XVII əsr Səfəvilər tarixinə dair anadilli diplomatik
sənəd: Qəsri-Şirin sülh
müqaviləsi
İmadüddövlə Mirzə Məhəmməd
Tahir Vəhid Qəzvini XVII əsrin görkəmli dövlət
xadimi, tarixçisi və şairi olub.
O, həmin əsrin əvvəllərindən sonuna
qədər doxsan beş ilə
yaxın ömür sürüb, beş Səfəvi şahının
hakimiyyəti dövründə
hökümət idarəsində
çalışmış, mühasib və vəqayenəvislik - saray tarixçisi vəzifəsindən
vəzirlik və sədri-əzəmliyə qədər
yüksəlib. Tədrqiqatçılar göstərirlər ki, Məhəmməd Tahir
h.1015-ci ildə (1606-1607) Qəzvində,
orta təbəqədən
olan dövlət xidmətçisi Mirzə
Hüseyn xanın ailəsində dünyaya gəlib, uşaqlıq və gənclik illərini burada keçirib. "Təzkirətüş-şüəra" müəllifi M.T.Nəsrabadinin
verdiyi məlumata görə, təhsilini qurtardıqdan sonra Vəhid "divani-alinin tövcih idarəsinin başçısı Mirzə
Salehin rəhbərliyi
altında işə qəbul edilir və rəsmi dəftərlərdən birində
qeydlər aparmaq ona tapşırılır.
Mirzə Salehin ölümündən sonra
onun yerinə keçən Məhəmməd
Tahir bir azdan Sarı Təqi adı ilə tanınan dövrünün görkəmli
dövlət xadimi, Şah Səfinin (1629-1642)
və II Şah Abbasın (1642-1666) baş
vəziri olmuş Mirzə Məhəmməd
Təqi Etimadüs səltənətinin yanında
işləməyə başlayır".
Sarı Təqi yüksək vəzifəli sərkərdələrin
sui-qəsdi nəticəsində
öldürüldükdən sonra Xəlif sultan ikinci dəfə dövlətin baş vəziri vəzifəsinə
təyin olunur (m.1645) və o, bəzi tərəddüdlərdən sonra
Məhəmməd Tahirin
dövlət vəzifəsini
təsdiq edir. Xəlif sultanın zəmanəti ilə Məhəmməd Tahir vəqayenəvis-saray
tarixçisi təyin
olunur. Ona II Şah Abbasın hakimiyyəti illərinin tarixini yazmaq tapşırılır. II Şah Abbasın oğlu Şah Süleymanın hakimiyyəti
dövründə (1666-1694) Şeyx Əli Zəngənənin vəfatından
sonra, h.1101-ci ildə
(m.1689-1690) Vəhid "Etimadüddövlə"
titulu ilə şahın baş vəziri-sədri-əzəmi təyin
olunur. Şah Sultan Hüseynin (1696-1722) hakimiyyətinin ilk illərində
Mirzə Məhəmməd
Tahir dövlət işlərindən uzaqlaşır
və h.1112-ci ildə
(m.1700-1701) vəfat edir.
Lütfəli bəy Azər Vəhidin çox sağlam adam olduğunu
qeyd etmişdir.
Məhəmməd Tahirin maraq dairəsinin çox geniş olduğunu, tarix, ədəbiyyat fəlsəfə, hərb
elmini əhatə etdiyini göstərən tədqiqatçı Ə.Rəhmani
onun aşağıdakı
əsərlərinin adını
çəkir:
"Riyaz ət-təvarix"
("Tarixlər bağçası")
Səfəvilər sülaləsinin
başlanğıcından h.1070-ci ilə (m.1663-1664) qədərki
dövrü əhatə
edən tarixi əsərdir. II Şah
Abbasın tarixi -
"Abbasnamə" bu
əsərin üçüncü,
sonuncu hissəsini təşkil edir.
"Münşəat" - dövrün müxtəlif
rəsmi və qeyri-rəsmi şəxslərinə
yazılmış məktublar
məcmusudur. Vəhid dövrünün görkəmli stilisti sayılır. "Münşəat" müəllifinin
zərif, lakin mürəkkəb, təmtəraqlı
üsluba malik olduğu görünür.
