərində” əsəri professor Qəzənfər
Paşayevin İraq-türkman serialının ümumiləşdirilmiş
adı kimi də görünür. Məhz
bu əsər Qəzənfər Paşayevin İraq-türkman
mövzusunda yazılmış əsərlərini öz
mahiyyətində cəmləşdirərək epopeyaya
çevirir. Bütövlükdə Kərkük
dünyası Qəzənfər Paşayevin elmi
araşdırmalarının baş mövzusudur. Fikrimizcə, Qəzənfər müəllimin Azərbaycan
folkloruna, aşıq sənətinə yaxınlıq və
doğmalığının da əsasında doğulub
boya-başa çatdığı Qazax-Tovuz mühiti ilə
eyni səviyyədə, həm də Kərkük sevdası
dayanır. Alimin “Sazlı-sözlü
dünyamızdan” başlığı altında təqdim
olunmuş folklorşünaslıq nümunələri sanki Kərkük
dolaylarına həsr olunmuş tədqiqatların
davamıdır. Azərbaycan folkloruna həsr olunmuş əsərlərində,
daha çox aşıq şeirindən, xüsusən
sağlığında klassikləşən ustad
aşıq-şair Mikayıl Azaflıdan, “aşıq sənətinin
memarlarından biri” kimi dəyər verdiyi Dədə Şəmşirdən,
Aydın Çobanoğludan bəhs edən tədqiqatlarında,
o, geniş dünyagörüşlü müdrik bir
folklorşünas olaraq ustad alim sözü deyə bilir. Aşıq şerinin poetikasını şərh edən
əsərlərində Qəzənfər Paşayev folklorda
sənətkarlıq məsələlərini nəzəri cəhətdən
açıqlayan professional, təcrübəli bir
folklorşünas sözünü elmi mühitə təqdim
edir. Bu gün Qəzənfər Paşayev
Azərbaycan folklorşünaslarının ön cərgəsində
“A” qrupunda təmsil olunur. Qəzənfər
Paşayevin Azərbaycan klassik ədəbiyyatına dair tədqiqatlarında
da Kərkük motivi görünməkdədir. Ədəbiyyatşünaslıq
elmimizdə ilk dəfə olaraq “Nəsimi divanının
İraq nüsxəsi”ni o aşkara
çıxarıb nəşr etdirmiş və tədqiq edib
öyrənmişdir. İmadəddin Nəsimiyə
həsr olunmuş araşdırmalarında Nəsimi-İraq
notları üstünlük təşkil edir. Klassik Azərbaycan və Kərkük ədəbiyyatına
dair əsərlərində Qəzənfər müəllim
mövzunu dərindən öyrənməsi, materiala
yaxından bələdliyi, səviyyəli şəkildə təqdim
etməsi ilə yadda qalır.
Müasir
Azərbaycan ədəbiyyatının tədqiqi məsələlərinə
həsr olunmuş əsərlər də professor Qəzənfər
Paşayevin tədqiqatlarında geniş yer tutur. Xalq yazıçısı Elçin
haqqındakı araşdırmaları sistemli monoqrafik elmi əsərdir.
O, görkəmli yazıçı və ədəbiyyatşünas
Elçin haqqında müasir ədəbiyyatşünaslığın
yüksək tələbləri səviyyəsində
sanballı elmi söz demişdir. Elçindən
bəhs edən məqamlarda da müəllif Kərkük
motivinin mövzuya dair məqamlarına diqqət yetirir.
Baş nazirin müavini Elçin Əfəndiyevin rəhbərliyi
ilə İraqda Füzuli günlərinin keçirilməsi
hadisəsinə, xalq yazıçısının əsərlərinin
İraq nəşrlərinə də diqqət yetirən Qəzənfər
Paşayev bütövlükdə müasir Azərbaycan ədəbiyyatının
əsas yaradıcılarından biri olan bu sənətkarın
yaradıcılıq özünəməxsusluğunu müəyyən
edən ana xətləri seçib ayırmışdır.
