Görkəmli alimin böyük töhfəsi

 

PROFESSOR QƏZƏNFƏR PAŞAYEVİN "HÜSEYN KÜRDOĞLUNUN POETİK DÜNYASI" KİTABI BARƏDƏ DÜŞÜNCƏLƏR

 

 

 

Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev görkəmli ədəbiyyatşünas, dilşünas, folklor bilicisi və tərcüməçi kimi vətənimizin sərhədlərindən uzaqlarda da tanınan, dəyərləndirilən alimlərimizindən biridir.

 

Xalq yazıçısı Elçin tanınmış alimin 80 illiyi münasibəti ilə qələmə aldığı son dərəcə gözəl və mənalı yubiley məqaləsində aşağıdakıları vurğulayır: "Bir tərəfdən "Nəsiminin İraq divanı", yaxud "Füzulinin həyat və yaradıcılığı", o biri tərəfdən Hüseyn Arif, Hüseyn Kürdoğlu, İsi Məlikzadə, Tofiq Bayram, Fikrət Qoca, Əlibala Hacızadə və başqa müasir yazıçı və şairlər haqqında kitablar. Ancaq bu da hələ hamısı deyil. Baxın: bir tərəfdən professional dilçi alimin qələmindən çıxmış "Kərkük dialektinin fonetikası" elmi monoqrafiyası, o biri tərəfdən isə yenə də professional sənətşünas-folklorşünas kimi Azərbaycan aşıq yaradıcılığının tədqiqatçısının, aşıq sənəti ilə bağlı nüfuzlü söz sahibinin məqalələri, rəyləri, tərtibləri. Mən Qəzənfər Paşayev  yaradıcılığı ilə bağlı müxtəlif elmi-ədəbi-publisist istiqamətli qütbləri (hamısında da diletantlıq yox, professionallıq!) yenə da sadalaya bilərdim, ancaq güman edirəm ki, elə bu saydıqlarım da onun yaradıcılığının miqyası haqqında təsəvvür yaradır. Elmi ictimaiyyət Qəzənfər Paşayevi "Kərkük folklorşünaslığının banisi" adlandırır və bu, həqiqətdir. Kərkük azərbaycanlılarının yenidən azərbaycançılıq düşüncəsinin  faktına çevrilməsində bu ədibin həlledici xidmətləri var". (Elçin. Siz kimsiz, Qəzənfər Paşayev? "Ədəbiyyat qəzeti", 29 iyul, 2017-ci il).

 

"Hüseyn Kürdoğlunun poetik dünyası" kitabı ustad ədəbiyyatşünas alimin növbəti möhtəşəm yaradıcılıq uğuru və ədəbiyyatşünaslıq elmimizə ciddi töhfəsi kimi diqqətəlayiqdir. Zatən, milli şeirimizin mənəvi-estetik axtarışlarının keyfiyyətcə köklü dəyişməsində və yenilənməsində Hüseyn Kürdoğlunun özünəməxsus xidmətləri mövcuddur. Azərbaycan poeziyasının şəklən və bədii cəhətdən dəyişməsi, zənginləşməsi və yeni bədii ifadə imkanları qazanmasında Hüseyn Kürdoğlu yaradıcılığı xüsusi əhəmiyyət kəsb edir. Elə ilk qələm təcrübələri ilə oxucuların və ədəbi ictimaiyyətin etimadını qazanan Hüseyn Kürdoğlu 60-cı illərin əvvəllərində yazdığı "Azəri" şeiri ilə böyük ad-san qazandı. Bu şeir öz siqlətinə və mənəvi-estetik dəyərinə görə 60-70-ci illərdə bu mövzuda yaranmış və kifayət qədər şan-şöhrət qazanmış əsərlərlə müqayisə edilə bilər. O zamanlar çox gənc olan şairin "Azəri" şeiri, xüsusən, Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin,  Əli Kərimin, Xəlil Rza Ulutürkün, Məmməd Arazın, Nəriman Həsənzadənin bu mövzudakı şeirləri ilə eyni səviyyədə duran əsərlərdən biridir. Hüseyn Kürdoğlu bu gözəl şeirində özünün və yaşıdlarının yeni mənəvi-estetik konsepsiyasını, vətənə münasibətini və vətəndaşlıq görüşlərini son dərəcə emosional tərzdə, təkrarsız bir üslubda və ilhamla ifadə etmişdi. Öz əsərlərində mili-estetik yaddaşı və yaşantıları yaşatmağa, əks etdirməyə üstünlük verən gənc şair sanki özünün baş poetik kredosunu və gələcək yaradıcılıq yolunu bu fundamental şeirdə ifadə etməyə, ümumiləşdirməyə can atmışdı. Həqiqətən, "Azəri" şeiri  yeni poetik yolun və epoxanın yol xəritəsi səviyyəsinə yüksəlmiş bədii-tarixi sənədlərindən biri kimi əbədiyyətə vəsiqə almışdır:

 

Mənim bir alovlu təbiətim var,

Torpağım azəri, elim azəri.

