Evinin pərvanəsi, yaxud qismətinə
dodağında gülüş, gözlərində kədər
yaşatmaq yazılan şair...
AÇILIB UZANAN HƏR SAP DÜZÜMÜ ÖMÜR DEYİLMİŞ, DEMƏK Kİ...
Əziz
oxucum, gəlişigözəl sözlər demək, çəkicilik
xatirinə yazmadım bu başlığı...
Bu
başlıq azad ruhunu, mərdanə xarakterini, fərqliliyini
çox sevdiyim, hər yerdə və hər məqamda
yalnız özü olan, sadəliyini, səmimiliyini heç nəyin
dəyişə bilmədiyi Nurəngiz Günün 1978-ci ildə
qələmə aldığı "Döydüm
qapını" şeirini bir daha oxuduqdan sonra doğuldu:
Şəngülümsüz,
Şüngülümsüz bir Məngülüm var,
Bir bəmbəyaz gülüm var, qürbətdən gətirdim.
Döydüm qapını, utana-utana.
Oxudum
mahnımı, mən yana-yana:
- Məngülüm!
Aç qapını, mən gəlim.
Döşümdə
ağrı gətirmişəm, başımda təzyiq...
Buynuzlarım ki, yoxdur?
Olsaydı,
ot yox, At gətirərdim, həyat gətirərdim,
At
ucalıqdır, həyat - qanadlı bir nağıl!..
At gətirərdim, həyat gətirərdim.
Atı
ucalıq, həyatı qanadlı bir nağıl sayan xanım
şairin at gətirmək, həyat gətirmək arzuları
gerçəkləşməyincə, ürəyində
ağrı yuva saldı və təbii, o, "bəmbəyaz
gül" bu ağrıların
ağırlığından, öləsiyə etkisindən
saralıb-soldu... Nəhayət, bu ağrılar və
"başındakı məğlub eşqi" "sevgi
toxunuşlu, eşq qoxulu bu qadını "ev
pərvanəsinə, ev məhbusuna" çevirdi... Halbuki
vaxt vardı, bombozboşluqları, bütün
yaramazlıqları, onun üçün
darıxdırıcı olan içi boş adamları
qamçılamaq keçirdi könlündən:
Bomboş
bir səssizlik, bomboş...
Boşluqda
nə sevgi, nə nifrət, nə səadət, nə hiss, nə
səs!
Atlıydım. Bəs hanı? Qamçım
vardı, bəs hanı?
Atım sizə qalsın. Qaytarın qamçımı!
Qamçılamaq
istəyirəm
bu boşluğu!
Lent.az-a
müsahibəsində də Nurəngiz xanımın
ömrünün əllinci illərindən etibarən
başlayan bu guşənişinliyinin apaçıq cavabı
var: "Mən həmişə beyni yüklü,
qayğılı yaşamışam. 1937-ci ildə
tayfam darmadağın olub. Babam, Mirzə
Ələkbər Hacızadə Əfəndini itirmişik.
O, məşhur həkim olub və insanlara təmənnasız
xidmət edib. Yaxınlarımın itkisi mənim
üçün ağırdır. Sonra
atam, anam və qardaşımı itirmişəm. İndi evdə tək yaşayıram. Oturub fikirləşəndə onlarsız hansı
qüssələri keçirdiyimi ancaq özüm bilirəm.
Ona görə də ayda-ildə bir dəfə
tədbirlərə gedirəm. Getdiyim yerdə də
heç kimə heç nə hiss elətdirmirəm. Haqqım yoxdur kimisə yükləməyə.
Evin içinə çox bağlıyam.
Elə bil ki, ev pərvanəsiyəm. Ev məhbusuyam. Özüm-özümü belə
eləmişəm..."
