Telefon zəngləri
Respublikamızın Əməkdar artisti,
rejissor Mərdan Feyzullayevi düşünərkən
Bu, təxminən,
yarım il bundan əvvəlin söhbətidir. Bilmirəm gecənin
nə vaxtı idi. Mobil telefonum zəng
çaldı.
Ala-sərsəm oyandım. Gecənin
qaranlığında telefonumu götürdüm. Danışan Moskva "Dərviş" Azərbaycan
teatrının təsisçisi və baş rejissoru Mərdan
Feyzullayev idi. Salamlaşdıq. O,
çox sevincək və həyəcanlı bir səslə
soruşdu:
- Bilirsən,
mən haradayam?
Dedim:
- Desən,
bilərəm.
Telefonda qürurla gurlayan bir səs
dalğalandı:
- Mən Nazim Hikmətin ceviz ağacına dönüb
kimsədən xəbərsiz bitdiyi Gülhanə parkındayam. "Gözəlim
İstanbul və polis bunun farkında" olmasa da, özüm
bunun farkındayam.
Mən
özüm də həyəcanlandım:
- "Yarpaq-yarpaq" əllərinlə İstanbulu
qucursanmı?
Kıvır-kıvır kıvırlanıb,
pırıl-pırıl uçursanmı?
- Lap elə
Nazim Hikmətin özü kimi İstanbula "yüz min
göz"lə baxır, "yüz min əl"lə
toxunuram. Sinəmdə də sanki "yüz min ürək"
döyünür...
Söhbətimiz
necə şirin idi... Çağlayan bulaq kimi axıb
gedirdi...
lll
İradəmizdən
asılı olmayaraq, bizi doğmalaşdıran bir çox
ortaq məqamlar vardır: eyni kənddə doğulmuşuq,
uzaqdan-uzağa qohumuq. Eyni məktəbdə mən
müəllim, o, şagird olmuş, mən ondan doqquz yaş
böyük olsam da, məndən altı yaş böyük
olan həmkəndlimiz, görkəmli türkoloq alim, dövlət
xadimi Aydın Məmmədov hər ikimizin yaxın dostu idi. O zamanın bizim üçün ən
böyük hadisəsi Qarabağ məsələsinin ermənicəsinə
həlli şəraitində 1990-cı ilin 20 Yanvar sindromundan
keçib Azərbaycanımızın müstəqillik əldə
etməsi idi. O dövrün həyəcanlarını
yaşayanlar Aydın Məmmədov fenomeninin kim
olduğunu yaxşı bilirlər...
Elə
ki, 1991-ci ilin 19 aprelində baş verən avtomobil qəzasında
Aydın Məmmədovu itirdik, bu hadisə mənim
"Aydın" poemamın yaranmasına səbəb oldu. Müəllif kimi onu deyə bilərəm ki, məzmun,
mündəricə və tarixi həqiqətlərə sədaqət
baxımından əsər maraqla qarşılandı.
Beləliklə, "Aydın" poeması artıq 1989-cu ildən S.Rəhman
adına Şəki Dövlət Dram Teatrının baş
rejissoru olan Mərdan Feyzullayevin rejissorluğu ilə Şəki
rayonu Kiş kənd orta məktəbinin şagirdlərinin və
şəxsən mənim özümün ifamızda səhnələşdirildi
və 1992-ci ilin 20 apreldə tamaşaya qoyuldu.
Bu hadisədən sonra tez-tez
görüşürdük. Söhbətimizin ana xətti
mənim yazmağa başladığım
"Kötük" pyesi olurdu. Ali məktəb
illərini çıxmaq şərti ilə bütün həyatım
kənd mühitində keçdiyindən Sovet dönəminin
kənd mənəviyyatına vurduğu zədələri
personajlarımın şəxsində təsvir etmək istəyirdim.
Elə o vaxtlardan əsəri yazıb qurtarsam da, onun səhnə
həllinə müxtəlif səbəblərdən nail ola bilmədik.
1999-cu ildən Mərdan Moskvada yaşasa da,
telefonlaşmalarımız bir qayda olaraq davam edirdi. Şəkiyə
gəldiyi zamanlarda isə mütləq
görüşürdük.
