"Buynuz" bayatılarında Buynuz fəlsəfəsinin dərki

 

ŞAİR FƏXRƏDDİN TEYYUBUN "BUYNUZ BAYATILAR"I HAQQINDA QEYDLƏR

 

 

 

 

Tanınmış şair, əziz dostum Fəxrəddin Teyyub görkəmli şairimiz Musa Yaqubun yaradıcılığını çox sevir, vaxt görüşsək, hökmən Musa Yaqubdan nəsə ("nəsə" çox sevdiyim sözdü, onun içində çox gizli mətləblər var) deməlidir.

 

Günlərin bir günü o, mənə "Buynuz bayatıları"nı təqdim edəndə bildim ki, bu "nəsə"lər 53 bayatıya toplaşıb, Musa Yaqubun 80 illiyinə müxtəlif çiçəklərdən hörülmüş gözəl bir çələng yaradıb.

 

Fəxrəddin Teyyub təpədən-dırnağa sözlə nəfəs alan, oxuduğu şeirlərin ritmini ürək ritmləri ilə tuta bilən, səs ahəngində qoşmanın, gəraylının avazını yaşadan çox maraqlı şeirlər yazan bir şairimizdir. Onun "Buynuz bayatıları" Musa Yaquba, İsmayıllının Buynuz kəndinə, bütövlükdə vətənimizə, onun ecazkar təbiətinə olan sevgisinin toplusudur. Fəxrəddin Teyyub bayatıları mənə təqdim edəndə dedi ki, (özü şəstlə, ürəklə ) qoy, əvvəlcə şeirləri ucadan özüm oxuyum. Şair həmin bayatıları elə avazla oxudu ki, elə bildim, Buynuzdakı meşələr bu il elə bu bayatılarla yarpaqlayıb. Eləcə göydən üstümə bayatı yarpaqları yağırdı mən bayatı yağışında əməlli-başlı islandım. Sən demə, bayatıların ətri varmış.

 

Açığını deyim, xalq bayatılarından sonra az sayda (bir-iki nəfər) şairimizin yazdıqları bayatıları oxumuşam. Oxuya bilmirəm, məni darıxdırır. Çünki xalq bayatıya öz möhrünü elə vurub ki, ondan sönra hər bayatını o möhür tuta bilmir. Amma Fəxrəddin Teyyubun "Buynuz bayatıları" mənə o qədər şirin, o qədər doğma gəldi ki, elə bil Musa Yaqubu gördüm, əlini sıxdım, yeni şeirlərini öz ifasında dinlədim. Bir sözlə, "Buynuz"u ziyarət edib gəldim.

Bayatılar ənənəvi formada yazılsa da, onun məna qatı, bədiiliyi elə bil şeirin quruluşuna yeni bir naxış vurub. Mənə elə gəldi ki, bu naxış sarı rəngdədir. Elə bil bu bayatılar payızda, yarpaqların saralıb tökülən vaxtında yazılıb. Fəxrəddin Teyyub həmişə payız haqqında çox gözəl şeirlər yazır "Buynuz bayatıları" da həmin şeirlərin arxasına qoşulan bir durna qatarıdır.

 

Şair bayatılarda əslində Azərbaycanımızın təbətini bu təbiətin böyük şair oğlu Musa Yaqubun portretini çəkir. Milli -mənəvi əxlaqi dəyərlərimiz şeirin məzmununa çevrilir. Bu, birbaşa deyil, şeirin bədii, estetik gücündən doğur. Səmimiliyin təsirindən yaranır.

 

Mən aşiq, sizə gəlləm,

Havalar qıza, gəlləm,

Ömür vəfa eyləsin,

Bir gün "Buynuz"a gəlləm.

 

Halbuki, şair Fəxrəddin Teyyub ildə beş-altı dəfə Buynuz kəndinə gedib-gəlir. Bəs şair niyə deyir ki, ömür vəfa eyləsə, bir gün (məhz bir gün) Buynuza gəlləm? Demək Buynuza gəlmək o gəlməklərdən deyil, söhbət onun fəlsəfəsinin, estetikasının, harasa düşən kölgəsinin dərkindən gedir. Buynuz dərk etmək, insanı dərk etməkdir. Təkcə Buynuz fiziki görüntü deyil, həm ruh məsələsidir.

 

Əziziyəm, yaz məni,

Qələm götür, yaz məni,

Bir gün basar bağrına,

Ana tək "Buynuz" məni.

 

Buynuz bayatılarında "bu gün" sözü yoxdur, "bir gün" sözü var. O bir gün gələcək günlərinin biridir. Hansıdır, onu sirli Xuda bilir. O bir gün Qara sevdanın vüsal dəmidir. Həsrətin sonudur. Buynuzun böyük qardaşı Şuşa qalasıdır, Topxana meşəsidir. Bütöv Azərbaycanın təntənəsidir. qədər ki, bu qələbə yoxdur, Buynuz öz oğlunu bağrına basa bilmir.

 

Əziziyəm, yu, mənəm,

Qəm köynəyin yu, mənəm,

Axır gəlib görüşdüm,

Bu "Buynuz"du, bu mənəm.

 

Bəli, gələcək günlərin birində artıq oğul öz qələbəsini Buynuza çatdırır. Onunla görüşməyə gəlir. Bu, elə-belə görüş deyil, Buynuz fəlsəfəsinin dərkidir. Sirrin açılış məqamıdır.

 

Mən aşiq yol uzunu,

Düşündüm yol uzunu,

Yağılar çox görübdü,

"Buynuz"un buynuzunu.

 

Buynuz azərbaycançılığın, ən başlıcası insanlığın kiçik bir parçasıdır, Lənkəranın - Şıxkəranın qardaşıdır. Onun fəlsəfəsində düşmənə əbədi cavabı var, hər bir ştrixində Allah sevgisi var, insanlara kömək, xeyirxahlıq duyğuları var. "Buynuz bayatıları" əsas ideyası budur. Bu münasibətlə, şair qardaşımı təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayıram!

 

 

Qəşəm NƏCƏFZADƏ

 

525-ci qəzet.- 2017.- 20 sentyabr.- S.8.