Azərbaycan dilçiliyinin şah əsəri
Azərbaycan dilində
Böyük dilçi və şərqşünas alim
Mirzə Kazımbəyin bütün dünyada məşhur
olan "Türk-tatar dilinin qrammatikası" əsəri
bugünlərdə Azərbaycan dilində geniş şərhlərlə
çap olunub.
Azərbaycan dilçiliyinin və ümumən
türkologiyanın şah əsərini müəllifin ana
dilinə professor İdris Abbasov çevirib.
Bu mühüm nəşrə akademik Nizami Cəfərovun
yazdığı "Ön söz"ü
oxucularımıza təqdim edirik.
Azərbaycan
Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik
İnstitutunun "Nəzəri dilçilik" şöbəsinin
müdiri, filologiya üzrə elmlər doktoru, professor
İdris Abbasovun "Mirzə Kazımbəyin
"Türk-tatar dilinin ümumi qrammatikasının tərcümə,
tədqiq və şərhi" kitabı türkologiya, Azərbaycan
dilçiliyi və ümumi dilçilik baxımından
xüsusi önəm daşıyır. Dilçilik
İnstitutunun alim-professorları, elmi şura üzvləri və
digər elmi müəssisədən olan alimlər milli-mədəni
sərvətimizin tərkib hissəsi olan bu möhtəşəm
məxəzin ana dilimizə tərcümə edilməsini
çox doğru olaraq Azərbaycan dilçilik elmi və
türkologiyasına əvəzsiz töhfə hesab etmiş, əsərin
tədqiq və şərhlərlə təqdim
olunmasını isə son onilliklər ərzində Azərbaycan
dilçilik elmində hadisə sayaraq, bu işin ən ali
mükafatlara layiq olduğunu vurğulamışlar.
Dövrünün
tanınmış rus şərqşünası, professor B.V.Qriqoryev Mirzə Kazımbəy
haqqında yazırdı: "Fars filologiyası kafedrasında
Mirzə Cəfərin xələfi nəinki təkcə bizdə,
həmçinin bütün Avropa və Asiyada
tanınmış şəxsdir. O, müsəlman elmlərinin
dərin bilicisi, biliklərini Avropa elmi ənənələri
ilə birləşdirən, ərəb, fars və türk
dillərinə bələd olduğu kimi, ingilis, fransız və
rus dillərini gözəl bilən... asiyalıdır..."
Şəxsiyyəti ilə qürur duyduğumuz Mirzə
Kazımbəy Kazan Universitetində Şərq dilləri
kafedrasının müdiri, Sankt-Peterburq Universitetində Şərq
dilləri fakültəsinin ilk dekanı, səkkiz dil bilən
azərbaycanlı mütəfəkkirdir. O, rus şərqşünaslığının
banisi sayılır. Dünya şöhrətli
türkoloq, iranşünas, ərəbşünas və
islamşünas, ensiklopedik biliyə malik böyük alim Mirzə
Kazımbəy Rusiyanın, Avropanın və Şərqin elmi
dairələrində tanınmış, dünya şərqşünaslığında
silinməz izlər buraxmış unudulmaz şəxsiyyətdir.
Kazanda və Peterburqda universitet şərqşünaslığının
mənbələri və inkişafı Mirzə Kazımbəy
fenomeni ilə bağlıdır. Onun müsəlman
Şərqinin dili, tarixi, fəlsəfəsi, ədəbiyyatı
və s. sahəsindəki əsərləri Rusiyada və
Avropada şərqşünaslığın ən mükəmməl
nümunələrini təqdim edirdi. Bu
böyük alimin çoxşaxəli elmi fəaliyyəti barəsində
bir çox əsərlər işıq üzü
görmüşdür. Eyni zamanda, onun həyat
və yaradıcılığı barəsində məlumatlara
Qustav Düqonun, İ.Yu.Kraçkovskinin, M.S.İvanovun,
V.V.Bartoldun, A.Rzayevin və onlarla başqalarının tədqiqatları,
həmçinin indiyə qədər olan digər
araşdırmalarda da rast gəlinir.
