Axtarıram
Dərdi seçdim özümə yar,
Dərd, qəm doğra, köksümü yar.
Həyatın rəngsiz üzü var,
Dözümə rəng axtarıram.
Baxıram sevən gözlərə,
Mavi gözlü dənizlərə.
Baxıb boyalı üzlərə,
Üzümə rəng axtarıram.
Gözümə sıxıb göyləri,
Gözümə yığıb göyləri.
Sənsiz qarğıyıb göyləri,
Özümə rəng axtarıram.
Söz deyirəm düşür yerə,
Ta, baxan yoxdur sözlərə.
Çıxıb gedirəm göylərə,
Sözümə rəng axtarıram.
Sevgi qatili
Əvvəlcə zəncirlənmiş dağlar,
qırılıb düşdü
ayaqlarıın altına,
sonra yollar.
Sındı sevgiyə açılan qollar.
Dağları, yolları saxlaya bilmədi,
zamanın zənciri.
Yarpaq-yarpaq
gözlərimdən töküldü
payızın səsi.
Buludların göz yaşlına
islandı
payız çiçəkləri,
sevdiyim qızın mənə açılan əlləri...
Payızdan o yana sevgim üşüdü.
Günəşsiz günlərim üstünə
ayrılığın qarı yağdı.
Ayrılığın rəngini
dağlara, yollara, ürəyimə çəkdim.
Heç biri saxlaya bilmədi.
Dünya öz rəngini dəyişdi,
Sən oldun... Sevgi qatili...
Elman İSRAFİLOĞLU
525-ci qəzet.- 2017.- 21 sentyabr.- S.7.