Xalq şairləri Səməd Vurğuna, Rəsul Rzaya, Bəxtiyar
Vahabzadəyə, Hüseyn Arifə, Nigar Rəfibəyliyə,
Fikrət Qocaya, Hüseyn Kürdoğluya, Zəlimxan Yaquba, nəsr
ustadları Fərman Kərimzadəyə, İsi Məlikzadəyə,
yazıçı Qərib Mehdiyə və başqalarına
aid məqalələr çağdaş ədəbiyyatımızın
inkişaf yollarına, təkamül proseslərinə gur
işıq salır.
Çağdaş ədəbiyyatdan bəhs edəndə
Qəzənfər Paşayev müasirliyi, vətənpərvərliyi,
milli düşüncəni, sənətkarlıq özünəməxsusluğunu
araşdırmaların mərkəzinə çəkir. Hər sənətkardan
bəhs edərkən həmin yazıçının ədəbiyyatdakı
yerini və mövqeyini doğru-dürüst müəyyənləşdirməsi,
tərcümeyi-hal faktları ilə ədəbi prosesləri
üzvi surətdə əlaqələndirməsi Qəzənfər
Paşayevin müasir ədəbiyyata dair
araşdırmalarının səciyyəvi xüsusiyyətləridir.
Ədəbiyyatşünaslar haqqında yazılarında Qəzənfər
Paşayev Azərbaycanda ədəbiyyat haqqında elmin tarixində
və taleyində görkəmli yeri olan elm xadimlərinin xidmətlərinin
ictimaiyyətin diqqət mərkəzinə çəkilməsinə,
onların yüksək vətəndaşlıq xüsusiyyətlərinin
yeni nəsillərə çatdırılmasına xüsusi fikir
verir. Akademik Bəkir Nəbiyevdən söz açan “Ədəbiyyatşünaslıq
elminin patriarxı” monoqrafiyası müasir ədəbiyyatşünaslıqda
yaşanan proseslərlə yaradıcı şəxsiyyətin
münasibətinin əlaqəsi, tarazlığı, elmi nəticələri
kimi məsələlərin
fonunda açılır. Böyük vətəndaş-alim,
professor Abbas Zamanova, “ədəbiyyatşünaslıq elmimizin
iftixarı” Yaşar Qarayevə, professor Yavuz Axundluya,
İmamverdi Əbilova və başqalarının fəaliyyətinə
qiymət verərkən Qəzənfər Paşayev elmə
xidmətin miqyasını doğru-düzgün müəyyən
edir, obyektivlik meyarını qoruyur və ən
başlıcası, mənəvi borc duyğusunu məsuliyyətlə
yerinə yetirir.
Türkologiyanın
ağsaqqalı kimi qiymət verdiyi akademik Məmmədağa
Şirəliyev, “dilçilik elminin iftixarı” hesab etdiyi
akademik Ağamusa Axundov haqqındakı məqalələrində
də Qəzənfər Paşayev dilçilik elminin daxili məntiqindən
çıxış edərək qüdrətli dilçi
alimlərin bu elm sahəsinin inkişafı sahəsindəki
xidmətlərinin əsl mahiyyətini açıb obyektiv
meyarlarla dəyərləndirir. Bir sözlə,
ədəbiyyatşünaslıq və dilçilik məsələlərindən
söz açarkən də Qəzənfər Paşayev elm
haqqında elm yaratmaq bacarığını meydana qoyur.
Müasir ədəbiyyata dair digər tədqiqatlarında
olduğu kimi, ədəbiyyatşünaslara
ünvanlanmış əsərlərində də Qəzənfər
Paşayev memuar cizgilərini təhlilləri və tədqiqatları
ilə vəhdətdə
təqdim edir. Bu yolla yazıçıların
və ədəbiyyatşünasların ədəbi-elmi xidmətləri
deyil, tərcümeyi-hallarının maraqlı məqamları,
şəxsiyyətləri, mənəvi dünyası da təqdim
olunur. Bütün bunlar isə
yazıçını və ya alimi mühiti və
müasirləri, mənəvi aləmi, münasibətləri
ilə birlikdə tam halda oxuculara çatdırmağa şərait
yaradır. Bu tip tədqiqatlarında Qəzənfər
Paşayev sənətkar və zaman münasibətlərinə də aydınlıq gətirir.
