Unudulmaz Türküstan görüşləri

 

 

Sentyabrın 12-dən 14-dək Qazaxıstanın Türküstan şəhərində Avrasiya Yazarlar Birliyi tərəfindən "VIII Türk dünyası ədəbiyyat dərgiləri konqresi" keçirildi.

 

11 türkdilli ölkə topluluqdan 34 ədəbiyyat jurnallarının nümayəndələrinin qatıldığı konqresdə Azərbaycanı "Ulduz" jurnalının baş redaktor müavini Təranə Vahid "Azərbaycan" jurnalının baş redaktor müavini Südabə Ağabalayeva təmsil edirdilər. Bugünlərdə vətənə dönən təmsilçilərimizin Türküstan şəhəri konqreslə bağlı fikirlərini, təəssüratlarını öyrəndik.

 

Təranə Vahid konqresin məzmunu, keçirilən tədbirlərin əhəmiyyəti, görüşlərin məzmunu barədə danışarkən bunları dedi:

 

- İyun ayında "Ulduz" jurnalı Avrasiya Yazarlar Birliyi tərəfindən "VIII Türk dünyası ədəbiyyat dərgiləri konqresi"nə dəvət olundu. Jurnalımızın baş redaktoru Qulu Ağsəs məsləhət bildi ki, konqresdə jurnalımızı təmsil edim. Konqres Qazaxıstanda- türkün hikmət xəzinəsi sayılan Xoca Əhməd Yəsəvinin vətənində - Türküstan şəhərində keçirilirdi. Türküstan 2017-ci ildə TÜRKSOY tərəfindən "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunmuşdu il boyu bu qədim şəhər böyük tədbirlərə, konfranslara, festivallara ev sahibliyi etmişdi. "VIII Türk dünyası ədəbiyyat dərgiləri konqresi"nin Türküstanda keçirilməsi təsadüfi deyildi. Azərbaycan, Altay, Başqırdıstan, Dağıstan, Qaqauziya, Xakasiya, Qaraçay-Malkar, Qazaxıstan, Qırğızıstan, Krım, Kosova, Makedoniya, İraq, İran, KKTC, Özbəkistan, Tatarıstan, Türkiyə başqa toplumların nümayəndələri konqresdə təmsil olunurdu.

 

Xoca Əhməd Yəsəvi Universitetində konqresin açılışı oldu yüksək səviyyədə keçirildi. Əminliklə deyirəm ki, konqresdə ölkəmizi layiqincə təmsil etdik. Südabə xanımın çıxışı konqresin ən maraqlı ən yaddaqalan çıxışı oldu. Mən fürsətdən istifadə edib milli mətbuat tariximizdən, 50 illik tarixi olan jurnalımızın dünənindən bugünündən danışdım, öz fikir düşüncələrimi iştirakçılarla bölüşdüm.

 

Əslində, ədəbi jurnallar axına qarşı üzən nəşrlərdi, ədəbiyyata açılan pəncərədi, nəfəslikdi. Ədəbiyyata qədəm qoymaq istəyənlər ilk dəfə ədəbi dərgilərə üz tutur, adətən yaradıcılığa can atan imzalar ilk dəfə ədəbi jurnallarda tanınır. Bir sözlə, böyük ədəbiyyata gedən yol ədəbi jurnallardan keçir. Nəzərə alaq ki, bu gün dünyamız fərqli bir dünyadı. Virtual dünya gerçək həyatı insanlardan "oğurlayır", belə bir dünyada jurnallarımız da fərqli olmalıdı.

 

Konqresin əsas mahiyyəti türk dünyasının ədəbiyyat jurnallarını bir araya gətirmək, türkdilli xalqların ədəbiyyatını, yazıçılarını, şairlərini bu jurnallar vasitəsi ilə bir-birinə tanıtmaq, ədəbi körpülər yaratmaq idi. Ədəbi dərgilərin ən böyük missiyasından biri elə budur. Jurnalımızda "Türk elləri" rubrikası var biz vaxtaşırı Türk dünyası ədəbiyyatından seçmələri jurnalımızda dərc edirik. 2014-cü ildə "Ulduz" jurnalının bir sayı Türk dünyası ədəbiyyatından seçmələrə həsr olunmuşdu. Jurnalımızın həmin sayını konqres iştirakçılarına təqdim etdim, çox böyük maraqla qarşıladılar. Bir jurnal olaraq üzərimizə düşən missiyanı yerinə yetiririk. Dünyada ən möhkəm körpülər mədəniyyət, ədəbiyyat, sənət körpüləridir. Türk xalqları olaraq bir-birimizin həyat tərzi, düşüncəsi, arzu istəkləri barədə ən gerçək həqiqətləri ədəbiyyat vasitəsi ilə bir-birimizə ötürə bilərik. Tarix nəyisə unuda bilər, ədəbiyyat unutmur. Ədəbiyyatın gücü məncə, bundadı.

 

Belə böyük tədbirlərin bir üstünlüyü yeni dostluqların, yeni ədəbi əlaqələrin yaranmasıdır. Başqırdıstandan, Krımdan, Tatarıstandan olan, dünyanın başqa-başqa yerlərində yaşayan həmkarlarımızla yaradıcılıq əlaqələri yaratdıq, fikir mübadiləsi apardıq. Ayrı-ayrı dərgilərin nümayəndələri Azərbaycan ədəbiyyatından nümunələr çap etməkdə maraqlı olduqlarını bildirdilər.

