Mübarək
Cocuq Mərcanlıya
Gözün aydın ulu məskən,
Yanar çırağın mübarək!
Su gələn arx boş qalmazmış
Gur axan suyun mübarək!
Mərcanlıda çocuq səsi.
Quzuların mələşməsi
Heyran eləyir hər kəsi
Bayramın, toyun mübarək!
Gündəmdədir, düşmür adın
Ramazanı qarşıladın.
Gur yansın ocağın, odun,
Müqəddəs ayın mübarək!
Pöhrə verir ağacların,
Yaşıllaşır yamacların.
Yenə səkir turacların
Səsin, harayın, mübarək!
Cocuqludan durma yana.
Böyüklük də çatdı sana
Yüksəlmisən ada, sana
Mülkün, sarayın mübarək!
Gövhər Ağa məscidin var,
Sədası, Şuşaya çatar.
Tanrı ordan dua umar,
Azan harayın mübarək!
Samavarın tüstülənir,
Süfrən noğulla bəzənir.
Damaqlar dada bülənir,
Məxməri çayın mübarək!
Boylanırdın qərib-qərib.
Baxışların, sevinc dərib.
Sevinc gözündə göyərib,
Mərcan
gözlərin mübarək!
Tarixlərə düşdü adın.
Zəfər üçün addımladın.
Sönməyəcək ocaq-odun,
Eşqin,
amalın mübarək!
Qorqud tonqalın mübarək!
Nağıl
Biri var idi,
Biri yox idi,
Vaqif Səmədoğlu
var idi.
Var idi bircə dərdi.
Ölümü oynadardı,
Ölümlə rəqs edərdi.
Dostlaşmışdı,
Heç qorxmurdu ölümdən.
Ağrıdan qorxurdu yamanş
Sığındı ölümə,
Sığındı dostuna
Ağrının qorxusundan.
Həsənli Arif
525-ci qəzet.- 2017.- 21 sentyabr.- S.7.