2011-ci ilin yayı idi. Mərdan da, Bakıda
yaşayan böyük qardaşı İlham da (Mən də
onu böyük qardaş gözündə görürəm)
kənddə idilər. Üçlü
görüşlərimizdən birində böyük mütəfəkkir
şair Bəxtiyar Vahabzadəni xatırladıq. Mərdan
dedi: "Mənim Moskvaya gethaget vaxtım idi. O yandan da
böyük şairimizin "Dar ağacı" pyesini səhnəyə
çıxarmışdım. Deyəndə ki, Moskvaya gedirəm,
Bəxtiyar Vahabzadə həyəcanlandı: "Ay oğul,
"Dar ağacı"nı qoymusan, hara gedirsən" - deyə
sual etdi.
Əvvəlcə gülüşdük. Sonra da dərin
bir fikrə getdik. Daha sonra bu hadisə Mərdana B.Vahabzadənin
dili ilə yazdığım şeirə çevrildi:
Əlinlə
qurduğun "Dar ağacı"nı
Səhnədə qoymusan, hara gedirsən?
İllərlə
çəkdiyin ağrı-acını
Bəs niyə çəkməmiş dara gedirsən?
Geri
dön, çoxsa da asılasılar,
Layiqsiz eləmə
dar ağacını!
Qeyrətli
adamlar şərəfləndirir
Namus ağacını, ar ağacını.
Ölüylə
doludur hər tərəf, hər yan...
Asılıb qalıblar var ağacından.
Baxıb
köynək-köynək tər tökür insan,
Utanır boş qalan dar ağacından.
Vətənin
özüdür bu dar ağacı,
Asılsan, Vətəndən asılmalısan.
Düşüb
torpağına üzü qibləyə,
Dikəlib daşında qazılmalısan.
Sonra da Vətənin
başının üstə
Böyük hərflərlə yazılmalısan.
Şəxsən
mənə belə gəlir ki, Mərdanın rejissor kimi ən
böyük uğurlarından biri də bir neçə il bundan əvvəl B.Vahabzadənin
"Gülüstan" poemasını monopyes şəklində
səhnələşdirməsidir. Hamımızın
sevimlisi, istedadlı aktyor Şirzad Pirallahinin ifasında səhnə
həllini tapan, Moskvada, Sumqayıtda, Şəkidə və
digər mədəni mərkəzlərdə tamaşaya
qoyulan bu monopyes rejissor Mərdan Feyzullayevin quruluşunda
azadlığa təşnə B.Vahabzadə
yaradıcılığının genelogiyasını
nümayiş etdirirdi. Burada
"Gülüstan" və "Şəhidlər" birləşdirilmişdi.
Bu poemalardan birinin 1960-cı, digərinin
1990-cı ildə yazılmasına baxmayaraq, onların vahid bir
süjetə malik olub, birinin digərinin davamı kimi ərsəyə
gəldiyi görünürdü. Bu, əsl
rejissor kəşfi idi. "Gülüstan" və
"Şəhidlər" poemaları arasında Şəhriyarın,
Məmməd Arazın, Xəlil Rza Ulutürkün istiqlal
şeirlərindən parçalar verilməsi və onların
"Gülüstan" və "Şəhidlər"
axarında məharətlə birləşdirilməsi milli
qeyrətin, işgüzarlığın və istedadın,
bir sözlə, şüurları oyandıra biləcək
şeirimizin və istiqlal poeziyamızın təntənəsi
kimi səslənirdi.
Əlbəttə ki, yaşadıqca illər və hadisələr bir-birini əvəz etdi. Bir gün Feysbukda belə bir qeydə rast gəldim: "Vaqif müəllim, sən mənim beynimdəsən! Səndə şair olmamaq da günahdır, ay Kiş kəndi! Məndən Tovla qayasına salam de! 09.07.2015. Mərdan Feyzullayev".
Tovla qayası bizim Kiş kəndi ilə üzbəüz dayanan dağın ayağından başınacan ucalan, ucaldıqca genişlənən möhtəşəm və dağın özü boyda bir qayadır. Onda mən yenə də salamın ünvanına çatdırılmasına tələsdim:
"Məndən Tovla qayasına salam de!"
- Baş üstə!
"İstəyirəm qadasını alam, de!"
- Baş üstə!
"Qayam məni salammasa yadına,
Deyərsən
ki, qurban olum adına,
Yadındamı, oturmuşduq daş üstə?
Uşaq
idik, Böyük çaya baxırdıq,
İllər
keçib, yaş gəlibdir yaş üstə,
Böyük çaya qoşulurduq, axırdıq.
Duman vardı qayadakı qaş üstə".
