İnqilab sonrasının musiqi
diskussiyası: ənənə və novatorluq problemi
XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ ÜZEYİR HACIBƏYLİNİN YAZDIĞI MUĞAM OPERA VƏ OPERETTALARI HAQQINDA O DÖVRÜN MƏTBUATINDA GEDƏN DİSKUSSİYA MƏSƏLƏLƏRİ
Azərbaycanda Sovet hakimiyyəti qurulmasının ilk illərində
böyük bəstəkarlar Üzeyir Hacıbəyli,
Müslüm Maqomayev və onların ardıcılları
musiqi ictimaiyyətimizin qarşısında duran məsələləri
düzgün başa düşən xadimlərdən
olmuşlar.
Keçmişin hansı ənənələrini mütərəqqi,
qabaqcıl, hansılarını isə mürtəce, zərərli
hesab etmək olar? Novator sənəti hansı ənənələrə
əsaslanmalıdır? Bu suallar Azərbaycanda
Sovet hakimiyətinin elə ilk illərində estetik
diskussiyaların mərkəzində dayanmışdı.
Bu diskussiyalardan biri də mətbuatda milli
musiqinin problemləri ətrafında gedirdi.
Milli Azərbaycan operasının inkişaf yolları
haqqında diskussiya opera sənətinin sırf professional məsələlərindən
kənara çıxmışdı. O, ənənə və novatorluq
problemləri haqqında estetik diskussiyaya çevrilmişdi.
Niyə məhz operanın inkişaf məsələləri
mübahisələrin diqqət mərkəzində olmuşdur? Çünki
bu, yazılı professional Azərbaycan musiqisinin mövcud olan
iri janrlarından biri idi ki, artıq Ü.Hacıbəylinin,
M.Maqomayevin, Z.Hacıbəyovun əsərləri ilə təqdim
olunmuşdu. Əgər milli simfonik,
xoreoqrafik, xor əsərlərinin yaranması hələ gələcəyin
məsələsi idisə, opera janrında artıq təcrübə
var idi və bu təcrübəni necə qiymətləndirmək
məsələsini həll etmək lazım idi.
Həmin ruhda yeni əsərlər yaradaraq, milli opera sənətinin
ənənələrini davam etdirmək və yaxud onlardan
tamamilə imtina edərək, diskussiyanın bəzi
iştirakçılarının təklif etdiyi kimi onları
ərəb əlifbası və çadra ilə birlikdə
arxivə təhvil vermək lazımdır. Hələ
üçüncü yol da var idi: ilk təcrübələrin
tarixi əhəmiyyətini inkar etməyərək, digər əsaslarda
yeni əsərlər yaratmaq yolu idi.
Operanın məsələlərinə belə ciddi tələbin
səbəbi aydındır. Dramatik və musiqili səhnə
o illərdə vacib tribuna kimi xüsusi əhəmiyyətə
malik idi, təşviqat və təbliğatın qüvvətli
vasitəsi kimi, çox mühüm tərbiyəvi forum kimi
xüsusi əhəmiyyət kəsb edirdi. Bu mənada Azərbaycanın dramatik teatrı
mühüm tarixi rol oynayırdı. Onun səhnəsində
Azərbaycan dramaturgiyasının əsasını
yaratmış Cəfər Cabbarlının pyesləri
qoyulurdu. C.Cabbarlının çox aktual
pyesləri müasir həyatın ən mühüm problemlərinə
toxunmuş, yeniliyi tərənnüm etmiş, yeniliyin həyata
keçməsinə mane olan hər şeylə mübarizə
yolunu göstərmişdi, tamaşaçılara
bugünkü günün müsbət obrazlarının
qalereyasını - bütün nəsillər
üçün nümunə olan mübarizləri və
qurucuları təqdim etmişdi. C.Cabbarlının
"Sevil" pyesinin Azərbaycan qadınının
emansipasiyasında, "Almas" və "Yaşar"ın
kənddə sosialist quruculuğu məsələlərində,
"1905-ci ildə" pyesinin əməkçilərin beynəlmiləl
tərbiyəsində böyük rolu olmuşdur. Cabbarlının və digər Azərbaycan
dramaturqlarının pyesləri səhnədən xalq içərisinə
zamanın qabaqcıl ideyalarını aparmış, kütlələrin
estetik tərbiyəsində mühüm amil olmuşlar.
Bununla əlaqədar
olaraq məntiqi suallar ortaya çıxırdı: yeni həyatın
quruluşunda, Azərbaycan musiqi teatrı irəli sürülən
tələblərə cavab verirmi?
O illərdə
bu suala cavab yalnız mənfi ola bilərdi.
İnqilabdan əvvəlki operalar nə
özünün mövzusu, nə musiqi materialı, nə də
bəstəkar texnikasına görə müasir tələblərə
cavab vermirdi. Həm də bu illərdə
inqilabdan əvvəlki operalar və musiqili komediyalar çox
aşağı bədii səviyyədə tamaşaya
qoyulurdu. Professional ifaçı kadrlar -
vokalçılar, dirijorlar, instrumentalçılar və sairə
yox idi. Ona görə opera teatrının
ünvanına olan ittiham tamamilə ədalətli idi. İttihamçıların fikrincə, köhnə
operalar Azərbaycanda musiqili səhnə sənətinin
inkişafına mane olurdu. Lakin bu tənqidin
sağlam ünsürlərilə yanaşı, diskussiyada
kobud nihilist səslər də eşidilirdi. Onlar iddia edirdilər ki, guya inqilabdan əvvəlki
operalar ümumiyyətlə heç bir əhəmiyyətə
malik deyil, onlar bizim musiqi tariximizdə heç bir mütərəqqi
rol oynamamışlar və ona görə onlardan tamamilə əl
çəkmək lazımdır. Belə
tənqid əsl proletkult əyintisi olub, keçmiş irsə
dialektik münasibətdən uzaq idi. Məlum olduğu
kimi, belə vəziyyət təkcə Azərbaycana aid
deyildi, bu, bütün sovet mədəniyyətində
gedən ümumi proseslə bağlı idi.
1924-cü il
sentyabrın 16-da "Kommunist" qəzetində Azərbaycan
operasının məsələlərinə həsr
edilmiş məqalə diskussiyanın başlanğıcı
oldu. Sonra diskussiya 30-cu illərə qədər
davam etmişdi. Onun fəal dövrləri
1924, 1926 və 1928-ci illər idi. Diskussiyada Azərbaycan
sənətinin Üzeyir Hacıbəyli, Müslüm
Maqomayev, Cəfər Cabbarlı, Əfrasiyab Bədəlbəyli
kimi görkəmli xadimləri, jurnalistlər Əli Kərimov,
Xəlil İbrahimov, Həsən Səbri, Əsəd Tahirov,
eləcə də sıravi tamaşaçılar - fəhlə sinfinin nümayəndələri
iştirak edirdilər. Diskussiya
iştirakçılarının diqqət mərkəzində
Azərbaycanın xalq maarif komissarı, görkəmli tənqidçi
Mustafa Quliyevin məqalələri, eləcə də bu məsələyə
həsr edilmiş xüsusi məruzəsi idi. Bu diskussiya ilə əlaqədar materiallar
"Bakinski raboçi" qəzetində və "Maarif və
mədəniyyət" jurnalının səhifələrində
də dərc edilirdi.
