Bitməyən düşüncələr...
NURƏNGİZ GÜN, AD GÜNÜN
MÜBARƏK!
Təsisçisi olduğum, Ağa
Musa Nağıyev adına "Milli Dəyərlərin Qorunması"
təşkilatının ilk tədbirini kövrək qəlbli Nurəngiz Günə həsr etdiyimdən bu gün də qürur duyuram. O zaman onun dərin
məna daşıyan
gözlərindən nələr
oxumadım...
Nurəngiz Gün əsli nəcabəti olan bir nəslin ocağında dünyaya göz açıb.
Ana babası ziyalı, dövrünün məşhur
həkimi, görkəmli
dramaturq Hüseyn Cavidin yaxın dostu Mirzə Ələkbər Əfəndi
Hacızadə 1937-ci ildə
"pantürkist" damğasının
qurbanı olub. Hələ biz uşaq ikən bizi "bir çox məqamlar" yaxınlaşdırmış və
sonradan ayrılmaz rəfiqələrə döndərmişdi...
Nurəngiz Gün Azərbaycan Dövlət Televiziyasının
diktoru kimi, səsinin məlahətilə
dinləyici marağına
səbəb oldu. Onu belə
sevdi Azərbaycan.
Nurəngiz Gün sonra nəğməkar şairə
olaraq, fərqli təfəkkürünə görə
ədəbiyyat aləmində
öz yerini tuta bildi.
Nurlu xanım bu gün də obrazları ilə qəlbimizdə yaşayır.
Əsrarəngiz və qətiyyətli
səsi ilahi ona pay vermişdi. Onu tanımayanlara, yerişindən,
duruşundan bixəbər
olanlara mən yanğı verirdim ki, bəli, mən onun yaxın
rəfiqəsiyəm. Mənə Diloş deyə, müraciət edirdi.
Biri-birimizin xatirini çox
istərdik. Hörmətimiz isə öz yerində. Qohumdan artıq idik
münasibətdə. Mən onunla fəxr etdiyim kimi, o da mənim müvəffəqiyyətlərimdən
qürurlanırdı.
Ağa Musa Nağıyevi
həyatda "canlandırdıqca",
Nurəngiz xanımın
mənə məhəbbəti
artırdı. Mənə cəfakeş nəvə
deyə, müraciət
edirdi. Bu yönümdə uğurlarımı
özününkü kimi
qəbul edirdi. 3 yaş fərqimiz
olsa da, 12-13 yaşından bir yerdə olmuşuq, ələlxüsus 3 ay yayı
Bakı bağlarında.
Sonralar böyüyəndə "söhbətimiz"
çox tuturdu, babalarımızın taleyi
həp bərabər olduğundan. Əvvəllər qəh-qəhələr içində,
yaşa dolduqca isə göz yaşları ilə müşahidə olan söhbətlər
bitmək bilmirdi...
2014-cü
ildə dekabrın
20-də ədəbiyyatımızın görkəmli xadimi - Nurəngiz xanımın həyatı
gözlənilmədən tərk
etməsindən çox
təsirləndim.
O gözəl səs birdən batdı, buludlara qoşulub, səmalara qalxdı. Çünki o, səmadan gəlmişdi.
Deyirlər ki, belə insanlar doğulmayır, onlar yaranır.
Nurəngiz xanıma etiraflarım
yarımçıq qaldığından
demədiklərimi yazıya
çevirdim:
Müjgan nəvənin xınasında
Jalə xanımı
- sənin oğul qızını yenidən
sevdim. Xəstəliyin şiddətlənmişdi.
Məclisə 3 saat gecikirdin.
Həkimlərin köməyilə
zala daxil olan zaman Jalə
xanım mikrafonu əlinə alıb, belə bir çıxış
etdi:
"Allah
Təala insanı yaradanda onu qarşılayacaq
maneələr və hadisələrlə tanış
edir. Amma onu qarşılayacaq əsas insanın təqdimatını
tam ayrı cürə
verir. O, deyir ki, səni işıqlı
dünyaya bir insan çıxaracaq
və o, yuxusuz gecələr keçirəcək, ağlayanda
- sənə can bala, deyəcək, gecələr
onu yuxusuz qoyanda - sənə acıqlanmayacaq, öpərək-əzizləyəcək,
o sənin həyat yolunu işıqlandıracaq.
