Doğmalaşan və
güvənilən “525-ci qəzet”
“525-ci qəzet” ədəbi-elmi həqiqətə özəl konseptual baxışın sərgilənməsinə yeni məcrada rəvac verən mətbuat orqanıdır.
Bunu deyərkən
biz insanın bədii
estetik dərkinə tamamilə hesablanan başlıca keyfiyyətlərin
qlobal təhlilinə zəmin yaradılmasını
nəzərdə tuturuq. Məsələn, “Azərbaycan ədəbiyyatında
tarixilik və müasirlik problemi ədəbi tənqiddə”
kimi önəmli mövzularla bağlı yazıların müstəviyə
çıxarılması ümumən
ədəbiyyatşünaslıq elminin daim diqqət
mərkəzində saxlandığına
əyani sübutdur.
Heydər Əliyev “Zaman və müasirlik”
mövzusunda elmi sessiya materiallarının
Azərbaycanın dövlətçilik
tarixi, milli adət-ənənələr, elm və mədəniyyətin
təbliği kontekstində
çözülən yazıların
qəzetdə yer alması oxucu auditoriyasının hədsiz
dərəcədə genişlənməsinə
gətirib çıxarır
ki, bu da
“525-ci qəzet”in daim gündəmdə olduğundan
xəbər verir. Qəzetin şənbə sayını
səbirsizliklə gözləyən
oxucuların sırasının
sıxlaşması bu
baxımdan təbiidir.
Ulu Öndər
Heydər Əliyevi sənət adamlarının
böyük dostu və himayədarı kimi səciyyələndirən
məqalələrə qəzetdə
geniş yer verilməsi Heydərəliyev-şünaslığın
daim diqqət mərkəzində saxlandığını
göstərir. Qəzetdə Dağlıq Qarabağ probleminə ayrılan səhifələr həm
bir vətəndaş
və həm də “525-ci qəzet”in sadiq oxucusu kimi
məni məmnun edir.
“525-ci qəzet”in həyatımda
yeri düşüncəmdə
çeşidli asossiativ məqamlar
doğurur. Həsən
bəy Zərdabinin “Əkinçi” qəzetindən
üzü bəri boy
göstərən Azərbaycan
mətbuatının keçdiyi
tarixi inkişaf yolu və bu
axarda “525-ci qəzet”in
önəmli rolu, yaşarlı ənənəsi,
başqa sözlə,
varisliyi yeni publisistik düşüncə
müstəvisində necə
böyük uğurla
davam və inkişaf etdirdiyi ağlımı heyran edir. Bu uğur
təbii və anlaşılandır. Çünki
bu qəzetin Rəşad Məcid kimi analitik təfəkkürünün
itiliyi ilə fərqlənən və bir yaradıcı şəxsiyyət kimi böyük oxucu auditoriyası tərəfindən
sevilən və təqdir edilən baş redaktoru, çevrəsində isə
mətbuatla nəfəs
alan dəyərli
əməkdaşları var.
Bu gün “525-ci qəzet”
artıq bir yaradıcılıq məktəbinə
çevrilib. Bu məktəb
həm bədii, həm də elmi istiqamətləri özündə ehtiva edir. Faydasını bu məktəbi
keçənlər bilir.
Ən bariz nümunə istər bədii, istərsə də elmi əsərlərini
böyük coşğu
və qürur hissi ilə oxuduğum Anarşünas
alim Pərvin xanım Nurəliyevadır.
Mənim
özümün də
elmi ictimaiyyətə
çıxışımda bu qəzetin rolu danılmazdır.
Bunu deyərkən bir sıra məqalələrimin
və mənim barəmdə yazıların
sözügedən qəzetdə
çap olunduğunu nəzərdə tuturam.
“525-ci qəzet” mənə
bir mənada böyük fars
şairi Sədi Şirazinin “Bustan”ını
xatırladır. Poemada
olduğu kimi, “525-ci qəzet”də bəsirət
gözü açıq,
idrakı ilkinlikdən
qaynaqlanan hər kəs üçün fayda var, təki,
dəyərlərin iç
mənasına nüfuz
edə biləcək düşüncən olsun.
“525-ci qəzet” konkret məramı, fəlsəfəsi, konsepsiyası
olan və bu konsepsiyanı reallaşdırmaqda daim iradə sərgiləyən
mətbuat orqanıdır.
