Görkəmli alimin böyük töhfəsi

 

PROFESSOR QƏZƏNFƏR PAŞAYEVİN "HÜSEYN KÜRDOĞLUNUN POETİK DÜNYASI" KİTABI BARƏDƏ DÜŞÜNCƏLƏR

 

 

(Əvvəli ötən sayımızda)

 

"Hüseyn Kürdoğlunun poetik dünyası" kitabına ön söz yazmış akademik İsa Həbibbəyli tədqiqatın orijinal üslubda yazılmasını və özünəməxsus struktura malik olmasını ayrıca vurğulayaraq aşağıdakıları qeyd edir: "Professor Qəzənfər Paşayevin "Hüseyn Kürdoğlunun poetik dünyası" monoqrafiyasının strukturu da yeni və orijinaldır. O, ədəbiyyatşünaslıq elmində ənənə şəklini almış "Şairin lirikasının janr (yaxud sənətkarlıq) xüsusiyyətləri" məlum modelindən imtina edərək, Hüseyn Kürdoğlunun şeir yaradıcılığının daxili imkanlarına əsaslanmaqla onun lirikasında aparıcılıq təşkil edən hər janrı ayrıca bölmədə təhlil edib dəyərləndirmişdir".

 

Həqiqətən, Hüseyn Kürdoğlunun "Mühiti, həyatı və yaradıcılığının ilk illəri" və "Şairin poetik dünyası" adlanan bölmələrdən başqa, yerdə qalan bütün bölmələr konkret janrların sənətkar yaradıcılığındakı mövqeyinə və inikasına həsr olunub. Monoqrafiyada şairin həyat və yaradıcılığı ardıcıllıqla nəzərdən keçirilib. Professor Q.Paşayevin tədqiqat üsulu özünün səmərəliliyinə və poetik özünəməxsusluğun araşdırılmasına yönləndirildiyinə görə diqqəti cəlb edir.  Monoqrafiyanın böyük şairin "Mühiti, həyatı və yaradıcığının ilk illəri" hissəsində müəllif şair bioqrafiyasının formalaşma mərhələlərini həm bədii yaradıcılıq, həm də həyat və tərcümeyi-hal faktları əsasında müqayisəli şəkildə nəzərdən keçirir. Burada müəllifin misal gətirdiyi fakt və təfərrüatlar isə gələcək şairin böyük müasirləri Bəxtiyar Vahabzadə, Qasım Qasımzadə, Tofiq Hacıyev, Yaşar Qarayev, Şamil Salmanov, Bəkir Nəbiyev, Famil Mehdi və başqalarının xatirə və məqalələri, həyati təəssürat və yaşantılarına əsaslanaraq vurğulanır. Müəllif şair yaradıcılığının, həyat yolunun dərindən araşdırılmasından sonra tam səmimiyyətlə və qətiyyətlə bu fikrə gəlir: "Xalq qarşısında, ədəbiyyatımız qarşısında böyük xidmətləri olan bu görkəmli insanlardan Yaşar Qarayev, Tofiq Hacıyev, Ayaz Vəfalı və ən çox da Hüseyn Kürdoğlunun yaradıcılığına əsərlər həsr etmişəm. Bu kitabım isə Hüseyn Kürdoğlu şəxsiyyətinə və yaradıcılığına məhəbbətin bəhrəsidir".

 

Çağdaş ədəbiyyatşünaslığımızda ciddi maraq doğuran "Hüseyn Kürdoğlunun poetik dünyası" kitabındakı aşağıdakı səmimi etiraf və ürək sözlərini də mən yüksək qiymətləndirirəm. Professor Q.Paşayev yazır: "Tam səmimiyyət və məsuliyyətlə deyirəm ki, Hüseyn Kürdoğlunun əsərlərini diqqətlə nəzərdən keçirəndə gördüm ki, hər şeiri ilk misrasından son misrasına qədər sənət nümunəsidir". Müəllifin bu dəyərləndirməsinə yəqin ki, təkcə mən yox, eyni zamanda, onlarla, yüzlərlə poeziya sevərlər və mütəxəssislər də qoşulmağa hazırdır.