Beləcə, itirdiyi əzizlərinin portretini evinin
divarlarına düzərək onlarla həsb-hal edər, dərdləşərmiş
və keçmiş günlərinə, quş kimi ötən
çağlarına qayıdarmış. Layiq
olduğu, arzuladığı həyatı "qanadlı bir
nağıl"kimi yaşaya bilməməsindən dolayı
tez-tez qüssələnərmiş. Başdan-ayağa səmimiyyət
mücəssəməsi olan, qədərin onunla
oynadığı ədalətsiz oyunu eləcə sakit, səssizcə
qəbul edən və həmişə
düşündüklərini cəsarətlədilinə gətirən
Gün xanım yarım qalmış səadətinin nədənlərini
də etiraf etməkdən çəkinməyib: "Gözəlliyimin
qədri bilinmədi, heyf oldu getdi. Gözəlliyimə
yaraşan həyatım olmadı. Bir dəfə
qardaşım mənə baxıb dedi ki, ay bacı, sən
indi şahın süfrəsində oturmalısan. O, məni
çox gözəl duyurdu və görürdü ki, kimlər
xoşbəxtlik tacını başına qoyub gəzir... Mən hər şeyi indi başa düşürəm.
Şəkillərimə baxanda deyirəm ki,
ilahi, bu qızdakı nə gözəllik olub belə? Yəqin
belə olacaqmış... Bir də mən o vaxt heç nəyi
axtarmırdım axı..."
Təkcə o vaxtmı? Əsla! O, bütün yaşamı
boyunca heç nəyi axtarmayıb, heç nəyin ardınca
düşməyib, gözləyib ki, günlərin birində
xoşbəxtlik özü gəlib tapacaq onu... Axı, bilirdi,
yaxşıca dərk edirdi ki, hər cür xoşbəxtliyə
layiq idi, lap elə şahın süfrəsində oturmağa
belə... Amma qüruru, vüqarı həmişə, hər
yerdə onunla olub və yersiz addımlar atmağa qoymayıb
dodagına gülüş, gözlərinə kədər
qonmuş bu vüqarlı xanımı... Səssizcə öz
yolunu tutub və adını iftixarla
daşıdığı üzü Günə//Günəşə
doğru addım-addım yol gedib, ta ki, özü də
"yol olanadək"...
Saçlarımda
rüzgarım,
Ruhumda ana
laylası,
Başımda
məğlub eşqim
Yol gedirəm, sinəm qaralanadək.
Önümdə
silsilə dağlar,
Sərt
qayalar, soyuq dəniz
Qərib
canla, bu tək cana, qürub
çağı
Yol gedirəm, öləziyib saralanadək.
Arxamda
sarp enişlər,
Çiynimdə
Günəş tayası,
Ağuşumda
Jaləm və titrəyişim,
Yol gedirəm, yol olanadək.
Həmişə bu fikirdə olmuşam ki, insanların
adında onun xarakteri və əməlləri ilə
bağlı hansısa gizlinlər yatır. Adında Nur, işıq, ədəbi
təxəllüsündə isə Gün-Günəş
daşıyan bu gözəl-göyçək xanımın
da ömür səhifələrini vərəqlədikdə,
fikrimin həqiqət olduğuna bir daha əmin oldum... Nurəngiz Gün səhər erkəndən,
hamıdan tez oyanmağı, Günəşi
qarşılamağı hər şeydən çox
sevirmiş. Günçıxmayanda, hava
tutqun olanda canı sıxılır, darıxırmış.
Qəribədir, Günəşə qara sevdası, onun
ilkinliyinə olan inamı şeirlərinə o qədər dərindən
sirayət edib ki, oxucu şairin xarakter cəhətinə
çevrilmiş bu adətini təsdiqləməyə bilmir:
Bu
torpağın öncə Günəşi doğulub,
Bu torpaq sarı tellərdən yoğrulub.
Bu torpağın ulu nənəsi Gün xanım olub.
Gün
xanım, Günəş xanım!
Andım,
Tanrım, imanım!