Dövlətçiliyi, azərbaycançılığı,
milli-mənəvi dəyərləri
uca tutan və bu taleyönlü
məsələlərin şərhinə
yönəlik yazılara
qucaq açan “525-ci qəzet” həm də multikulturalizmi, tolerantlığı, islami
dəyərləri daim
diqqət mərkəzində
saxlaması və bunlara məxsusi səhifələr ayırması
ilə mühüm maraq kəsb edir. Xalq yazıçıları Anarın, Elçinin çox dəyərli bədii-publisistik və elmi-tənqidi əsərlərinin
bu qəzetdə yer alması əlbəttə ki, düşüncə sferamızı
genişləndirməklə yanaşı, həm də qəzetin çox nüfuzlu bir mətbuat orqanı olduğundan xəbər verir. Çağdaş ədəbiyyatşünaslıq
məktəbinin təməl
prinsiplərini dikəldən
böyük Azərbaycan
alimi, akademik İsa Həbibbəylinin elmi düşüncəmizi
hədəflərə doğru
yönəldən və
bununla da qəzeti rövnəqləndirən
qlobal mahiyyəti ilə fərqlənən
konseptual məqalələri
elmi ictimaiyyətdə
sonsuz maraq doğurur. Bu sırada
akademik Teymur Kərimlinin, akademik Nizami Cəfərovun sözügedən qəzetdə
çap etdirdiyi məqalələr də ədəbiyyatşünaslığımız,
filoloji elmimiz və ümumiyyətlə
humanitar düşüncəmizi
hədəflərə doğru
yönəldən və
elmi inkişafımız
üçün hədsiz
fayda gətirən yazılardır. “525-ci qəzet”i rövnəqləndirən,
ona oxucu kütləsinin marağını
artıran digər şair, yazıçı
və alimlərimizin də əsərləri saymaqla qurtaran deyil. Biz yalnız
fərəhimizi, minnətdarlığımızı
dilə gətirməklə
kifayətlənirik. Əslində, “525-ci qəzet” müstəqil fikrin, azad sözün
və ümumən demokratik düşüncənin
himayədarı olan, özünəməxsus dəsti-xətti
dönmədən hədəflərə
doğru yönəldən,
sevilən, seçilən
möhtəşəm mətbuat
orqanıdır.
Qəzet artıq milli-mənəvi
varlığımızın ayrılmaz hissəsinə
çevrilmişdir. Onun hədsiz nüfuz qazanması arealı ilə və bu
arealın mümkün
rakursları özündə
ehtiva etməsilə birbaşa ilgilidir. Bu arealdan “Ədəbiyyat
və zaman” qırmızı xətlə
keçərək özündə
ədəbiyyatın və
ədəbiyyatşünaslığın
taleyönlü məsələlərinin
qəzet səhifələrində
incələnməsinə münbit
zəmin yaradır.
Bunu deyərkən biz çətin, lakin özünəməxsus yollarla
irəliləyən və
elmi ədəbiyyatşünaslıq
müstəvisində çözümünü
zəruri edən realizm, tənqidi realizm və romantizm kimi analitik düşüncə
əsasında incələnən,
müasirlik işığında,
müstəqilliyin şərəfli
yoluna şəfəq
saça bilən məqalələrə qəzetdə
məxsusi səhifələr
ayrıldığını nəzərdə tuturuq.
Vətəndaşlıq mövqeyi sərgiləyən
yazılara verilən meydan da hər
kəsdə könül
xoşluğu doğurur.
Ədəbiyyat elminin tarixi
və bu tarixi hədəflərə
doğru daşıyan
avtoritetlər, yazıçı
şəxsiyyəti və
yaradıcılıq prosesi
və ümumən ədəbi prosesi rövnəqləndirən yazıçı,
tənqidçi və
oxucu münasibətlərini
hədəfləyən məqalələr
nəzəri düşüncənin
inkişafı üçün
faydalı yazılar sırasındadır.
Məlum olduğu kimi, XX əsr əvvəlki əsrlərdə görünməyən
tarixi kataklizmlər təfəkkürdə qlobal
dəyişikliklərin meydana
gəlməsinə səbəb
oldu. Rasional elm öz inkişafı
ilə misilsiz tərəqqi əmələ
gətirdi. Belə olan
təqdirdə dünyanı
yenidən anlamaq məsələsində kamil
insan amili önəm kəsb etdiyindən kontekstdə müasir dövrün intellektual və emosional ifadəsini özündə ehtiva edən təsəvvüf
və postmodernizm haqda açıqlamalar yer almağa başladı ki, “525-ci qəzet” də öz səhifələrində
belə bir qlobal və ədəbiyyatımız üçün
taleyönlü bir problemi təbii olaraq diqqət mərkəzində saxladı.
