Üzeyir bəyin qəribə taleyi

 

"Səhər-səhər" rubrikasında

 

 

“Keçən keçdi, olan oldu” anılar, düşüncələr romanından parça

 

1938-ci ilin dekadası Üzeyir bəyin taleyində bir növ dönüş ili oldu. “Koroğlu” operasının böyük uğuru və özəlliklə də Stalinin bu operanı bəyənməsi  bundan sonrakı illərdə bəstəkarın ictimai mövqeyini xeyli möhkəmləndirdi.

 

Amma rəsmi təqdir zirvəsinə qədər Üzeyir bəyin başı çox bəlalar çəkmişdi. Sovet dövründən əvvəl maddi çətinliklər, saxladığı böyük ailənin ehtiyacları, operalarına  operettalarına  paxılların, yarımçıqların cahil hücumları, sovet dövründə isə daima başının üstündən Demoklis qılıncı kimi asılmış təhlükələr... Axı, ömrünün ən fərəhli illərində - 1918-1920-ci illərin müstəqil Cümhuriyyət dövründə   qardaşı Ceyhun bəylə “Azərbaycan” qəzetinin redaktorları olublar,  bu qəzetdə bolşeviklərə, Rusiyaya, Leninə qarşı kəskin yazılar yazıblar. Həm də Üzeyir bəy Müsavat partiyasının üzvü,  müstəqil Azərbaycanın dövlət himninin  müəllifi, Əhməd Cavadın sözlərinə “Çırpınırdı Qara dəniz baxıb türkün bayrağına” mahnısının  bəstəkarı idi.  Və bütün bunlardan əlavə  Ceyhun bəyin Parisdə siyasi mühacir  kimi  fəaliyyətini  davam etdirdiyini  yada salanda Üzeyir bəyin bu amansız  dövrün əcəl dəyirmanından salamat çıxmasına təəccüb qalır və  sevinirsən.

 

Bəstəkarın çətin həyat yolunu   “Üzeyir ömrü” filmində göstərməyə çalışdım. Şübhəsiz, sovet vaxtında Moskvanın Mərkəzi Televiziyasının sifarişiylə çəkilmiş və ilk dəfə onun Birinci proqramıyla nümayiş etdirilmiş filmdə Üzeyir bəyin ictimai həyatı haqqında tam həqiqəti söyləmək mümkün deyildi. Nəinki həyatının çox mühüm  dövründən - 1918-1920 illərdəki  fəaliyyətindən söz açmaq olmazdı, heç sovet dönəmində Stalinlə görüşlərinin, söhbətlərinin (bu barədə Üzeyir bəy özü yazıb), Stalinə kantata həsr etməsinin  də üstünü vurmaq olmazdı. Amma bütün bu məcburi qadağalar nəzərə alınsa da, “Uzeyir ömrü” filmində  Hacıbəyli dühası haqqında tam təsəvvür yaratmağa çalışdıq. Çünki onun publisist fəaliyyəti, ictimai həyatı, siyasi mövqeyi, bioqrafiyasının müxtəlif dönəmləri nə qədər əhəmiyyətli  olsa da, Üzeyiri Üzeyir edən onun musiqisidir. Bəstəkarın ölməz  musiqisi isə filmdə ən parlaq nümunələriylə - “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Arşın mal alan”, “ O olmasın, bu olsun”, “Koroğlu”, “Sənsiz” və “Sevgili canan”la  təmsil olunur.

 

Amma... müəyyən fənd işlədərək filmə hətta anonim şəkildə Ceyhun bəyin obrazını da salmışdıq. Məlum olduğu kimi, “Leyli və Məcnun”un ilk tamaşasında  İbn Səlam rolunu Ceyhun bəy ifa edib. Bizim filmdə də İbn Salam  rolunu oynayan  aktyor operanın yaranma prosesində  başqa müəlliflər və aktyorlarla birlikdə  adı çəkilmədən  iştirak edir. Bunu yalnız Niyazi tuta bildi. “Üzeyir ömrü” kinolentinin  konsultantı kimi filmi ilk dəfə ona göstərdim. O səhnələr ekranda canlananda  qulağıma pıçıldadı: Bilirsən İbn Salamı kim oynayıb? - Bilirəm - dedim. Bundan sonra isə nə o, nə mən bu  barədə bir kəlmə də kəsmədik.