Ümumiyyətlə,
İraq-türkman ədəbiyyatı, Kərkük mövzusu
professor Qəzənfər Paşayevin çoxcəhətli fəaliyyətinin
ekvatorudur. Görkəmli alimin yaradıcılığında
bu ekvatorun Şərq və Qərb qütbləri
mövcuddur. Müşahidələr göstərir ki, professor Qəzənfər Paşayev uzun illər
ərzində ardıcıl fəaliyyəti ilə Azərbaycan
ədəbiyyatşünaslığının Şərq-Qərb
divanını yaratmağa nail olmuşdur. İraq-türkman
ədəbiyyatına həsr olunmuş elmi əsərləri
Qəzənfər Paşayevin
yaradıcılığının Şərq
divanıdır. Bizə görə, Avropa ədəbi-elmi
fikrinə, rus ədəbiyyatına həsr olunmuş elmi əsərləri,
tərcümələri alimin Qərb divanından ibarətdir.
Azərbaycan oxucusuna təqdim olunmuş
fransız yazıçısı Aleksandr Dümanın “Qafqaz
səfəri”, amerikalı alim Sula Benetin “Necə
yaşayasan-yüzü haqlayasan”, ingilis ədibi Aqata Kristinin
“Mavi qatarın sirri” romanının orijinaldan tərcümələri
Qərb divanının ayrı-ayrı fəsillərindən
ibarətdir. Böyük münəccim Nostradamusun irsindən
alınmış “Dərk olunmuş aləm” əsəri də
Qərbi daha geniş şəkildə, bütün yönləri ilə təqdim
etməyə imkan verir.
Müqayisədə Qəzənfər Paşayevin Şərq
divanı ağır gəlsə də, onun Qərb ədəbi-elmi
və ictimai fikrinin tədqiqi və təqdimi sahəsindəki
xidmətləri də sanballıdır. Qəzənfər
Paşayevin “Şərq divanı” elmi salnamə, “Qərb
divanı” isə daha çox təzkirə xarakteri
daşıyır. Ümumilikdə, “Şərq-Qərb
divanı” həm də ədəbi-mədəni əlaqələrin
tarixinin öyrənilməsi baxımından da qiymətlidir.
Qəzənfər Paşayev
külliyyatını “Seçilmiş əsərlər”
adı ilə təqdim etsə də, bu yeddicildlikdə müəllifin
əsərlərinin, tərcümələrinin, demək olar
ki, hamısı toplanılmışdır. Bundan başqa, müəllif müasirlərinə
göndərdiyi məktubları, teleqramları, dissertasiyalara,
avtoreferatlara yazdığı rəyləri, resenziyaları,
müxtəlif münasibətlə etdiyi
çıxışları, hətta mühüm telefon zənglərini
də yığıb-yığışdırıb
çoxcildliyinə daxil etmişdir. Bütün
bunlar bir çox cəhətdən əhəmiyyətlidir.
Əvvəla, yeddicildlik professor Qəzənfər
Paşayevin özü və irsi haqqında tam təsəvvür
yaradır.
Oxucu
alimin yalnız elmi fəaliyyəti ilə tanış
olmaqla qalmır, onun cəmiyyət həyatındakı, ədəbi-elmi
mühitdəki iştirakı barəsində də tam təəssürat
əldə edə bilir. Bundan başqa, elmi-ədəbi irsini, əlyazmalarını,
hətta çıxışlarının mətnlərini bu
qədər səliqə-sahmanla yığıb saxlamaq,
sistemləşdirib nəşr etdirmək xüsusi bir qabiliyyətdir.
Ədəbiyyatımızın və elmimizin tarixində
irsini bu cür məxsusi dəqiqliklə tam halda qoruyub
mühafizə edən, gələcək nəsillərə
çatdırmaq üçün hazırlayan yalnız bir
neçə ədibimizin adını çəkmək
olar. Yusif Vəzir Çəmənzəminli, Əziz Şərif,
Abbas Zamanov, Qulam Məmmədli və nəhayət, Qəzənfər
Paşayev. Bu mənada Qəzənfər
Paşayevin çoxcildliyi “Seçilmiş əsərləri”
yox, əhatə dairəsinə görə “Əsərləri”
formatında görünür. Və irsini bu qədər
həssaslıqla, dəqiqliklə, səliqə ilə, əhatə
dairəsinin
bütün genişliyi ilə ictimaiyyətə
çatdırmaq özü də ziyalı kimi mühüm və
böyük bir xidmətdir. Qəzənfər
Paşayev çoxcəhətli
yaradıcılığının elmi nəticələri
olan sanballı əsərləri ilə bir sırada irsini
epistolyar nümunələrinə və
çıxışlarına qədər tam şəkildə
ictimaiyyətə təqdim etməklə müasir
ziyalılıq üçün nümunə göstərir.