Xalq maarif komissarı Mustafa Quliyevi və onun tezislərini
müdafiə edən iştirakçıların mövqeyi əsasən
ədalətli idi. 12 noyabr 1924-cü ildə "Bakinski raboçi" qəzetində
dərc olunan "Türk operası haqqında" məqaləsində
M.Quliyev düzgün qeyd edirdi ki, dəqiq elmlərin bir
çox sahələrində orta əsrin elmi fikrinin nailiyyətlərinə
əsaslanmaq və müasir nailiyyətləri bilməmək
mənasız olardı: "Lakin təəssüf ki, bizdə
hələ elə adamlar var ki, təklif edirlər musiqidə
X və XII əsrlərə qayıdaq. Əgər bu
"kompetent adamlar" öz musiqi inkişafında X əsrin
nailiyyətlərindən inkişaf etməyiblərsə, bu o
demək deyil ki, mədəni ölkələrlə əlaqəyə
girmiş Azərbaycan da orta əsr letargiya yuxusuna
dalmalıdır" .
Mustafa Quliyev vaxtın tələbləri ilə uyğun
Azərbaycan musiqisinin gələcək inkişafı və
çiçəklənməsi imkanına səmimi
inanırdı. Qeyd etmək lazımdır ki, onun müəyyən
etdiyi yollar da əsasən doğru idi (bir tərəfdən
Azərbaycan xalq musiqisinin, digər tərəfdən isə
Avropa musiqi texnikasının öyrənilməsi yolu idi).
M.Quliyev
xüsusi təkidlə Azərbaycan xalq musiqisinin nota
yazılması məsələsini irəli sürür və
bu işi qeyri-mümkün sayanları tənqid edirdi:
"Türk mahnılarını Avropa sistemi ilə
yazmaq mümkün deyil. Elə rus və alman mahnısını
da on iki pilləli Avropa temperasiyasına salmaq mümkün
deyil. Lakin bu, rus musiqisinə bütünlüklə
Avropa əsaslarını və texnikasını qəbul etməyə
və Qlinka kimi dahilərə qədər ucalmağa mane
olmamışdır" .
Məqalənin
axırında M.Quliyev Azərbaycanda musiqi mədəniyyətinin
inkişafı üçün vacib olan tədbirləri
göstərirdi: 1) Azərb. SSR musiqi məktəblərinin
genişlənməsi və möhkəmlənməsi; 2)
türk mahnılarının toplanması; 3) musiqi məktəblərini
qurtaranların təhsilini davam etdirmək üçün
xarici ezamiyyətə göndərilməsi; 4) Şərqi bilən
Avropa bəstəkarlarına türk operalarını
sifariş etmək; 5) Avropa operalarını türk dilinə
tərcümə etmək və türk kütlələrini
opera teatrına cəlb etmək; 6) bizim teatrlarda Şərqi
Avropa konsertlərini təşkil etmək.
Gördüyümüz kimi, bütün bu tədbirlər
əsasən mütərəqqi xasiyyət
daşıyırdı və şübhəsiz milli musiqi mədəniyyətinin
inkişafı üçün faydalı və vacib idi. Xalq maarif
komissarının bu müsbət müddəalarını
inkişaf etdirərək, diskussiyanın digər
iştirakçıları da dəyərli mülahizələr
yürüdürdülər.
M.Quliyevin və onun nöqteyi-nəzərini tamamilə
bölüşdürənlərin mövqeyində əsaslı
səhvlər və qüsurlar da var idi.
M.Quliyev öz məqalə və məruzələrində
doğru olmayan müddəalara yol verirdi. Bu, əsasən
onun milli musiqi irsini düzgün anlamamasında və qiymətləndirməməsində
meydana çıxırdı. M.Quliyev
keçmişin milli musiqi ənənələrinə - həm
vaxt etibarilə yaxınlara, həm də uzaqlarına
düzgün yanaşmırdı. Vaxt
etibarilə yaxın dedikdə, biz Azərbaycan milli
operasının və musiqili komediyasının ənənələrini,
daha uzaq ənənələr dedikdə isə
muğamları nəzərdə tuturuq.
M.Quliyev həm inqilabdan əvvəlki muğam
operalarına, komediyalarına, həm də muğamların
özlərinə kəskin mənfi münasibət bəsləyirdi
və onları ərəb - İran musiqi mədəniyyətindən
götürülmə hesab edirdi. Bu, onun böyük səhvi
idi. M.Quliyev yazırdı: "Bizim opera İran
havaları və mahnılarının danışıq dili
ilə qarışığının kompilyasiyasından ibarətdir" .
M.Quliyevin dediyi danışıq dialoqları Üzeyir
Hacıbəylinin operalarında olduğu kimi, bir çox digər
operalarda da vardır. Lakin bu cəhət opera janrının
heç də qüsuru deyil. Buna sübut olaraq, məsələn,
V.A.Motsartın "zinqşqil" üzərində
qurulmuş "Seraldan qaçış", daha sonra isə
Bizenin danışıq dialoqları ilə zəngin olan
"Karmen" operalarını yada salmaq kifayətdir.
İnqilabdan əvvəlki Azərbaycan operasının
mexaniki kompilyasiya kimi qiymətləndirilməsi tamamilə səhv
idi. Daha böyük səhv bu operaların əsaslarında
olan muğamların İran hava və mahnılarından ibarət
olduğunu təsdiq etmək idi. Təəssüf
ki, bu nöqteyi-nəzəri diskussiyanın bəzi
iştirakçıları da
bölüşdürürdülər.
"Bizim öz musiqimiz yoxdur. Çahargah, Segah, Şikəstə
- bütün bunlar İran adlarıdır və İran saray
musiqisini təşkil edirlər. Musiqi aləti
olan tar, eləcə bizə İrandan keçirilmişdi.
Bizim "operalar" və "operettalar" nə
bədii, nə texniki cəhətdən tənqidə layiq
deyil". "Kommunist" qəzetinin təşkil
etdiyi bu diskussiyada bir sıra yoldaşlar belə fikirdə idilər.
M.Quliyevin və onun həmfikirlərinin bəzi müddəaları
nəinki səhv və zərərli idi, həm də onun
özünün digər doğru tezislərinə zidd gedirdi. Elə həmin
məqalədə o deyirdi ki, bizdə milli musiqi yoxdur, eyni
zamanda Azərbaycan xalq musiqisinin nota yazılması və
toplanması məsələsini irəli sürürdü.
Doğrudur, M.Quliyev belə hesab edirdi ki, Azərbaycan
xalq mahnısı muğamlardan fərqli olaraq digər köklərə
malikdir. Lakin Üzeyir Hacıbəylinin və
digər musiqişünasların tədqiqatları isbat etdi
ki, Azərbaycanda elə bir xalq mahnısı yoxdur ki,
muğamlarımızın məqam əsasları ilə
bağlı olmasın, onlar heç də İran saray
musiqisinin qolu deyil, milli xalq musiqimizin gözəl sərvətidir.
Ayrı-ayrı muğamların və onların
hissələrinin İran adları onların parlaq surətdə
ifadə olunmuş milli xüsusiyyətini inkar etməyə
heç bir əsas vermir. Azərbaycan muğamları
İran, özbək, tacik, və s. muğamlardan tamamilə fərqlənir.
Bu məsələnin elmi
anlayışını Ü.Hacıbəylinin "Azərbaycan
xalq musiqisinin əsasları" tədqiqatında
görürük.
Bununla əlaqədar olaraq M.Quliyevin "Bizim musiqiyə
İran sxolastikasının pəncələrindən azad
olmaq vacibdir" doğru tezisi artıq yanlış məna kəsb
edir, çünki M.Quliyev İran sxolastikası altında
tamamilə başqa şeyi, yəni milli musiqimizin böyük
sərvəti olan muğamları nəzərdə tuturdu.