 

Üzeyir bəyin  baldızı oğlu və yaxın köməkçisi Ramazan Xəlilov  Üzeyir bəyin öz söhbəti əsasında  xatırlayırdı  ki, Stalin  bəstəkarla görüşü zamanı onun  xaricdə yaşayan qardaşı Ceyhun bəylə maraqlanıb. Üzeyir bəy: Neçə ildir heç bir əlaqəmiz yoxdur - deyib. Stalin: Nahaq yerə... məktub yazın ona, SSRİ-yə gəlmək istəsə, gəlsin, qorxmasın - deyə təklif edib.

 

Məşhur rus yazıçıları Kuprinin, Aleksey Tolstoyun mühacirətdən  vətənə qayıtmaları və  rahat yaşamaları bu təklifin  fantaziya olmadığına  əsas verir. Üzeyir bəyin  təklifə münasibəti necə olub, bilmirəm. Onu da bilmirəm ki,  belə bir məktubu yazıb, ya yox. Çox güman ki, böyük rəhbərin iltifatına baxmayaraq, yazmayıb, düşər-düşməzi ola bilərdi. Hər halda Ceyhun bəy  SSRİ-yə gəlmədi və düz də elədi.

 

Stalinin Üzeyir bəyə  xoş münasibətinin səbəbləri haqqında düşünəndə ağlıma müxtəlif fikirlər gəlir. Əvvəla, Sovet quruluşunun heç bir məntiqə sığmayan qəribə davranışları vardı. İkincisi, mənim heç bir konkret fakta əsaslanmayan   öz fərziyyəm   var. Deyirlər ki, Stalin  İohan Ştrausun həyatından bəhs edən “Böyük vals” filmini çox sevirmiş və dəfələrlə baxmaqdan doymurmuş. Onu da deyirlər ki, məhz bu səbəbdən İkinci dünya müharibəsi zamanı sovet qoşunlarının Vyananı darmadağın etməsinə imkan verməyib. Fərz eləyirəm ki, Qafqazda keçən cavanlıq illərində Stalin “Arşın mal alan” tamaşasını  da görüb, bəyənib və yadda saxlayıb. Stalinin yaddaşında qalan “Arşın mal alan” bəlkə də Üzeyir bəyi taleyin keşməkeşlərindən xilas edib.

 

Bu xoş münasibətlər zəminində Stalinin “Koroğlu” operasını da, sonralar  Arşın mal alan” filmini da  dəyərləndirməsi təbiidir. Qafqaz mühitində böyümüş, o cümlədən, qulaqları Şərq melodiyalarına alışmış  Stalinə bu əsərlər xoş gəlməyə   bilməzdi.

 

Niyazi Üzeyir bəyin bir söhbətini danışmışdı mənə. “Koroğlu  tamaşasından sonra Stalin başda olmaqla, Siyasi büro üzvləri Üzeyir bəylə görüşürlər  və rəhbərin operaya münasibətini bilən Voroşilov qabağa düşür, bəstəkara: - Yaxşı olar bir cüt də belə opera yazasınız -  deyir. Bu zaman Stalin kəskin şəkildə: - Yox - deyəndə Üzeyir bəy təlaşlanır. Qısa pauzadan sonra İosif Vissarionoviç: - İki cüt belə opera  - deyə əlavə edir.

