ARİRANQ... Azərbaycanın qəlbini coşdur!
KİM Kİ DUKUN HƏMVƏTƏNLƏRİ İLƏ UNUDULMAZ AXŞAM
Sentyabrın 17-də Heydər Əliyev Sarayında Koreya və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının
25 illik yubileyinə həsr olunmuş mədəniyyət tədbiri
keçirildi.
Koreya Respublikasının
Azərbaycandakı səfirliyinin
və SEBA (Seul-Bakı)
Azərbaycan-Koreya Mədəniyyət
Mübadiləsi Assosiasiyasının
birgə təşkilatçılığı
ilə keçirilən
gecə rəngarəngliyi
ilə fərqlənirdi. Hələ tədbirdən
əvvəl proqrama nəzər salanda tamaşaçıları nələrin
gözləməsini təxmin
etmək olardı.
Elə səhnədə qurulmuş
böyük ekran və nümayiş olunan əsrarəngiz təbiət mənzərələri,
fotomateriallar çox şey deyirdi. Həm də bu, bir növ
hazırlıq idi...
Mənimsə hazırlığım Kim Ki
Dukun filmlərindən
başlamışdı. Bir neçə
ildir, diqqətimi çəkən bu rejissor Koreya mədəniyyəti, Kinosu
haqqında ciddi düşünməyə əsas
verir. Fəaliyyəti
dövründə müxtəlif Kino festivallarda
uğur qazanan, həmçinin Venesiya və Berlin kimi nüfuzlu festivalların əsas mükafatına layiq görülən filmləri Kim Ki Duka dünya şöhrəti qazandırıb.
Ən sevdiyim filmi "Pyeta" isə müəllifini populyarlığın
zirvəsinə qaldırıb
desək, yanılmarıq.
Həmin
axşam həzin və yumşaq Koreya musiqisinə qulaq asdıqca, təbiətin allı-güllü
rənglərinə bələnmiş
gülərüz Koreya
qızlarını müşahidə
etdikcə istər-istəməz
"Pyeta" filmindən
ayrı-ayrı kadrlar
gözümün önündən
keçir. Düşünürəm,
görəsən, bu
al-əlvan rənglərin
içərisindəki zülməti,
yaxud həzinliyin, yumşaqlığın arasındakı
qəddarlığı necə
tapıb, necə üzə çıxarıb
Kim Ki Duk?! Ümumiyyətlə, belə "rahat"
sənətlə yetişən,
böyüyən adamın
həyatın bu biri üzünü, qara sifətini göstərməsi necə
olub? Bütün bunlar mücərrəd,
cavabsız suallardır.
Necə ki, eyni ildə
Kim Ki Dukun "Pyeta"sı ilə bir vaxtda PSY-ın "Qanqnam stayl" mahnısının
məşhurlaşmağı, dünyada ən çox baxış sayı olan videoya çevrilməyi izahsızdır. Amma bununla
belə, hər iki fakt Koreya
mədəniyyətinin, musiqisinin,
kinosunun dünyaya təsirini göstərir.
17 sentyabrda Heydər Əliyev Sarayında zal dolu adamla
birgə tarixi qədimlərə gedən
bu mədəniyyətin
ən müxtəlif tərəfləriylə, janrlarıyla
tanış ola bildik. Əvvəlcə Uşaq teatrının balaca artistləri Koreya milli rəqsi
ilə qonaqları salamlayırlar. Balacaların əllərindəki yelpinclərə
baxıb düşünürəm
ki, nə qədər də qadınsal aksesuardı bu.
Filmlərdən gördüyüm
zadəgan xanımlarının
zərif-zərif yellədib
əda ilə danışması gözümün
önünə gəlir.
Amma bu dəfə balaca rəqqasələrin
əllərində incə
naxışlı yelpinclər
qanadları xatırladır.
Təsvirəgəlməz zəriflik, kövrəklik
var bu səhnədə.
Daha sonra Koreya milli geyimlərindən
ibarət olan Moda nümayişi başlayır. Bu, sadəcə
geyimlərin göstərisi
deyil.
20 illik təcrübəyə
malik olan Hanbok dizayneri Kim Jivon milli geyimlərlə
hekayələr yaradır. Koreya milli
mədəniyyətindən bəhs edən televiziya verilişləri,
kino, tamaşa kimi müxtəlif incəsənət sahələrində
çalışan bu
gənc dizayner incəsənət xadimlərinin
paltarlarının dizaynı
ilə də məşğul olur.
Bizlərə təqdim olunan
paltarlar isə kiçik etüd-tamaşalar
şəklində, musiqinin,
zərif rəqslərin
müşayiəti ilə
göstərilir. Defileni seyr
etdikcə ən müxtəlif təbiət
hadisələri, təsvirləri
ilə bağlı assosasiyalar yaranır.
Zərif
xanımların geyimində
güllərin, çiçəklərin,
meşənin, yaşıllığın
izlərini duymaq olur. Saç düzümləri isə ayrıca bir sənət əsəridir. Lee Jeyanqın yaratdığı
bu saç düzümləri Koreya milli adətlərinə əsaslanıb. Sərvət və hakimiyyəti əks etdirən milli saç bəzəkləri son dərəcə
qeyri-adidir. Moda nümayişindən
sonra Koreyanın ölkəmizdəki səfiri
Kim Çanq Gyu və xanımı da milli geyimlərdə
səhnəyə çıxırlar.