M.Quliyevin həmfikirlərinin Azərbaycan
operasının vəziyyəti haqqında diskussiyada
çıxışları kəskin tənqidi xarakter
daşıyırdı. Təcrübi tədbirlərin qəbul
olunması haqqında çağırışlar əmr
xasiyyətində idi. Məsələn, diskussiyanın
materialları "Bakinski raboçi" qəzetində belə
sərlövhə - şüar ilə verilirdi: "Köhnəlik
və ştampa qarşı qiyam. Opera teatrını
sağlamlaşdıraq! Köhnə ənənələrin
tozunu çırpaq, teatrı müasir sənətin məsələlərinə
qoşaq, canlı sovet cəmiyyətindən teatrı
ayıran Çin səddini götürək. Türk
operasını yenidən qurmaq lazımdır! İndiki
türk operasını ərəb əlifbası və
çadra ilə birlikdə arxivə təhvil vermək
lazımdır!
Təklif edirik: opera teatrı nəzdində təcili bədii şura yaradılsın. Türk operasının bundan sonra indiki şəklində yaşaması məsələsi təcili həll edilsin".
Gördüyümüz kimi, bu şüarlarda hər şey qarışmışdı: real və qondarma, mühüm prinsipial və kobud nihilist şeylər. Şüarların özləri çox ziddiyyətli idi. "Köhnəlik və ştampa qarşı qiyam", "Opera teatrını sağlamlaşdırmaq" kimi mütərəqqi tələblər "Köhnə ənənələrin zibilini çırpıb atmaq" və yaxud "İndiki türk operasını arxivə təhvil verək" kimi səhv və tələsik müddəalarla birgə verilmişdi.
Bəzi diskussiya iştirakçıları elə "Kommunist" qəzetində də belə qəti tələblərlə çıxış edirdilər. Burada materiallar "Azərbaycan türk operası can çəkir", "Arşın mal alan"lar və "Əsli və Kərəm"lər muzeyə təəvil verilməlidir" başlığı altında idi.
"Azərbaycanda türk operası haqqında" adlı məqalədə Həsən Səbri yazırdı: "...bizə əməkçi kütləni tərbiyə edə bilən mədəni opera lazımdır, çünki bugünkü türk operası bu tələbə cavab vermir... Türk operalarının məzmunu bizim üçün məqbul deyil. Onlar ya bədbin məhəbbətlə ("Leyli və Məcnun"), ya dini motivlər ("Əsli və Kərəm"), ya da şahların ideallaşdırılması ilə ("Şah Abbas və Xurşid Banu") səciyyələnir".
Qeyd etmək lazımdır ki, diskussiyanın bəzi iştirakçılarının tənqidi fikirləri yalnız inqilabdan əvvəlki Azərbaycan operalarının tənqidi ilə məhdudlaşmır, dünya opera klassikasına da toxunurdu. "Məgər "Jidovka" ("Kardinal qızı" - Z.S.), "Aida", "Riqoletto" və sairləri indi müasir estetik tələblərə cavab verən operalar kimi qəbul edilə bilərmi?" - deyə diskussiya iştirakçılarından biri - S.Vasilyev soruşur.
"Sadə faktura, primitiv orkestr, melodiyaların qənfət şirinliyi, "gözəlliyi", dramatik hərəkət və musiqi tematikası arasında olan pozğunluq və s. - bütün bunlar çox məlum köhnə, Vaqnerdən əvvəlki operaların nöqsanları idi.
Niyə fəhlə maksimal dolğun məzmunlu, dinamik və təsiredici müasir əsərlərə yox, yalnız bunlara, opera üslubunun köhnəlmiş keçmiş meşşan nümunələrinə qulaq asmalıdır" .
Hələ 1924-cü ildə İ.Aysberq Azərbaycan dilində Delibin "Lakme" operasının tamaşası ilə əlaqədar olaraq "Milli opera teatrına doğru yollarda" xarakter başlığı altında resenziya yazmışdı. Sərlövhəsindən məlum olur ki, resenzentin fikrincə, hələ milli Azərbaycan operası yoxdur və bu istiqamətdə (Avropa operalarının Azərbaycan dilinə tərcüməsi ilə) yalnız indi bu yollar açılır. Bu haqda o belə yazır: "Nə qədər ki, türk milli operası yaranmayıb, nə qədər ki, türk milli bədii yaradıcılığı mövcud deyil, türk kütlələri xalq opera teatrının qapılarından doluşacaqlar, çünki bu qapılar yaranmaqda olan milli bədii "musiqili tamaşa teatrının" astanasıdır" .
Beləliklə, diskussiyanın gedişində inqilabdan əvvəlki Azərbaycan operasının hər hansı əhəmiyyətini tamamilə inkar edən səslər aydın eşidilirdi.
Bu diskussiyada böyük maraq doğuran Üzeyir Hacıbəylinin özünün mövqeyi və görüşləri idi. O, yalnız musiqi mədəniyyətinin görkəmli xadimlərindən biri kimi deyil, həm də diskussiyada müzakirə olunan bir çox əsərlərin, inqilabdan əvvəlki opera və operettaların müəllifi və Azərbaycan musiqisində bu janrların əsasını qoymuş bəstəkar kimi iştirak edirdi.
Ü.Hacıbəylinin nöqteyi-nəzəri daha aydın "Türk operaları" məqaləsində (3 oktyabr 1924-cü ildə "Kommunist" qəzetində dərc edilmişdir), xalq komissarı M.Quliyevin çıxışı ilə əlaqədar "Azərbaycanda musiqi inkişafı" məqaləsində ("Maarif və mədəniyyət" jurnalı, 1926, ¹ 8, 9) əks olunmuşdu.
Həm birinci, həm də ikinci məqalə əsasən M.Quliyevin Azərbaycan musiqisinin inkişafı məsələlərinə dair görüşləri ilə bəstəkarın mübahisəsi idi. Bu mübahisədə Ü.Hacıbəyli M.Quliyevin bir sıra fikirlərini heç də inkar etmir, hətta Azərbaycan musiqisinin inkişaf proqramı ilə razılaşdığını göstərirdi.
M. Quliyev hətta bəstəkarın öz əsərlərini tənqid etdikdə belə Ü.Hacıbəyli onunla razılaşırdı. Lakin bəstəkar M.Quliyevin məqalə və məruzələrinin bir çox müddəaları ilə həm də razılaşmır və bu barədə fikirləşdiyini açıq, olduğu kimi deyirdi: 1924-cü il məqaləsində M.Quliyev Samit təxəllüsü ilə inqilabdan əvvəlki Azərbaycan operaları haqqında tənqidi mülahizələr yürüdərək, onların səhnədən götürülməsini tələb edirdi. Ü.Hacıbəylinin "Türk operaları haqqında" məqaləsi M.Quliyevə cavab kimi yazılmışdır.
Məqalənin əvvəlində Ü.Hacıbəyli M.Quliyevin əsas tezislərini gətirir, sonra Azərbaycan operasının ünvanına olan töhmətlərə keçir, onun müdafiəsi üçün inandırıcı dəlillər gətirir. Özü də onun gətirdiyi dəlillər nə mədhedici, nə də qoruyucu xasiyyət daşıyırdı. O, köhnə operaların çatışmayan cəhətlərini yaxşı bilirdi. Ondan əlavə o belə hesab edirdi ki, bu operaların xaltura quruluşlarda repertuardan götürülməsi daha məqsədəuyğundur. Lakin bununla bərabər, Ü.Hacıbəyli inqilabdan əvvəlki Azərbaycan operasının xeyrinə inandırıcı dəlillər də gətirir. Bunlar əsasən estetik və əxlaqi xasiyyət daşıyırdı. O deyirdi ki, ilk operaların yaranması ilə milli musiqili səhnə sənətində həvəskarlıq, müəyyən növdə diletantizm aradan götürülmüş, professionalizm yaranmışdı. Operalar istedadlı ifaçıların aşkara çıxarılmasında vacib rol oynamışdır. Operanın yaranması dolayı yolla dramatik teatrın sonrakı inkişafı üçün təkan olmuşdu.