"Türk-tatar dilinin ümumi qrammatikası"
M.Kazımbəyin çoxcəhətli
yaradıcılığında müstəsna əhəmiyyətə
malik bir əsərdir. Böyük alimin bütün
bioqrafları qeyd edirlər ki, hörmətəlayiq
türkoloq Avropa ilə Şərqin dil və qrammatik ənənələrini
özündə birləşdirirdi. Elmi ənənələrin
və tədqiqat üsullarının bu mürəkkəb
şəbəkəsi daha çox onun "Ümumi
qrammatika"sında öz əksini tapırdı.
A.Joberin "Qrammatika"sına məxsus latın və ənənəvi
ərəb dili qrammatikası sxemləri və
terminologiyasını özündə birləşdirən
"Ümumi qrammatika"da M.V. Lomonosovun dilçilik
ideyalarının da təsirini görmək
mümkündür. M.Kazımbəyin rus
türkologiyasına ərəb dilinin qrammatikasına məxsus
"izafə", "izafət" terminlərini gətirməsi
xüsusi önəm daşıyır.
"Türk-tatar dilinin qrammatikası" kitabı ilk dəfə
1839-cu ildə işıq üzü görmüş və
uğurlu dərslik kimi şöhrət qazanmışdır. Kitab ikinci dəfə
1846-cı ildə "Türk-tatar dilinin ümumi
qrammatikası" adı altında təkrar nəşr
olunmuşdur. 1848-ci ildə fəlsəfə doktoru və
Paris Asiya Cəmiyyətinin üzvü Yulius Teodor Senker
(1811-1884) tərəfindən alman dilinə çevriləndən
sonra əsər Qərb ali məktəblərində
dərslik kimi istifadə edilməyə
başlanmışdır.
Təəssüf ki, ana dilimizin ilk elmi
qrammatikasını özündə əks etdirən bu kitab
indiyə kimi Azərbaycan dilinə tərcümə
olunmamış və müfəssəl tədqiqini
tapmamışdır. Əsərin yüksək məziyyətlərə
malik olması haqqında fikir və müddəalar səsləndirilsə
də, ümumilikdə, heç bir konkret addım
atılmamış, "Ümumi qrammatika"nın
detallarına varılmamışdır. Görünür,
kitabın spesifik elmi üslubda yazılması, onun çoxcəhətliliyi,
terminlərin mürəkkəbliyi və çox vaxt
anlaşılmazlığı tədqiqatçıları bu
yükün altına girməkdən çəkindirmişdir.
"Türk-tatar
dilinin ümumi qrammatikasının tərcümə, tədqiq
və şərhi" monoqrafiyası ilə
tanışlıqdan sonra məlum olur ki, əsərin dərin
qatlarına nüfuz etmək üçün rus dilindən
savayı, fransız, ərəb, fars,
ingilis, hətta latın və italyan dillərinə də bələd
olmaq vacibdir. Sadaladığımız dillərin
qrammatikasından xəbərsiz olan tədqiqatçı
M.Kazımbəyin "Ümumi qrammatikası"nın mahiyyətini dərk edə bilməz və
nəticədə mükəmməl tərcümə və
şərh alınmazdı.
Qeyd
etdiyim kimi, M.Kazımbəyin "Qrammatika"sını tərcümə
və şərh etmək üçün ən azından
onun bilik səviyyəsinə yaxın bir səviyyəyə
malik olmaq tələb olunur, yəni həmin şəxs islam
elmləri, ilahiyyat, tarix, ədəbiyyatdan savayı, rus, ərəb,
fransız, ingilis, fars, latın, hətta italyan dillərinin
qrammatikasına bələd olmalı, ümumi dilçilik
biliklərinə yiyələnməli, bundan əlavə, səbir,
təmkin və iradə nümayiş etdirərək heç
bir çətinlikdən qorxmamalıdır. Belə
bir alimi akademik Tofiq Hacıyev kəşf etdi. Ustad T.Hacıyev ciddi əmək və məsuliyyət
tələb edən işi məhz dilçi-şərqşünas,
filologiya üzrə elmlər doktoru,
sadaladığımız zəruri keyfiyyətləri
özündə daşıyan İdris Abbasova həvalə
etdi. İ.Abbasov yorulmadan çalışaraq etimadı
doğrultdu və Mirzə Kazımbəyin adına layiq 1000 səhifəlik,
yüksək elmi məzmun və məziyyətlərə
malik sanballı bir iş ortaya qoydu. Bu möhtəşəm
əsərlə tanışlıqdan sonra əminliklə deyə
bilərik ki, böyük ustad seçim etməkdə
yanılmamışdır.
