"Kərkük sevdalısı Qəzənfər
Paşayev" təqdim olundu
Sentyabrın 16-da Atatürk Mərkəzində
görkəmli alim,
professor Qəzənfər Paşayevin
80 illik yubileyi münasibəti ilə Kərkükdə, Füzuli
mətbəəsində işıq
üzü görmüş
"Kərkük sevdalısı
Qəzənfər Paşayev"
kitabının təqdimat
mərasimi keçirilib.
"Avrasiya Beynəlxalq
Araşdırmalar İnstitutu"
İctimai Birliyinin
(ABAİ İB) təşkilatçılığı
ilə keçirilən
təqdimatda millət
vəkilləri, ziyalılar,
ədəbiyyatşünaslar, yazarlar və media nümayəndələri iştirak
ediblər.
Tədbiri giriş sözü
ilə açan
ABAİ İB-nin rəhbəri,
millət vəkili Qənirə Paşayeva qonaqları salamlayaraq
"Kərkük sevdalısı
Qəzənfər Paşayev"
kitabının məziyyətlərindən
danışıb. O, kitabda
professorun həyatı
və əsərləri
haqqında statistik, biblioqrafik, habelə ensiklopedik bilgilərlə
yanaşı, ürək
sözlərinin də
yer aldığını
qeyd edib: "Yubileyinə "İraq bizə iraq deyil" dediyimiz ellərdə kitab yazılan professor Qəzənfər
Paşayev yalnız Azərbaycanda deyil, İraqda, qardaş Türkiyədə, bir çox başqa ölkələrdə də
ədəbiyyatşünas, folklorşünas, publisist,
dilçi, tərcüməçi
və xeyirxah ziyalı kimi tanınır. Bizim uşaq vaxtlarımızda
Qəzənfər müəllim
tərcüməçi olaraq
çalışdığı İraqdan məzuniyyətə
gəldiyi zamanlarda onun sirli-sehirli söhbətlərinin əsas
dinləyicilərindən biri
olardıq. Əmim Kərkük,
Ərbil, Təlafər,
Tuzhurmatudan, oraların
sakinlərinin bizimlə
eyni dildə, eyni üslubda danışdığını, bizim kimi istiqanlı,
qonaqpərvər olduğunu
deyirdi. Xeyli sonra, əmimin
bu sirli ölkə haqqında kitablarını oxumağa
başladıq. İlk növbədə,
əfsanəvi "Altı
il Dəclə-Fərat
sahillərində", sonra
"Kərkük bayatıları",
"Kərkük ata sözləri" kitabları
bizi də sevdalandırır, qanadlandırırdı.
Hər halda təvafüqdən idi ki, mən
və əmimqızları
məktəb tədbirlərində
məhz İraq-Türkman
bayatıları söyləyirdik.
O bayatılar bir çox incə mətləbləri düşüncələrə
hopduran, bəlkə, açıq-açığına deyə bilmədiklərimizin
Kərkük, İraq
üzərindən ifadəsi
idi. Məsələn,
Dilim dilim,
Kəs qovun dilim-dilim,
Mən dilimdə vaz keçməm,
Olursam dilim-dilim...
Biz, bax belə bir yanğı ilə, eşqlə yetişdik və müstəqilliyimizin bərpası
illərində o sirli-soraqlı
ellərdən evimizə
tez-tez qonaqlar gəlməyə başladı. Qəzənfər əmim vasitəsilə onları yaxından tanımağa başladıq".
Müəlliflər Şəmsəddin
Kuzəci və Mustafa
Ziya dəyərli ziyalının hələ
sovet dövründə
İraqda çalışdığı
illərdə Kərkükə
necə ürəkdən
bağlanmasından, Azərbaycan
və Kərkük, ümumən İraq arasında ədəbi körpülər saldığını,
model araşdırmalar apardığını
və kitablaşdırdığını
qeyd ediblər.