İndiyə qədər yalnız toylarda və müxtəlif bayramlarda xalq tərəfindən ifa olunan musiqinin əhəmiyyəti və qiyməti daha da artmışdı. Musiqi ilk dəfə professional səhnədə özünə layiqli yer tutaraq milli sənətin tamamilə müstəqil növü olmuşdur. Müəyyən dərəcədə təsadüfi xasiyyət daşıyan musiqi ilə sözün, musiqi müşayiəti ilə ədəbi mətnin əlaqəsi qanuni olmuşdur.
Nəhayət, inqilabdan əvvəlki operaların vacib estetik əhəmiyyəti onda idi ki, onlar notlu professional Azərbaycan musiqisinin inkişafı yolunda ilk addım, yeni musiqili səhnə teatrının əsası idi. Operanın yaranması ilə əlaqədar musiqi mədəniyyətinin bir çox məsələləri həll olundu: Şərq musiqisinin Avropa alətləri ilə ifa olunması, Şərq musiqisinin Avropa tipli harmonizəsi, musiqimizin polifonikləşdirilməsi, metroritmik xüsusiyyətlərin müəyyənləşməsi, dəstgahların not yazılışı və s.
Bu musiqi və estetik nailiyyətlərdən başqa, operalar həm də böyük ictimai-siyasi rol oynadılar. Ən əvvəl, onların əhəmiyyəti onda idi ki, bu əsərlər fanatizmə, avamlığa qarşı mübarizədə əsas amil oldu. Mirzə Fətəli Axundovun acı, lakin dəqiq sözlərini yada salaq: "Nəğəmat çalma, haramdır; nəğəmata qulaq asma, haramdır; nəğəmat öyrənmə, haramdır; teatr, yəni tamaşaxana qayırma, haramdır; teatra getmə, haramdır; rəqs etmə, məkruhdur; rəqsə tamaşa etmə, məkruhdur; saz çalma, haramdır; saza qulaq asma, haramdır, şətrənc oynama, haramdır; nərd oynama, haramdır, rəsm çəkmə, haramdır, evdə heykəl saxlama, haramdır" .
M.F.Axundovun bu məşhur sözlərilə Ü.Hacıbəylinin "Azərbaycanda musiqi tərəqqisi" məqaləsində söylədiyi fikir həmahəng səslənir. Ü.Hacıbəyli qeyd edirdi ki, inqilabdan əvvəlki Bakı şəhəri sanki yas içində idi. Bəstəkar deyir ki, opera və operettalar insanlara sevinc gətirmiş, incəsənət, musiqi ilə təmasda onlar təbii insani tələbatı ödəmişlər.
Ü.Hacıbəyli böyük fərəhlə qeyd edirdi ki, "Türk opera və operettalarından "Arşın mal alan" hər yerdə rəğbət qazanıb, dildən-dilə tərcümə edilib, Gürcüstanda, Ermənistanda yüzlərcə dəfə oynanıldıqdan sonra Rusiyanı, Türkiyəni, İranı, Fransanı, Amerikanı, İspaniya, İtaliya və Misri müvəffəqiyyət ilə dolaşıb, Azərbaycan teatr və musiqisini hər bir yerdə nümayiş etdirir..."
Gətirilən bu dəlillərdən sonra Ü.Hacıbəylinin aşağıdakı sözləri xüsusilə inandırıcı səslənir: "1907-ci ildən bəri Azərbaycan səhnəsində və o səhnə vasitəsilə Azərbaycan türklərinin tərəqqi və tərbiyəsi işində az rollar oynamayan türk opera və operettalarını səhnədən qaldırmaq Azərbaycan teatr və musiqi tarixinin mühüm səhifələrini cırıb atmaq deməkdir" .
Lakin bununla bərabər, Ü.Hacıbəyli, yuxarıda deyildiyi kimi, Azərbaycan operasının müasir vəziyyətinin tənqidi ilə əsasən razı idi və bu saəədə M.Quliyevin narahatlığını tamamilə bölüşdürürdü. O, Xalq komissarının Azərbaycan opera sənətinin gələcək inkişafı üçün yollar axtarmaq cəhdini tamamilə başa düşürdü.
Ü.Hacıbəyli Azərbaycan opera və operettasının tarixi əhəmiyyəti haqqında danışarkən, onlarda olan qeyri-kamilliyi və düzəlişə ehtiyacı inkar etmirdi. O yazırdı: "Əvvəla, bu, operaları "şəbehlik" halından çıxarıb Avropa operası tipinə yaxınlaşdırmalıdır. Buna görə oxunan dəstgah parçalarına "ariya" forması verməlidir və saniyən, tarı tamamilə baş vəzifədən götürüb bu vəzifəni orkestrə verməlidir. Tar isə orkestr içində lazım olan yerdə xalq musiqi aləti sənətilə təsirli "effektlər" verə bilər.
Bu sayaqla bizim operamız zahiri surətini dəyişib "şəbeh"likdən çıxar və Avropa operası formasına girər. Əslində isə məzmun və musiqicə Azərbaycan türk və şərq operası sənətində baqi qalar" .
Doğrudan da, Ü.Hacıbəyli sonrakı illərdə muğam improvizasiyalarına opera forması vermək məqsədilə "Leyli və Məcnun"un birinci pərdəsi üçün Məcnunun atasının ariyasını yazmışdı. Bu geniş melodiyalı böyük opera ariyası Məcnunun atasının daxili aləmini, dərin kədərini, qəmini ifadə edir ("Leyli və Məcnun"un tamaşalarında ariya ifa edilməmişdi, ayrıca ilk dəfə 1935-ci ildə nəşr olunmuşdu). Lakin gələcəkdə Ü.Hacıbəyli bu təcrübəni davam etdirməyi lazım bilməmiş və qəti qərara gəlmişdi ki, "Leyli və Məcnun" operası musiqi sənətimizin ilki kimi, məhz muğam operası kimi qalmalıdır.
İnqilabdan sonrakı illərdə Ü.Hacıbəyli müasir mövzuda yazılmış novator əsərin yaranmasını gənc nəsildən gözləyirdi. Azərbaycan bəstəkarlarının sonrakı operaları onun ümidlərini doğrultdu. M.Maqomayevin "Nərgiz" operasından sonra Q.Qarayev və C.Hacıyevin "Vətən", C.Cahangirovun "Azad" operaları yarandı.
Ü.Hacıbəyli inqilabi mövzuda müasir o
peraların yaranması tələblərilə razılaşırdı, amma qeyd edirdi ki, əgər bu çətin məsələ çoxlu professional kadrları olan Rusiyada həll olunmamışsa, Azərbaycanda bunun həllini tələb etmək tezdir. Lakin o inanırdı ki, prinsip etibarilə bu məsələ həm Azərbaycanda, həm də İttifaq miqyasında həll ediləcəkdir.
Diskussiyanın gedişində operanın inkişaf problemlərindən əlavə musiqi mədəniyyətinin digər məsələləri də müzakirə edilirdi. "Azərbaycan musiqi mədəniyyətinin inkişaf yolları haqqında" məruzədə M.Quliyev musiqi sistemi, xalq mahnıları, musiqi təhsili və s. problemləri irəli sürmüşdü.