İnanıram ki, bu möhtəşəm dil abidəsinin
layiqli şəkildə yenidən canlandırılması,
onun linqvistik-filoloji tədqiq və şərhlərlə
genişləndirilməsi Mirzə Kazımbəylə
yanaşı, İdris Abbasovun da adını milli elm tarixinə
yazacaqdır.
İ.Abbasov "Qrammatika" üzərində işləyərkən
M.Kazımbəydən əvvəl və onun dövründə
Türk-Azərbaycan dilinin qrammatikasına və ümumi
dilçiliyə dair çap olunmuş əksər məşhur
əsərlərdən faydalanmışdır. İşin
gedişində o, xarici dillərin qrammatikalarının
ümumi qanunauyğunluqlarını nəzərdən
qaçırmamış, dil faktlarına diaxronik-sinxronik və
komparativ-kontrastiv aspektdə yanaşmışdır.
Tədqiqatçı-alim
latın dilində H.Miqiza, F.Meninski, ərəb dilində
Sibaveyhi, Xəlil ibn Əhməd əl-Fərahidi, İbn
Malik, Abbas Həsən, Qasim əl-Muradi, Süyuti, fransız
dilində J.Holderman, J.Prendl, M.Viqye, A.Jober, Jan-Şarl dö Bess,
V.Lötelye, A.Fayzmayer, L.Dübö, Şarl Vyot, M.Nassif,
ingilis dilində A.Davids, italyan dilində K.Komidas və onlarla
digərlərinin əsərlərinə dönə-dönə
müraciət etmiş, Türk-Azərbaycan dilinin
qrammatikasına müxtəlif rakurslardan baxmışdır. Tədqiqat və şərhdə biz yeni, orijinal
fikirlərlə rastlaşırıq. İ.Abbasov
fransız şərqşünası Silvestr dö Sasinin fikir
və müddəaları, Babil, Çin-yapon və ərəb
ənənəvi qrammatikalarından, qədim hind, Roma
dilçiliyindən, modistlərin, humanistlərin, fransız
ensiklopedistlərinin təlimlərindən, A.Arno və
K.Lanslonun Por-Royal qrammatikasından, N.Bozenin "Ümumi
qrammatikası"ndan, kartezian təlimindən, latın, ərəb,
italyan, fransız, türk, ingilis, rus və ispan dillərinin
qrammatikasını əhatə edən linqvistik əsərlərdən
lazımınca və yerli-yerində istifadə etmişdir. Bu mənada əsər mükəmməl və
dolğun material təqdim edir.
Fonetika bəhsində
İ.Abbasovun maraqlı linqvistik-fonoloji müddəaları ilə
tanış oluruq. Tədqiqatçının
fikrincə, M. Kazımbəyin heca və orfoqrafik işarələr,
sadə və mürəkkəb, təbii və süni hecalar
haqqında müfəssəl məlumatları Azərbaycan, o
cümlədən, digər türk dillərinin
fonetikasını öyrənmək baxımından çox
faydalıdır. Əsərdə
Türk-Azərbaycan dilində isimlərin cins, kəmiyyət
və hal kateqoriyası ətraflı tədqiq və şərh
olunmuş, adları qeyd olunan orta əsr dilçilərinin əsərləri
diqqətlə təhlil və müqayisədən
keçirilmişdir.
