Qəzənfər Paşayevin
yubileyi AMEA-da qeyd olundu
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının
Mərkəzi Elmi Kitabxanasında (AMEA MEK) görkəmli
ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Qəzənfər Paşayevin
80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə millət vəkilləri, ziyalılar, ədəbiyyatşünaslar,
AMEA-nın əməkdaşları
və media nümayəndələri
iştirak ediblər.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Q.Paşayevin
həyat və yaradıcılığı haqqında
geniş məlumat verib, onu Azərbaycan
cəmiyyətinin ən
dəyərli və zəhmətkeş alimlərindən
biri kimi dəyərləndirib: "Qəzənfər
müəllim Azərbaycan
ədəbiyyatına, cəmiyyətinə
özünü çoxdan
isbat etmiş alimdir. Azərbaycan cəmiyyəti onu
ilk növbədə böyük
ziyalı kimi qəbul edib. Onun ziyalı baxışları
ilə şəxsiyyətindəki
bütövlük bir-birini
tamamlayır. O, hər
şeydən öncə
ədəbiyyatşünasdır. Onun ədəbiyyatşünas kimi
fəaliyyəti çoxşaxəlidir.
Məşğul olduğu sahələrin
hamısında professionaldır,
ustaddır. Onu dünya
elmi ictimaiyyəti haqlı olaraq, böyük kərkükşünas
alim, kərkükşünaslığın
banisi kimi tanıyır. Kərküklərin bütün mahiyyətini,
həyatını Azərbaycan
üçün məhz
Qəzənfər müəllim
açıb. Bunların nəticəsidir
ki, kərküklər
də özlərinin
bu ağır vaxtlarında Qəzənfər
müəllimin yubileyinə
hədiyyə kimi onun haqqında kitab yazıb gətiriblər. Kitabın adı
da "Kərkük sevdalısı"dır. Deməli, burada olduğu kimi, orada da
Qəzənfər müəllim
kərkük sevdalı
alim kimi tanınır".
Akademik yubilyar alimin A.Zamanov, B.Nəbiyev, A.Axundov, Z.Yaqub, N.Rəfibəyli kimi şəxsiyyətlərə həsr
etdiyi tədqiqat əsərlərini xatırlayaraq
qeyd edib ki, Q.Paşayev həm də örnək mətnşünasdır:
"O, nədən yazırsa,
ciddi söz deyir. O, Azərbaycan elminin ağsaqqalıdır.
Onun haqqında bu sözü 30 il öncə
də demək olardı. Ağsaqqallıq yaşla deyil,
biliklə, savadla, şəxsiyyətdəki bütövlüklə,
xeyirxahlıqla, yüksək
insani keyfiyyətlərlə
ölçülür. İnanırıq ki, Qəzənfər
müəllim hələ
uzun illər Azərbaycan ədəbiyyatına,
milli siyasi şüurun inkişafına
çox töhfələr
verəcəkdir".
İ.Həbibbəyli yubilyara AMEA-nın nəşri olan "Muğamlar və miniatürlər" kitabını
hədiyyə edib.
Professor Şirindil Alışanovun
Q.Paşayevin həyat
və yaradıcılığı
haqqında məruzəsi
dinlənilib. Məruzədə alimin "Altı
il Dəclə-Fərat
sahillərində" kitabına,
Kərkük-türkmən tədqiqatlarına, dilçi
kimi fəaliyyətinə,
folklorşünaslıqla bağlı
əsərlərinə və
yüksək insani keyfiyyətlərinə diqqət
çəkilib.
Millət
vəkili Fəttah Heydərov deyib ki, Qəzənfər müəllim xoşbəxt
insandır: "O, özü
kimi alimlərlə, ziyalılarla birgə Azərbaycanın müxtəlif
rayonlarında insanların
maariflənməsi, cəmiyyətin
savadlanması uğrunda
çox böyük işlər görüb, getdiyi hər yerə elmin nurunu saçıb".
Akademik Teymur Bünyadov da fikirlərini bölüşüb: "Deyirlər,
insan təbiətin tacı, Yer üzünün əşrəfidir.
Qəzənfər müəllim əşrəf
insandır. Sadə, səmimi,
ağayana, təmkinli,
çalışqan, sədaqətli,
səxavətli insandır.
O, ləkəsiz, boyasız,
tərtəmiz, dupduru
ziyalıdır, daxili
mədəniyyəti olə
fərqlənən insandır,
yüzlərlə, minlərlə
tələbələrini xoş
gələcəyə uğurlayan
müəllimdir".
Ankaradakı İraq-Türkman Kültür
Mərkəzinin başqanı
Mustafa Ziya isə Qəzənfər Paşayevi
İraq-Azərbaycan dövlətləri
arasında mənəvi
körpü adlandırıb.
Q.Paşayevi hər zaman xalqı üçün çalışan, elmimizin
inkişafında əvəzsiz
xidmətləri olan alim kimi qiymətləndirən
akademik Nizami Cəfərov qeyd edib ki, o, böyük
alim olmaqla yanaşı, həm də çox səmimi insandır: "Məncə, onun ən böyük istedadı məsuliyyətidir.
O, nə qədər keçmişə doğru
baxsa da, bir dənə də səhv tapa bilməyəcək. Hər adamın ən böyük əsəri tərcümeyi-halıdır. Bu baxımdan onun
tərcümeyi-halı zəngindir.
Qəzənfər müəllim həyatını
gözəl və dəyərli yaşayıb.