 

Avrasiya Yazarlar Birliyinin başqanı sədri Yakup Öməroğlu konqresin sonunda təklif qərarları müzakirəyə çıxardı. Yubileyi qeyd olunan ədəbi jurnallar müəyyənləşdirildi. Xatırlatdım ki, bu il "Ulduz" jurnalının 50 yaşı tamam olur. Südabə xanım yanvar ayında "Azərbaycan" jurnalının 95 yaşı olacağını bildirdi. Avrasiya Yazarlar Birliyinin sədri Yakup Öməroğlu təklifləri bəyəndi. Qərara alındı ki, "Ulduz", "Azərbaycan" digər türkdilli ölkələrin dərgilərinin yubileyi geniş şəkildə qeyd olunsun, digər ölkələrin ədəbi dərgilərində onlar haqqında yazılar dərc olunsun.

 

Türküstan yaddaşımda ən çox uşaqlıqdan görmək arzusunda olduğum çölləri, düzəngahları ilə qaldı. Türkün ayağı dəyən, nəfəsi toxunan torpaqları, elləri, yurdları ziyarət etmək ən böyük arzularımdandı. Uşaq vaxtı Qazaxıstanın çöllərini görmək istəyirdim. O zaman Xoca Əhməd Yəsəvini, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayevi tanıyırdım. Xoca Əhməd Yəsəvinin məqbərəsini ziyarət eləyəndə, dəvələr otlayan, atlar qaçan ucsuz-bucaqsız düzəngahları, qovun satan qocanın bir dilim qovunu sevgiylə mənə uzatdığını görəndə ürəyim titrədi. Bütün bunlar üçün TÜRKSOY-a, Avrasiya Yazarlar Birliyinin sədri Yaqup Öməroğluna, bu konqresin keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirəm.

 

Südabə Ağabalayeva hər il baş redaktor İntiqam Qasımzadənin qatıldığı tədbirdə bu il məhz İntiqam müəllimin təklifi ilə özünün iştirak etməsindən məmnunluq duyduğunu önə çəkdi:

 

-  Baş redaktorun təklifi mənimçün, həm də jurnalın tədqiqatçısı olaraq, ədəbi əlaqələri daha yaxından izləmək imkanı qazandırması baxımından, ikiqat maraqlı və xoş idi. Konqresdə bu dəfə də ədəbiyyat üzrə ilin adamı seçildi, ötən konqresdə özbək ədəbiyyatından Şükrüllaya bu mükafat təqdim olunmuşdu. 8-ci konqres isə tatar şairi Mansurovun namizədliyi üzərində durdu. Bu dəfə artıq jurnallarla bağlı birgə tədbirlərin keçirilməsi, yaradıcılıq mübadilələrinə diqqət artırılması yolları müzakirə olundu. Mənə çox gözəl hisslər bəxş edən məqamlardan biri də istedadlı söz adamı, "Ulduz" jurnalını konqresdə təmsil edən Təranə Vahidə Mahmud Kaşğari mükafatının təqdim olunduğu anlardı. Avrasiya Yazarlar Birliyinin başqanı hörmətli Yaqub Öməroğlunun mükafatı Təranə xanıma məhz bu konqresdə təqdim etməsinin rəmzi mənası vardı. Yeri gəlmişkən, Təranə xanım həmin mükafata "Mən toz dənəsiyəm" hekayəsinə görə layiq görülmüşdü, amma qışdakı təqdimat mərasimində iştirak edə bilməmişdi. Təranə xanımı bir daha təbrik edir, ona daha böyük uğurlar arzulayıram.

 

Konqresdə əsas diqqət yönəldilən bir məsələ də Qazaxıstanın latın qrafikasına keçməsi oldu. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Mənəvi modernləşmə ilə bağlı məqaləsində türkdilli xalqların mənəvi birliyinin daha da möhkəmləndirilməsi zəruriliyi və türkdilli xalqların ədəbi irsinin təbliği məsələlərinin piar texnologiyası baxımından əhəmiyyəti vurğulanmışdı. Əlbəttə, belə tədbirlərin konkret nəticələri qədər perspektivi də maraqlı və əhəmiyyətlidir. Türküstana - türk dünyasının qızıl beşiyi adlandırılan məkana səfər parlaq təəssürat və xoş duyğularla yadda qaldı. Hər şeydən əvvəl, Azərbaycan adına böyük diqqət və ehtiramı görmək və hiss etmək çox xoşdu. Böyük türk alimi İlber Ortaylının çıxışlarında Azərbaycanın ədəbiyyatı, latın qrafikalı əlifbaya keçidlə bağlı ölkəmizin uğurları barədə yer alan yüksək fikirləri dinləyəndə çox gözəl duyğular yaşadıq. Mənəvi yaxınlığın, dostluğun yaratdığı ovqat bizi həm işgüzar görüşlərdə, həm də şəhərlə tanışlıqda etibarlı yol yoldaşı kimi müşayiət edirdi. Böyük mütəfəkkir Əhməd Yəsəvinin əbədi məqamını ziyarət isə son dərəcə qiymətli, unudulmaz anlar oldu".

 

Konqresin yüksək səviyyədə təşkili, TÜRKSOY-un, Avrasiya Yazarlar Birliyinin, ev sahiblərinin işgüzarlığı, qonaqpərvərliyi və hər bir iştirakçıya diqqətlə yanaşması xüsusi qeyd olunmalıdır və böyük təşəkkürə layiqdir.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2017.- 20 sentyabr.- S.4.