"Bu, KİNOdu..."
AZƏRBAYCAN KİNOSU - 120
Bu gün ölkənin
250-yə yaxın mədəniyyət
ocağında - kinoteatrlarda,
Heydər Əliyev mərkəzlərində, klublarda
kino mövsümü
açıq elan olunur.
Hər gün bir neçə
seans film nümayişi nəzərdə
tutulub. Həm bölgələrdə, həm də Bakıda. Bu da son illərdə çəkilən filmlərdən
xəbərsiz tamaşaçı
üçün bir şansdır. Məqsəd
də elə yeni filmlərə baxmayan, xüsusən son
on ildə çəkilən
ekran işlərindən
bixəbər tamaşaçı
ilə kinonu bir az daha yaxınlaşdırmaq,
doğmalaşdırmaqdır. Son günlərdə mətbuatdan kinomuzla bağlı yeni işlər, planlar, layihələr haqqında
məlumatlar alırıq.
Qəzetimizin ötən şənbə
sayında Mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyevlə
söhbətimizdə müsahibim
bu məsələlər
barədə ətraflı
danışdı. Bu həftə ərzində
isə nazir müavini həm gənc, yəni bu yola yeni-yeni
başlayan, həm də qocaman, bu sahədə sözünü demiş peşəkar kino xadimləri, ümumiyyətlə,
kinoya aidiyyatı olan adamlarla görüşlər keçirdi.
Bu görüşlərdə iştirak edən adam kimi
bəzi təəssüratlarımı
bölüşmək istərdim.
Hər şeydən
əvvəl, bir daha əmin oldum ki, Kino xüsusi istedad, intellekt, ayrı bir həyat tərzi, dünyaya fərqli baxış tələb edən sahədir. Şablon qaydalarla, gündəlik
məişətlə, maddi
dünyayla yaşayan adamın bu sferada nəsə etmək cəhdləri qəribədir. Ona görə
də Ədalət Vəliyevin gənclərlə
görüşündə təəccübləndiyim məqamlar
da olurdu.
Bəzi gənclərin istedadından,
bacarığından artıq
iddiası, həm də hər şeyi bilirmiş kimi davranışı artıq alışdığımız
məsələdir. Amma bununla belə, gənc kino xadimləri arasında işıqlı, seçdiyi
peşəyə həvəslə
yanaşan, öyrənmək,
işləmək enerjisi
ilə aşıb-daşanları
da var. Və maraqlıdır ki, belə adamlar nisbətən yaşlı,
həyat və yaradıcılıq bioqrafiyası
zəngin sənətkarların
arasında daha çoxdur. Görünür, sənətin cazibəsi,
bəxş etdiyi enerji, ruh, həvəs
dərinliklərə getdikcə
artır. Məsələn, bir müqayisəni aparmaq istərdim. Ədalət
Vəliyev ən müxtəlif mədəniyyət
ocaqlarında filmlərin
tamaşaçıya təqdim
olunacağını söyləyəndə
gənclər arasından
heç kəs repertuarla maraqlanmadı, artıq bir neçə film müəllifi
olanlar belə öz kinolarını repertuara salmaq barəsində danışıb
buna cəhd etmədilər. Daha təcrübəli
yaşlı müəlliflər
isə anındaca repertuara salınan kinolar haqqında öyrənməyə, filmlərin
seçilmə prinsipiylə
maraqlanmağa başladılar.
Düşünürəm, görəsən, yeni gələn nəslin öz işini, zəhmətinin nəticəsini
təqdim etməyə
həvəs göstərməməsi,
bəzən heç buna cəhd etməməsi nədəndir? Bir neçə
gün öncə III
Gənc Ədiblər
Məktəbinin üzvləriylə
görüşümdə də eyni ovqatı
müşahidə etdim.
Çoxunda “onsuz da oxuyan yoxdur”, “onsuz da heç
kəs maraqlanmır” kimi pessimist, ümidsiz fikirlər var.
Elə isə kiminçün
yazılır bütün
bu əsərlər, bu filmlər kimin üçün çəkilir, görəsən?
Heç
şübhəsiz, oxucu
üçün, tamaşaçı
üçün. Sadəcə, bu camiədə olan, bəlli sayda adamın yeniliklərlə maraqlanması,
bundan xəbərdar olması yetərli deyil. Elə Mədəniyyət və Turizm Nazirliyinin də son günlərdə Kino ilə
bağlı başladığı
hərəkatın səbəbi
geniş auditoriyanı
cəlb etməkdir.
Və mənə görə, həm son illərdə ekranlaşdırılan
yeni, həm də daha öncəki
illərdən məşhur
olan köhnə filmlərə tamaşaçı
diqqətini çəkmək
xeyli faydalıdır.
Həm film müəllifləri
üçün, həm
də izləyicilər
üçün...
Bir də axı, tarixən kinonun öz romantikası, maarifləndirmə
gücü, insanlara təsir qüvvəsi var.
Təsadüfi deyil ki, ən müxtəlif
sənətkarların əsərlərində,
xatirələrində Kinonun
ayrıca yeri olub. Bu günlərdə ardıcıl olaraq Kino haqqında danışdıqca,
düşündükcə Fellinidən Vaqif Mustafayevə, Orxan Pamukdan Mövlud Süleymanlıya ən fərqli sənətkarlar
yadıma düşür.
Orxan Pamukun “Məsumiyyət muzeyi” romanının qəhrəmanı
Kamal müasir, dəbdəbəli sinema zallarını əvvəlkilərlə
müqayisə edib nostalji hisslər keçirir: “Çox vaxt seyr etməkdə olduğumuz melodramın kədəriylə kreslolarda
oturub tum çırtlayan minlərlə
insanın xımır-xımır
fəaliyyəti, bütün
o qələbəlik, ailələrin,
başıbağlı anaların,
davamlı siqaret çəkən ataların,
qazlı su içən uşaqların
və subay kişilərin insanlığı
filmin məzmunu ilə bir-birinə qarışırdı beynimdə...