Əlbəttə,
yalnız Günəşi dəlicəsinə sevən, onun
işığına tapınan şair, göyü Tanrı
bilən türksoylu yazar xanım yeri, göyü, anamız təbiəti,
onun nemətlərini də elə bu qədər sevə bilər
və onun bəzəyi olan quşları ovlayan ovçulara
nifrət edər. Quşlara həyatım deyər.
Çiçəklərin dərilməsinə üzülər,
8 Mart Qadınlar bayramını çiçəklərin
ölüm günü kimi mənalandırar, həmin gün
telefonun dəstəyini belə qaldırmaz ki, birdən kimsə
onun bayramını təbrik etmək üçün
çiçək dərmək fikrinə düşər...
İlk qələm
təcrübəsinə "Tanrı" adı verən Nurəngiz
Günün sonrakı əsərlərinin
toplandığı kitablarının adları da, şeirlərinin
ehtiva etdiyi mənaların da üzü məhz dərgaha -
Günəş Tanrısına yönəlikdir,
"Xocalı simfoniyası"ndan başqa...
"Xocalı
simfoniyası" da Tanrıya üz tutaraq, əl açaraq
yazılıb, amma tam fərqli şərtlər altında... Çünki onu işğal olunmuş
torpaqlarımızın, yaralanmış, parçalanıb
dilim-dilim olmuş Uluyurdun ağrısı ilə yazıb.
Mən də bu poemanı milyonlarla
tamaşaçı kimi şairənin öz dilindən -
televiziya kanallarından eşitmişəm. Onun ürəkdən
gələn vətənsevərliyi,
canıyananlığı, insan ağrısına həssaslığı,
günahsız həmvətənlərimizin acısını
öz acısı kimi yaşaması, dərdlərini öz dərdi
bilməsi, qəddarlığa, zalımlığa, vəhşiliyə
üsyankarlığı bu poemada da açıq-aydın hiss
olunur, humanistliyi insanı
düşündürür..."Tanrı bəşər
övladıdır", "Ağ qanadlar", "Günəşə
dua"və "Yol gedirəm" kitablarındakı
anlaşılması həm asan, həm də çətin
şeirlərdən dünyamıza səmimiyyət, ümid,
kədər və məhəbbət, özgürlük
duyğuları ələyən, zamanın qürbətində
itkin düşən sevgiləri xatırladan Nurəngiz
Günün özbənzərsiz obrazı boylanır.
Oxucuları bu orijinal şeirlərin diqtəsiləonun bənzərsiz
müəllifini daha yaxından tanıyır və sevirdilər...
Əlbəttə,
o, bənzərsiz idi, başqalarından seçilən bir fərqliliyə
sahibdi, bulaq suyu qədər saf və şəffafdı, azad
düşüncələrini dilə gətirməkdən
çəkinməz, qorxmazdı, rola girməyi,
maskalanmağı bacarmazdı, gözü tutan, ruh birliyi
duyduğu kəslərlə son dərəcə səmimi
söhbət etməyi, ünsiyyət qurmağı sevərdi.
Və o, insan sevgisindən yüksəkdəydi.
İllər boyu tanıyıb şeirlərini oxusam da, efirdən
cəsarətli fikirlərini eşitdikdə bəzən təəccüblənsəm
də, onunla ilk görüşümüz böyük Məmməd
Arazın yas mərasimində olmuşdu... Ustad şairin
yasına gələn xanımlar yemək masasının
arxasında öz işlərində idilər... O isə
bütün bunların ona dəxli yoxmuş kimi, foyedəki pəncərənin
qarşısında durub binanın həyətinə
baxır, bəlkə də rəhmətliklə həsb-hal
edirdi... O zaman mənə qəribə gəlmişdi, yasa gələn
bir xanımın içəri keçmədən foyedəcə
xeyli dayanması və dərin düşüncələr
içində geri dönməsi...