Bu insanın adı
"Anadır!"
Jalə xanım belə bir zərb məsəl
ilə təqdimatını
edərək bildirdi ki, indi məclisi
başlamaq olar. Anam məclisə gəldi!
Ana, gözlərin aydın
olsun! Yeganə nəvənin toyudur, sevin!
O səhnə gözümün
önündən keçməyir.
Ana-bala sevgisi belə olanda, ana dünyaya arxayın göz yuma bilər,
deyə bir an düşündüm.
Nurəngiz xanımın cümə axşamlarını poeziya
gecəsinə çevirdi
qızı Jalə. Hərə bir
ağız gah Nurəngiz xanımın yazdığı, gah da ona ithaf
etdikləri şeirdən
parçalar oxuyurdu.
Jalə
xanım isə anasının şeirlərini
o qədər gözəl
oxuyurdu ki, rəhmətlik sağ olsaydı həmişəki
kimi deyərdi ki, qızım şeirlərimi sanki özününki kimi oxuyur, bir an
unudaraq düşünürəm
ki, bu, mənəm.
Günümüzün Nuru, Çırağı! Nəğmə
kimi oxunub, yadda qalan yazdıqların,
səadətə həsrət
ürəyinə, titrək
dodaqlarının, yorğun
ayaqlarının şərəfinə
yenə də oxunur! Amma bircə sən
yoxsan.
Yox, yox, Sən həmişə bizimləsən, bizim çılğın Kozettamız.
Bir vaxt sənə demişdim ki, kağız üzərinə
səpəcəyin toxumlar
hələ çoxdur,
ata və babalarımızın ruhunu
şad edib, onları yaşatmaq dayanır qarşımızda...
İndi
Jalə qızın, kişi qeyrətli
yeganə övladın,
ağlı və zəkası ilə sənin səpdiyin toxumları becərir.
İlk nəticəni
- həyata keçirdiklərinin
nəticəsini görməsən
də, sevin ki, bu gün
Jalə qızın nənə sevincini yaşayır. Həyat davam edir.
Bu bir aksiomadır.
Sevin ki, sən doğmalarından əlavə, elin yadından çıxmayırsan. Bundan yüksək qiymət, hörmət, ehtiram ola bilərmi?!
Dünyanı dəyişəndən sonra
Jalənin sənə
yazdığı "məktubları"
oxuyub, pərişan oldum. O, yoxluğuna hələ
də inanmır. Özü üçün ssenarilər
qurur. Rəsmlərini böyütdürüb, hər otağına qoyub ki, sənsizliyi
hiss etməsin. Əvvəllərdə olduğu kimi, hər səhər səninlə salamlaşıb,
gün aydın, deyir. Axşamı da ki, yenə səninlə sona çatdırır.
Məktubda yazır: "... Ana, gülləri çox sevirdin. Bu səbəbdən
sənə təqdim edilən güllərə
həyat vermək üçün uclarını
kəsib ilıq suya qoyur, dibinə
şəkər tozu atırdın.
Ömrünü artırmaq məqsədilə
suyunu hər gün dəyişirdin.
Gülün ömrünü
qırmağa hər zaman üsyan etdiyindən, 8 mart gününü "güllərin
soyqırımı" adlandırmışdın.
... Doğmaların sırası azaldıqca,
atam, dayılarım, bibim bir-bir bizi
tərk etdikcə, gözlərində artan qüssəni bir neçə anlığa
da olsa yox
etmək məqsədilə
nələrə əl
atmırdım. Görünür, sənə analıq etmək missiyam da elə o zamandan
başlayıb. Bunu
hiss edən insanlar məndən sorurdular:
"Qızların necədir?" Sən mənim böyük
qızım oldun.