“Çox güman
ki, Kamalın xatirələri elə Orxan Pamukun öz
düşüncələri, yaşantılarıdır. Deməli, Orxan Pamukun dünyaduyumunda
kinonun rolu böyükdür. Elə digər
romanlarında da bu kino estetikası,
kinonun yaxşı mənada təsiri hiss olunur.
Ümumiyyətlə, kamil şəxsiyyətin yetişməsində, mənəvi-estetik zövqünün formalaşmasında kinonun əhəmiyyəti çoxdur. Yəqin elə buna görə bir çox memuarlarda kino, kinoteatr mühiti haqqında ayrıca xatirələr yer alır. Əli Əmirlinin “Ağdamda nəyim qaldı” adlı bioqrafik romanından bir parça diqqətimi cəlb etmişdi. Əli müəllim Ağdamda qalanlarından, orda itirdiklərindən daha çox qazandıqlarından danışır bu əsərdə və elə bu qazancları siyahısında Kino da var: “Səhər açılandan hamı bilirdi ki, bu axşam Qəzənfər hamınınkı kimi balaca, dardüddək evində kino göstərəcək. Bu, bakılılar demiş, bir özgə məərəkəydi: uşaqlar, arvadlar, kişilər yığışırdı Qəzənfərin evinə. Seans başlayırdı.
Təbiidir ki, repertuarda çox vaxt hind filmləri olurdu. O vaxtlar
“Avara” və bir qədər sonra “Cənab 420” filmləri çox populyardı. Mən bu filmlərə Qəzənfərin ev seanslarında dəfələrlə baxmışdım.
Daha bir film də yadımdadı: “Xleb, lyubov i
fantaziya”. Bu, hind filmi olmasa da, Qəzənfərin
məzəli sinxron tərcüməsi, çox
vaxt qaba, hədd bilməyən, abır-həya gözləməyən
şərhləri, duzlu
zarafatları və bir otaq arvadın
ciyərdən gələn
şaqraq zəngulə,
kişnəmə xarakterli
qəhqəhələri ilə
böyük uğur qazandı”. Seyran Səxavətin də “Qaçhaqaç” bioqrafik romanında
kənddə kino göstərilməsi, elə
Əli Əmirli təsvir etdiyi kimi, camaatın marağı, gülüş
səhnələri son dərəcə
maraqlıdır. Görəsən, istər xatirə-memuar, istərsə də roman yazan sənətkarları
bu mövzuya aparan, yaxud bu
mövzunu əsərlərinə
gətirməyə sövq
edən nədir?
Görünür, kinonun insan
beyninə, düşüncələrinə
təsiri ayrıca tədqiqat mövzusudur.
Çox
sevdiyim italyan rejissoru Cuzeppe Tornatorenin “Yeni kinoteatr “Paradiso” filmində də balaca bir kənddə,
italyan qəsəbəsində
böyümüş oğlana
- Salvatoreyə kinonun
təsiri, sadə bir kinomexanik Alfredonun onda kinoya sevgi, həvəs
yaratmaqla taleyini dəyişməsi xeyli düşündürücüdür. Oskara layiq görülən, Kann kinofestivalında uğur qazanan bu filmin mənə
görə əsas uğuru elə KİNOdur, yəni mövzusudur. Əslində, bu cür əsərlər
şəxsiyyətin formalaşma
reseptini verir. Maraqlıdır ki, bu reseptdə istər italiyan, istər türk, yaxud elə hər hansı başqa millət üçün
əsas “inqredient” siyahısında mütləq
şəkildə kino
var.
Əlbəttə, çağdaş zamanda Kinonun da, kinoteatrların
da əvvəlki estetikası, sehri yoxdur. İndi hər şey
elektronlaşdırılıb, daha bir kino
klubdan o birisinə lentlər daşınmır.
Evində istədiyi vaxt onlayn qaydada
arzuladığı filmi
tapıb baxa bilən adam
üçün hansısa
seansı gözləmək,
onun həyəcanını
yaşamaq qəribədir
yəqin. Amma bununla belə,
bu qeyri-adi sənəti, sözün,
musiqinin, görüntünün
unikal vəhdətini daha yaxşı duymaq, anlamaq üçün, o qaranlıq
zalın aurasını
hiss etmək üçün
kinoteatrların, başqaları
ilə birgə film seyr etməyin əhəmiyyəti əvəzedilməzdir.
Bu gündən bütün ölkə üzrə filmlərin
nümayiş olunacağını
düşünəndə, gözümün
önünə gətirəndə fantaziyalarım uzaqlara aparır məni... Uzaq gələcəyə. Kim bilir, bəlkə, indi bu filmləri izləyən
adamların içərisindən kino
aşiqləri, kinomanlar da
çıxacaq, bəlkə, kimsə gələcəkdə bugünkü mühiti nostalji ilə təsvir edəcək, qovrulmuş buğdanın, karamelli
popkornların film seyrinə necə rəng
qatdığını da
danışacaq nəvələrinə... Hər halda bütün bunlar baş verməsə
belə, eyni gündə, eyni
vaxtda ölkənin az
qala, hər bölgəsində kinodan danışılması, kinonun gündəmə gətirilməsi, kinoya baxılması hadisədir. Azərbaycan
mədəniyyətinin hadisəsi
PƏRVİN
525-ci qəzet.- 2017.- 16 sentybar.- S.9.