Dedim: -
Vardır salamın da sayasası.
Durub
getdim ... Bu da - Tovla qayası...
Qoyubdur
Xan yaylağına başını...
Bardaş
qurub Marxaldakı
daş üstə.
Dedim: - Sənə
Mərdan bəydən salam var.
Dedi: - Bəli,
qəriblikdə balam var.
Salamı da, kəlamı da baş üstə.
Ürəyimiz boşalınca danışdıq.
Ayrı şeymiş Vətən ilə
tanışlıq.
2015-ci ilin ortalarında Mərdan mənə kompyuter vasitəsi ilə gözlənilməz bir təklif etdi. Səməd Vurğunun "Vaqif" pyesini yeni motivlər üzrə səhnəyə qoymaq istəyirdi. Düzü, bu təklifdən şaşırdım. Bu, sadə iş deyildi. Qanadlı poeziyamızın az qala son həddi hesab etdiyim S.Vurğun şerinin poetik ruhuna xələl gələcəyindən qorxurdum. Mərdan isə məni ruhlandırırdı. Belə razılaşdıq ki, o, yeni motivlər olacaq səhnələri necə görmək istəyirsə, onları nəsrlə təsvir etsin, mən də şeirə çevirim. Göndərdiyi hissələrlə tanış olduqca belə bir qənaətə gəldim ki, Mərdan "Qarabağnamə"ləri dəfələrlə sətir-sətir oxuyub, mühakimə və müqayisə süzgəcindən keçirmişdir.
İşə başladıq... Bir ilə yaxın bir müddət beləcə keçdi. 2016-cı ilin yanvar ayının əvvəllərindən etibarən gəlib, Şəki Dövlət Dram Teatrının qonaq otağında yerləşən Mərdan "Vaqif" pyesi üzərində gərgin və fasiləsiz işə başladı. İlk dəfə idi ki, Şəki Dövlət Dram Teatrının aktyorları nəzm ilə tamaşa göstərəcəkdilər. Bu məsul işin öhdəsindən gəlmək üçün bir olmaq, birgə olmaq lazım gəlirdi. Demək olar ki, hər gün görüşürdük. İşin daha bir üstün və ümidverici cəhəti onda idi ki, aktyorların çoxu Mərdanın keçmiş dostları idilər. Aktyorlardan Xanlar Həşimzadənin, Əbülfət Salahovun, Akif Yusifovun, Aydın Əlibalayevin və başqalarının işə necə bir məsuliyyətlə yanaşmaları Mərdana olan hörmət və sevginin təzahürü kimi özünü göstərirdi. Nəhayət, gözlənilən gün gəlib gəlib çatdı. 2016-cı ilin 12 mart günü necə də həyəcanlı idi...
Premyeraya S.Vurğunun gəlini, mərhum Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə xanım Vəkilova və Səməd Vurğunun nəvəsi, Yusif Səmədoğlunun qızı gəlmişdilər. Tamaşa qeyri-adi bir həyəcanla və sürəkli alqışlarla başa çatdı. S.Vurğun ocağının gəlini Nüşabə xanım Vəkilovanın sevinc yaşları heç vaxt mənim yadımdan çıxmayacaq. O, aktyor heyətinə, xüsusilə rejissor Mərdan Feyzullayevə minnətdarlığını elə bir səmimiyyətlə bildirdi ki, o səmimiyyətə vurulmamaq mümkün deyildi.
Mərdanın daha bir xüsusiyyəti dostları və yaxınları ilə fəxr etməsi idi. "Vaqif" pyesinin uğurlu səhnə həllindən sonra o, daha da ruhlanmışdı. Yaxınlarına baş çəkir, dostları ilə görüşürdü. Bu görüşlərdə yaddaşlar və xatirələr oyanır, göz və könül xoşluğu yaşanırdı. O, hər şeydən əvvəl valideynləri və qardaşları ilə fəxr edirdi. Axı, onlar sadə, səmimi və xeyirxah adamlar idilər. Xüsusilə II Dünya müharibəsinin odu və alovları arasından keçib gələn atası həyat məktəbi qədər zəngin idi. Necə fəxr etməmək olardı?