M.Kazımbəyin
Türk-Azərbaycan dilində hal sistemini ərəb
istilahları ilə adlandırması İ.Abbasovu həmin
istilahlar haqqında nisbətən geniş tədqiqat aparmağa
vadar etmiş və o, yeddi halın hər birini Azərbaycan
dilinə tərcümə edib zərgər dəqiqliyi ilə
müxtəlifsistemli dillərin materialları ilə
müqayisəli şəkildə ayrı-ayrılıqda
şərh etmiş, öz müddəalarını ərəb,
ingilis, fransız, rus, italyan dillərindən kifayət qədər
misallar, nümunələr gətirməklə əsaslandırmışdır.
İ.Abbasov Henri Boyerin müddəasına
istinad etməklə Türk-Azərbaycan dilində vasitə,
müşayiət və birgəlik bildirən sosyativ (sociatif)
halın mövcudluğunu təsdiq edir.
İ.Abbasov XVIII-XIX yüzil şərqşünas-alimlərin
türk dilinə aid əsərlərini yorulmadan müqayisə
edir, sanballı nəticələr çıxarır. Məsələn, o
yazır: "Burada diqqəti çəkən digər bir məqam
da A.Joberin və M.Kazımbəyin toxunmadığı
qarışıq gələcək zaman tərzidir ki, bu haqda
K.Komidas bəhs edir. Onun Futuro misto adlandırdığı
termin qrammatik ədəbiyyatda nadir rast gəlinən
istilahlardandır və daha çox latın
dilinin qrammatikası ilə əlaqədardır. Azərbaycan dilində "sevmək" feilinin təsrifini
Futuro misto zaman tərzində oxuculara təqdim etməyi məqbul
saydıq. Sözügedən istilahı
L.Dübö üçüncü gələcək (troisieme
futur) adlandırır. L.Dübönün
yanaşmasına görə, üçüncü gələcək
zaman fransız dilinə ikinci gələcək zaman şəklində
tərcümə olunur, yəni tərcümələr
bir-birindən fərqlənmir. Bütövlükdə nəzər
saldıqda aydın görmək olar ki, K.Komidasın türk
dilinin qrammatikasında təqdim etdiyi Futuro misto ilə
L.Dübönün göstərdiyi Troisieme futur
(üçüncü gələcək) arasında bir fərq
yoxdur", yaxud "M.Kazımbəyin Buduhee tretğe
adlandırdığı zaman tərzini A.Jober eynilə Troisieme
futur, A.Davids ingiliscə Second or Necessary Future adlandırır.
A.Jober, çox güman ki, yanlış olaraq bu
zaman tərzini fransız dilinə feilin xəbər şəklinin
sadə gələcək zamanı kimi tərcümə
etmişdir. Təbii ki, həmyerlimiz
M.Kazımbəy öz əsərində A.Joberin bu
yanlışlığını aradan qaldırmış və
həmin zaman tərzinin rus dilində dəqiq ekvivalentini verməyə
müvəffəq olmuşdur. A.Joberdən fərqli
olaraq, L.Dübö analoji zaman tərzini ifadə etmək
üçün Futur absolu ou de necessite istilahını
seçmiş və təqdim etdiyi misalı
fransız dilində nisbətən düzgün əks
etdirmişdir. (Dubeux 1856, p.68). Burada K.Komidasın bəhs etdiyi Futuro misto relativo
(nisbi qarışıq gələcək) zaman tərzi də
nəzərdən qaçmamışdır" və s.
Tədqiq və şərh prosesində İ.Abbasov dil
faktlarına orijinal yanaşma tərzini sonadək davam etdirir.
Təqdiqatın
müəllifi oxucuda daha müfəssəl təsəvvür
yaratmaq məqsədilə Renessans dövrü fransız
dilinin islahatçısı kimi tanınan Luis Meqrenin,
R.Etyenin, Jan Qarnyenin və digərlərinin əsərlərinə
də müraciət edir, Şarl Pyer Jiro Düvivyenin əvvəlcə
gələn keçmiş zaman haqqında çox dəyərli
fikirlərini Azərbaycan dili ilə müqayisədə
nümunələrlə əsaslandırmağa
çalışır.
İ.Abbasov tərəfindən fonetika və morfologiya bəhsinə
verilən şərhlər Müasir Azərbaycan dilinin qrammatikasının
tarixi aspektdə araşdırılması üçün
çox əhəmiyyətli ipucları verir.