Biz həm də
ona ona görə
təşəkkür etməliyik
ki, o, bu həyatı yalnız özü üçün
yaşamayıb".
Xalq şairi Sabir Rüstəmxanlı yubilyarı
dörd cəhətdən
xarakterizə edib:
"Qəzənfər müəllim
ilk növbədə gözəl
insandır. Keçdiyi həyat yolu
bunun parlaq nümunəsidir. O, son dərəcə
etibarlı dostdur, əqidəli, qeyrətli vətəndaş-alimdir. Ömrünü elmə həsr etməklə yetinməyib,
bu elmin Azərbaycan xalqına lazımlı tərəfinə
çiynini verib.
Bir ordunun görə bilməyəcəyi işi
təkbaşına görən
böyük ziyalıdır.
Qəzənfər müəllim İraq-Türkmən
torpaqlarını Azərbaycanın
mənəvi xəritəsinə
daxil edib. O, Kərkük və Azərbaycan pərvanəsidir.
Qəzənfər müəllim haqqında
çox yazılıb,
çox sözlər
deyilsə də, məncə, onu ən gözəl şəkildə iki nəfər dəyərləndirib.
Ayaz Vəfalı deyirdi ki, o, bir dəfə çörək yediyi yerə 40 dəfə salam verən
adamdır. Yaşar Qarayev isə
onun əsərlərindəki
milli qeyrəti ayrıca vurğulayırdı".
Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid bu qurumun adından
yubilyarı təbrik edib, ona yeni
uğurlar arzulayıb:
"Qəzənfər müəllim
Yazıçılar Birliyinin
fəaliyyətində, uzun
illərdir, ardıcıl
şəkildə, çox
yaxından iştirak edir. Demək olar ki, hər həftə bizim qəzetdə onun yüksək dəyər verdiyi imzalar haqqında yazıları dərc olunur. Bu da
onun ədəbiyyata münasibətinin göstəricisidir.
Bir ədəbiyyat sevdalısı
kimi Qəzənfər
müəllim mənim
yeniyetməlik illərimdən
yadımdadır. Elə kitablar
var ki, bizim
gəncliyimizin kitabları
adlandıra bilərik.
Onlardan biri də "Altı il Dəclə-Fərat
sahillərində" kitabıdır.
Qəzənfər müəllimin
araşdırmaları, tədqiqatları
sayəsində tanış olduğumuz
Kərkük düşünürəm
ki, elə həmin dövrlərdən
Azərbaycanın ayrılmaz
hissəsinə, bizim ruhumuzun bir parçasına
çevrilib. O qədər
xoş auralı insandır ki, ona qarşı ancaq sevgi bəsləmək
olar. Ancaq bu sevgilər
içərisində onun
qızı Təranə
xanımın sevgisi o
qədər kövrək,
duyğuludur ki, bunu ayrıca qeyd etməmək olmaz. Qəzənfər
müəllimin yubileyinə
həsr olunmuş
"Foto dastan" kitabına yazdığı
və "525-ci qəzet"də
çap etdiyimiz ön sözündə gördüm ki, onun Qəzənfər müəllimə sevgisi ancaq qızın ataya məhəbbəti deyil, bir İlahi
varlığa məhəbbətidir.
Bunun özü də çox böyük xoşbəxtlikdir".
AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov yubilyar alimlə birgə çalışdığı illəri xatırlayıb:
"Mən Qəzənfər
müəllimlə Azərbaycanın
ilk müstəqillik illərində,
ən çətin dövrlərində Bakı
Dövlət Universitetində
birgə çalışmışam,
uzun illərdən bəri dostluğumuz, yoldaşlığımız var. Buna görə də onu çoxlarından yaxşı tanıyıram.
O dövrdə maddi çətinlik ucbatından
bizim çox alimlərimiz başqa ölkələrə işləməyə
gedirdilər. Qəzənfər müəllimin şəxsi
vəsaiti hesabına çox alımlar burada qalıb işləyə bildilər.
Onlarla, yüzlərlə imkansız
tələbənin təhsilinə
dəstək olub.
Olduqca xeyirxah insandır. Qəzənfər müəllimin uğurlarının
başlıca səbəblərindən
biri də onu bu qədər
sevən, ona daima dəstək olan ailəsidir".
Kərküklü şair Şəmsəddin
Kuzəçi 2007-ci ildə
Qəzənfər Paşayevə
həsr etdiyi "Gətirmişəm" şeirini
oxuyub, İraqın və İraq türkmənlərinin milli
bayraqlarını hədiyyə
edib.
Alimə yubiley münasibətilə
təbrikini çatdıran
Azərbaycan Təhsil
Şurasının sədri
Əjdər Ağayev
qurumun adından Q.Paşayevi ədəbi və ictimai fikrin inkişafında önəmli xidmətlərinə
və 80 illik yubileyinə görə fəxri diplomla təltif edib.
Professor Buludxan Xəlilov
çıxışında yubilyarın elmi fəaliyyətilə yanaşı,
bədii yaradıcılığına
da diqqət çəkib, hekayələrindən
söz açıb.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun təbrik məktubu oxunub.
Sonra dəyərli alimin həyat və yaradıcılığına həsr olunmuş filmdən fraqmentlər nümayiş etdirilib.
Yekunda söz alan Qəzənfər Paşayev tədbirin təşkilatçılarına, xüsusən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə, çıxışçılara təşəkkürünü bildirib.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2017.- 20 sentyabr.- S.6.