Ü.Hacıbəyli M.Quliyevin məruzəsində inqilabi və ictimai əhəmiyyətli yeni musiqi mədəniyyətinin əsas ideyasını alqışlayırdı. O həm də razılaşırdı ki, Azərbaycan musiqisində yeniliyin inkişafı yolunda müəyyən çətinliklər durursa da, onların öhdəsindən gəlmək mümkündür. Ü.Hacıbəyli M.Quliyevin məruzəsinin əsas mövzusunu dörd məsələyə: musiqi sisteminə, türk operasına, xalq mahnılarına və musiqi təhsilinə bölmüşdü.
M.Quliyev kimi, Ü.Hacıbəyli də bizim
musiqi üçün Avropa musiqi sisteminin qəbul edilməsinin
zəruriliyini qeyd edirdi, lakin eyni zamanda, musiqi sistemimizlə
Avropanın musiqi sistemi arasında fərqi dəqiq göstərirdi.
Bu fərq
əsasən temperasiyaya, ritmə, melodiyaya və s. aid idi. Ü.Hacıbəyli
deyirdi ki, bu uyğunsuzluq xüsusilə "Segah",
"Bayatı-İsfahan", "Çahargah" kimi Azərbaycan
muğamlarını fortepianoda çaldıqda aydın
aşkar olur. Ona baxmayaraq, bəstəkar
belə hesab edirdi ki, Azərbaycan musiqisi özünün milli
xüsusiyyətlərini itirmədən Avropa sistemini qəbul
edə bilər.
Xalq mahnıları məsələsində
Ü.Hacıbəyli yenə də M.Quliyevin mövqeyini
müdafiə edirdi. Xalq mahnısının toplanması və
öyrənilməsi əaqqında fikri genişləndirərək,
Ü.Hacıbəyli bu mövqeyin təsdiqi üçün əsaslı
dəlillər gətirirdi. Azərbaycan
musiqisinin əsaslarını tədqiq etmək
üçün xalq mahnılarımızı toplamaq və
öyrənmək lazımdır. Mahnılar
elmin digər sahələrində də - etnoqrafiyada, tarixdə,
psixologiyada, habelə tədqiqat fəaliyyətində də
böyük əhəmiyyətə malikdir.
Ü.Hacıbəyli təəssüflə qeyd edirdi ki, bu sahədə
çox az iş
görülmüşdür.
Musiqi təhsili məsələsində isə
Ü.Hacıbəyli M.Quliyevin tarda təhsil almağın
lazımsızlığı haqqında fikrinin səhv
olduğunu göstərirdi. M.Quliyevin fikrincə,
tar Azərbaycan yox, İran alətidir. Elə ona görə
Avropa musiqi təhsilinin tərəfdarı M.Quliyevin tələbi
ilə tar konservatoriyadan çıxarılmış və
tarda çalmaq qadağan edilmişdi. "İnqilab və mədəniyyət"
jurnalının 1929-cu il fevral nömrəsinin
xronika hissəsində oxuyuruq: "Konservatoriyanı qüvvətləndirmiş
tədbirlərdən biri tarın Konservatoriyadan
çıxarılması məsələsidir". İndi bu qərar, nə qədər səhv və
qəribə görünsə də, o vaxtlar o çox təbii
səslənirdi. Məşhur şair Müşfiqin
şeirinin "Oxu tar, oxu tar, səni kim
unudar" misralarını yada salaq. Təəssüf
ki, onun tərsi "Oxuma tar, səni istəmir proletar"
fikri də mövcud və məşhur idi.
Onlardan
hansının düz, hansının səhv olmasını
anlamaq, seçmək, hansına qulaq vermək, o vaxtlar elə
də asan iş deyildi, xüsusilə musiqiçi olmayanlar
üçün.
Ü.Hacıbəyli hələ o vaxt tarı zəngin musiqi
imkanları olan milli Azərbaycan aləti hesab edirdi. Lakin eyni
zamanda, o, qeyd edirdi ki, M.Quliyevin mövqeyində müəyyən
ardıcıllıq vardır, çünki əgər
M.Quliyev tarın Azərbaycan aləti olduğunu hesab etsə
belə, o, tarın Konservatoriyada olmasına etiraz edərdi,
çünki Rusiya və Avropa Konservatoriyalarında da milli
xalq alətlərində çalmaq dərsi keçilmirdi. Ançaq Konservatoriyada Azərbaycan xalq musiqisinin
xüsusiyyətlərinin öyrənilməsi məsələsi
şübhə doğurmurdu. Çünki tar kimi aləti
bilmədən Azərbaycan musiqisini də öyrənmək
mümkün deyildi. Ü.Hacıbəyli bu barədə belə
yazırdı:
"Tar...
Şərq musiqi təhsilini genişləndirə bilən alətdən
ən qiymətlisi, ən mühümüdür... Musiqi məktəbi
tara yalnız elmi cəhətdən
yanaşır və onu Şərq musiqisinin əsası olan
muğamatın kəşf və şərhi
üçün elmi bir alət sifəti ilə öz
proqramına daxil edir".
Ü.Hacıbəyli tarda ifa üçün not sistemi
yaratmağa çalışırdı. Qeyd etmək
lazımdır ki, M.Quliyev öz məruzəsində yeritdiyi
fikirləri qanuniləşdirməyərək müzakirə
üçün söyləmişdir. O hesab edirdi ki,
onların son həlli gərək bu sahədə bilikli şəxslər,
musiqiçilər tərəfindən qəbul edilsin.
Musiqiçilər də M.Quliyevin fikirlərini müsbət
qiymətləndirdilər (xüsusilə də onun 1926-cı il məruzəsini). Məsələn,
Ü.Hacıbəyli yazırdı ki, "Ümumiyyətlə,
burasını qeyd etmək lazımdır ki, yoldaş Mustafa
Quliyevin məruzəsi Bakı musiqi xadimlərinə
böyük bir təsir buraxdı. Müxtəlif
və bərəks yollara dağılmış olan fikirlər
üçün müəyyən və məqsədə
yaxınlaşdıran bir vahid yol göstərilməklə,
fikirlər bir çox mühüm məsələlər
üzərində birləşdirildi. Pozulmuş orkestrə
müəyyən bir "ton" verilib
sazlaşdırıldı" .
Üzeyir Hacıbəylinin diskussiyada tutduğu
mövqeyini musiqi mədəniyyətinin görkəmli xadimi bəstəkar
Müslüm Maqomayev və digərləri də müdafiə
edirdilər.
Müslüm
Maqomayev 1924-cü ildə "Kommunist" qəzetində
"Bizim incəsənətimiz" və "Türk
operası haqqında" məqalələri ilə
çıxış etmişdir. O yazırdı: "Bizim
operamız zəifdir, ibtidai bir haldadır. Türk
səhnəsinə musiqi əsərləri vermiş türk
işçilərdən heç birisi heç vaxt öz əsərinin
kamil olduğunu iddia etməmişdir, onlar deyirlər ki, bu
bizim birinci addımlarımızdır. Zənnimizcə,
biz doğru yol ilə gediyoruz: sadədən ağıra".
M.Maqomayev
xalq maarif komissarı M.Quliyevin məqaləsinə cavab olaraq
yazırdı:
"Mübahisələrdən belə
anlaşılır ki, M.Quliyev elə türk operası istiyor
ki, yalnız Azərbaycanın deyil, Avropa teatrolarının da
səhnələrində oynanılsın və onların
operaları ilə rəqabət etsin. Bunu kim istəmiyor?