Sənə yaxşı "Ana" olmaq
üçün kiçik
Müjganımın maraqlarını
çox vaxt qurban verirdim. Hər kəsdən,
hər şeydən əvvəl sən idin mənim üçün. Atdığım bütün addımları
sənə hesablayırdım.
Səni incidəcək heç bir xəbəri sənə çatdırmayırdım. Çətinə düşəndə yuxusuz gecələrdə yüz ölçüb, bir biçib vəziyyətdən çıxmağa
çalışırdım. Beləcə "Dar küçələri"
tək dolaşırdım
içimdə.
Üzümdən gülüş təbəssümünü
sənə görə
əskik etmirdim. Bu, mənim səni qorumağın bir üsulu idi. Düşünürəm ki, bunların
müqabilində mən
sənin üçün
nələr etmişəmsə,
azdır. Ana, əgər
ikinci ömür yaşasaydın, daha nələr edərdim...
Dünyanı dəyişməyinin 3 ilinə az
qalıb. Amma mənim üçün
bu, 100 ilə bərabərdir. Sənsizlik üzür
məni. Nəvələrimə olan məhəbbətimi özümə qısqanıram,
axı bu balalar sənin törəmələrindir - nəticələrindir.
Sənin
mənə dediklərini
indi sənə qaytarıram - mənim qu quşum! Bitməyən düşüncəm... Bu misraları
mənə 12 yaşımda
həsr etmişdin.
Amma ana, düşünürəm
ki, biz biri-birimizin bitməyən düşüncəsi
olmuşuq. Kiminlə
və nə haqda danışıramsa,
sənin misralarına
istinad etdiyimi hiss edirəm ...
Mən hər bir cəhətdən müstəsna olan poeziya, qələm, məntiq, düşüncə,
insan və ən əsası ana itirmişəm. Mən belə
ana üçün ağlayırdım, üsyan
edirdim".
Nurəngiz xanım, sən rahat yata bilərsən, çünki yerində oğul əvəzi Jalə qızın var. İndi mən səndən sual edirəm, məyər bunlar:
Həyatının nəticəsi olan Jalənin xoşbəxt böyüməyinə, yoxdur sözünə ehtiyac duymadığına çalışıb, ali savad verdiyinə, yaxşı tərbiyə etdiyinə, alimliyin elmi dərəcəsinə çatmasına və ən ümdəsi, dövlətin ən yüksək pilləsinə - Millətin vəkili olmasına xəclədiyin ömrünün nəticəsi deyilmi?
İndi sənin Jalən, payızda da, qışda da səni düşünərək, təbiətə üz tutub yalvarır ki, küləyini güclü, yağışını leysan tökməsin, qarını soyuq yağdırmasın. Təki sən narahat olmayasan öz dünyanda.
İndi sən Jalənin bitməyən düşüncəsisən, ömrünün əzəli və sonusan. Etiraf etdiyi kimi, sənin üçün çox-çox darıxdığını bildirir. Ömrünün bitməyən düşüncəsindən sanki hər gün yenidən ayrılır.
Jalə xanım, qələm sahibi olaraq, sənin surətində bütün azəri qızlarına ananı belə sevməyi, hörmətini qoruyub saxlamaq bacarığını diləyərək, düşüncələrinin bitməsini arzulayıram.
Çünki həyat davam edir. Adətimiz üzrə övlad toyu etdin. Səni qarşıda gözləyən nəvə toyunu - bu səadəti görməyi arzulayan ananın arkadaşı Dilarə Ağamusa olaraq, bu etirafımı Nurəngiz Günün ad gününə - 21 sentyabra həsr edirəm.
Ad günün mübarək, Nurəngiz Gün! Yaxşı insanları hər zaman yad etmək, onları yaşatmaq deməkdir. Sən unudulmazlar kateqoriyasındansan. Ruhun şad olsun!
Dilarə
AĞAMUSA
Yazıçı,
publisist, milyonçu-xeyriyyəçi
A.M.Nağıyevin nəvəsi
525-ci qəzet.- 2017.- 21 sentyabr.-
S.8.