2016-cı ilin 9 May günü Moskvada yaşayan azərbaycanlılar II Dünya müharibəsi ərəfəsində o zamankı SSRİ-ni müdafiə edən valideynlərinin portretlərini başları üzərində tutaraq Qızıl Meydana nümayişə çıxmışdılar. Onların arasında atası Qafıl oğlu Əhmədiyyənin portretini qürurla tutan Mərdan da var idi. O, "Xocalı faciəsi: tarixi uzaq deyil" kitabının müəllifi, həmyerlimiz Cəfər Sadiqlə yanaşı addımlayırdı. Kəndi, şəhəri və ölkəsi, ata-anası, qohum - qardaşı və ətrafı ilə fəxr edən bu insanlar dünyanı iblislikdən xilas edən əsl qəhrəmanlar kimi görünürdülər. Onlara qibtə etməmək mümkün deyildi. Feysbukda onları izlədikcə qət etdim ki, xoşbəxtliyin bünövrəsində süd və sümük halallığı durur. Haqqa və ədalətə arxalananlar yenilməz olurlar. Faşizm üzərindəki qələbənin 71 illiyi Azərbaycan və Azərbaycanlılar üçün iblis üzərində qələbə simvolunda idi. Onların baxışları haqsızlığa və qədirbilməzliyə tuşlanan lazer şüalarını xatırladırdı.
Baxdım, baxdım doyunca.
Mənə elə gəldi ki, Qızıl Meydan boyunca
Dolaşır
addım-addım ruhu veteranların...
Xoş imiş yaşantısı həyəcanlı
anların.
Görənlər
bilir ancaq o an necə
an idi.
Ruhlar necə qayğıkeş, necə mehriban idi.
Ruhlar övladlarının durmuşdu başı üstə.
Sanki yaş gəlməmişdi kimsənin yaşı
üstə.
Canlanmışdı onların dayanmış həyatı
da.
Durmuşdu heyran-heyran Kremlin saatı da.
Süzürdü bu səhnəni heyrət içində
hamı.
Gələcəyə gedirdi veteran izdihamı.
Sinəsi
medallı, döşləri nişanlı, şöhrətli
və şanlı ata-anaların övladları başları
üzərində bayraq kimi tutduqları portretlərlə
sanki demək istəyirdilər: "Dünya, sən xoşbəxt
olasan deyə biz nümayişə
çıxmışıq!"
Bundan bir ay sonra "Vaqif" pyesinin paytaxtda onanılacağı xəbərini eşitdik. Mərdan Moskvadan, mən isə Şəkidən Bakıya yola düşdük. Bakıda görüşdük. Yeni motivlər üzrə yazılan "Vaqif"in paytaxtda necə qarşılanacağı məni daha çox maraqlandırırdı. Axı, o yeni motivləri mən nəzmə çəkmişdim...
2016-cı ilin 7-8 iyununda Bakıda Musiqili Teatrda səhnəyə qoyulan "Vaqif" pyesi yenə də tamaşaçı rəğbəti qazandı. Tamaşa ilə bağlı rəylər və yazılar da elmi sanbalına görə diqqəti cəlb edirdi. Bu, böyük hadisə idi. S.Vurğun şəxsiyyətinə hörmət, tarixə və tarixi həqiqətlərə sədaqət burada aparıcı rol oynamışdı. Gərgin iş, quruluşçu rejissor və ssenari müəllifi kimi qonorarsızlıq da məqsədə gedən yolda ona mane ola bilməmişdi.
Bakıda olan görüşlərimizdə Mərdan yenidən neçə il bundan qabaqkı söhbətimizə qayıtmış, "Kötük" pyesini tamaşaya qoyacağını, "Hüseyn xan Müştaq" üzrə film çəkmək fikrində olduğunu təkrar-təkrar vurğulamışdı. Əlbəttə ki, mən bundan çox sevinmişdim...
lll
Təxminən bir ay bundan əvvəlin söhbətidir. Yenə də gecədir. Yenə də telefonum zəng çalır. Götürürəm. Danışan İlham Feyzullayevdir. İlham bura qədər təsadüf etmədiyim qəribə bir intonasiya ilə danışır:
- Gecənin bu vaxtı sənə zəng edirəm. Dərdimi dağıtmağa, hüznümü bölüşməyə adam axtardım. Ağlıma birinci sən gəldin.
- Böyük qardaş, axı, nə olub?
- Mərdan dünyasını dəyişib.
Söz tapa bilmədim. Sarsıldım. İşıqları söndürülmüş otaqda dünya başıma fırlandı...
Vaqif ASLAN,
AYB Şəki bölməsinin sədri
525-ci qəzet.- 2017.- 19 sentybar.- S.8.