Səfir
bu gün tədbirdə hökm sürən bayram ovqatından, xalqlarımız
arasındakı mədəni
əlaqələrin dərinə
gedən köklərindən
danışır. Həmçinin,
gələn qonaqlara, təşkilatçılara təşəkkürlərini
çatdırır: "Mən
təşkilati işdə
göstərdiyi həssaslığa,
dəstəyə görə
SEBA (Seul-Bakı) Azərbaycan-Koreya
Mədəniyyət Assosiasiyasının
sədri Ruhəngiz xanım Heydərovaya dərin minnətdarlığımı
bildirirəm. Həmçinin, sizlərə tədbirdə
iştirak etdiyiniz üçün öz təşəkkürlərimi çatdırıram.
Arzu edirəm ki, bu gözəl
görüşümüzlə dostluğumuz daha da möhkəmlənsin..."
Tədbir başlamazdan öncə proqrama nəzər salanda taekvando nümayişinin də olacağını bilib təəccüblənmişdim. Yəni mədəniyyət
tədbirində taekvando
nümayişi qəribə
görünmüşdü mənə. Amma bir azdan Kukkivon qrupunun əsl sənət əsərini
xatırladan, coşqun
musiqi sədaları altında bu idman növünün ən müxtəlif hərəkətlərini, elementlərini
özündə əks
etdirən şousunu seyr edəndə fikrim dəyişir. İdmançıların çevik hərəkətləri,
coşquları, musiqi
ritminə uyğun dinamik oyunları insana qəribə təsir edir. Burda həm güc var, həm də
riyazi hesablama.
Yəni
taekvando sadəcə gücün nümayişi
yox, həm də ağlın, müdrikliyin, hətta bir az da siyasətin ifadəsidir.
Taekvandoçuların enerji dolu şousundan sonra az qala eşidilməyəcək səslə oxunan, həzin, qəmli mahnıları dinləyirik. Daha öncə tədbirin aparıcısı "Saranqa" və "Ariranq" haqqında danışır. Bunlar milli mahnılardır. Hər ikisi sevgi motivlidir. "Saranqa" daha çox sevgi etirafını ifadə edir. Ariranqın isə məzmunu xeyli kədərlidir. Qədim zamanlarda kiçik bir kənddə yaşayan gənc oğlan Ri Ran ilə Son Bu bir-birinə aşiq olurlar. Kənd camaatı ilə birgə istismarçılığa qarşı vuruşan bu gənc cütlük ələ keçməmək üçün dağlara qaçmalı olurlar. Elə orda da evlənirlər. Çox keçmir ki, Ri Ran üsyançı dostlarına qoşulmaq üçün sevgilisini tərk etməli olur. Gözləməkdən səbri tükənən Son Bu dağın uca bir təpəsinə çıxıb həsrətini, kədərini nəğməyə çevirir. Beləliklə, yüz-yüz illərdi dillər əzbəri olan "Ariranq" mahnısı belə yaranır.
Ariranqın gətirdiyi hüzün, kədəri isə Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının çıxışı dağıdır. Tofiq Quliyevin mahnılarından ibarət popuriylə çıxış edən, milli rəqslərimizi nümayiş etdirən ansambl böyük coşqu ilə qarşılanır. Özü də təkcə yerli tamaşaçılar yox, zalda əyləşmiş koreyalı qonaqlar da milli rəqslərimizə, musiqimizə böyük heyranlıq nümayiş etdirirlər. Tədbirin aparıcısı da musiqimizin zənginliyinə vurğunluğunu dilə gətirir. Daha sonra Muğam triosu ilə Koreya Milli Musiqi Alətləri Ansamblı birgə musiqilər ifa edir, "Sarı gəlin" mahnımızı oxuyurlar. Müxtəlif səslərin harmoniyası, üzvü şəkildə bir-birinə qarışması qulağa xoş gəlir. Həm də bu cür sintezlər milli musiqimizin təbliğatına da kömək edir.
Tədbirin sonunda Kori qrupu
ritmik Panqut ifa edir. Tamaşaçıları da özlərinə qatan rəqqaslar, zala müraciət edən, alqışlarla ritm tutan artistlər
qəribə bir enerji yaradırlar səhnədə. Özümdən asılı olmadan yenə bütün bu nikbinliklə tərs mütənasib olan filmlərə, Kim Ki Duk filmlərinə
gedirəm. Düşünürəm nə qədər qəribədi tək bir insana, bir
sənətkara, yaxud oxuduğun bir maraqlı kitaba görə bütöv milləti sevmək mümkünmüş. Kim
Ki Dukun yaratdığı təəssürat
bugünkü konsertlə,
görüşlə bir
qədər də dərinləşdi. Elə
bu ovqatla tədbirdən çıxıram...
Bir gündən sonra isə ölkəmizdə Üzeyir
Hacıbəyli adına Musiqi Festivalı başlayacaq. Və mən elə ilk axşam, festivalın açılışında tək
bir adama görə bütöv milləti sevməyin mümkünlüyə daha
çox inanacağam.
PƏRVİN
525-ci qəzet.- 2017.- 20 sentyabr.-
S.7.