Tədqiqatçının fikrincə, M.Kazımbəy
hər bir dil hadisəsinin təsvirində koqnitiv (idrak proseslərində
iştirakına görə) və kommunikativ (nitq ünsiyyəti
aktlarında iştirakına görə) funksiyaları nəzərə
almış, hər bir dil hadisəsini koqnisiya və
kommunikasiyanın kəsişməsində nəzərdən
keçirmişdir.
M.Kazımbəyin
bəhs etdiyi nitq hissələri, o cümlədən, feilin təsriflənən
və təsriflənməyən formaları, şəkil və
zamanları, feili sifət, cerund, supin və digər qrammatik
hadisələr İ.Abbasov tərəfindən müxtəlif
dillərlə geniş müqayisəli araşdırmaya cəlb
olunur, bu müstəvidə orijinal fikirlər irəli
sürülür.
İ.Abbasov
tədqiqat və şərh zamanı Kaspar Şoppe, Jozef
Yustus Skaliger, Fransisko Sançes de las Brosas, Antonio de Nebrixa və
digər Qərb alim və tarixi şəxsiyyətləri
haqqında ensiklopedik məlumatlar verərək, onların fəlsəfi-linqvistik
ideyaları, nəzəri görüşlərini müasir
dilçilik baxımından diskussiyaya cəlb etmişdir.
Araşdırmada qrammatikanın mütləq fəlsəfi
mahiyyətli olmasını, metafizika ilə məntiqin vahid
doktrinada birləşməsinin zəruriliyini iddia edən
fransız filoloqu Dyödone Tyebo, "Bütün dillər
bizim intellektual qabiliyyətlərimizin təbiətindən əmələ
gələn ümumi qaydalardan ibarətdir" - deyən və
ideologiya terminini işlək vəziyyətə gətirən
fransız filosofu Antuan Destü dö Trasi və
başqalarının dərin məzmunlu, orijinal fəlsəfi-linqvistik
və məntiqi görüşlərinə də istinadlar
edilmişdir.
Kitabda müasir Azərbaycan dilçiliyi
baxımından aktuallığı nəzərə
alınaraq M.Kazımbəyin Sintaksis bölümündə
işlətdiyi, amma çox vaxt izah etmədiyi qrammatik terminlərin
şərhinə geniş yer verilmişdir. Fonetika və
morfologiya bölməsində tədqiq və şərhlər
daha çox Qərb dilçi-filoloqlarının əsərlərinə
müraciətlə müşayiət edilirdisə, sintaksisdə
bu, ərəb dilindəki mənbələrə istinadla əvəz
olunur. Bunu M.Kazımbəyin sintaksis bəhsində
daha çox ərəb nəhvindən faydalanması ilə
izah etmək olar.
Təqdim olunan kitab Türk-Azərbaycan dili tarixi mütəxəssisləri,
şərqşünaslar, dilçi-filoloqlar, türkoloqlar,
dil nəzəriyyəçiləri, müəllim-pedaqoqlar
üçün qiymətli mənbədir. Bu zəngin xəzinədən
slavyanşünas, romanşünas, germanşünas, ərəbşünas
və digər müxtəlif profilli dilçi-tədqiqatçılar
faydalana bilərlər.
Bir sözlə, İdris Abbasovun "Mirzə Kazımbəyin
"Türk-tatar dilinin qrammatikası"nın tərcümə,
tədqiq və şərhi" monoqrafiyası öz elmi
miqyasına görə bir institutun görə biləcəyi
ağır və məsuliyyətli işdir. O, bu işi təkbaşına
yerinə yetirmiş, sözün həqiqi mənasında
orijinal bir əsər ortaya qoymuşdur. Əsərin
tədqiq və şərh hissəsi çox zəngin
elmi-filoloji bazaya malikdir. Bir sözlə, tərcümə,
tədqiq və şərhin sintezindən ibarət bu komplə
elmi iş ən yüksək qiymətə layiqdir.
Nizami CƏFƏROV
525-ci qəzet.- 2017.- 20 sentyabr.-
S.7.