Qədrşünas tədqiqatçının
qiymətli əsəri
Bu günlərdə Azərbaycan
Milli Elmlər Akademiyası Naxçıvan
Bölməsinin İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun
Folklorşünaslıq şöbəsinin
müdiri, şair-publisist
Elxan Yurdoğlu-Məmmədovun
"Eynəli bəy Sultanov və folklor" monoqrafiyası Naxçıvanda "Əcəmi"
Nəşriyyat Poliqrafiya
Birliyində nəfis tərtibatla nəşr olunub.
Monoqrafiyanın elmi redaktoru və ön söz müəllifi AMEA-nın vitse-prezidenti, AMEA Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəylidir.
AMEA Naxçıvan Bölməsi
Rəyasət Heyətinin
qərarı ilə çapa tövsiyə olunan kitaba AMEA Folklor İnstitunun direktoru, akademik Muxtar İmanov, AMEA Folklor İnstitunun "Folklor və yazılı ədəbiyyat"
şöbəsinin müdiri,
AMEA-nın müxbir üzvü Kamran Əliyev, filologiya üzrə elmlər doktorları, professorlar Məhərrəm Qasımlı
və Yusif Səfərov rəy veriblər.
Akademik İsa Həbibbəylinin kitaba yazdığı ön sözü təqdim edirik.
XIX əsrin sonları
və XX əsrin əvvəllərində yaşayıb-yaratmış
görkəmli yazıçı
və publisist Eynəli bəy Çölü oğlu Sultanovun (1866-1935) həyatı
və yaradıcılığı
ümumi şəkildə
öyrənilsə də,
onun mühüm əhəmiyyətə malik
olan folkorşünaslıq
fəaliyyəti tədqiq
olunmamışdır. Halbuki Eynəli
bəy Sultanovun Azərbaycan folklorunun toplanması, tədqiqi və təbliği sahəsindəki çoxcəhətli
fəaliyyəti bütövlükdə
ölkə miqyasında
həyata keçirilmiş
həmin prosesin tam və əhatəli şəkildə öyrənilib
ümumiləşdirilməsi baxımından çox əhəmiyyətlidir. Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun doktorantı
olmuş, AMEA Naxçıvan
Bölməsi, İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun
Folkorşünaslıq şöbəsinin
müdiri, filologiya üzrə fəlsəfə
doktoru Elxan Qadir oğlu Məmmədovun "Eynəli
bəy Sultanovun folklorşünaslıq irsi"
mövzusundakı filologiya
üzrə fəlsəfə
doktorluğu dissertasiyası
kimi meydana çıxmış "Eynəli
bəy Sultanov və folklor" əsəri həmin boşluğu doldurmağa
xidmət edən yeni və əhəmiyyətli
elmi tədqiqat işidir. Tədqim olunan kitab Elxan Yurdoğlunun filologiya üzrə fəlsəfə doktorluğu
dissertasiyası əsasında
hazırlanmış monoqrafik
əsər kimi ciddi maraq doğurur.
Monoqrafiyada Eynəli bəy
Sultanovun tərcümeyi-halı,
təhsil illəri, folkorşünaslıq fəaliyyəti,
habelə bədii və publisistik əsərlərində folklordan
istifadə, həmçinin
Eynəli bəy Sultanovun folklorşünaslıq
fəaliyyətini tədqiq
edən alimlərin araşdırmaları ciddi,
səriştəli və
dolğun şəkildə
təhlil olunmuşdur.
"Eynəli bəy
Sultanov və onun folklorşünaslıq
görüşləri" adlanan birinci fəsildə ilk dəfə
olaraq Eynəli bəy Sultanovun elmi tərcümeyi-halı
dəqiq mənbələr
əsasında sistemli
şəkildə öyrənilmişdir. Tədqiqatçı burada Eynəli bəy Sultanovun anadan olma tarixini,
ömür yolunu, təhsil illərini, Naxçıvan, İrəvan,
Qars və Tiflis şəhərlərindəki fəaliyyətini
ətraflı tədqiq
etmişdir. Bu da ədibin zəngin və keşməkeşli həyat
yolu barədə dolğun elmi təsəvvür yaradır.