 

Moskva mətbuatı, bəstəkarlar, musiqişünaslar şah operamızın başına təm-təraqlı təriflər yağdırırdılar. Totalitar rejimdə sənət əsərinin dəyəri nə qədər yüksək olsa da, son həddə onun taleyini rəsmi dövlət təqdiri təyin edir. “Koroğlu”nu Stalin özü bəyənmişdi. O dövrdə bundan  yüksək mükafat ola bilməzdi. Amma qısa müddət ərzində  Üzeyir bəy dövlətin rəsmi ənamlarını da qazanmışdı. SSRİ Xalq artisti adına, əvvəlcə “Koroğlu” operasına görə, sonra “Arşın mal alan” filminə görə iki dəfə Stalin mükafatına layiq görülmüşdü, Lenin ordeniylə təltif olunmuşdu, SSRİ Ali Sovetinə deputat, Azərbaycan Elmlər Akademiyasına həqiqi üzv seçilmişdi. Bütün bunlardan başqa, şübhəsiz,  Stalinin göstərişiylə keçmiş müsavatçı nizamnaməyə uyğun olaraq namizədlik mərhələsini keçmədən birbaşa Kommunist partiysına üzv qəbul edilmişdi.

 

İnsaf naminə deməliyəm ki, Üzeyir taleyinin faciəyə  düçar olmayıb parlamasında Stalinlə barəbər iki Azərbaycan rəhbərinin - Nəriman Nərimanovun və Mir Cəfər Bağırovun da  xidmətləri var. Nərimanov iyirminci illərdə Üzeyir bəyin adını ÇeKa cəlladı Pankratovun güllələnmə siyahısından çıxarmaqla, Bağırov da onu 37-ci il repressiyalarından qoruyub saxlamaqla... Axı, Üzeyir bəyin taleyi də “Koroğlu” ssenarisini yazmaq niyyətində olan və hətta kinofabrikayla  müqavilə bağlamış Hüseyn Cavidin taleyi kimi ola bilərdi. O illərdə Hüseyn Cavidin nüfuzu Üzeyir bəyinkindən əskik deyildi. Üzeyir bəyin milli-patriotik ruhlu “Koroğlu”su isə Bağırovun razılığı olmadan nəinki Moskvaya aparıla bilməzdi, bəlkə heç səhnədə də qoyulmazdı.

 

Sovet quruluşunun  izaholunmaz cəhətləri də vardı. Bir tərəfdən  milli hissləri boğur, sənətdə milli təmayüllərin qarşısını amansızcasına alır, digər tərəfdən də  müttəfiq respublikalarda ədəbiyyatın və incəsənətin inkişafına qayğı göstərirdi. Sovet həyatını təbliğ edən müasir əsərlər bir yana, xalqların qəhrəman keçmişini, tarixinin qürur verən şəxsiyyətləri haqqında dram, opera əsərlərinin  meydana çıxması üçün  şərait yaradır və yetərincə maddi vəsait ayırırdı. Sovet dövrünün müxtəlif illərində   yaranmış “Koroğlu” operasından başqa, “Qız qalası”, “Yeddi gözəl”, “Məhəbbət əfsanəsi”  baletlərini, “Vaqif”, “Fərhad və Şirin” pyeslərini, “Babək”, “Dədə Qorqud”, “Nəsimi” filmlərini xatırlamaq yetərlidir.

 

Milli siyasətin zahiri görsənişi üçün təbliğat vasitəsi  olsa da, müttəfiq respublikaların Moskvada keçirilən dekadalarına minlərlə iştirakçı gedir, öz xalqlarının sənət uğurlarını ən parlaq şəkildə nümayiş etdirirdilər.

 

Mir Cəfər Bağırov da belə bir dekadaya şah əsərsiz, tədbirin gözü, zirvəsi, ən miqyaslı örnəyi olmadan  gedə bilməzdi - belə əsər isə məhz “Koroğlu” operası idi.

 

“Koroğlu” operasının məhz o dövrdə, XX əsrin ortalarında dəhşətli repressiya illərində yaranması xalqın milli varlığının təsdiqi idi və bu varlıq İmperiyanın paytaxtında, İmperatorun hüzurunda  nümayiş etdirilirdi.