İkinci
görüşümüz Güneydən gəlmiş niskilli
şairimiz Balaş Azəroğlunun Təzə Pir məscidində
keçirilən vida mərasiminə təsadüf
etmişdi... Bu dəfə bir çox məsələlər
barədə xeyli söhbət etmişdik...Balaş müəllimin
yasında iştirak edənlərin sayının
azlığından şikayətlənmiş, bunu
sayğısızlıq saymışdı. Sonuncu
görüş qismətimizsə böyük Cavad Heyətin
40-ı gününə yazılmışdı, ikinci Fəxri
Xiyabanda... Amma bu dəfə söhbətləşmək
iqtidarında deyildi, səhhətində ciddi problemlər
yaşadığı, artıq həyatın
yükünü daşımaqdan yorulduğu və əbədi
yola çıxmaq ərəfəsində olduğu
açıq-aşkar hiss olunurdu... Qızı
Jalə son dərəcə diqqət və məhəbbətlə
yanaşaraq onun anım mərasimini layiqincə başa
vurması üçün əlindən gələni edirdi.
Və hər hərəkəti, üzgünlüyü,
dodaqaltı söylədikləri "içində
hönkürtü ilə ağlamaq ehtiyacı duyan,
könlündən dəli bir ağlamaq keçən" bu
üzüntülü xanımın Günəş kimi
qüruba endiyini bəlirləyirdi...
Dodaqlarımda
təbəssüm,
Bəbəklərimdə
ümid və qürur,
İçimdə
ağlamaq ehtiyacı...
Yol gedirəm,
yorulanadək...
Qısa
bir haşiyə:1938-ci ildə Bakı
şəhərində dünyaya gələn Nurəngiz
Gün öncə 1 saylı Bakı Tibb Məktəbində
oxuyub. Amma tibb sahəsi onu heç özünə
çəkməyib, ruhundakı təlatüm, susmayan əbədi
sənət sevdası onu Azərbaycan Dövlət İncəsənət
Universitetinə gətirib. Sonra isə söz sənətinin,
kültürümüzün qara sevdalısı sənət
dünyasına qucaq açan, ən yüksək səviyyədə
bu dünyanın təbliğini həyata keçirən Azərbaycan
televiziyasında diktor vəzifəsində
çalışmağa başlayıb...İllər sonra onu
hətta uzaqdan görmək üçün televiziyanın
qarşısına toplanan fanatlarını, sevənlərini
yormamaq, təsəvvürlərində olduğu kimi - gənc,
gözəl və çəkici qalmaq üçün... (bəlkə də xəbər oxumaqdan
yorulduğu üçün, işğal altında olan
Qarabağ haqqında ürəkaçan qələbə xəbərinin
gecikdiyi üçün, kim bilir...) müəllimlik etmək
qərarına gəlib və sənət yoluna qədəm
qoyacaq gənclərə səhnə
danışığı və nitq mədəniyyətini
öyrətmək üçün Mədəniyyət və
İncəsənət Universitetində işləməyə
qərar verib.
O,
bütün yaradıcılığı boyu ruhən azad
olub, sərbəst düşüncələrini səmimi
şəkildə ifadə edib, yalana, riyakarlığa,
saxtakarlıq və yaltaqlığa meydan verməyib, süni
pafosdan uzaq olub, yalnız əlahəzrət həqiqəti,
gerçəkləri yazıb. Cəmiyyətdə baş verən
naqisliklər, çatışmamazlıqlar, mənəvi
aşınmalar, Qarabağ dərdi, unutqanlıq, hər
hansı bir sahədə ana dilimizə qarşı göstərilən
etinasızlıq heç vaxt nəzərindən
qaçmayıb...Belə məqamlarda təbiətin
yaratdığı saf, tərtəmiz varlıqlara
üzünü tutaraq sözünü deyib, mesajlarını
yollayıb... "Yalqız qumrum! Susqun
yavrum! Arı pətəyim-İşıldaquşum!"
epietlərilə oxşadığı Qumru quşundan bu
pislikləri yaradanların - "xeyrə şər qatan"
özbəöz soydaşlarının" pisləri əzizləyib,
yaxşıları" dışlayanların yerinə hətta
üzr də diləyib:
Açılıb
uzanan hər sap düzümü ömür deyilmiş,
ömrün hər dözümü ömür deyilmiş!