 

"Şairin poetik dünyası" bölməsi həcminin böyüklüyünə və monumentallığına görə seçilir.Tədqiqatın bu hissəsində təcrübəli alim Hüseyn Kürdoğlunun ana təbiətə və vətəninə, öz mühitinə və müasirlərinə münasibətini işıqlandırmağa çalışır. Kitabda haqlı olaraq H.Kürdoğlunun Azərbaycanla bağlılığını və onun şeirlərinin vətənpərvərlik cövhərini açmaq üçün akademik T.Hacıyevin aşağıdakı fikirləri misal gətirilir: "Üç-beş əsr sonra Hüseynin şeirlərindən Azərbaycan etnoqrafiyasının XX əsrini öyrənəcəklər". Bu fikrin təsdiqi kimi şairin şeirlərindən Azərbaycan təbiətinin və həyatının parlaq əksi olan bir-birindən gözəl şeir nümunələri təhlilə cəlb edilir. "Anam xalça toxuyur", "Yaz rəngi", "Cəbrayıl çinarı", "Qaraqoyunluda", "Kəlbəcər muzeyi", "Kəpəz bənövşəsi", "Laçın bənövşəsi", "Bərdə bənövşələri" və s. şeirləri şair vətənpərvərliyinin dərəcəsini nümayiş etdirir. Ustad şair yaradıcılığnın vətənpərvər mahiyyətini və sözün əsl mənasında ümummilli miqyasını müəllif aşağıdakı mülahizələrində sərrast səciyyələndirir: "Çəkinmədən deyə bilərik ki, Kürdoğlu xalq dili ilə ədəbi dilin qovşağında poeziyada, sözdən heyrətamiz bir abidə ucaltmışdır. Buradan vətənimizin hər guşəsi - şəhərləri, kəndləri, dağları, ormanları, çayları, şəlalələri, çəmənləri, bulaqları, yurdsevər insanları, qürur mənbəyi olan görkəmli şəxsiyyətləri ap-aydın görünür. Ümumiyyətlə, Kürdoğlu yaradıcılığında dünyanın on bir iqlim zonasından doqquzunu cəm edən vətənimizin füsunkar gözəllikləri incə bədii boyalarla vəsf edilmişdir".

 

Professor Q.Paşayev H.Kürdoğlunun bədii aləmini məharətlə və özünəməxsus bir peşəkarlıqla təhlil edir.

 

Məsələn, böyük şairin yaradıcılığında mühüm yer tutan cəmi bir neçə şeirdən ətraflı bəhs etməklə onun bədii və obrazlar aləmi haqqında dolğun təsəvvür yaratmağa müvəffəq olur. Təcrübəli ədəbiyyatşünas alimin bu fikirlərini sizin də diqqətinizə çatdırmaq istəyirik. O, yazır: "...Hüseyn Kürdoğlunun hər birində bir dünya fikir olan, kiçik həcmli, dərin mənalı ikicə şeiri - "Həyat ağacı" və "Gəlib-getmişəm" kifayətdir ki, ədəbiyyat tarixinə düşsün. Şairin gücü, qüdrəti, əzəməti, möcüzəsi, həyata baxışı, zaman-insan probleminə münasibəti bu poetik nümunələrdə özünü bariz şəkildə göstərir. XX yüzil poeziyamızda özünəməxsus mövqeyi olan bu əzəmətli şeiri gəlin yenidən və birlikdə oxuyaq:

 

Barlıdır, ucadır həyat ağacı,

Bəhəri həm şirin, həm də ki, acı.

Dırmanıb çıxırıq, ucalırıq biz,

Başına çatmamış qocalırıq biz.

Ordan xəyal kimi düşürük bir-bir,

Ağacın dibində ölüm müntəzir.

Göydə tutur bizi, gömür torpağa,

Təzə gələnlərsə çıxır budağa.

Bu cür ülfətdədir ölümlə həyat,

Ağacın başına çıxan yox, heyhat!

 

İnsan həyatınn əvvəli və sonu, mənası və məzmunu heyrətamiz bir məharətlə ümumiləşdirilib. Klassik və çağdaş şeirimizdə bu dərəcədə dərinliyə və geniş ehtiva miqyaslarına malik barmaqla sayıla bilən poetik nümunələr mövcuddur. Bu şeirdə klassik və aşıq şeirimizin insan və dünya fəlsəfəsi, Nizami və Nəsiminin, Füzuli və Vaqifin, M.Ə.Sabirin və M.Hadinin misilsiz humanist fəlsəfi kədəri, Hüseyn Cavidin insanlıq və dünya haqqında tragik iztirabları, Səməd Vurğunun məşhur "Dünya" və Məmməd Arazın "Dünya sənin, dünya mənim, dünya heç kimin" poetik düşüncələrinin gücü, enerjisi başqa bir estetik keyfiyyətdə və görüntüdə yüksək səviyyədə öz əksini tapıb.