Professor Qəzənfər Paşayevin söz-sənət dünyasını və müasirləri ilə əlaqələrinin böyük miqyasını əks etdirən “Ədəbi məktublar” kitabı ilə uzun bir dövr ərzində yazdığı məktublarında külliyyatını oxuculara çatdırmaqla daha bir ziyalılıq nümunəsi təqdim edir. Respublikamızın elmi-ictimai mühitində professor Qəzənfər Paşayev yaxından iştirak edir. Ölkəmizin elmi ictimaiyyəti Qəzənfər müəllimin cəmiyyət və ədəbiyyat haqqındakı baxışlarını əsl ağsaqqal sözü kimi qəbul edir. O, Respublika Ağsaqqallar Şurasının İdarə Heyətinin, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının üzvü, Azərbaycan Yazıçılar Birliyi Təftiş Komissiyasının sədri kimi geniş və səmərəli fəaliyyət nümunəsi göstərir. İllərdən bəri çalışdığı Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda da professor Qəzənfər Paşayev elmi mühitin inkişafına ürəklə xidmət edir. Ədəbiyyat İnstitutunun Elmi Şurasında və Dissertasiya Şurasında Qəzənfər Paşayevin rəyi, qiyməti, münasibəti mötəbər söz kimi qəbul olunur. Azərbaycan ədəbiyyatşünaslıq elmi professor Qəzənfər Paşayevə özünün görkəmli yaradıcısı və böyük ağsaqqalı kimi dərin hörmət və ehtiram bəsləyir.
Professor Qəzənfər Paşayevin elmi əsərləri böyük ömrün, yaşanan taleyin, ciddi və ardıcıl axtarışların, fasiləsiz, davamlı həyat və yaradıcılıq eşqinin sanballı ifadəsidir. Səksən illik yubileyi ərəfəsində oxuculara təqdim olunan “Ədəbi estafetlərdə keçən ömür” kitabı professor Yavuz Axundlunun elmi xidmətlərinə dair dərin səmimiyyətlə yazdığı aşağıdakı mülahizələrini ürəkdən gələn eyni böyük səmimiyyətlə və ciddiyyətlə görkəmli ağsaqqal həmkarının özünə aid etməklə fikrimi tamamlamaq istəyirəm: “Bu yorulmaz alimin elmi fəaliyyəti heyrətamizdir. Təkcə XXI əsrin əvvəlindən bu günə kimi yazılmış və çap olunmuş əsərlərinə nəzər salmaq kifayətdir ki, sözlərimdəki səmimiyyət anlaşılsın... Bu əsərlərdə ədəbiyyatımızı, ədəbiyyatşünaslıq elmimizi yaradanlara, qələm sahiblərinə dərin məhəbbət qırmızı xətt kimi keçir. Bu yaşda belə tədqiqat aparmaq, uğur qazanmaq əsl fədakarlıqdır - desəm, yanılmaram. Görkəmli ədəbiyyatşünasımız bu gərəkli fəaliyyəti ilə nəinki gənclərə, eləcə də yaşlı ədəbiyyatşünaslar nəslinə də bir nümunədir”.
Fikrimcə, daha heç bir əlavəyə ehtiyac yoxdur.
Görkəmli Azərbaycan ziyalısı, ədəbiyyatşünaslıq elminin ağsaqqalı, professor Qəzənfər Paşayevə elmimizin və ictimai fikrimizin inkişafı yollarında yeni-yeni uğurlar arzulayıram.
11 sentyabr 2017-ci il
İsa
HƏBİBBƏYLİ
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin
Elm və Təhsil Komitəsinin sədri, akademik
525-ci qəzet.- 2017.- 16 sentybar.- S.14-15.