Filologiya
üzrə fəlsəfə
doktoru Elxan Yurdoğlu Eynəli bəy Sultanovun folklorşünaslıq fəaliyyətini
müasir elmi metodlar səviyyəsində
geniş planda təqdim etmişdir.
Monoqrafiyanın "Azərbaycan folklorunun
toplanması, tədqiqi
və nəşrində
Eynəli bəy Sultanovun rolu"na
həsr edilmiş ikinci fəslində görkəmli ziyalının
folklorçu kimi fəaliyyəti işıqlandırılır.
Burada Eynəli bəy Sultanovun şifahi xalq ədəbiyyatımızın
toplayıcısı, tədqiqatçısı,
tərcüməçisi və
naşiri kimi çoxcəhətli fəaliyyətinə
dair məsələlər
ətraflı tədqiqata
cəlb olunmuşdur.
Tədqiqatçının üzə çıxardığı
arxiv sənədləri
və dövri mətbuat materialları və apardığı təhlillər Eynəli bəy Sultanovun folklorşünaslıq fəaliyyəti
barədə dolğun
fikir formalaşdırır.
Aparılan tədqiqatlar belə
bir qənaətə gəlməyə əsas verir ki, Eynəli
bəy Sultanov Azərbaycan folklorunun əsas toplayıcılarından
biridir. Onun adını Salman
Mümtazla, Vəli Xuluflu ilə yanaşı çəkmək
olar. Bu, Elxan Yurdoğlu-Məmmədovun
elmi cəhətdən
əsaslandırdığı qənaətdir.
Elxan Yurdoğlu-Məmmədovun
Eynəli bəy Sultanovun dövrün mətbu orqanlarında çap olunmuş məqalələrini toplayıb
tədqiqata cəlb etməsi, bu məqalələrdə öz
əksini tapmış
fikirlər və məlumatlar barədə ətraflı təhlillər
aparması ciddi elmi yenilikləri ilə seçilir.
Eynəli bəy Sultanovun bədii əsərlərində,
hekayələri və
pyeslərində, həmçinin
mətbuat orqanlarında
dərc etdirdiyi məqalələrində Azərbaycan
şifahi xalq ədəbiyyatına geniş
yer verməsi, folklorun itib-batmaması üçün bu üsulu seçməsi də geniş tədqiqat mövzusuna çevrilmişdir. Bu baxımdan
monoqrafiyanın "Eynəli
bəy Sultanovun əsərlərində folklordan
istifadə" adlı
üçüncü fəslində
aparılmış araşdırmalar
nəzəri təhlillə
dövri mətbuat materiallarının üzvi
əlaqədə tədqiq
olunması cəhətdən
əhəmiyyətlidir. Müəllif inandırıcı dəlillərlə Eynəli
bəy Sultanovun folklordan yaradıcı istifadəsinin həm ədəbiyyatın, həm
də folklorun xeyrinə olduğunu elmi cəhətdən əsaslandırmışdır.
Oxuculara təqdim olunan monoqrafiya Eynəli bəy Sultanovun folklorşünaslıq irsinə,
Eynəli bəy Sultanov və folklor mövzusuna həsr edilmiş ilk tədqiqat əsəridir. Elxan Yurdoğlu-Məmmədov uzun
illər müxtəlif
arxivlərdə, kitabxanalarda,
dövri mətbuat orqanlarında nəşr olunan məqalələrlə
yaxından tanış
olmuş, Eynəli bəy Sultanovun zəngin irsini, xüsusən folklorşünaslıq
fəaliyyətini diqqətlə
araşdırmış, təqdirəlayiq
monoqrafik əsər yazmışdır.