 

XX  əsrin son onilliyində isə  başı min bəla çəkmiş Azərbaycan xalqı torpağının bütövlüyü, ləyaqəti, müstəqilliyi uğrunda  mübarizəyə qalxarkən  milləti meydana çağıran yenə də Üzeyir musiqisi oldu - izdihamlı mitinqlərin əvvəlində  “Koroğlu” operasının uvertürası səslənirdi.

 

“Koroğlu”, şübhəsiz, opera sənətimizin  tacıdır. Amma şah taclarından fərqli olaraq yeganə tacı deyil. Üzeyir bəy haqqında bir neçə məqalə yazmışam. Onların birində irəli sürdüyüm fikri bir daha burda təkrar etmək istəyirəm.

 

“Koroğlu” operası vaxt etibariylə   Azərbaycanın son operası olan zaman  Üzeyir bəy bir məqaləsində həm ilk  operamızın - “Leyli və Məcnun”un, həm də son operamızın müəllifi olduğunu xatırladaraq yazırdı ki, bu opera sənətimizin keçdiyi inkişaf yolunun yeni mərhələsidir. Bəlkə də bir qədər qeyri-təvazökar səslənəcək, amma  mən  bəstəkarın bu fikriylə razılaşmıram. Mənə görə, “Leyli və Məcnun”u “Koroğlu”ya nisbətdə musiqimizin daha bəsit, daha aşağı, ilkin səviyyədə  duran nümunəsi saymaq düz deyil və “Leyli və Məcnun”dan “Koroğlu”ya gedən yol da inkişaf yolu yox, paralel yoldur. Yəni, janr etibariylə Muğam operalarımız və tutalım “Koroğlu”, “Nərgiz”, “Sevil”  - musiqi sənətinin başqa-başqa, fərqli, bir-biriylə müqayisə edilməz növləridir. “Leyli və Məcnun” sonrakı illərdə Azərbaycan melosu əsasında bəstələnmiş  Avropa tipli operalarımıza nisbətən keçilmiş mərhələ olsaydı, bu günə qədər repertuarda ən sabit bir əsər kimi yaşamaz və yeni-yeni nəsillərin marağına səbəb olmazdı.

 

Təəssüf ki, bu paralelin - Muğam və Avropa tipli operaların  bir qolu  - yəni musiqimizdə yaranmış unikal  bir janrın - Muğam operasının yolu qısa oldu, yalnız bir neçə örnəklə məhdudlaşdı və davam etdirilmədi. Amma Azərbaycan musiqisi  dünyaya açıldıqca aydın olur ki, Üzeyir dühasının kəşfi olan Muğam operası Qərb və Şərq  ölkələrində  heç də “Koroğlu”dan az maraq doğurmur, əksinə, bəlkə daha artıq heyranlıqla qəbul olunur, natanış bir sənətin parlaq örnəyi kimi daha çox diqqət çəkir. Lakin şübhəsiz, Üzeyir bəyin “Leyli-Məcnun”dan “Koroğlu”ya gələn yolu tərəqqi kimi mənalandırmasına da haqq qazandırmaq olar. Axı 20-30-cu illərin musiqi  diskussiyalarında Muğam operalarını da, ərəb əlifbası və çadra kimi tarixin arxivinə verilməsi tələb olunurdu. Üzeyir bəy bu ifrat tələblərə “Koroğlu” operasını yaratmaqla cavab verdi.

 

20-ci illərin  musiqi mübahisələrinin, opera haqqında diskussiyaların mərkəzində duran nə idi? Yalnız tardan, kamançadan, muğamdan yapışıb qalmaq olmaz, musiqimiz dünya sənət vasitələrini mənimsəməlidir, not sisteminə yiyələnməli, xor, simfonik, kamara-vokal janrlarını, müasir opera və balet formalarını yaratmalı, inkişaf etdirməlidir. Bu, aydın həqiqətdir. Diskussiyalarda  bunu hamı qəbul və təsdiq edir, amma bu yolla irəliləməkçün  muğamı qurban vermək, tarı susdurmaq lazımdırmı, vacibdirmi, mütləqdirmi?

 

“Oxu tar, oxu tar, səni kim unudar?”, yaxud “Oxuma tar, səni istəmir proletar”?