Bu əsər XIX əsrdə Hindistanda dəfələrlə çap
edilmişdir. (Kəlküttə, 1826; Laknau
1844, 1868, 1873).
Şairin iri həcmli farsca divanı dünyanın bir sıra kitabxanalarında mühafizə olunur.
Vəhid
bir sıra poemaların da müəllifidir: "Xəlvəti-raz"
("Sirrin xəlvəti"),
"Nazü niyaz",
"Gülzari-Abbasi" ("Abbasın güllüyü"),
"Dər vəsfi-Humayin
təpə" ("Humayun
təpənin vəsfi"),
"Dər tərifi nərd" ("Nərd barədə"), "Fəthnameye-Qəndəhar"
("Qəndəharın fəthi
barədə"), "Dər
zikri və məsrəfi ədəvate-cəngi"
("Hərb alətlərinin
adları və istifadəsi barədə").
Son illərdə Məhəmməd
Tahirin Berlin Dövlət
Kitabxanasında saxlanan
1842 beytdən ibarət,
1707-ci ildə köçürülmüş
anadilli divanının
əlyazması əldə
edilmiş, bizim tərəfimizdən geniş
ön sözlə nəşr etdirilmişdir.
Ə.Rəhmaninin fikrincə, Vəhidin
"Abbasnamə" əsəri
XVII əsrin ortalarına
dair tarixi mənbə kimi Səfəvi dörü tarixşünaslığında
layiqli yer tutur. II Şah
Abbasın əmri ilə bu əsəri
yazmış Məhəmməd
Tahir iyirmi ildən artıq bir dövr ərzində
nəhəng Səfəvilər
dövlətinin siyasi,
iqtisadi və mədəni həyatının
ən vacib məsələlərini əhatə
etmişdir. Bu əsəri eyni mövzuda yazılmış
digər tarixi mənbələrdən fərqləndirən
başlıca cəhət
elə bundan ibarətdir.
Vəhid
Qəzvininin "Abbasnamə"
əsərində diqqətimizi
cəlb edən cəhətlərdən biri
də iki dövlət arasında cərəyan edən hərbi əməliyyatlardan
sonra Səfəvi hökmdarı Şah Səfi və Osmanlı Sultanı IV Murad arasında 1639-cu ilin 17 mayında imzalanmış Qəsri-Şirin
sülh sazişinin mətninin buraya daxil edilməsindən ibarətdir. Maraqlı cəhət orasındadır
ki, Vəhid Qəzvininin farsca yazdığı "Abbasnamə"
kitabına daxil etdiyi bu müqavilənin
mətni türkcədir.
Belə qərara gəlmək olar ki, iki
dövlətin başçılarının
imzaladıqları sülh
sazişi ərəb-fars
söz və ifadələrinin çoxluğuna
baxmayaraq, türk dilində yazılmışdır.
Müəllifin əsərini
fars dilində
yazdığı halda
onun kiçik bir hissəsini türkcə verməsini başqa cür izah etmək mümkün deyil. Məlum olduğu kimi, I Şah İsmayılın
(1501-1524), I Şah Abbasın
(1587-1629), hakimiyyəti illərindən
şiələrin müqəddəs
məkanları olan Bağdad, Kərbəla, Nəcəf uğrunda Səfəvilərlə Osmanlılar
arasında çoxsaylı
müharibələr olmuş,
bu yerlər əldən ələ keçmişdir. Səfəvilər
dövrünün istedadlı
şairi Tərzi Əfşar II Şah Abbasa həsr etdiyi qəsidəsində
onu Bağdada yeni hərbi yürüş etməyə
çagırır:
Pərvazlandı dil yenə bağdadlanmağa,
Ol bürci-övliyayə qonub
şadlanmağa...