"Eynəli bəy
Sultanovun folklorşünaslıq
irsi" monoqrafiyasının
elmi-ədəbi dəyəri
XIX əsrin sonu və XX əsrin əvvəlləri Azərbaycan
ədəbiyyatında folklora
xüsusi marağın
və böyük diqqətin artmasını
bir ədəbi şəxsiyyətin timsalında
yeni aspektdə işıqlandırılması ilə müəyyən olunur. Bu əsər Elxan Yurdoğlu-Məmmədovun
həm folklor materiallarının toplayıcısı,
həm də tədqiqatçısı kimi
səriştəsini meydana
qoyur. Təqdim olunan monoqrafiya
Elxan Yurdoğlunun Azərbaycan folklorşünaslığının
yeni nəslini layiqincə təmsil etdiyini aydın surətdə nəzərə
çarpdırır. Filologiya üzrə fəlsəfə
doktoru Elxan Yurdoğlu-Məmmədov özünəməxsus
tədqiqatçılıq səriştəsi, folklorşünaslıq
bacarığı, orijinal
yazı üslubu, təhlil və müqayisə imkanları
ilə diqqəti cəlb edir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri
Vasif Talıbovun "Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi
haqqında" 15 fevral
2016-cı il tarixli Sərəncamından irəli
gələn vəzifələrin
həyata keçirilməsinə
görkəmli yazıçıya
aid bir neçə kitabla cavab verən
Elxan Yurdoğlu-Məmmədovun
ədibin folklorşünaslıq
irsinə həsr olunmuş monoqrafiyası bu istiqamətdəki tədqiqatların əhatə
dairəsini genişləndirir
və tamamlayır.
Elxan Yurdoğlu-Məmmədovun
"Eynəli bəy Sultanov və folklor" monoqrafiyası müstəqillik dövrü
Azərbaycan folklorşünaslıq
elminə qiymətli töhfədir. Bu monoqrafiya
folklor irsimizin toplanma təcrübəsi
və araşdırılması
səviyyəsini elmi səviyyədə əks
etdirir. Eyni zamanda, əsər
Eynəli bəy Sultanovun timsalında folklorçunun vətənpərvərlik
və milli mövqeyinin zənginliyinə
işıq salmaqla yeni nəsil folklorşünaslar üçün
konkret baxış bucağı müəyyən
etməyə işıq
salır. Elxan Yurdoğlu-Məmmədov məhz
həmin ali
prinsipləri dərindən
mənimsəyən və
uğurla həyata keçirən folklorşünas
olduğunu isbat edir. Təqdim olunan "Eynəli
bəy Sultanov və folklor" monoqrafiyasından başqa,
yazıçının 20-yə yaxın hekayəsini üzə çıxarıb
mövcud hekayələrlə
bir yerdə kitab halında çap etdirməsi onun fəaliyyətini və irsini öyrəndiyi ədəbi
şəxsiyyətə dərindən
bağlı olmasının
göstəricisidir. Bundan
başqa, Eynəlibəyşünaslığın
elmi bünövrəsini
qoymuş sələfi,
filologiya üzrə fəlsəfə doktoru İzzət Maqsudovun bu mövzuda yazılmış ilk dissertasiyasını,
eyni zamanda ədibin yaradıcılıq
yolunu tədqiq etmiş filologiya üzrə fəlsəfə
doktoru İradə Əsədovanın rus dilində yazmış olduğu "Eynəli bəy Sultanovun yaradıcılıq yolu"
("Tvorçeskiy put Eynali
beka Sultanova") dissertasiyasını da yenidən çapa hazırlayıb monoqrafiya kimi nəşr etdirməsi Elxan Yurdoğlu-Məmmədovun qədrşünas
bir tədqiqatçı
olduğunu diqqət mərkəzinə çəkir.
Bundan əlavə, 2016-cı ildə
Naxçıvan Dövlət
Televiziya və Radio Verilişləri Komitəsi
tərəfindən Eynəli
bəy Sultanov haqqında çəkilmiş
"Onun həyat amalı" sənədli
filmində Eynəli bəy rolunu ifa etməklə görkəmli ədibin bədii obrazını ekranda ilk dəfə canlandırmaqla da tədqiq etdiyi şəxsiyyətə sonsuz
hörmət və ehtiramın bariz nümunəsini ortaya qoydu.
İnanırıq ki, Elxan Yurdoğlu-Məmmədov yaxın gələcəkdə
Eynəli bəy Sultanova həsr olunmuş ümumiləşdirici
monoqrafiyanın da müəllifi olacaqdır.
İsa
HƏBİBBƏYLİ
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin
Elm və Təhsil Komitəsinin sədri, akademik
525-ci qəzet.- 2017.- 13 sentybar.- S.7.