 

Tara qarşı bu mübarizəni, onun yasaq olunmasını adətən o vaxtki Maarif komissarı ədəbiyatçı-tənqidçi  Mustafa Quliyevin adıyla bağlayırlar. Amma insaf xatirinə demək lazımdır ki, Mustafa Quliyev tarın ümumiyytlə qadağan olunmasını deyil, sadəcə konservatoriyada  tədris edilməməsini (onu da müvəqqəti bir vaxt ərzində) təklif edirmiş. Əlbəttə, bu təklifin özü   radikal bir təşəbbüs idi  və Maarif komissarının  göstərişi icra olunanda   mətbuat şadyanalıqla car çəkirdi:  “Tar konservatoriyadan qovuldu”.

 

Məqsəd tarı çıxdaş etməklə  Avropa musiqi alətlərinə maraq oyandırmaq imiş. Ancaq  əslində, gərəkli  bir məqsədə çox yanlış yolla gedilirmiş. Sonralar özü   repressiya qurbanı olmuş Mustafa Quliyevin xatirəsinə həsr etdiyi yazıda Rəsul Rza bu məsələyə diqqət çəkir:

 

“Onun iş və xarakterində  rus tənqidçisi Pisarevə, Nazım Hikmətə, Mayakovskiyə bənzər bir cəhət vardı. O, bəzi tənqidlərində Pisarev kimi sərt idi. Amma bu ayrı hallarda, ədəbi faktlara  qarşı amansızlıq bütünlüklə xalqa, onun taleyinə,   inkişafına olan böyük məhəbbətdən, bütünlüklə ədəbi prosesə qayğı, qəhmərlik, can yanğısından doğurdu.  Mustafa Quliyevin  papaq, tar və sairə haqqında bəzi fikirləri inkar pafosundan doğan bir ifrat idi... Mustafa Quliyev  sağ olsaydı, mən inanıram ki, o, istər musiqi mədəniyyətimiz, istərsə  teatr sənətimiz, ədəbiyyatımız, maarifimiz haqqında bəzi fikirlərini dəqiqləşdirər, təshih edər, bəzi ifratlardan özü geri durardı”.

 

Mustafa Quliyevin təmsil etdiyi  tamayüllə bağlı bəzi fikirlərimi də bölüşmək istəyirəm. əslində, bu təmayül Mirzə Fətəlidən başlayır və ən ümumi şəkildə desək - milli  mədəniyyəti, təfəkkür tərzini  Qərb meyarlarına yönəltmək təşəbbüsündən doğur. Bu təmayül  müxtəlif şəkillərdə Həsən bəy Zərdabinin  qəzet və teatr fəaliyyətində, Mirzə Cəlil Məmmədquluzadənin mübarizəsində, “əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz”  yazan Sabirin ağrısında  davam edir. Əli bəy Hüseynzadənin ilk dəfə ortaya atdığı, Ziya Göyalp tərəfindən də qəbul olunduğu “İslamlaşmaq, türkləşmək, çağdaşlaşmaq (yaxud qərbləşmək)” düsturunun üçüncü maddəsi də elə bu  təmayülə uyğundur. Amma məsələ ondadır ki, bu düsturu bilib bilməməsindən asılı olmayaraq Mustafa Quliyev bu üçlüyün müasirləşmə (yaxud avropalaşma) maddəsinin  təsdiqinə çalışsa da, birinci iki maddəsini heç cür qəbul etməzdi. Bu təmayül, əlbəttə başqa şəkildə, Azərbaycan ictimai və bədii fikrində sonrakı illərdə də davam etdi və  buna görə kosmopolitizmdə və nihilizmdə suçlanan Mikayıl Rəfiliylə  Cəfər Cəfərov təqiblərlə, təzyiqlərlə  üzləşdilər, hər ikisi müxtəlif vaxtlarda Yazıçılar İttifaqının üzvlüyündən xaric olundular. M.Rəfilini gah “Kitabi Dədə Qorqud”dan yazdığı üçün millətçilikdə, pantürkizmdə, gah da gənclik illərində ifrata vararaq Azərbaycan klassiklərinə deyil, Qərb yazıçılarına üz tutduğu üçün kosmopolitizmdə ittiham edirdilər. Cəfər Cəfərovun ədəbiyyatda, teatrda  əyalətçiliyə, bəsitliyə, bayağılığa qarşı dediklərini milli dəyərlərə qarşı təhqir kimi qələmə verir, ilk dəfə Azərbaycan teatrının sanballı tarixini yazmış alimi nihilist deyə damğalayırdılar. Cəfər Cəfərovun musiqidə Qara Qarayevi, rəssamlıqda Tahir Salahovu, teatrda Tofiq Kazımovu daha artıq bəyəndiyinə görə “dostbazlıqda” günahlandıranlar da  tapılırdı.