Atəşdən yaranıb şeirim-sənətim,

Ürəyim azəri, dilim azəri.

Günəşə sığındım əzəldən bəri,

Muğanım azəri, Milim azəri.

Qəlbimdən qoparıb saza qoşduğu

Koroğlu cəngili telim azəri.

Düşmən dodağını yandırıb yaxar,

Bulağım azəri, gölüm azəri.

Azad gülşənimə yad əli dəyməz,

Çiçəyim azəri, gülüm azəri.

Suların bağrından od çıxarıram,

Dəryanın altında selim azəri.

Bu odlar yurdunun pərvanəsiyəm,

Yanıb kül olsam da, külüm azəri!

 

Professor Qəzənfər Paşayevin "Hüseyn Kürdoğlunun poetik dünyası" monoqrafiyasında məhz bu böyük və bənzərsiz məhəbbətin, özünəməxsus və orijinal poetik yolun yaranma və inkişafından, bu poetik tarixin doğuluş və təkamül  xüsusiyyətlərindən, bu çətin yolda şairin əldə etdiyi mühüm və yadda- qalan uğurlardan bəhs olunur.

 

Ümumən, başlanğıc tarixi 50-ci illərin ikinci yarısına təsadüf edən milli şeirimizdə oyanış və yenilənmə prosesi, əsasən, üç istiqamətdə təzahür edirdi: 1. 20-30-40-50-ci illərdə doğulub şəkillənmiş, artıq formalaşmış yeni sovet estetik təcrübəsinin ciddi və israrlı surətdə inkarı; 2. Həmin dövrlərdə gənc sovet şairləri tərəfindən inkar edilmiş, mövcud ideoloi-siyasi rejimin təzyiqi, təsiri ilə bədii praktikadan sıxışdırıb çıxardılmış, əslində yeni poetik sistem tərəfindən inkar və imtina edilmiş milli, klassik və şifahi şeir mədəniyyətinin yenidən bədii prosesə qaytarılması və təsdiqi; 3. Sovet cəmiyyətində 50-ci illərin sonu və 60-cı illərin əvvəllərindən etibarən dərinləşməyə və geniş vüsət almağa başlayan qlobal miqyaslı təzələnmənin və milli-mənəvi özünəqayıdışın realist inikası və ifadəsi.

 

Hüseyn Kürdoğlu yaradıcılığı öz parametrləri və bədii-estetik məzmunu ilə daha çox ikinci təmayülə uyğun gələn, onun tələb və kriteriyalarına cavab verən orijinal poetik hadisələrdən biri idi. Çünki ilk şeirlərini hələ 50-ci illərin ortalarında çap etdirən, ilk kitabı isə 60-cı illərin əvvəllərində işıq üzü görən H.Kürdoğlu şeiriyyətini səciyyələndirən əsas xüsusiyyətlər məhz yazılı ədəbiyyatımızın min illik ənənələrinə, klassik poetikamızın vəzn və bədii biçimlərinə, eyni zamanda şifahi və aşıq şeirinin dərinliklərinə və incəliklərinə bələd olması, bütünlükdə Azərbaycanın şeir mədəniyyətini öz yaradıcılığında bütün gözəllikləri və meyarları ilə birlikdə, küll halında cəsarətlə nümayiş etdirməsi idi.

 

Görkəmli şairin bədii təfəkkürümüzün inkişafındakı xidmətləri ədəbiyyatşünaslığımızda, həm də ustad sənətkarlar tərəfindən yetərincə dəyərləndirilib. Bəxtiyar Vahabzadə, Qasım Qasımzadə, Məmməd Aslan, Məmməd Araz, Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə, İlyas Tapdıq, Adil Cəmil və başqa görkəmli sənətkarlar H.Kürdoğlu yaradıcılığına həsr etdikləri məqalələrində onun ədəbiyyatımızdakı mövqeyini yüksək qiymətləndirmişlər. Amma şair yaradıcılığını küll halında və hərtərəfli araşdıran fundamental bir kitaba həmişə ehtiyac duyulurdu. Prof. Q.Paşayevin "Hüseyn Kürdoğlunun poetik dünyası" monoqrafiyası məhz belə bir mənəvi-estetik ehtiyacdan doğulmuş mühüm elmi əsərdir.