Azərbaycanda bir əqilsiz tapılarmı ki,
bunu arzu etməsin?"
Lakin M.Maqomayev bilirdi ki, Avropa musiqisi də birdən-birə
yaranmamış və bu təkamülə tədriclə,
ağır və tikanlı yollar keçdikdən sonra gəlib
çatmışdır. "...Daim xor olmadığı,
orkestr bulunmadığı, balet olmadığı halda, həmçinin
hər dəfəyə pyesi məşqsiz və hüsnü
ittifaqda bir məşqlə keçirmək təklif edildiyi
halda, tərəqqi ola bilərmi? Əlbəttə, yox".
M.Maqomayev
Azərbaycan musiqi mədəniyyətinin aşağı səviyyədə
olduğu bir vaxtda M.Quliyevin arzu etdiyi "Vaqner operası"nın yaranmasının mümkün
olmadığını başa düşürdü. Əlbəttə, belə bir dövrdə əmrlə
"Vaqner operası" vücuda gəlməzdi. Lakin "biz nəinki musiqi sahəsində, hətta
ümumi məsələlərdə mədəni ölkələrin
fütuhatına malik olmalı və onları ələ gətirməliyik.
Türk xalqı gərək Avropanın Vaqner,
Bethoven, Çaykovski və başqa böyük dahilərinin
yaratdığı əsərlərinin ləzzətini
dadsın. Musiqi bölgüsü uğrundakı fəaliyyətimiz
oylə bir yol ilə aparılmalıdır ki, nəhayət
türklər bu əsərlərin gözəlliyini
anlasınlar - fəqət burası milli musiqinin məhv edilməsi
hesabına edilməsin" .
Hay-haray qaldırıb opera teatrının
bağlanmasını tələb edənlərə Üzeyir
Hacıbəyli, Müslüm Maqomayev qəti və kəskin
cavab verirdilər. Onlar tamamilə haqlı olaraq professionalizm və texnika tələb
etməzdən əvvəl bunlara nail olmaq üçün
imkan, şərait yaratmağın lazım olduğunu göstərirdilər.
Muğam operalarına qarşı xalq maarif
komissarlığında uzun müddət müəyyən bir
nöqteyi-nəzərin olmaması gələcək işi ləngidir
və ona zərər gətirirdi.
Maqomayev
"Qolubıye mazurki", "Joltıye koftı",
"Çornıye yubki" və s. kimi səfsəfələrə
böyük pullar sərf edildiyi halda, türk operasına belə
baxmaq, böylə rəftar caizmidir? - deyə
soruşur.
Üzeyir
Hacıbəyli, Müslüm Maqomayev göstərirdilər
ki, Azərbaycan operasını Avropa opera nümunələrinə
oxşatmaq musiqimizin yeganə inkişaf yolu deyildir. "Avropa operası" - belə anlayış
yoxdur. İtalyan, fransız, alman, rus və s. milli mədəniyyətdən
əmələ gəlmiş dünya opera mədəniyyəti
vardır. Azərbaycan operası da bunlardan biri
olmalıdır.
Qeyd etmək lazımdır ki, bu illərdə M.Maqomayev
Ü.Hacıbəylidən fərqli olaraq, Avropa musiqi sisteminin
qəbul olunmasına etirazını bildirərək belə
hesab edirdi ki, bu, milli musiqinin inkişafına mənfi təsir
edəcək, onun milli xüsusiyyətləri itəcəkdir.
Daha sonrakı illərdə o, fikrini dəyişmiş və
hətta muğamları nota
köçürmüşdür.
Maraqlıdır ki, hələ 1924-cü ildə
M.Maqomayev Azərbaycan operasına həsr edilmiş
diskussiyanın gələcəkdə teatrın vəziyyətinin
yaxşılaşmasına səbəb olacağını
başa düşmüşdü. O deyirdi:
"Gərək
mətbuat səhifələrində və gərəksə
müxtəlif təşkilatlar və mətbuat nümayəndələrinin,
aktyorların, musiqiçilərin, dram yazanların və sairələrinin
iştirakı ilə xüsusi müşavirələrdə
dövlət türk teatrosunun
sağlamlaşdırılması haqqında
açılmış olan geniş mübahisə, əlbəttə,
nəticə etibarilə işi həqiqi surətdə
yüksəldəcəkdir"
Lakin M.Maqomayev qeyd edirdi ki, "əsas məsələ
olan opera haqqında mübahisələrdə sağlam
ünsürlərı iştirak etsə idilər, bu
mübahisə daha böyük nəticələr verə bilərdi.
Təəssüf
ki, həmin mübahisədə (mərkəzi məsələ
olan) türk operası məsələsinə sağlam olmayan
ünsürlər daxil idilər" .
İnqilabdan əvvəlki illərdə opera sahəəsində
olan böhranı aradan qaldırmaq və xalqı həyəcanlandıran
mövzularda əsər yaratmaq, əlbəttə, musiqinin
çətin məsələlərindən biri idi. Həyat opera
qarşısında inqilabi keçmişi və müasirliyi
tərənnüm etmək məsələlərini
qoymuşdu. Belə böyük miqyaslı
məsələləri tez bir zamanda həll etmək çətin
idi.
Hətta böyük opera ənənələrinə
malik olan rus bəstəkarlarının sovet dövründə
yaratdıqları ilk operalar belə xalqın
ehtiyaclarını tamamilə təmin etməyə qadir
deyildi.
Bu illərdə yaranmış rus sovet bəstəkarlarının
operaları arasında A.Paşşenkonun "Qartal
qiyamı", V.Zolotaryovun "Dekabristlər", A.Qladkovski və
J.Prussakın "Qızıl Petroqrad uğrunda"
operaları diqqətəlayiq idi. Lakin bunlar da mükəmməl
operalar olmayıb, sovet operasının qarşısına
qoyulan məsələləri təmin edə bilməmişdilər.
Sovet opera
musiqisinin vəziyyətini başa düşən
Ü.Hacıbəyli Azərbaycanda belə operanın
yaranmasının hələ mümkün
olmadığını qeyd edirdi:
"Əlbəttə,
yoldaş Quliyevin yeni həyata müvafiq yeni operalar
yazılmasını da tələb etməkdə tamamilə
haqlı olduğunu iqrar edib də burasını qeyd edirik ki,
yüzlərcə qabil və mahir bəstəkarlara malik olan
musiqi Rusiyası bu böyük və qiymətli vəzifəni
bu günə qədər ifa etməmiş olduğu halda, bir
cüt, bir tək musiqi həvəskarı olan Azərbaycandan
inqilabi musiqi yaradıcılığı tələb etmək
hələ tezdir" .
Üzeyir Hacıbəylinin fikrincə, yeni opera inqilabdan əvvəlkinin
ləğv edilməsi hesabına deyil, əksinə onun əsasında
yaranmalıdır. Muğam operalarının musiqi tariximizdə
oynadığı ictimai və mədəni rolunu isə
heç vaxt inkar etmək olmaz. Bu barədə
Ü.Hacıbəyli özü belə deyirdi:
"20 sənə
bundan qabaq meydana gəlmiş türk opera və operettalarının
şahidi olduğumuz böyük inqilabın vüquu
üçün zəmin və müvafiq şərait təşkil
edən vəsait arasında inqilabi, ictimai və mədəni
mövqe və xidmətlərini inkar etmək olmaz" .