Osmanlı hökmdarları da Bağdada böyük əhəmiyyət verirdilər, buna görə də Səfəvi-Osmanlı qarşıdurmasında bu məkan həmişə mübahisə obyekti olmuşdur. Xüsusilə IV Sultan Murad (1623-1640) Bağdad şəhərini ələ keçirmək üçün çox çalışmış, bir sıra uğursuz cəhdlərdən sonra 1639-cu ildə məqsədinə çatmışdır. Tarixdən məlumdur ki, göstərilən dövrdə Səfəvi sarayındakı mürəkkəb vəziyyət, ölkənin müxtəlif yerlərində qaldırılan üsyanlar, Moğol dövləti ilə aparılan hərbi əməliyyatlar Səfəvi dövlətini zəiflətmişdi. Belə bir vəziyyətin yarandığını görən IV Murad 1638-ci ilin 20 noyabrında Bağdad şəhərini mühasirəyə aldı. Səfəvi qoşun hissələri Bəktaş xanın komandanlığı altında şəhəri dekabrın 25-dək müdafiə edə bildilər. Osmanlı qoşunları tərəfindən Bağdadın tutulması nəticəsində uzun illər davam edən Osmanlı-Səfəvi müharibəsi sona çatdı. IV Murad Bağdada hakim təyin etdiyi Məhəmməd ağanı sülh danışıqlarını aparmaq üçün Səfəvi sarayına göndərdi və Şah Səfi sülh təklifini qəbul etdi.
1639-cu il mayın 17-də Qəsri-Şirində (müqavilədə bu yer Zühab adlandırılmışdır - P.K.) Səfəvi elçisi Sarı xan Osmanlı Qara Mustafa Paşa ilə üç günlük danışıqlardan sonra sülh müqaviləsini imzaladılar. Müqaviləyə görə, Osmanlı-Səfəvi müharibələrinə son qoyuldu, İraqi-ərəb osmanlılarda, Zəncir qalasından şərqə doğru torpaqlar Səfəvilərdə qaldı. Müqavilənin şərtlərinə görə, Səfəvilər Van və Qars qalalarına, Axalsıxa hücum etməyəcəklərinə dair təminat verirdilər. İki tərəf arasında "bitərəf" zona yaradılması, Qotur, Maku, Magazburd qalalarının dağıdılması nəzərdə tutulurdu. Sülh müqaviləsi - 1639-cu ilin 20 mayında Şah Səfi tərəfindən təsdiqlənərək Məhəmmədqulu xan vasitəsi ilə İstanbula göndərildi və IV Murad tərəfindən də təsdiq edildi. "Beləliklə, 1639-cu il Səfəvi-Osmanlı sülhü XVIII əsrin ikinci rübünə kimi hər iki dövlət arasındakı münasibətləri nizama saldı, Azərbaycanda qismən sakitliyi bərqərar etdi, on illərlə boşalmış şəhərlərin bərpası, iqtisadiyyatın inkişafı üçün şərait yaratdı".
Dilinin mürəkkəbliyinə baxmayaraq, dövrün iki qüdrətli türk dövləti arasında imzalanan müqavilənin türkcə olması bir daha sübut edir ki, bu dil Səfəvi və Osmanlı dövlətlərində həm də rəsmi diplomatik sənəd dili olmuşdur.
Müqavilənin dilindəki bir cəhət də diqqəti cəlb edir. Sənədin mətnindən bir hissəyə baxaq: "Zəncirqala ki, dağın qülləsində vaqe olmuşdur, yığılıb tərəfi qərbində olan köylər canibi-xudavəndigar və tərəfi-şərqində olan qəryələr canibi-şahdan zəbt oluna..." Burada maraqlı cəhət ondan ibarətdir ki, burada osmanlı tərəfində qalan, kəndlərə osmanlıcadakı kimi "köy", Səfəvi tərəfindən qalan kəndlərə isə dövrün Azərbaycan ədəbi dilindəki kimi "qəryə" deyilir. Mətni nəzərdən keçirdikdə görürük ki, bu rəsmi sənəd osmanlıların başa düşməsini asanlaşdırmaq üçün osmanlıca deyil (osmanlı diplomatları farscanı da gözəl bilirdilər), məhz Azərbaycan türkcəsində yazılıb.
(Ardı var)
Paşa
ƏLİOĞLU
AMEA
Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutunun direktor müavini
525-ci qəzet.- 2017.- 13 sentybar.- S.6.