 

 Yeri gəlmişkən, Cəfər Cəfərovun bir söhbəti də düşdü yadıma. Cəfər müəllim deyirdi, “bir dəfə Üzeyir bəydən   o dövrün (sovet  illərindən qabaqkı dövrün - A.) cəmiyyətləri haqqında soruşdum. - Çox ciddi  çətinliklər vardı - dedi - bəzi dələduzlar əliəyrilik də edirdilər, amma o, başqa bir dövr idi, nə istəsək yazırdıq, oynayırdıq, tam sərbəst və asudə idik”.

 

Üzeyir Hacıbəylinin vəfatı ilə əlaqdar  onun uzaq gənclik illərinin dostlarından Məmməd Əmin Rəsulzadənin dedikləri çox dəqiqdir:

 

 “Başda bir həvəskar olaraq işə başlayan Hacıbəyli sonra kəndi kəndini (özü özünü) yetişdirmiş, musiqi təhsilini tamamlamış, nəticədə sözün Avropa  mənasıyla avtoritetini (nüfuzunu)  hər kəsə tanıtmış bir kompozitor olmuşdur. Yazıq ki, bolşevik rejimi Azərbaycanın bu müstəsna  zəkasını da kəndi diktatorluğu altına almış və onu  bayağı mənfəətləri  üçün sömürə bulduqca (istismar etdikcə) sömürmüş və verdiyi bir takım rəsmi və siyasi vəzifə və ünvanlarla onu “mənimsəmişdir”. Fəqət, beyhuda, dəmir pərdə arxasında kəndisinə süni marşlar yazdırılsa da, Moskvada omuzu (çiyni) diktatorun əliylə oxşadılsa da, tabutu başında  Azərbaycan mənəviyyatı ilə ilgiləri (əlaqələri) olmayan kommisarlar növbədə dursalar da, Hacıbəyli Üzeyiri  Azərbaycandan, Azərbaycan kulturundan və Azəri  türk tarixindən kimsə ayıramaz. O, milli  Azərbaycan varlığının məsnədləri (dayaqları) arasında qalacaq ayrılmaz bir dəyərdir”.

 

Üzeyir bəy cismani cəhətdən sovet cəmiyyətində yaşayırdı, sovet bəstəkarı sayılırdı, bu quruluşun  soyuğunu da,  təqdirini də görmüşdü. Bu mühitdə yaradırdı, istedadının gücüylə bu dövrdə də “Koroğlu” operası,  “Sənsiz”, “Sevgili canan”  qəzəlləri, Firuzənin ariyası kimi ölməz əsərlər bəxş etmişdi musiqi sənətinə. Ürəyi isə  uzaqlarda, gənclik ideallarının çırpındığı zamanlarda  idi. “Nicat”, “Səfa” cəmiyyətlərinin, Hacıbəyov qardaşları truppasının maddi çətinliklərlə, sıxıntılarla üzləşdiyi, fəqət  sərbəst, asudə ömür sürdüyü, ümid və fərəh dolu günlərdə, gedib bir daha qayıtmayacaq illərdə idi...

 

ANAR

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

 

525-ci qəzet.- 2017.- 16 sentybar.- S.11.