Lakin böyük bəstəkar bu operalar ilə məhdudlaşmaq
fikrində deyildi. O, yeni mövzulu operaların yaranmasını inqilab ilə
böyümüş və tərbiyə olunmuş cavanlardan
gözləyirdi. Ü.Hacıbəylinin
aşağıdakı sözləri bunu gözəl xarakterizə
edir:
"Öylə böyük bir əsər yazılmaq
üzrədir və onu yazanlar inqilabla doğulmuş, inqilabla
ruhlanmış, inqilabla tərbiyələnmiş və
inqilabi metodlardan təlim almış olan cavan bəstəkarlardır
ki, bu gün musiqi təhsillərinə ikmal üzrə
baş və qəlbləri gələcək böyük əsər
ilə məşğuldur. Bu gənc bəstəkarların Azərbaycan
darülmusiqisindən çıxacaqlarına biz dəxi əminik" .
Azərbaycanda
Sovet hakimiyyəti artıq səkkiz il idi
ki, qurulmuşdu. Bu illər ərzində teatr səhnəsində
əmələ gələn dəyişikliklərə diqqət
yetirsək, görərik ki, Azərbaycan dram teatrı bir
sıra nailiyyətlər əldə etmişdir. Bu səhnədə dünya ədəbiyyatı
klassiklərinin əsərləri möhkəm yer tutmuşdu.
Şekspir, Molyer, Şiller, Qoqolun əsərləri
Azərbaycan tamaşaçıları tərəfindən
böyük maraq və məhəbbətlə
qarşılanırdı. Teatr Azərbaycan klassikləri
Mirzə Fətəli Axundovun, Əbdürrəhim bəy
Haqverdiyevin, Cəlil Məmmədquluzadənin ölməz
pyeslərilə bərabər, Cəfər Cabbarlının
"Aydın", "Oqtay Eloğlu", "Od gəlini",
"Sevil"* və başqa əsərlərini də
oynayırdı.
Bu illərdə Azərbaycan dram teatrı səhnəsində
qüvvətli aktyor dəstəsi fəaliyyət göstərirdi. Bunlardan Abbas Mirzə Şərifzadə,
İ.Hidayətzadə, Ülvi Rəcəb, Rza Təəmasib,
Mərziyə xanım Davudova, Mirzə Ağa əliyev, Sidqi
Ruəulla, Kazım Ziya və b. göstərmək olar.
Cəsarətlə demək olar ki, bu illərdə dram
teatrı möhkəm artist qüvvəsinə malik olan bədii
bir teatr olmuşdu.
Azərbaycan operası sahəsində isə bu illər ərzində
mühüm irəliləmələr yox idi. Hətta
inqilabdan əvvəl yazılmış Azərbaycan
operaları professional cəhətdən zəif şəkildə
səhnədə gedirdi. Opera teatrında
bir durğunluq əmələ gəlmişdi. Məzmun, mövzu, forma - bunların hamısı
yenilik tələb edirdi.
1928-ci ildə qəzetlər yenə Azərbaycan
operasının vəziyyəti ətrafında diskussiya
qaldırdılar. Bu diskussiya Xalq maarif komissarlığının təşəbbüsü
ilə qəzet səhifələrində, redaksiya
yığıncaqlarında keçirilmişdi
("Kommunist" qəzeti redaksiyasında bu disput həmin il dekabrın 14-də olmuşdu).
1928-ci il diskussiyası əvvəlkilərə nisbətən
daha geniş rezonans almışdı. Bu
diskussiyada yalnız bəstəkarlar, tənqidçilər
deyil, tamaşaçıların özləri də
iştirak etmişdi. Onlar öz tələblərini
kollektiv surətdə yazdıqları və qəzet
redaksiyalarına göndərdikləri məktublarda bildirirdilər.
Məsələn, "İşçilər nə
deyir? Bizə boylə operalar lazım deyildir",
"Bibi-heybət işçilərinin təklifi", "Dəmiryol
işçilərinin təklifi" və s. Onlar öz məktublarında
müasir mövzuda yazılmış Azərbaycan operası tələb
edir, hazırkı operanın onların tələbatlarını
ödəmədiyini bildirirdilər. Digər tərəfdən,
onlar bu operaların zəif şəkildə tamaşaya
qoyulduğunu qeyd edirdilər.
1928-ci il diskussiyasının gedişində müəyyən
bir xüsusiyyət gözə çarpır. Bu
da diskussiya ətrafında olan məqalə və
çıxışlarda irəli sürülən məsələlərin,
tələblərin plakat, şüar şəklində
olması idi. Bu xüsusiyyət "Bakinski
raboçi", "Kommunist" qəzetlərinin əsasən
başlıqlarında görünürdü. Hətta bu başlıqların altında olan məqalələrin
adları da şüar şəklində idi. Bu başlıqlar öz-özlüyündə
ziddiyyətli idilər. Bir tərəfdən,
onlar mütərəqqi tələblər irəli
sürürdülər. Məsələn, "Bakinski
raboçi"də "Köhnəliyə və ştampa
qarşı qiyam", "Opera teatrını
sağlamlaşdıraq" şüarları mütərəqqi
idisə, digər tərəfdən "Köhnə ənənələrin
tozunu çırpaq", "Türk operasını yenidən
qurmaq lazımdır", "İndiki türk
operasını ərəb əlifbası və çadra ilə
birlikdə arxivə təhvil verək!" kimi şüarlar
isə Rusiyada olan "Proletkultçuları"n və
"ASM"çıların klassik irsi ləğv etmək
tələblərilə səsləşirdi.
Bu tələbləri
"Kommunist" qəzetində də görmək olardı.
Türk operasının vəziyyətinə həsr edilən
bütün səhifə "Azərbaycan dövlət
türk operası can çəkir" başlığı
altında çap olunmuşdur. "Bugünkü türk
operası bütünlüyü ilə madiyeyi-tərk edilməlidir. "Arşın mal alan"lar,
"Əsli və Kərəm"lər artıq muzey
malı olmalıdır" tələbləri də məhz
belə tələblər idi.
"...Səhnəmizdə mükəmməl
hazırlıqlı artistlər və aktrisalar yetişdirməli,
konservatoriya hərəkətə gətirilməlidir",
"Bizə mədəni, əməkçi kütlələrə
tərbiyə verə biləcək opera lazımdır"
kimi tələblər isə mütərəqqi xarakter
daşıyırdı.
Beləliklə, aydın olur ki, yeniliyə doğru çağıraraq,
"operanın vəziyyətini yaxşılaşdırmaq
istəyənlər" irsə düzgün münasibət
bəsləmirdilər.
"Bakinski raboçi"də opera məsələsinə
həsr edilən səhifədə Ledoqorovun, Əli Kərimovun,
S.Vasilyevin məqalələri dərc edilmişdi. Ledoqorovun məqaləsi
"Yelkənsiz və sükansız", "Şeytan deyilən
qədər qorxulu deyil", "Biz xaltura istəmirik",
"Bədii yığıncağı həyata
çağıraq", "Kütlük, köhnəlik,
durğunluq...", "Sovet teatrından əllərinizi
çəkin!", Əli Kərimovun məqaləsi
"Yenidən qurmaq və ya bağlamaq", "Ümidsiz xəstə",
"Afişa altında öz familiyamı oxumağa
utanıram", S.Vasilyevin məqaləsi "...Arxeoloji
muzey", "Avamın quyruğunda", "Ölülər
əmr edirlər", "Karamzinləri musiqidən arxivə
təəvil verək" başlıqları ilə
verilmişdi.