 

Ədəbiyyatşünaslığımızın patriarxı və ağsaqqalı tərəfindən yazılmış bu kitabın məziyyət və keyfiyyət göstəricilərindən geniş bəhs etmək olar. Mübaliğə etmirik, Q.Paşayevin monoqrafiyasını bütün uğurları və özəllikləri ilə birlikdə dərindən təhlil etmək və dəyərləndirmək üçün elə həmin kitab həcmində bir əsər ortaya qoymaq lazımdır. Müəllif  H.Kürdoğlunun bütün  yaradıcılığını əhatə etmək üçün maraqlı və son dərəcə səmərəli tədqiqat üsullarını məharətlə tətbiq etmiş və nəticədə istetdadlı şairin poetik dünyası barəsində unudulmaz elmi təəssürat və təsəvvürlərlə zəngin, yaddaqalan bir tədqiqat əsəri yaratmağa müvəffəq olmuşdur.

 

Nəzərdən keçirdiyimiz kitabın əsas xüsusiyyəti - onda şairin həyat və yaradıcılığının eyni dərəcədə uğurla və həmahəng tərzdə öyrənilməsidir. Səmimi etiraf edim ki, hətta böyük sənətkarlarımız, klassiklərimiz haqqında yazılmış bir çox əsərlərdə belə bu səviyyədə elmi nəzəri ümumiləşdirməyə rast gəlmirik. Əksər monoqrafik tədqiqatlarda elmi problemlərin qoyuluşuna və aşkarlanmasına alüdəçilik şair və yazıçılarımızın tərcümeyi-halının, həyat yolunun elmi surətdə izlənməsinə və işıqlandırılmasına müəyyən dərəcədə maneəçilik törədib. Bəzən isə həyati məlumat və bioqrafik təfərrüatlar, tərcümeyi-halla bağlı faktlara və məqamlara həddindən artıq geniş yer vermək monoqrafik əsərlərin elmi vüsətinə və səviyyəsinə kölgə salır. "Hüseyn Kürdoğlunun poetik dünyası" kitabında məhz bu elmi cəhətlərə və tədqiqat texnologiyalarına həssaslıqla yanaşılmış, klassik ədəbiyyatşünaslığımızın ən yaxşı və qabaqcıl ənənələri gözlənilmişdir.

 

II

 

Ötən əsrin 50-ci illərinin ikinci yarısı və 60-cı illərdən etibarən poeziyamıza böyük bir şairlər nəsli təşrif buyurdu. Yeni estetik dünyagörüşünə malik bu gənc qələmlər özlərinin bədii kəşfləri və yeni poetik obrazları ilə milli şeir sənətimizi xeyli dərəcədə zənginləşdirdilər. Hüseyn Kürdoğlu məhz bu poetik nəslin istedadlı və parlaq üsluba malik nümayəndələrindən biri kimi milli bədii yaddaşımıza həkk olunmuşdur. Ustad ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin "Hüseyn Kürdoğlunun poetik dünyası" (Bakı, "Sabah" nəşriyyatı, 2017) kitabı zəmanəmizin böyük şairlərindən biri haqqında ədəbi ictimaiyyətə və oxuculara geniş və səviyyəli bir məlumat verir. Hüseyn Kürdoğlunun həyatı və bədii fəaliyyətini, bütün yaradıcılıq yolunu ətraflı işıqlandıran bu gözəl kitabda şairin poetik obrazı dolğun şəkildə əks etdirilib. Həm klassik poetikamızın, həm də şifahi xalq şeirinin və aşıq poeziyası ənənələrinin təkrarsız davamçısı olan Hüseyn Kürdoğlu yaradıcılığının bu məziyyət və keyfiyyətlərini yəqin ki, prof. Q.Paşayev qədər heç kim dərindən və yüksək intellektual səviyyədə təhlil edib, dəyərləndirə bilməzdi.

 

(Ardı var)

Yaşar QASIMBƏYLİ

Filologiya elmləri doktoru, AMEA-nın baş elmi işçisi

yashargasimov@mail.ru

 

525-ci qəzet.- 2017.- 19 sentybar.- S.7.