 

Akademik İsa Həbibbəylinin "Həyat ağacı" şeiri haqqında fikirləri yuxarıdakı mülahizələri daha da qüvvətləndirir: "Hüseyn Kürdoğlu və onun təmsil etdiyi ədəbi nəsil isə vəzni dəyişməyərək şeiri insanın həyatı və mənəviyyatına yaxınlaşdırmaq vəzifəsini həyata keçirirdilər. Bu ədəbi nəslin şeirində tərənnümdən gələn romantik əlamətlər müəyyən səviyyədə davam etməklə bərabər, həyatın və insanın nəbzi döyünən  duyğu və düşüncələr də öz əksini tapmışdır. Hüseyn Kürdoğlunun "Həyat ağacı" qismindən olan çoxsaylı şeirləri artıq poeziyada da gerçəkliyi müdriklik səviyyəsində tərənnümün oturuşduğunu göstərir. Bu məqamda Hüseyn Kürdoğlunun şair xəyalı cəmiyyətdəki ideoloji mühitdən deyil, folklordan, klassik ədəbi ənənələrdən və həyatın dərslərindən ilham almışdır. Bu mənada Hüseyn Kürdoğlunun "Həyat ağacı" şeiri XX əsrin altmışıncı illərindən sonrakı poeziya ağacının real mənzərəsini dolğun şəkildə mənalandırır".

 

III

 

"Hüseyn Kürdoğlunun poetik dünyası" kitabında yaddaqalan və mühüm bölmələrdən biri "Dördlük tarixində era yaradan şair" adlanır. Sərlövhədən göründüyü kimi, müəllif bu hissədə ustad şair dördlüklərinin yaranma tarixindən, formalaşmasından və özəl xüsusiyyətlərindən bəhs edir. Görkəmli ədəbiyyatşünasın bu məsələ ilə bağlı fikirləri diqqətəlayiqdir: "Bütün vücudumla hiss etdim ki, bu böyük şairin poeziya gülzarında insan qəlbinə məlhəm olan, sevincinə, kədərinə həyan olan hər şey var. Dərk etdim ki, istedadlı şair sözün intəhasız imkanlarından istifadə edərək poeziyadan bir aləm yaratmışdır. Onun Azərbaycan ədəbiyyatında əhəmiyyətli yer tutan cinaslı və cinassız dördlükləri bir kitaba sığmaz". Professor Q.Paşayev şair dördlüklərini təhlil etməyə girişməzdən əvvəl öz həmkarlarının və yaxın müasirlərinin bu barədəki mühüm fikirlərini oxucularla bölüşür.

 

Məsələn, müəllifin H.Kürdoğlu yaradıcılığını dərindən araşdırmış akademik Bəkir Nəbiyevdən gətirdiyi aşağıdakı mülahizələr ciddi əhəmiyyətə malikdir: "Çağdaş ədəbiyyatımızda qəzəl Ə.Vahidin, süjetli lirika Ə.Cəmilin, sonet A.Babayevin, səkkizliklər T.Bayramın, rübai Qabilin, mənzum təmsil H.Ziyanın, bayatı isə H.Kürdoğlunun adı və yaradıcılığı ilə qırılmaz tellərlə bağlıdır". Həqiqətən də, 60-cı illərin poetik prosesində fəal iştirak edən H.Kürdoğlu şeiriyyəti bir çox cəhətlərinə görə, xüsusən,  bədii forma və janr zənginliyinə görə öz müasirlərindən ciddi surətdə fərqlənirdi. Biz altmışıncıların yaradıcılığındakı estetik keyfiyyət və xüsusiyyətləri dəyərləndirərkən haqlı olaraq onları həm yenilikçi, həm də ənənəçi bir poetik nəsil kimi səciyyələndiririk. Əslində, altmışıncıların ənənəçiliyinin nüvəsində və mahiyyətində də yenilməz bir yenilikçilik enerjisi mövcud idi. 20-30-40 və 50-ci illərin siyasi rejiminin kəskin təzyiqi və təsiri altında gerçəkləşmiş estetik axtarışları və proseslərində milli-poetik ənənənin, demək olar ki, bir çox və əsas komponentləri inkar olunmuş, bədii təcrübədən kənarlaşdırılmışdı. Milli poetik ənənəni dirçəltmək, klassik şifahi və yazılı şeirimizin təcrübəsinə qayıtmaq, bədii praktikada onun janr əlvanlığını və zənginliyini bərpa etməyin özü də bir yenilikçilik və novatorluq cəsarəti tələb edirdi. Bu mənada ustad Əliağa Vahidlə yanaşı, gənc H.Kürdoğlunun da klassik poetikaya cəsarətlə üz tutması dövrün yeni və qabaqcıl ədəbi uğurlarından biri sayılmalıdır.

 

(Ardı var)

 

Yaşar QASIMBƏYLİ

Filologiya elmləri doktoru, AMEA-nın baş elmi işçisi

yashargasimov@mail.ru

 

525-ci qəzet.- 2017.- 20 sentyabr.- S.6.