"Kommunist" qəzetində isə Əli Kərimovun,
Qubad Qasımovun, Əfrasiyab Bədəlbəylinin məqalələri
dərc edilmişdi. Bu məqalələr "Bugünkü
türk operası çadra və köhnə əlifba ilə
bir yerdə tarix arxivinə verilməli" (Əli Kərimovun),
"Yerində saymağa nəhayət verilməli" (Qubad
Qasımovun), "Türk operasının xəstə cəhətləri"
(Əfrasiyab Bədəlbəylinin) başlıqları ilə
çap edilmişdi.
Diskussiyada iştirak edənlərin hamısı Azərbaycan
operasının ağır vəziyyətdə olduğunu
göstərir, bununla əlaqədar olaraq bir çoxları
opera teatrının bağlanmasını tələb edirdilər.
Köhnəliyə qarşı çıxan Ledoqorov
yazırdı ki, "Opera teatrının öz təbiətinə
görə teatr janrının ən konservativ növü
olması əlifba həqiqətidir". Bu, hələ
1917-ci ildə opera haqqında Əhliyev tərəfindən
deyilən fikri xatırladır. Bu fikir
proletkultçuların dedikləri ilə də yaxınlaşır.
Onların səhvlərini təkrar edən Ledoqorov
yazırdı: biz tələb edirik ki, "Keçən il bərpa
edilmiş "Trubadur" tipində operalar nəhayət səhnədən
götürülsünlər..."
Operanın quruluşu sahəsində də Ledoqorov
"Rapm"ın səhvlərini təkrar edərək
formalizmə yaxınlaşırdı. "Operada hər
şeydən daha artıq "nə" yox, "necə"
vacibdir".
S.Vasilyevin məqaləsində klassikanı və Azərbaycan
operasını sevən geniş dinləyici kütləsinə
təkəbbürlü münasibət özünü
büruzə verirdi. Bu da yenə Əhliyevin fikri ilə səsləşirdi.
Azərbaycan operasına olan münasibət daha qəti və
ciddi idi. Diskussiyada çıxış edənlərdən
çoxusu, o cümlədən, M.Quliyev, Əli Kərimov və
b. "Azərbaycan operasını köhnə əlifba və
çadra ilə birlikdə arxivə təhvil verməyi"
tələb edirdilər.
Əli Kərimov məqaləsinin "Afişa
altında öz familiyamı oxumağa utanıram" bəhsində
yazırdı ki, bir sıra operaların müəllifi olan
yoldaş Hacıbəyov öz operalarını anoxranizm və
uşaq opera oyunu adlandıraraq böyük qətiyyətlə
öz operalarından imtina etmişdi. Mən indi öz
familiyamı afişalarda bu operalar altında oxumağa
utanıram.
Əli Kərimov Ü.Hacıbəylinin
çıxışından bu iki cümləni
operamızın arxivə təhvil verilməsi
üçün yeganə dəlil kimi gətirmişdi.
Bizə elə gəlir ki, bəstəkarın bu tövbə
ərizəsindən türk operalarını lazım olmayan
qalıq kimi ərəb əlifbası, çadra və feodal
köhnəliyinin başqa ünsürləri ilə birlikdə
arxivə təhvil verməyi tələb etmək həddən
artıq ehtiyatsızlıqdır.
Biz hörmətli teatr xadimi Şöhkət xanım Məmmədovanın
yuxarıda dediyi fikrilə razılaşırıq. Çünki ola bilsin ki, bəstəkar bu sözləri
tamaşaların zəif quruluşda getməsi ilə əlaqədar
olaraq demişdir. Hələ 1924-cü il
diskussiyası zamanı Ü.Hacıbəylinin operaların
tamaşası haqqında dediklərini yada salaq. O
yazırdı:
"Əgər bu il də oylə bir "xalturalar"
vaqe olacaq - onda həqiqətən türk opera və
operettalarını tamamilə səhnədən qaldırmaq
lazım gələcəkdir".
1929-cu ildə
"Azərbaycan türk operası haqqında" məqaləsində
tənqidçi Həsən Səbri 28-ci il
diskussiyasına yekun vuraraq, əvvəlki tənqidçilərin
fikirlərini davam etdirir. O da inqilabdan əvvəlki
operaları ideya-məzmun cəhətindən tənqid edir,
operada müasir mövzu görmək istəyirdi.
"Na rubeje
Vostoka" jurnalında redaksiya tərəfindən verilən
məlumata görə, diskussiya üzrə qərar qəbul
olunmuşdu.
1928-ci il diskussiyası əvvəlkilər kimi məhdud
idi. Çıxış edənlər
müasir opera tələb etməklə bərabər, əvvəlki
əsərlərə etinasız yanaşırdılar.
Ona görə Ü.Hacıbəyli, M.Maqomayev, Ş.Məmmədova
və musiqimizin digər mütərəqqi sənətkarları
köhnə irsi, inqilabdan əvvəlki operaları saxlamaq
uğrunda fəal mübarizə aparırdılar.
Biz gərək türk operalarının keçmişdəki xidmətlərini unutmayaq, onlar geniş türk kütlələrini musiqi teatrına cəlb etdi. Türk operasının dinləyicilərinin yalnız baqqallardan ibarət olduğunu iddia etmək düzgün olmazdı.
Türk operasına gedənlərin sayı azalmır, əksinə çoxalır və bu da geniş kütlələrin mədəni səviyyəsinin yüksəlməsinə bir sübutdur.
Şövkət xanımın bu sözləri çox səciyyəvidir.
Maraqlıdır ki, 1928-ci il diskussiyası ətrafında aparılan mübahisələrin əksəriyyəti inqilabdan əvvəlki operaların süjeti, quruluşu, professional artist qüvvəsinin zəifliyi ətrafında gedirdi. Bunların musiqisindən isə danışan olmamışdı. Belə nəticə çıxarmaq olar ki, hətta bu operaların bədxahları belə Üzeyir Hacıbəylinin musiqisinin dəyərini dana bilmirdilər.
Gördüyümüz kimi, diskussiya vaxtı Azərbaycan musiqisinin inkişafının bir çox məsələlərinə - milli operaya, operettaya, musiqi təhsilinə, Avropa musiqi klassikasını öyrənməyə, xalq musiqisinə münasibətə və s. toxunulmuşdu. Lakin bütün bu məsələlər arxasında daha ümumi problemlər və ilk növbədə ənənə və novatorluq problemi dayanmışdı. Diskussiya ərəfəsində iştirakçıların görüşlərinin həm uyğun gəlməsi, həm də onları ayıran cəhətlər aşkar olmuşdu. Ü.Hacıbəyli və M.Maqomayevin tutduğu mövqe düzgün və mütərəqqi idi. Canlı musiqi təcrübəsi diskussiya dövründə irəli sürülən fikri təsdiq etdi: Azərbaycan musiqisinin novator əsərlərini keçmişin mütərəqqi ənənələrinin əhəmiyyətini inkar etməyən bəstəkarlar yaradacaqlar. 30-cu illərdə M.Maqomayevin və Ü.Hacıbəylinin yaratdığı operalarda onların ənənə və novatorluq anlayışı öz ifadəsini tapmışdır. Belə operalardan biri M.Maqomayevin müasir inqilabi mövzuya həsr edilmiş "Nərgiz" operası, digəri isə Ü.Hacıbəylinin şah əsəri "Koroğlu"sudur. Bu əsərlərin milli operanın inkişafında böyük əhəmiyyəti olmuşdur.
Daha sonra müasir mövzuda yazılmış
operaları və digər janrlarda olan əsərləri,
Üzeyir Hacıbəylinin dediyi kimi, Azərbaycanın gənc
bəstəkarları yaratmışdı.
525-ci qəzet.- 2017.- 19 sentybar.- S.6.