Bağışla!
Aldandıq,
aldatdıq, nələrdən döndük,
nələrdə yanıban, nələrdə söndük.
Bilməzdim
bu qədər üzü dönükdük!
Bağışla!
Pisi əzizləyib,
yaxşını atdıq,
Olub ki, bəzən
də xeyrə
şər qatdıq,
Beləcə sivişib ömür uçdu ki!
Ömür
quşdu ki!
Sevdalı
yolları unutmuşuq ki!
Bir
kövrək çiçəyi qurutmuşuq ki!
Bağışla!
Bağışla!
Modernlik sanki ən başdan öz həqiqətini
yaratmaqdadır. O da modern şeirlər yazırdı və inamla, cəsarətlə
öz həqiqətini yaradırdı... Modern şairsə, az qala özünün yazdığı
şeirlərə də heyrətlə baxar. Bizlər,
Nurəngiz Günün oxucuları da onun modern üslublu
şeirlərinə beləcə heyrətlə
baxırdıq..."Mən ədəbiyyat üzünə,
oxucu üzünə utanmadan gəlmişəm. Hər sətiri
yazanda bir Allah bilir ki, ürəyimdən nələr
süzülürdü... Mən hamını, ən
çox da Vətənimi xoşbəxt görmək istəyirəm",
sözlərindəki gerçəklər və yanğı
"Xocalı simfoniyası" əsərindən ruhumuza
dolur. Düşünürəm ki,
"Xocalı simfoniyası" bütün dünyada
mövcud olan zülmlərə qarşı yumruq kimi birləşərək
bir cəbhədə mübarizə aparan şüurlu bir əsərdir.
Axı, bəşərin özəyi ilə
yoğrulmuş bəzi şeirlər zaman-zaman inqilab himninə
çevrilmişdir.
Azərbaycan poeziyasının üfüqlərində
Gün kimi doğan və "Əgər məndən humanizm
əsirgəməmisənsə, buna görə sənə
şükür edirəm, Allahım! Buna görə özümdə
nikbinliyi öldürməməyə, yaşamağa dəyər..."
deyən xanım şairə bu pozitivliyinə görə də
tanıyanların sevgisi intəhasız idi... Və bu sevgiylə
yaşayıb ölməyə dəyər, demək istəyirəm
sözardı olaraq...
Uzat
sarı tellərini,
Uzat, əllərim çatmır.
Uzat, uzat,
sarıl mənə,
Sarıl
mənə, apar məni,
Mənə
soyuqdur, Günəş...
Çatarsam,
Odundan
ovuc-ovuc udacağam...
Boğazımda
qurşun qalacaq, Günəş!
Bir
qurşuna möhtacam...
Eşidirsənmi,
ulu nənəm, hey!
Gün
xanım, Günəş xanım!
"Mənə
soyuqdur, günəş..." şeirindəki ruhumu
bürüyən sızıltılar, "azad qanad yoluna atəş
açan zalım ovçu üzündən" məşum
soyuqluğun içinə düşərək yerdə bəzən
yamanca üşüyən və ulu Günəşdən onu
yanına aparıb qızındırmasını diləyən
şairin doğal istəyinə qoşulmaq keçir bu
şeiri oxuyan
insanın könlündən:
Günəş!.. Mənə soyuqdur...
Axı, mən
qütbə gedən tək gəminin
məzlum
mənzərəsinə dözümsüz oluram.