Bu gün də Azərbaycanın diqqətini,
sevgisini yüksək qiymətləndirən iraqlı
soydaşlarımız, Azərbaycanda
hər görüşü,
Bakıda hər söhbəti bir ziyarət saydıqlarını
deyiblər. Onlar Ümummilli lider
Heydər Əliyevin
"Tarixi araşdıranda
gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmanları ilə bir bütövün parçalarıdır" fikrinin
arxasında dayanan düşüncəni həmişə
yüksək qiymətləndirdiklərini
qeyd ediblər. Bildirilib ki, ziyalının ömür və yaradıcılıq yoluna
həsr edilmiş bu kitab, onun
80 illik yubileyinə kərküklü soydaşlar
adından bir ərmağandır.
Millət
vəkili, Azərbaycan-İraq
Parlamentlərarası Dostluq
Qrupunun başçısı
İlham Məmmədov
Q.Paşayevin Azərbaycan-
İraq dostluğunun,
doğmalığının yaranmasındakı əvəzsiz
rolundan söz açıb: "Bizə
İraq sevgisi Qəzənfər Paşayevin
əməyi ilə aşılanıb. O, öz
əsərlərində İraq
xalqının, türkmənlərin
həyatını, məişətini,
adət-ənənələrini, dilini elə gözəl əks etdirib ki, oxuduqca
elə bilirsən, onlarla bir yerdə
yaşamısan. Qəzənfər müəllim ömrünün
çox illərini türkmən folklorunun tədqiqinə həsr edib. Onlar da Qəzənfər
müəllimin bu zəhmətini cavabsız
qoymayıblar. Bu kitab onun böyük
zəhmətlərinə kiçik
töhfədir. Mən düşünürəm
ki, bu yolda
görüləsi işlər
çoxdur. Allah Qəzənfər müəllimə
uzun ömür versin ki, biz də onun yeni
tədqiqat əsərlərini
oxuyaq".
Q.Paşayevin həyat və yaradıcılığının ən ümdə məqamlarına diqqət çəkən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Şirindil Alışanlı AMEA Mərkəzi Kitabxanasında professorun yubileyi münasibəti ilə elmi sessiyanın planlaşdırıldığını, özünün də orada məruzəçi olacağını bildirib.
Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı alimin Kərkük sevgisinə diqqət çəkib: "Ömrü günü kitabxanada, kitabların içərisində keçən çox insanlar var ki, baxırsan zəhmətkeşdir, savadı, biliyi var, ancaq yenə də nəsə çatışmır. Mən düşünürəm ki, o çatışmayan məhz eşqdir. O eşq çatışmadığına görə o yazdıqları da zaman keçdikcə bir yerdə tozlanıb qalır. Mən hesab edirəm ki, Qəzənfər müəllimə bəslənən bu münasibət o universallıqdan irəli gəlir. Çünki o, həm sevdalıdır, həm də dərin adamdır. Mən Qəzənfər müəllimin yolunu davam etdirən bütün Kərkükşünaslara bu sevdanı, bu dərinliyi arzu edirəm".
Əməkdar jurnalist Azər Həsrət, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, şair Musa Ələkbərli, alim Qurban Bayramov, Əməkdar artist Aybəniz Haşımova, BDU Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal, fəal ictimaiyyətçi Aidə Bəndəliyeva, alimin qızı Təranə Paşayeva və başqaları çıxış edərək, həm yubilyarın yaradıcılığı, həm də Kərküklü müəlliflərin qədirşünaslığı haqqında yüksək fikilərini səsləndiriblər.
Tədbir iştirakçılarına və çıxışçılara minnətdarlığını bildirən professor Qəzənfər Paşayev Kərküklü müəlliflərə onun haqqında qiymətli kitab yazdıqları üçün ayrıca təşəkkür edib, İraqda çalışdığı illərlə bağlı xatirələrini bölüşüb.
Sonda Dr. Mustafa Ziya və Şəmsəddin Kuzəçi Qəzənfər Paşayevə və Qənirə Paşayevaya Türkmaneli Kültür Mərkəzi adından diplom təqdim ediblər.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2017.- 19 sentybar.- S.7.