Elşad Ərşadoğlunun poetik dünyası
Tələbəlik illərimizi eyni qrupda paylaşdığımız
Elşad Ərşadoğlu
"taleyinin iş vaxtında" yeni bir kələfin ucunu açmağa çalışıb.
Üçüncü minillikdə çap olunan "Yarsan mənim ürəyimi",
"Kələfin ucu"nu
tapmağa yardım edir. İkinci kitabı
olan "Kələfin
ucu"nun özəlliklərini
elə yazarın öz sözləriylə
varaqlayaq: "Bu boyda Azərbaycan türkcəsində
mən Ona bir söz tapıb
deyə bilmirəm"-
söyləyən Elşad
poetik tapıntılar
etməkdə heç
bir çətinlik çəkmir, sanki o özü tapıntıların
əlinə keçir.
Elə bu səbəbdən də "kəsilib özümə qənim taleyim" - deyir, ona görə ki, "Yaman qəribədir mənim taleyim". Hərdən olur ki, həmin tale "Zülmətdə
yaşayır yuxular kimi".
Bəzən, doğrudan da, Elşad öz gerçəkliklərini poeziyaya
təslim edir. "Qaçıb tənhalığın
əlindən hər gün, Girdim xəyalların qucağına
mən" - etirafını
etsə də, "Xəyal hava deyil, xəyal su deyil, Nə
qədər xəyalla
yaşamaq olar?"
- sualı ətrafında baş sındırır. Gəldiyi
qənaət isə poetik şəkildə əks olunur: "Xəyalınla
birgə yatıb dururam, İndi tənhalığın acığına
mən". Şair qəribə səmimi etiraflarını da əsl poeziya dilində çatdırmaq
istəyir: "Sən
məndən səadət
umma, əzizim, Mən özüm səadət dilənçisiyəm".
Özünütəsdiq səbəbi
də çox inandırıcı şəkildə
ifadə olunur: "Mən sənə qəm-kədər verə
bilərəm, O da çox çətin ki, gərəyin olsun". Başqa bir tutarlı
səbəb də odur ki, "Ürəyimdə yaman darısqallıqdı, Yarısın
söz tutub, yarısın Allah". Elşad
hətta günahsızlığın
cəzasını da özünəməxsus formada
verir: "Yalandan özümə məhkəmə
qurub, Sonra bağışlayıb, əfv
edəcəyəm".
Şair
"amansız hakim" olmaqla
yanaşı, hərdənbir
razılığa gələn
həssas aşiq də olur: "Sənə bundan yaxşı nə təklif edim, Dörd otaq verirəm öz ürəyimdə". Şərtini də qoyur ki,
müqavilədən boyun
qaçırmaq fikrinə
düşsən "Səni
öldürüb öz
əllərimlə mən,
Sonra dəfn edəcəm düz ürəyimdə". Müəllif
əsərlərində səmimiliyə
o qədər aludə
olur ki, "Səadət dilənçisi"nin gileylərini də şeirləşdirir:
"Dünən həsrətimin
bir yaşı oldu, Zəng edib təbrik də eyləmədin heç". Belə məqamlarda tələbkar
aşiq olan şair müvəqqəti
insanların adını
"fəxri qonaqlar kitabı"na yazır. Müəllif bir şeirində
ürəyə gedən
yolların ayrıclarının
özəlliklərini göstərir.
Onun da ürəyinə yol tapmaq istəyirlər,
o da bir ürəyə yol tapmaq istəyir, lakin hədəf seçdiyi şəxs
"Ürəyinin hər
yanına "Giriş
qadağandır..." yazıb".
Elşadın yaradıcılığında dərin mənalar olduğuna görə, bəzən fikirləri dolayısı ilə çatdırır. Sadəcə bir kəlmə
ölüm və ya intihar məsləhəti
yerinə; "Bir kəndir, bir ağac, bir də cəsarət məni unutmaqçün edər kifayət" - deyərək mükəmməl
köçürmə edir.
Poetik düşüncələrində tələbkar olduğu qədər də məsuliyyətli olan müəllif son görüşdə
"səni gözlərimə
köçürüb gəldim"-
söylədiyi andan
"Gözlərimi qırpmamışam
o vaxtdan, Birdən gözlərimdən düşərsən
deyə" - ehtiyatsızlıq
etmədiyini nümayiş
etdirir. Nümunədəki ikibaşlı sözlər
müxtəlif məna
çalarlığı yaradır.
Bəllidir ki, gözdən
düşmək frazeminin
məcazi mənası
məhəbbəti sıfıra
endirir. Şair, təxəyyülünün məhsulu olan gözəllə qeyri-müəyyən
bir məkana getmək arzulayır.
Elə bir yerə ki, oranın
mövcudluğu məkansızlığa
bərabərdir:
Gəl batmamış bu dünyada
biz günaha, şərə gedək.
Şirin-şirin arzuların
çin olduğu yerə gedək.
Elşad sevgi
tutumlu misralarla
yanaşı, digər mövzularda da tapıntılara üstünlük
verən müəlliflərdəndir. Qələmlə dostluqdan şikayətlənir ki,
"Girib ürəyimin
qılığına o. Qoymadı bir dənə sirr qala məndə"- buna
görə də, yeganə çıxış yolu qalır ki, səmini etiraf etsin ki,
"Mən yazıq aldandığımı Bilə-bilə
aldanıram". Bu aldanışın
bünövrəsi çox
uzaqlara-uşaqlıq nağıllarına gedir:
"Kül başıma işıq gələn
səmt qaldı, İt səsinin
marağına gəlmişəm". Folklorun
təsiri hiss olunan bu misraların davamı fəlsəfi
düşüncələr axarına düşür:
"Bu dünyaya gəlmək
fikrim yoxuydu, O
dünyanın acığına gəlmişəm". Bu dünyadakı missiyasında sözün hörmətini saxlayan
şair, sözdən də bunun
qarşılığını görərək deyir: "Varağın üzünü
qaraldan qələm, Hər yerdə üzümü ağ etdi mənim".
Gülnar
SƏMA
525-ci qəzet.- 2017.- 20 sentyabr.- S.8.