Ədəbiyyatın dünyanı son dərəcə intuitiv və subyektiv idrak vasitəsi olmasını nəzərə
alaraq şərhinə
həsr olunan yazıların çapı
təbii olaraq Azərbaycan ədəbiyyatında
təsəvvüfün rolu
və məqamı barədə elmi-nəzəri
düşüncəmizin mahiyyətə
yönəldilməsinə zəmin yaratdı. Həqiqətən də bu istiqamətdə nəşr
olunan yazılar Kamal Abdulla əsərlərində
postmodernizm amili barədə bədii və elmi düşüncə
formalaşdırdı ki,
bu da sonucda
şəxsiyyətin və
yaradıcılığın uyarlılığının nə
kimi amillərdən keçərək elmi-ədəbi
ictimaiyyətdə konkret
düşüncə formalaşdırdı.
Milli mənəviyyat üstündə
köklənən ədəbiyyatımızın
multikultural inkişaf yoluna önəm verilməsi təbiidir.
Azərbaycan Respublikasının
Prezidenti möhtərəm
cənab İlham Əliyevin “Bu gün Multikulturalizm Azərbaycanda
dövlət siyasətidir
və eyni zamanda həyat tərzidir” müdrik kəlamının “525-ci qəzet”də
önə çəkilməsi
həm də o deməkdir ki, bu qəzet taleyönlü
məsələlərə daim son dərəcə həssaslıq göstərir.
Ədəbi-nəzəri və elmi-tənqidi düşüncənin ən yeni qənaətləri barədə açıqlamalara qəzetdə önəm verilməsi problematik məsələlərə bu çox dəyərli mətbuat orqanının həssas reaksiya verməsi insanı bədii tədqiq obyektinə çevirən ədəbiyyatın ideoloji bazasının daim diqqət mərkəzində saxlandığına, böyük ədəbiyyatın, böyük sözün keşiyində necə bir həssaslıqla yanaşıldığına bariz sübutdur. Bakının ev sahibliyi etdiyi “Ümumdünya mədəniyyətlər arası dialoq forum”un və digər beynəlxalq tədbirlərin əhəmiyyəti barədə ilkin fikirlərə məhz “525-ci qəzet”də yer ayrılması bu mətbuat orqanının Azərbaycanın uğurlu inkişafına sevinc qatdığına əyani sübutdur və azərbaycançılığa töhfə vermək istəyindən qaynaqlanır. Ən sonda bir məqalə barədə qənaətləri yazıya gətirməyi özümə borc bildim. Bu məqalənin müəllifi görkəmli jurnalist professor Cahangir Məmmədlidir. Məqalə “Sevdim səni” - Həsənoğludan Posternakadək” adlanır (6 may 2017-ci il). Məqalədə yazıçı, ədəbiyyatşünas alim və müəllim kimi səciyyələndirilən Pərvin Nurəliyevanın “Sevdim səni” kitabında toplanan hekayələrin iç mənasının Həsənoğludan Posternakadək ilgilənməsi məqalə müəllifinin intellektual düşüncə kirdarından soraq verməklə yanaşı, həm də “525-ci qəzet”in elmi-nəzəri mülahizələrə, erudisiyalı düşüncəyə necə böyük səxavətlə yer ayırdığına əyani sübutdur. “525-ci qəzet” barədə xoş, könül açan təəssüratlarım geniş fikir yürütməyimə aman verməsə də, amalıma, əməlimə güzgü tutan bu möhtəşəm mətbuat orqanı məni yeni-yeni düşüncələr aləminə çəksə də, asossiativ fikir dünyasına səsləsə də, qəlbimdən keçənlərin cüzi bir qismini yazıya köçürməklə kifayətlənməli oldum. Yolun daim işıqlı və uğurlu olsun, hamıya gərək olan məxsusi auralı “525-ci qəzet”.
Himalay
ƏNVƏROĞLU
ADPU-nun
kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor
525-ci qəzet.- 2017.- 16 sentybar.- S.10.