Axı,
üşüyürəm mən hərdən,
azad
qanad yoluna atəş açan
zalım
ovçu üzündən.
...
Günəşim! Tez-tez röyalarımdasan!
Bir dəfə
də xəyalımda
səninlə öpüşəndə,
qucaqlaşıb demişdim:
Məhvəşim!
Atəşim! Sahib dur!..
Məşum toxunur hər şey.
Çək məni, apar məni.
Apar, apar!..
Yerdə
mənə yaman soyuqdur, Günəş!
Sizsiz də
oxucularınıza soyuqdur, Gün xanım, təkcə Siz
üşümürsünüz indi, Sizi sevənlərin
hamısının ürəkləri üşüyür, həm
də yaman üşüyür... Elə mənə də
çox soyuqdur... Üzümə əksər vaxt təbəssüm
qondururam, başqalarını öz üzüntümlə
üzməmək, dərd verməmək üçün,
axı təbəssüm istilik gətirir
qarşındakının ürəyinə, ruhuna...
İçimsə çox üşüyür... Siz Günəşə
səslənirdiniz sağlığınızda, mən də
indi Sizə səslənirəm, eşidirsinizmi Gün
xanım?..
Amma
inanın, əmin olun ki, şeirlərinizin istisilə
qızınmaq olacaq sevənlərinin bundan sonrakı tək təsəlliləri...Bir
də çox arzuladığınız azad Qarabağ-Azərbaycan!!!
O gün də gələcək çox yəqin ki! Gəlin
söylədiklərimizə inanaq və dünyanın onu
eşitməsini, sözlərinə qulaq verib əməl etməsini
diləyək...
Qəlbində
gəzdirdiyi sınırsız, ölümsüz sevgi və kədərlə
yazdığı ağrılı bir şeiri - "Ürəyimi
eşit, dünya"nı oxucularımızın oxuması və
"ömrü darda, başı qalda, o təklənən
torpağını dünyanın yükünü çəkməyə
gücü yetməyib torpağa düşən", bədənindən
ayrılaraq göy üzünə millənən qolları
qucmağı arzulayan o bənzərsiz xanım şairi
doğum günündə bir daha xatırlaması
üçün elə o ürək ağrısı ilə
də təqdim edirəm...
Dünya
çiyinlərimdə,
çiynim dünyadan ağır
endirdim
başımı çiynimin üstə
gördüm qollarım yoxdur.
İki qolum - iki budaq.
İki
qolum ikisi də
dirəndilər göy üzünə.
Baxdım
bədən torpaq üstə,
iki qolum
ikisi də
üzür keçir göy üzündən.
Ürəyimi
eşit, dünya!
Qollarım
hövl eyləmiş,
Torpaq iki
haçadır,
Körpu
heyrət içində,
Məftillər
qocalıbdır,
gör
haçandır
iki yol
arasında
qollar
naçar qalıbdır!
Dünya!
Mənə həyan ol,
Göyləri
səksəndirmə,
qollarım yol gedəsidir,
Onu həsrət
uçurub,
qollarıma ana ol,
qollarım yorulubdur,
qollarımı ovundur!
Dünya, mənə yiyə dur!
O sahilə... baxınca
ürəyim suya dönür,
Bədən qolsuz çırpınır,
yerə-göyə sığınmır,
Dağlar boy vermir mənə,
barı Allah göyündə
qollarıma yol eylə!
Dünya, özün cavab ver!
Mənim bədənsiz qollarım
gül-çiçək çələngini
görən necə tutacaq?
Dönüb bir cüt quş olunca
ağarıb göy üzündə
bədənsiz necə uçacaq?
Ömrü darda, başı qalda,
o təklənən torpağımı...
görən, havax, hansı üzlə
hansı təşviş içində...
necə, nə cür qucacaq?!.
Esmira FUAD
525-ci qəzet.- 2017.- 21 sentyabr.- S.8.